İnci xəzinəsi (Fars şeirindən seçmələr)

İNCİ  XƏZİNƏSİ

 Qəza tək dadıma bir çatanım yox!

Yanğın tək yanğıma can atanım yox,

Can versəm gözümün yaşından başqa,

Təşnə dodağımı isladanım yox.

 Rübainin yazıldığı vaxtdan min yüz ildən artıq keçir. Rüdəki bu dörd misrada kimsəsizliyini, tənhalığını, həmdəminin yalnız qəza və yanğın olduğunu yüksək bədii pafosla oxucuya çatdıra bilmişdir. Bu rübaisi ilə şair sanki feodalizm cəmiyyətinə, - sənətkarların, filosofların, dünyanın əşrəfi olan insanların bir heç kim9i küncə atılmasına üsyan səsini ucaltmışdır.

Şərqin Homeri adlandırılan Rüdəkinin əsərlərini azərbaycanlılar həmişə rəğbətlə qarşılamışlar. Bunu nəzərə alan Abbasəli Sarovlu tərtib və tərcümə etdiyi “İnci xəzinəsi”  kitabına Rüdəkinin üç rübaisini və bir neçə şeirini daxil etmişdir.

Akademik Mirzə İbrahimov “İnci xəzinəsi” kitabına yığcam və dərin məzmunlu müqəddimə yazmışdır. M. İbrahimov “Tükənməz xəzinə, solmaz gülüstan” adlı müqəddiməsində yazır:

­ Oxuculara təqdim olunan “İnci xəzinəsi” Şərq xalqları ədəbiyyatındakı böyük sərvət və nemətlərin ancaq cüzi bir hissəsi olmasına baxmayaraq, bu ədəbiyyatların zəngin və rəngarəng gözəllikləri barədə aydın təsəvvür yarada bilir.

Neçə illərdir ki, farsdilli ədəbiyyatın tərcüməsi ilə məşğul olan A. Sarovlu oxucuların mühakiməsinə verdiyi yeni kitaba 41 müəllifin 500- dən artıq şeirini daxil etmişdir. İstər klassiklərdə, istərsə də müasiri olduğu şairlərdən sənətkarlıqla etdiyi tərcümələr qəlb oxşayır. Bu onu göstərir ki, A. Sarovlu tərcümə işinə yaradıcılıqla yanaşmış, sətri tərcümədən qaçmışdır.

Kitaba şeirləri daxil edilən şairlərin bəziləri ilk dəfədir ki, azərbaycanlı oxuculara təqdim olunur. Yaxın və Orta Şərqdə fəlsəfi rübailəri ilə məşhur olan Əbu Səid Əbülxeyirin (963-1048) 26 rübaisi və “Dünyanın halı” şeiri daxil edilmişdir. Şifahi xalq ədəbiyyatından, zəngin bəhrələnən şair rübailərinin birində yazır:

 

Canan küsüb, mən həsrətəm yara indi,

Divanəyəm, günüm olub qara indi.

Gəlib məndən öyüd alar Məcnun özü,

Cünunluğum gör ki, çatıb hara indi.

Bu gün də xalq arasında dolaşan, tez-tez işlədilən “Kərki olub öz tərəfinə yonunca mişar ol, bir dəfə özünə, bir dəfə də özgəyə tərəf yon” atalar sözündən istifadə edən şair deyir:

 Külüng olma- zərbələrin daşı dələ,

Rəndə kimi möhtac qalma hər bir ələ.

Bu həyatda sən mişara bənzə ancaq,

Özün də ye, özgəni də saxla hələ.

A .Sarovlu orta əsr Şərq ədəbiyyatı haqqında oxuduqca geniş təsəvvür yaratmaq üçün yalnız lirik, aşiqanə və nəsihətamiz şeir parçaları seçib tərcümə etməklə kifayətlənməmişdir. Hakimlərin ədalətsizliyini, din xadimlərinin yalançı və riyakarlığını kəskin tənqid edən şeirlərə də geniş yer vermişdir. XI əsrin mütəfəkkir şairi çoxcəhətli zəngin yaradıcılığa malik, daim xalq kütlələrinin mənafeyini müdafiə edən, kəndli hərəkatının qızğın tərəfdarı Nasir Xosrovdan edilmiş tərcümələr bu baxımdan maraqlıdır. Fanatik dindarların və hakimlərin qəzəbindən çəkinməyən şair “Allahla mübahisə” şeirində yazır:

Sən yaradan gündən əzəl xilqəti

Əzaba atmısan gözəl xilqəti...

Sözüm çox olsa da demək çətindir,

Nəfəs çəkməyə də qorxuram indi.

Allahla mübahisə, ona qarşı etiraz səsi ucaltmaq, dini fanatizmin kök saldığı bir cəmiyyətdə əlbəttə, təhlükəli idi. Lakin mübariz şairi nə təqiblər, nə də ölüm hədləri qorxutmamış, sultanların və əmirlərin pisliyini, “məddah şairlər”in ikiüzlülüyünü tənqid etmiş, insanları məhsu yetişdirən “Kəndliyə sitayiş” etməyə çağırmışdır.

Kitabda fars dilində yazıb-yaradan Azərbaycan şairlərindən Q. Təbrizinin, X. Şirvaninin, N. Gəncəvinin, Məlikşüara ləqəbi qazanmış Baharın (1886-1951), Pərvin Etisaminin (1906-1941), Azərbaycan və fars dillərində yazıb-yaratmış Nəsimi, Füzuli kimi məşhur söz ustalarının əsərlərindən tərcümələr verilmişdir.

“İnci xəzinəsi”ndə SSr-də, İranda , Əfqanıstanda, Pakistanda yaşayıb-yaradan şairlərdən edilmiş tərcümələr də səlisliyi, rəvanlığı, mövzu aktuallığı ilə seçilir. Görkəmli Pakistan şairi Məhəmməd İqbalın vətən uğrunda döyüşlərdə həlak olmuş, nakam macar şairi Petefiyə həsr etdiyi şeir də maraqlıdır. Döyüşdən sonra cəsədi belə tapılmayan nakam şairin qəbrinin olmamasını gözəl mənalandıran M. İqbal deyir:

 

Sənə məzar- öz nəğməndir,

Sığınmısan qucağına.

Göylər oğlu sığınarmı

Qara torpaq qucağına.

S. Ayni, Ə. Lahuti, M. Tursunzadə, Ə. Qahhari və Jalənin şeirləri Azərbaycan dilinə dəfələrlə tərcümə edilmiş, kitab halında çap olunmuşdur. A.Sarovlunun adlarını çəkdiyimiz şairlərdən, eləcə də müasiri olduğu tacik şairlərindən də seçib tərcümə etdiyi şeirlər maraqla oxunur.

Kitabda şairlərin şəkillərinin  və qısa tərcümeyi-hallarının, yaradıcılıqları haqqında məlumatların verilməsi kitabın məziyyətlərini daha da artırır. A. Sarovlu farsdilli ədəbiyyatın mahir tərcüməçisi olmaqla yanaşı həm də dərin bilikli şərqşünas alimdir. Tərcümə işinə də elmi- nöqteyi nəzərdən yanaşır. Tərcümə edəcəyi əsərlərin variantlarını tutuşduraraq ən münasibini seçir. Bunu X. Şirvanidən, N. Gəncəvidən, İ. Nəsimidən, M. Füzulidən etdiyi yeni tərcümələrdən aydın görmək olur. Onun tərtib və tərcümə etdiyi “İnci xəzinəsi” şeir toplusu oxuculara təqdim edilmiş gözəl bir gül dəstəsidir - əbədi solmayan və təravətini heç vaxt itirməyən gül dəstəsi.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

12 mart 1978- cil il,  sayı 60

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol