İbrahim bəy Cahangir

 

İbrahim bəy Cahangiroğlu


Türk Dünyasının Məşhurları-36


İşğal altında olan xalqını azadlığa çıxarıb ona dövlət quran, ictimai-siyasi xadim, hərbiçi İbrahim bəy Cahangiroğlunun ömür yolu...Əli Şamil

 

Göndərmə 04.11.2011 12:04:21 UTC

Güncəlləmə 04.11.2011 12:10:45 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=eab4c1f9-ac68-4b54-8ebe-577c02f96888



İbrahimbəy Cahangir oğlu Cahangirzadə 1874-cü ildə indiki Ermənistan Cümhuriyyətinin ikinci şəhəri olan Gümrüdə anadan olub. Dövrünün sayıq, imkanlı və sabahını düşünən bir ailəsində dünyaya göz açan İbrahim bəy öncə mollaxana adlandırılan məhəllə məktəbinə gedərək burada Quran oxumağı, şəriəti, fars və ərəb dillərini öyrənib. Sonra da doğulduğu şəhərdə və Qarsda mədrəsə təhsili alıb. Rusiya XIX yüzilin başlarından Qafqazı işğala başladığından Gümrü də, Qars da onun ərazisi sayılırdı. Hətta Gümrü şəhərinin adını dəyişdirərək Aleksandropol qoymuşdular.

Rusiya yalnız Gəncənin, Gümrünün adını dəyişməklə kifayətlənməyib, yerli əhalini müxtəlif bəhanələrə sürgün edib, özünə sadiq hesab etdiyi erməniləri və rusları bölgədə yerləşdirib, onlara imtiyazlar verib. Beləcə Gümrüdə, Qarsda, Şürəyəldə və başqa bölgələrdə də erməni və rusların sayı gündən günə artıb. Valideyinləri ruslarla dil tapması, öz hüquqlarını müdafiə edə bilməsi üçün İbrahim bəyi Qars şəhərindəki rusdilli məktəbə oxumağa göndəriblər.

O, üç il Qarsda oxuduqdan sonra geri dönərək Gümrü kazak alayına qəbul olunub. İbrahim bəy beş il burada təlim keçib, təhsil alıb. Təhsilini başa vurduqdan sonra zabit rütbəsi alıb Rusiya ordusunda xidmətə başlamalıydı. Lakin Rusiya ordusunda zabit kimi hərbi xidmətə başlamaq İbrahim Cahangir oğluna qismət olmayıb.

1903-cü ildə Qars şəhərindəki anti-Rusiya əhval-ruhiyəli "İslam cəmiyyəti"lə İbrahim bəyin də əlaqəsi olduğu müəyyənləşib. Onu Dağıstana sürgün ediblər. Lakin İbrahim bəy Dağistanda uzun müddət qalmayıb. Altı ay sonra II çar Nikolayın əfv fərmanı ilə sürgündən azad olunub.

Dağıstandan Qarsa qayıdan İbrahim bəy maliyyə məmuru işləməyə başlayıb.

Yaponiya ilə savaşda uduzan Rusiya ölkə daxilindəki itaətsizliyin qarşısını ala bilmirdi. Bu qarışıqlıqdan Qafqaz türkləri də yararlanaraq azadlıqlarına qovuşmaq istəyirdilər. Rusiyanı idarə edənlər Qafqazda türklərin sayını azaltmaq və milli azadlıq savaşına başlamalarının qarşısını almaq üçün erməniləri silahlandırıb müsəlmanlara qarşı savaşa təhrik edir.

1905-ci ildən Qafqazın müxtəlif bölgələrində ermənilərlə müsəlmanlar arasında silahlı toqquşmalar başlayır. Kazak alayında təlim görmüş İbrahim bəy Cahangir oğlu qardaşı Hasanxanla birlikdə Qars, Gümrü müsəlmanlarından könüllülər dəstəsi düzəldərək Qarabağa köməyə gəlir. Soydaşlarına əlindən gələn köməyi edən İbrahim bəy 1906-cı ildə oradan öz dəstəsiylə Təbriz vilayətinə keçir.

Gəncədə yaradılan "Difai" təşkilatı ilə gizli əlaqə quran İbrahim bəy Təbrizdən Qarsa qayıtdıqdan sonra Nəşri-Maarif' Cəmiyyətinin qurulması üçün qubernata müraciət edir. İlk baxışda maarifçi bir təsiri buraxan cəmiyyətin fəaliyyətinə Qars qubernatoru icazə verib. Onun belə asanlıqla icazə verməsi heç də təsadüfi deyildi. II çar Nikolayın 1905-ci ilin oktyabrın 17-də imzaladığı manifest rejimini güzəştə getmək məcburiyyətində qaldığından xəbər verirdi.

Millətin sabahını düşünən, xalqın maariflənməsini və inkişafını istəyənlər Nəşri-Maarif' Cəmiyyəti ətrafında birləşiblər. Beləliklə maarifçiliyi təbliğ edən cəmiyyət gələcəyin siyasi təşkilatları üçün bir mənbə rolunu oynayıb. Beləcə müsəlmanların erməni komitəçilərinə qarşı dura biləcək bir təşkilat yaradılmasına ilk addımlar atılıb. İbrahim bəy Bakıdakı, İrəvandakı, Gəncədəki, Tiflisdəki siyası təşkilatlarla əlaqə qurub və "İttihad və Tərəqqi" partiyasının Ərzurum şöbəsinə üzvü seçilib.

1907-ci ildə Xoy şəhərinə köçən İbrahim bəy Cahangirzadə məşrutə hərəkatının öncüllərindən birinə çevrilir. Təbrizdə hürriyyət mücadiləsinə qoşularaq şah rejiminə qarşı mübarizə aparan dəstələrdən birinə rəhbərlik edir.

Tehranda irticaçı qüvvələrin Atabək parkında yerləşən Təbriz mücahidlərinə divan tutmasından, Səttərxan Sərdarimillinin yaralanmasından sonra məşrutə tərəfdarlarının sıxışdırılması İbrahim bəyin də fəaliyyətini məhdudlaşdırır. Buna görə də 1912-ci ilin oktyabrında İbrahim bəy 700 mücahidlə Osmanlı dövlətinə – Van vilayətinə qayıdır.

İbrahim bəy Cahangiroğlu "İttihadçı"ların dəvətilə 1913-cü ilin martında öz könüllüləri ilə birlikdə İstanbula gedir. Osmanlı ordusunun qışlalarında üç ay yarım təlim keçdikdən sonra onun komandanlığı altında olan "Qafqaz könüllü taburu" Ədirnəni Rusların dəstəklədiyi bolqarlardan azad etmək üçün savaşa atılır.

Savaşda göstərdiyi hünərə və təşkilatçılıq bacarığına görə hərbi nazir Ənvər Paşa 1914-cü ilin noyabrında İbrahim bəyi könüllüləri ilə birlikdə İran və İraq cəbhələrinə göndərir. Burada o, rus ordusuna qarşı vuruşur. Silah və hərbi sursat çatışmasa da, əsgəri cəsarət və bacarıqlı döyüş taktikası ilə Rus ordularına və onların dəstəklədiyi erməni silahlı dəstələrinə qarşı ağır zərbələr endirir.

Ənvər Paşa 1918-ci ilin mayında onu İstanbula çağıraraq, "Fəxri alay komandanı" sifətilə 9-cu Ordu komandanı Yaqub Şevqi paşanın sərəncamına göndərib. Həmin günlərdə Qafqazda müsəlmanların vəziyyəti çox ağır idi. Cəbhədən geri çəkilən Rus orduları silahları və hərbi sursatlarını erməni silahlı dəstələrinə verməklə kifayətlənməyib, onlara təlim məşqləri keçib. Hətta bəziləri Rusiyaya getməyərək erməni silahlı dəstələrində müsəlmanlara qarşı vuruşublar. Ruslardan silah və hərbi sursat, Avropalılardan dəstək alan ermənilər müsəlman kəndlərini dağıdıb, qadınları, uşaqları, qocaları qəddarlıqla öldürüblər. İnsanlar ata-baba yurdlarından didərgin düşüb, çöllərdə aclıqdan, xəstəlikdən məhv olublar.

1918-ci il mayın 26-28-də Tiflisdə Gürcüstan, Azərbaycan, Ermənistan cümhuriyyətlərinin yaradıldığı elan edildi. Azərbaycanlılar İrəvan şəhərini Ermənilərə güzəştə getdilər ki, insan təlafatına yol verilməsin, bölgədə sülh və əmin-amanlıq olsun, erməni silahlıları dinc əhalini öldürməsinlər. Lakin bu addımla da istəklərinə nail ola bilmədilər. Erməni silahlı dəstələri imkan tapdıqları hər bir yerdə müsəlmanları məhv etməkdən əl götürmədilər. Bunun qarşısını almaq, qaçqınlara yardım göstərmək üçün İbrahim bəyi 1918-ci il iyunun ortalarında doğulub boya-başa çatdığı bölgəyə – Şörəyəl qaymakanı təyin ediblər.

İbrahim bəy İrəvan və digər bölgələrdən olan qaçqınları ətraf kəndlərə yerləşdirib, onlara hər cür qayğı göstərib.

İbrahim bəy Şörəyəl qaymakamı olarkən bir daha gördü ki, erməni silahlı dəstələrinin törətdikləri çinayətləri yeni yaradılmış Ermənistan hökuməti də dəstəkləyir. Odur ki, 1918-ci ilin noyabrında yaradılan Araz-Türk Cümhuriyyətində hərbi nazir vəzifəsini öz üzərinə götürür. Qısa bir vaxtda 20 tabur (batalyon) təşkil edir. Bu taburlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, Qəmərli və Zəngibasarda yerləşdirir. Könüllü özünümüdafiə dəstələrini də hərbi nazirliyə tabe etməyə çalışır.

1918-ci il noyabrın 30-da keçirilən Böyük Qars Konqresində Araz-Türk Cümhuriyyəti hökuməti ilə Qars, Axısqa, Artvin və Batum sancaqlarını əhatə edən Milli İslam Şurası birləşərək, Batumdan Ordubada qədər ərazidə Milli Şura Hökuməti quruldu.

İbrahim bəy Cahangiroğlu Milli Şura Hökumətinin rəhbəri seçilib. 1919-cu il yanvarın 18-də keçirilən konqresdə mərkəzi Qars olmaqla Cənub-Qərbi Qafqaz Cümhuriyyəti qurulduğunu elan ediblər. Hökumətə İbrahim bəy Cahangiroğlu rəhbər seçilib. 40 min kv.km sahəsi və 1,7 milyondan çox əhalisi (1,5 milyonu türk-müsəlman) olan bu dövlətin yaranması nə qonşu Ermənistan və Gürcüstan cümhuriyyətlər, nə bolşevik Rusiyası, nə Avropanın böyük dövlətləri, nə də ABŞ xoş qarşılamadılar. 6 aylıq gərgin mübarizədən, öz ərazisini erməni və gürcü silahlılarından qorumaq uğrunda apardıqları savaşlardan sonra Cənub-Qərbi Qafqaz Cümhuriyyəti ingilislər tərəfındən məhv edilib.

Müstəqil daxili və xarici siyasət yeridən bu hökumət 1919-cu ildə İngilislər yıxıblar. Başda İbrahim bəy Cahangiroğlu olmaqla Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin rəhbərləri evləri və əmlakları müsadirə edilməklə, Aralıq dənizdəki Malta adasına sürgünə göndəriblər.

İbrahim bəy Cahangir oğlu keçmiş Rusiya ərazisində olan Gümrüdə doğulduğunu, Rusiya təbəəsi olduğunu əsas tutaraq 1921-ci ildə Nəriman Nərimanov ingilislərə müraciət edərək onu sürgündən azad etməyi xahiş edib. İngilislər İbrahim bəy Cahangiroğlunu Tiflisə göndəriblər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy arvadı Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfıbəylinin himayəsində tapıb və onun köməyi ilə Qarsa qayıdıb. İbrahim bəy Kazım Qarabəkir Paşanın tövsiyyəsi ilə 1921-ci ilin avqustunda keçirilən seçkilərdə iştirak edərək, Qarsda şəhər valisi seçilib. 1921-27-ci illərdə Qars bələdiyyə rəisi, sonralar ticarət məmuru işləmiş İbrahim bəy Cahangiroğlu 1948-ci il mayın 19-da Qarsda dünyasını dəyişib.

Nə yazıq ki, vətən və millət yolunda canından keçməyə hazır olan, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurulmasında böyük əməyi olan İbrahim bəy Cahangiroğlu hələ də qiymətini layiqincə almayıb.

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol