İstanbul Darülfününün məzunu Əmin Abid

ali-shamil.tr.gg/%26%23304%3Bstanbul-Dar.ue.lf.ue.n.ue.n.ue.n-m%26%23601%3Bzunu-%26%23399%3Bmin-Abid.htm 

Əli Hüseyn oğlu Şamil
Azərbaycan

 

İSTANBUL DARÜLFÜNUNUN MƏZUNU – ƏMİN ABİD*

I

İstanbul Darülfünunu yalnız Türkiyədə deyil, türk xalqları və türk toplumları arasında da bir müqəddəs məbəd kimi tanınmışdır. Çünki buranı bitirənlərin əksəriyyəti yalnız elmləri, savadları ilə deyil, həm de əxlaq və mədəniyyətləri ilə insanların qəlbinə yol tapmışlar. Belə işıqlı insanlardan biri də Əmin Abiddir.
Yaradıcılığının çiçəkləndiyi bir çağda Sovet irticasının qurbanı olan Əmin Abidin xidmətləri indiyədək layiqincə qiymətləndirilməyib. 1998-ci ildə doğumunun 100-cü ildönümü  tamam oldu. Lakin bu Azərbaycanda da, Türkiyədə də sükutla qarşılandı. Əslində Əmin Abid kimi millətsevər insanların yubileyləri Türklər harada varsa, orada qeyd edilməlidir. Buna onun haqqı da vardı. Bu haqqı dərin elmi araşdırmaları, Türklüyə etdiyi xidməti ilə qazanmışdır.
Hələ tələbə ikən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin orqanı "Yeni fikir" qəzeti onun haqqında yazırdı: "İstanbul Darülfünunun ədəbiyyat fakültəsini bitirmək üzrə olan tələbələrdən Əmin Abid yoldaşın məzuniyyət "tez"i  olaraq vücuda gətirdiyi "Azəri türk  ədəbiyyatı tarixi (Əsərin dəqiq adı "Azərbaycan türklərinin ədəbiyyat tarixi"dir – Ə.Ş.) nam əsəri darülfun imtahan heyəti tərəfindən qəbul edildi. Elmi üsullara istinadən yazılan tətəbbönamə məclis mədrisin (professorlar məclisi) tərəfindən təqdir edilərək təb olunmasına qərar verilmişdir. Yeni bir mədəniyyət yapmağa başlayan Azərbaycanlıları sevindirəcək bu hadisə münasibətilə qısa da olsa izahat verməyi faydasız görmədim."1
Eyni dildə danışmağımıza, eyni dinə inanmağımıza, dünyanın eyni bölgəsində yaşamağımıza baxmayaraq, bu günkü kimi yüzilliyin başlanğıcında da bir-birimizi yaxından tanımamağımıza dair gileylər eşidilib. Bunu Əli Şahbazovun yuxarıda haqqında söhbət açdığımız məqaləsində də görürük. Müəllif yazır: "Məlum olduğu üzrə bu vaxta qədər Azərbaycan olduğu kimi Türkiyə mühitində tanınmamışdır. Tanıdılmağa çalışılmışsa da o da müxtəlif qayələrlə vaqe olduğundan yalan, yanlış bir fikir verilmişdir. Əmin Abidin  bu əsəri Azərbaycan mədəniyyəti üçün ehtiva etdiyi qiymət belə dursun, Azəriləri darülfunun kimi yüksək bir müəssisəyə tanıtdırması cəhətindən də böyük əhəmiyyəti caizdir".
Bu bir şişirtmə təsiri bağışlayır. Həmin dövrün hadisələrini gözdən keçirəndə isə müəllifin səmimiyyətinə inanmaya bilmirsən. Azərbaycan 1920-ci ilin aprelin 28-də bolşeviklər tərəfindən işğal edilib yenidən Rusiyanın tərkibinə qatılsa da mədəniyyətə, maarifə diqqət azalmadı. Əksinə çarizm dövründən de çox oldu. Yeni məktəblər, kitabxanalar, teatrlar açıldı. Lakin bu məktəblərdə dərs deməyə müəllimlər çatışmırdı. Milli kadrlar ya güllələnmiş, həbs olunmuş, ya da ölkədən qaçmağa məcbur edilmişdilər. Bakı kimi inkişaf etmiş neft sənayesi şəhəri xarabazarlığa çevrilmişdi. 1920-ci ildə Xalq Maarif Komissarı Dadaş Bünyadzadə çıxışında: "bütün respublikada ali təhsilli Türklər 62 nəfərdir, respublikadakı müəllimlərin yalnız 75 nəfərinin seminariya təhsili var, 5 nəfər müəllimlər institutunu bitirmiş, 14 nəfər isə ali təhsillidir" – demişdir. Əslində yeni məktəblərin, mədəniyyət müəssisələrinin açılması 1918-ci ilin mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin başladığı işin davamı idi. Bolşeviklərin bu işi davam etdirməkdə məqsədləri xalqı oyatmaq, inkişaf etdirmək deyil, öz ideyalarını yaymaq, əsarət altına aldıqları xalqlar üzərində hakimiyyətlərini uzatmaq idi. Məktəblərdə dərs deməyə müəllim çatmadığına görə  hətta Türkiyədən Belə müəllim, mütəxəssis dəvət edilmişdi.
Böyük hay-harayla məktəblər açıldığı təbliğ edilsə də, bu məktəblərdə dərs deyən müəllimlər, dərsliklər çatışmırdı. Bunu aradan qaldırmaq üçün rus dilində hazırlanmış dərslikləri Azərbaycan dilinə tərcümə edirdilər. Amma elə dərsliklər var idi ki, onu yazmaq lazım gəlirdi. Azərbaycana aid dərsliklər, kitablar Rusiyada yox idi.
Azərbaycan SSRİ Xalq Maarif Komissarlığı ali və orta məktəblərdə müəllim və tələbələrin "Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinə olan ehtiyacını ödəmək üçün yollar axtarırdı. Bir tərəfdən Firudin bəy Köçərlinin iki cildlik "Azərbaycan ədəbiyyatı", Hüseyn Əfəndi Qayıbovun dördcildlik "Azərbaycanda olan şüəranın əşarına məcmuədir" əsərləri bir neçə yazıçıya və təcrübəli pedaqoqa verilərək çap üçün hansının daha əlverişli olduğu öyrənilir,2 o biri tərəfdən də Bakıya dəvət edilmiş Türkiyəli araşdırıcı – xoca İsmayıl Hikmətə və İstanbul Universitetinin Ədəbiyyat fakültəsində oxuyan Əmin Abidə yeni dərslik yazmaq tapşırığı verilirdi.
(Firudin bəy Köçərlinin kitabı Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı altında Bakıda 1925-26-cı illərdə iki cild, dörd kitab şəklində ərəb qrafikası ilə çap olundu. Həmin kitablar yenidən redaktə edilərək 1978, 1981-ci illərdə "Elm" nəşriyyatında kiril əlifbası ilə nəşr edildi.
Hüseyn Efendi Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" kitabı isə Bakıda "Elm" nəşriyyatı tərəfindən 1986-cı ildə çap edildi.
İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" kitabını Bakıda "Azərnəşr" 1928-29-cu illərdə iki cilddə ərəb Əlifbası ilə çap etdi.
Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" isə bu günədək nəşr edilməyib. – Ə.Ş.)
Araşdırıcıların fikrincə, Azərbaycanda ədəbiyyat tarixi yazılmadığından Xalq Maarif Komissarlığı Belə bir tədbirə əl atmışdır. Əslində "ədəbiyyat tarixi yazılmamışdır" hökmü ilə razılaşsaq, bu Əhməd Razi, Lütfəli bəy Azər, Mirzə Tahir Nəsrabəqdi, Əlişir xan, Dövlətşah Səmərqəndi, Sam Mirzə, Seyid Əzim Şirvani, Həsənəli xan Qaradaği, Mirmöhsün Nəvvab və b. ədəbiyyat tarixçilərimizin xatirəsinə hörmətsizlik olar. Onların yazdıqları təzkirələr də ədəbiyyat tarixidir. Firidun bey Köçərli de, İsmayıl Hikmət də, Əmin Abid də , eləcə də onlardan sonra gələn ədəbiyyat tarixçilərimizin hamısı Həmin təzkirələrdən bəhrələniblər.
Zaman dəyişdiyindən, dünya xalqları yönlərini inkişaf etmiş Avropaya tutduğundan hər şey Avropa standartlarına uyğunlaşdırılırdı. Azərbaycan SSR Xalq Maarif Komissarlığı Firudin bəy Köçərlinin, H.E.Qayıbovun əsərlərində də təzkirəçilik elementlərini görürdülər. Ona görə de Əmin Abidi ayda 35 ABŞ dolları teqaüdle İstanbul Universitetinə oxumağa göndərmişdilər. Qarşısına da bir vəzifə qoymuşdular – Azərbaycan türklərinin ədəbiyyatı tarixini Avropa metodları ilə yazmaq!
Əmin Abid tapşırılan işin öhdəsindən vicdanla gəlirdi. Nəinki İstanbulun, Vyananın, Budapeştin kitabxanalarında və arxivlərində çalışır, tanınmış Şərqşünaslarla əlaqə saxlayır, şəxsi kitabxanalardan da istifadə edirdi, həm də araşdırmalarını oxucuların  mühakiməsinə verirdi. 1921-27-ci illərdə İstanbulda və Ankarada yayımlanan "Sərvəti fünun",  "Türk yurdu", "Həyat" dərgilərində Azərbaycan ədəbiyyatına dair maraqlı məqalələr çap etdirmişdir. Mehmet Fuat Köprülüzadə, Celov Sahir, Yaqub Qədiri, akademik A.Bartold, akad. Samoyloviç kimi söz sahibləri gənc alim haqqında hoş sözlər söyləmişdilər.
Əli Şahbazov İstanbuldan "Yeni fikir" qəzetinə (Tiflis) göndərdiyi məktubda yazırdı: "Bu mühüm əsəri ("Azərbaycan türklərinin ədəbiyyatı tarixi" – Ə.Ş.) vücuda gətirməyə çalışmaqla  Azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor. Darülfununda qəbul edilən əsəri kitabının son əsrə aid yalnız bir cildidir. Ümumi əsər altı cilddən ibarətdir. Azəri ləhcəsinin zühur etdiyi tarixdən əsrimizə qədər Azərbaycanda cərəyan edən fikri və ədəbi hərəkat son sosioloji metodlar nəzər etibara alınaraq müqayisəli təhlil  və tərtib üsullarına əsasən təqdim edilmişdir."3
Qaynaqları öyrəndikdə gənc araşdırıcının ictimai-siyasi işlərdə də fəal iştirakını görürük. "Türk ocağı"nın işində fəal iştirak edən, burada Azərbaycan ədəbiyyatı haqqında mühazirələr oxuyan Əmin Abid İstanbuldakı "Şebab", "Xidməti ümumiyyə", "İnci", "Syus", "Yarın İstabul", və Bakıdakı "Gənc pedaqoq", "Şərq qadını", "Kommunist" və b. qəzet, dərgilərdə ictimai məzmunlu şeirlər çap etdirmişdi.4
Onu yaxından tanıyanların xatırladığına görə "məruz qaldığı bir çox fəcr və səfalətə rəğmən davamlı bir şey nəticəsində azəri ədəbiyyatına aid şayan diqqət bir çox yeni materiallar əldə etmişdir.
Əsərinin bir xülasəsi ("Azərbaycan türklərinin ədəbiyyatı tarixi" – Ə.Ş.) gənc macar müstəşərqlərindən madam Markiz Pallu tərəfindən macarcaya tərcümə edilən Əmin Abid Azərbaycan Sosialist Şura hökuməti tərəfindən Avropa darülfununlarında oxudulan gənclərin ən çalışqanlarındandır.
...Bakıdan alınan melumata görə Maarif Komissarlığı müsayəsindən dolayı Əmin Abid yoldaşımıza təqdir medaliyası veriləcəyi vəd edilmişdir."5
Əmin Abid İstanbul Darülfünunda oxuyarkən Bakıya göndərdiyi məqalələr 6 də maraqla qarşılanmış, elmi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir . "Maarif və Mədəniyyət" dərgisi onun "Azəri ədəbiyyatında türkcənin təkamülü" məqaləsini aşağıdakı tanıtma ilə vermişdi: "İstanbul Darülfünunun Ədəbiyyat fakültəsini bitirməkde olan vətendaşımız Əmin Abidin bu birinci məqaləsini kamal mədəniyyətlə dərc edirik. Məqalədə ustadı olan möhtərəm professor Köprülüzadənin tələbəsi olaraq təsiri hiss edilməkdədir. Bununla bərabər Əmin Abid arkadaşımızın bu əvvəlinci məqaləsi kəndisində yəni Avropa elmi sistemi əldə edib mühakiməsini tamamilə elmi əsaslar üzərində qurmağa cəhd etməsi, söylədiyi fikirləri hər cür nəql şəklindən çıxararaq elmi tərzdə söyləməsi məqalə sahibi üçün qiymətli məziyyətdir."7
Fuat Köprülüzadənin elmi və pedaqoji fəaliyyətini yüksək qiymətləndirən, əsərlərində dəfələrlə ona istinad edən Əmin Abid müəllimi ilə elmi mübahisədən də çəkinməyib. Universitetin son kursunda oxuyarkən çap etdirdiyi "Füzulinin tədqiq edilməmiş bir əsəri" məqaləsinə görə Köprülüzadə ilə mətbuatda münaqişəyə girib.8  Müəllimlə tələbə arasında başlanmış bu münaqişə 1981-ci ildə Əziz Mirəhmədovla Sabir Əmirov arasında davam etmişdir.9  Ə.Abiddə bir səmimi etiraf da var. Məs.: İsmayıl Hikmətin 1828-29-cu illərdə Bakıda çap olunan ikicildlik  "Azərbaycan ədəbiyyatı tarixi" kitabı haqqında rəydə yazır: "Azərbaycan türkcəsinin hicri yeddinci və səkkizinci əsrdə başlaması fikri professor Köprülüzadənindir. ...yanlış olaraq ilk dəfə mətbuatımıza (Azərbaycan mətbuatı nəzərdə tutulur. –Ə.Ş.) tələbəsi olmaq sifətilə mən nəql etmişəm... Halbuki sonradan... hərəkətimin doğru olmadığını anlamaq mümkün oldu. İsmayıl Hikmət də mənim ilk vəziyyətim kimi eyni təsirə qapıldığı görünməkdədir. Yeni o da Köprülüzadənin fikirlərini təkrarlamaqdan başqa bir şey yapmamışdır."10
Diqqəti çəkən odur ki, Əmin Abid heç vaxt elmi mübahisəni şəxsi münaqişəyə çevirməmişdir. 1929-cu ildə Əli Nazimlə kəskin münaqişəyə girsə də11 bir neçə ildən  sonra yaxın dosta çevrilmişlər. SSRİ Elmlər Akademiyası Azərbaycan filialının bölüm başqanı olan Əli Nazim Akademiyanın ictimai elmlər şöbəsinin rəhbəri İ.İ.Maşşennikova Əmin Abidin Azərbaycan filialına elmi əməkdaş təsdiq edilməsini xahiş edib.12
Prof . F.Köprülüzadənin rəhbərliyi altında diplom işi müdafiə edən Əmin Abidin sədrlik etdiyi beş nəfərlik bir komissiya Maarif vəkili Nicati bəyə müraciət edərək Universitetin müxtəlif fakültələrində oxuyan 60 tələbəni yaz tətilində Şuralar İttifaqına səyahətə aparmaq istədiklərini bildiriblər. Tələbə xanımların da iştirak edəcəyi planlaşdırılmış bu səyahət zamanı İstanbuldan gəmi ilə Sevastopola, oradan qatarla Moskva-Leninqrad-Bakı-Batuma, Batumdan isə gəmi ilə Türkiyəyə dönmək nəzərdə tutulurdu.13
Bu qeydlərdən E.Abidin Universitetdə tələbələr arasında nüfuz sahibi olduğunu görürük. İstanbul Universiteti E.Abidə yalnız bilik, dünyagörüşü vermədi. Onun həyatında dərin  iz buraxdı. Özü ilə eyni fakültədə oxuyan Nafiə Tevfik Tanərlə ailə qurub. 1903-cü ildə Yanya (indiki Yunanıstan)  şəhərində doğulan Nafie Şükri Əhməd qızı kiçik yaşlarında atasını itirir. Anası Zəhra Tevfik Tanərə ərə gedir. Buna görə Nafie Tevfik Taner soyadını götürür. İstanbuldakı "Camlığ" liseyində on bir il oxuduqdan sonra bir illik pedaqoji kurs bitirib. 1922-ci ildə İstanbul Darülfünunun ədəbiyyat fakültəsinə daxil olub. 1927-ci ilin ilk aylarında Əmin Abid vətənə döndüyünə görə Nafiə xanım təhsilini yarımçıq qoyub əri ilə Bakıya gəlir.14
Bakıda Əmin Abid pedaqoji texnikumda müəllim işləyir. Lakin tezliklə oradan uzaqlaşdırılır. Bunun səbəbi Sovetlər Birliyi dağılandan, KQB arxivləri açılandan sonra məlum oldu. 1929-cu ilin yanvarında gənc müsavatçıların "Gənc Azer" gizli təşkilatının rəhbər özəyi Azərbaycan Dövlət Siyasi İdarəsi (KQB) tərəfindən ləğv edilir. İstintaq  materiallarında göstərilir:
1. "Bir dəfə şagird Nigar Rəfibəyova (Azərbaycanın tanınmış şairi Nigar Rəfibəyli, şair Rəsul Rzanın xanımı və yazar Anarın anası – Ə.Ş.) mənə türk doktoru Riza Nuri bəyin kitabını verdi. Bu kitabda doktor Azərbaycandan bəhs edərkən yazmışdır ki, Azərbaycan müstəqil olsa da, lakin faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətindədir. O, ümumiyyətlə, çoxlu türk jurnalı alırdı. Bilirəm ki, o, Bakı pedaqoji texnikumunun müəllimi Əmin Abidlə yaxın münasibətdə olmuşdur" (müttəhim Həsənağa Axundzadənin ifadəsindən).
2. "...Menim şəxsən yadımdadır ki, Əmin Abid 1927-28-ci illərdə sinifdə türk şairi Ömər Seyfəddinin "Bomba" hekayəsini oxudu. Hekayə mahiyyətcə və xaraktercə əksinqilabi idi... Əmin Abid özünə yaxın bildiyi şagirdlərə həmişə təklif edirdi ki, türk şairlərinin – pantürkistlərin əsərlərini oxusunlar" (müttəhim Haşım Aslanovun ifadəsindən).15
İstintaqa yekun olaraq Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri Novruz Rzayev Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə göndərdiyi məktubda yazır: "Millətçi-şovinizmin artması ilə mübarizə və gələcəkdə bu cür təmayüllərin kökünün kəsilməsinin mümkün olması üçün vaxtında əks tədbirlər görmək zəruridir. Bizim fikrimizcə tədbirlər bundan ibarət olmalıdır:
a)Təmizləmə (yəni işdən çıxarma – Ə.Ş.) zamanı əsas diqqət məktəblərdə millətçi-şovinizmi daha fəal yayan müəllimlərə: türk ədəbiyyatı, ictimaiyyət, coğrafiya müəllimlərinə yönəltmək; ancaq o müəllimləri təmizləmək lazımdır ki, onlar özlərini islah olunmayan millətçi-şovinist kimi göstərmişlər;...
b)Millətçi müəllimlərin kütləvi təmizlənməsi təsəvvürü yaratmamaq üçün təmizləmə tək-tək və ayrı-ayrı məktəblərdə aparılsın;...
q)Təmizləmənin aparılması üçün Azərbaycan Dövlət Siyasi İdarəsi (KQB) nümayəndəsinin iştirakı ilə gizli komissiya yaradılsın".16
Görünür, Əmin Abid də "millətçi-şovinizmi daha fəal yayan müəllimlər" sırasında olduğuna görə işdən ilk qovulanlar siyahısında olur.
 
 
 
DİPNOTLAR:
 
 
 
*Məqalə Azərbaycan Türkcəsində yazılmış bilgisayarda Türkiyədə kullanılan Əlifbaya çevrilmişdir.
1. Şahbazov Əli. İstanbul Darülfununda Azəri ədəbiyyatı tarixi. (Türkiyə məktubları). "Yeni fikir" qəzeti, Tiflis, 1926, 9 yanvar.
2. Köçərli Firudin bəy. Azərbaycan Ədəbiyyatı. "Elm" nəşriyyatı, Bakı, 1978, I cild, s.29.
3. Birinci qaynağa bax.
4. Azərbaycan EA Əlyazmalar İnstitutunun arxivi, E.A. Əhmədovun şəxsi işi.
5. Birinci qaynağa bax.
6. Azəri ədəbiyyatında türkcənin təkamülü. "Maarif və mədəniyyət" dərgisi, 1926, N2-3(15-16), s.17-23, Füzulinin tədqiq edilməmiş bir əsəri. "Maarif və mədəniyyət" dərgisi, 1926, N12(35), s.32-34. Ədəbiyyatda Mollaxana kulturası. "Kommunist" qəzeti, 1927, 8 fevral və s.
7. Abid Əmin. Azəri ədəbiyyatında türkcənin təkamülü. "Maarif və mədəniyyət" dərgisi, 1926, N2-3(15-16). s.17.
8. Abid Əmin. Füzulinin tədqiq edilməmiş bir əsəri. "Maarif və mədəniyyət" dərgisi, 1926, N12(35), s.32-34.
9. "Söhbətül-əsmər" Füzulinindirmi? "Azərbaycan" dərgisi, 1981, N7, s.194-201.
10. Abid Əmin. Azərbaycan ədəbiyyatı tarixi ətrafında, "İnqilab və mədəniyyət" dərgisi, 1929, N1, s.46.
11. Abid Əmin. Zərərli tənqidlər. "İnqilab və mədəniyyət" dərgisi 1929, N10, s.31-34.
12. 4-cü qaynağa bax.
13. Şahbazov Əli. İstanbul məktubları. "Yeni fikir" qəzeti, 1926, 23 iyul.
14. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi. Nafiə Tevfik Tanər (həm də Şükri Əhməd) qızı Əhmədovanın istintaq işi, N269342.
15. Gənc Azer (istintaq materialları üzrə). Çapa hazırlayan B.C.Rəfiyev. "Azərnəşr", Bakı, 1993, s.12-13.
16.  Yenə orada, s. 32-33.
 
 
İstanbul Darülfünunun məzunu – Əmin Abid
 
 
Əli Hüseyn oğlu Şamil
II
Əmin Abid işdən çıxarıldıqdan sonra Azərbaycanın mərkəzdən uzaq rayonlarında – Ağdaşda, Qubada, Ağdamda, Kürdəmirdə orta məktəblərdə və texnikumlarda 17 dərs desə də, elmi yaradıcılıqdan heç vaxt əl çəkmir. Dövrü mətbuatda bir-birindən maraqlı, dərin elmi məzmunlu məqalələr çap etdirir.
Onun "Heca vəzninin tarixi (ədəbiyyat teoriyası haqqında)"18, "Dərəbəylik dövründə Azəri ədəbiyyatı"19, "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)"20, "Eşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr"21, "Türk xalqları ədəbiyyatı mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri"22, "M.F.Axundovun türk ədəbiyyatında mövqeyi və təsis etdiyi ədəbi məktəb"23 və b. araşdırmaları yalnız elmi əhəmiyyət kəsb etmirdi. Ə.Abid bu araşdırmaları ilə ideoloji mübarizənin önündə gedən cəsur bir döyüşçünü xatırladır.
1898-ci ildə Bakı şəhərində daşyonan ailəsində* doğulan Zeynalabdin (Əmin Abidi yaxından tanıyan, 1883-cü ildə Bakıda doğulmuş Azərbaycan Politexnik İnstitutunun türk dili müəllimi, dos. Ələsgər Əliyev KQB müstəntiqinə verdiyi izahatdan Əmin Abidin adının Zeynalabdin olduğunu, Məmməd Əmin Rəsulzadəyə ehtiram əlaməti olaraq Əmin adını götürdüyünü yazır. – Ə.Ş.) Mütəllib oğlu Əhmədov ilk təhsilini anası Reyhanın evdə açdığı molla məktəbində almışdı. Bakıdakı III Aleksandr adına gimnaziyanı bitirdikdən sonra qardaşı şair Əliabbas Müznibin (böyük qardaşı Əliabbas Müznib 1912-ci ildə millətçilikdə suçlanaraq yayımlatdığı dərgi qapadılmış, özü də buzlu Sibirə sürülmüşdü. 1913-cü ildə Rusiya çarları Romanovların hakimiyyətə gəlməsinin 300 illiyi münasibətilə geniş amnistiya verilmişdi. Əliabbas Müznib də amnistiyaya düşüb vətənə dönmüşdü – Ə.Ş.) naşiri və redaktoru olduğu "Dirilik", "Babayi-əmir" dərgilərində işləyir.24
Gimnaziyada oxuduğu illərdə qəzet və jurnallarda Abid, Abid Mütəllib oğlu, Abid Mütəllibzadə, Qozqurab bəy və s. imzaları ilə çap etdirdiyi şeirlərdə, hekayələrdə, məqalələrdə, tərcümələrdə güclü bir yurd sevgisi var. "Cahanda ali məqam tutmaq üçün qəflət etməyib ayağa qalxaraq düşməndən intiqam al!"25 deyə hayqıranda onun 16 yaşı vardı. Məqalə, şer və tərcümələri ilə gah xalqını mübarizəyə səsləyər, gah elm öyrənməyə, mədəniyyətə yiyələnməyə çağırar, gah da öz dilinə, dinin və xalqına xor baxanları satira atəşinə tutar.
Əmin Abidin arzuları 1918-ci ildə reallaşdı. Azərbaycan xalqı rus imperiyasının caynağından qurtulub müstəqil dövlətini qurdu. O da Vətəninə layiqincə xidmət etmək üçün İstanbula təhsil almağa gedir. Darülmüəllimi aliyəyə daxil olur. Oranı bitirdikdən sonra 1921-ci ildə təhsilini İstanbul Darülfünunda davam etdirir.26 Gedəndə Azərbaycanda bir oyanış, milli dəyərlərə ehtiram vardı. Geri döndükdə isə bunun əksi ilə qarşılaşır. Milli dəyərlər unutdurulmağa çalışılırdı. Hər yerdə bir yeniləşmə, axtarış həvəsi vardı. Kommunistlər zor gücünə hakimiyyəti ələ almışdılar. Amma quracaqları dövlətdə əxlaq, ailə, mədəniyyət necə olacaq, xalqlar arasında münasibətlər necə qurulacaq suallarına aydın cavabları yox idi. Az qala hər şey inkar edilir, yenidən yaradılma ideyası ortalığa atılırdı. Nəinki mədəniyyəti, ədəbiyyatı, hətta bəzi ifrat inqilabçılar demir yolunu, fabrikləri, binaları Belə dağıdıb əvəzində yenisini tikməyi tələb edirdilər. Proletar ədəbiyyatı, proletar mədəniyyəti, proletar şairi və s. ifadələr dəbdə idi. Özü de sadəcə dəb deyildi. Hakimiyyətdə olanlar tərəfindən müdafiə edilən, qızışdırılan bir hərəkat idi.
Bu hərəkata qoşulmuş milli ziyalıların çoxu sosialist mədəniyyət, sosialist ədəbiyyatı, ədəbiyyatda, sənətdə partiyalılıq adı altında ruslaşdırma siyasəti yeridildiyini görmürdülər. Klassik ədəbiyyatımızın incilərini "iylənmiş, qoxumuş", "ibtidai", "qeyri-mədəni" adlandırırdılar. "Biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə deyil, Vərharnlara, Uitmenlərə, Jül Romenlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə çeviririk"27 deyə qəzet, jurnal səhifələrini dolduranlara, tribunalardan Əmin Abidlər eyni tərzdə cavab verə bilməzdilər.
E.Abid belələri ilə açıq mübarizəyə girə bilməzdi. Sanki heç onları görmür, eşitmirdi. Sakit-sakit şeirimizin, ədəbiyyatımızın, mədəniyyətimizin tarixini öyrənir, işıqlı cəhətləri bir xətt boyunca düzür, qonşu xalqların elmi, bədii təfəkkürünün məhsulları ilə müqayisə edirdi.
Yeri gəldikcə dünyanın tanınmış Şərqiyyatçılarının – Hammer, Konuş, Radlov, Samoyloviç, Köprülüzadə, Bartold, Miloransk və b. fikirlərinə münasibət bildirməsi rəqiblərini ehtiyatlı davranmağa vadar edirdi. Heca vəzninin tarixini öyrənərkən Orxon-Yenisey, "Divani luğat it - türk"ü, "Qudadqu  bilig"i, "Yusif və Zuleyxan"ı, "Divani Hikmət"i, eləcə de Yunis İmrənin, Xətainin, Kərəmin, Qaracaoğlanın, Vaqifin, Maxtumqulunun və b. şeirlərini göz önünə sərirdi. Gəldiyi neticələr çox inandırıcı və təsirli olurdu. O, yazırdı: "Fəqət əsrimizdə, bilhassa inqilab prinsipləri üzərində qurulan cəmiyyətin şeiri üçün eyni nəzm üsullarını qullanmaq bu günkü bədii zövq nöqteyi-nəzərdən də mənasızdır. Tək-tük qurulan sərbəst və futurist nəzm şəkilləri yanında əksəriyyətlə gözə çarpan yenə sarayın ədəbiyyatı və sənət təlqiləridir"28.
 Azərbaycan Sovet ədəbiyyatında poeziyada heca vəzninin önə çıxmasında Ə.Abidin, İ.Hikmətin, Ə.Haqverdiyevin və b. araşdırıcıların elmi-nəzəri araşdırmalarının da rolu az olmayıb. Ədəbiyyat tariximizi ümumtürk mühitində öyrənən Ə.Abid hətta M.F. Axundovun yaradıcılığını Türkiyə, Tatarıstan, Qazaxıstan, Özbəkistan ədəbiyyatından ayrılıqda öyrənməyi düzgün hesab etmir.
Onun milli dəyərlərə yüksək qiymət verməsi, ədəbiyyat tariximizi müqayisəli və ortaq türk mühitində öyrənməsi hakim  dairələrə – sosializm realizmi adlandırılan cərəyana xidmət edənlər tərəfindən heç de sakitliklə qarşılanmırdı. KQB görünmədən təqib edirsə, qələmdaşları onu "marksist metodlara yiyələnməməkdə"29, "Dinkhalm təimini marksizmə qarşı qoymaqda"30, "pantürkizmdə"31, "kamalçılıqda"32 ittiham edir, "elmi aferist" adlandırırdılar33.
Azərbaycanda qorqudşünaslığın əsasını qoyan, qəzetçilik tarixini öyrənən, M.F.Axundovun üç cildlik əsərlərini çapa hazırlayan, arxivini elmi əsaslarla quran, Həbibi, Sabir, Vazeh və b. haqqında dəyərli elmi araşdırmalar aparan insandakı enerjiyə, nikbinliyə heyran qalmamaq olmur. Ədəbiyyat tariximizdə bir çox məsələ var ki, ondan söhbət açanda "bu mövzunu ilk araşdıran Əmin Abid olmuşdur" demək lazım gəlir.
Azərbaycan Sovetlər Birliyi kimi qapalı bir dövlətin tərkibində olduğundan dünyanın inkişaf etmiş ölkələri ilə əlaqəsi zəif idi. Belə bir vaxtda Ə.Abid araşdırmaya cəlb etdiyi mövzu ilə bağlı geniş qaynaqlar siyahısı verirdi. Bu qaynaqların bir çoxu da Avropa ölkələrində idi... Araşdırıcı geniş biblioqrafiya vərməklə sanki gənc ədəbiyyatçıları istiqamətləndirirdi.
Uzun illər E.Abidi istedadlı və yorulmaz bir araşdırıcı kimi tanımışıq. KQB arxivlərinin açılması onun fəaliyyətinin başqa bir yönünü öyrənməyə imkan verdi. Türkiyədə Gültəkin adlı  bir mühacir Azərbaycan şairi tanınırdı.34 "Buzlu cəhənnəm" şeirlər kitabının Müəllifi kimi tanınan bu şairin şeirləri haqqında Əhməd Cəfəroğlu yazır: "Gültəkin  şerlərinin qüvvət və gücü deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. En yaxşı bəzi şerləri bəstələnib İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir."35
Məmməd Əmin Rəsulzadə isə "Çağdaş Azərbaycan Ədəbiyyatı" əsərində yazır: "Gültəkinin şeirlərində biz həqiqi milli inqilab mübarizəsinin nəşidlerini görürük. Mübarizənin ədalətliliyinə və  qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır."36   E.Abid KQB müstəntiqinə verdiyi izahatda 1922-26-cı illərdə M.Ə.Rəsulzadənin İstanbuldakı evində keçirilən toplantılarda fəal iştirakını, siyasi mühacirlərin nəşr etdiyi "Yeni Qafqaz" dərgisində anti-Sovet məqalə və şeirlərlə çıxış etdiyini boynuna alır.37 Müstəmləkəçilik əleyhinə yazılmış bu şeirlər döyüşkən ruhu ilə seçilir, xalqımıza üz ağlığı, baş ucalığı gətirir.
Əmin Abidin Gültəkin imzalı şeirləri, A.İldırımın, Yayıcılı Kərəmin, Sənanın və b. əsərləri olmasaydı, Azərbaycan ədəbiyyatı ilə tanış olanlar elə bilərdilər bu xalq 20-30-cu illərdə mədhiyyə demək, yaltaqlanmaq, tərənnüm ədəbiyyatı yaratmaqla məşğul olub.
Daimi olaraq E.Abidin fəaliyyətini izləyən KQB 1938-ci ilin iyulun 14-də onu İsmayıllı rayonunun Yenikənd kəndində,38 xanımı Nafiəni (Türkiyədə Nafiə Şükri, Qafqazda isə Nafiə Abid imzası ilə şeirlər, hekayələr dərc etdirmişdi – Ə.Ş.) isə avqustun 11-də Batum şəhərində39  həbs edir. Nafiə xanım həbs ediləndə onun brilliant sırğaları, 165920 nömrəli qızıl saatı, üç ədəd qaşlı və qaşsız qızıl üzüyü, gümüş üzükləri, başqa zinət əşyaları Əlindən alınır. İstintaq sənədlərindən ona ağır fiziki və mənəvi cəzalar verildiyi aydın olur. İstintaqı aparanları en çox maraqlandıran Nafiənin anasının qohumu, Türkiyədə məclis üzvü və nazir olmuş Abdülxaliq Rəndadır.
8 aydan çox aparılan istintaq bir nəticə vermədiyini görən Zaqafqaziya Hərbi Prokurorunun Azərbaycan SSRİ Xalq Daxili İşlər Komissarlığı üzrə köməkçisi, 2-ci  dərəcəli hərbi hüquqşünas Qurbanov istintaq işinə yekun vuraraq yazır: "N.Ş.Əhmədovanın əleyhinə toplanmış sübutların xarakterini nəzərə alaraq bu işin məhkəmə dindirilməsinə göndərilməsini mümkünsüz sayıram. Bunun üçün də N.Ş.Əhmədovanın işi SSRİ Xalq Dahili İşlər Komissarlığı yanında xüsusi məşvərətə göndərilməyə razıyam".
Bundan təxminən on ay sonra – yəni 1940-cı il fevralın 19-da vəzifəsini və rütbəsini göstərməyən KQB məmuru yazır: "Əhmədova Nafiə Şükri qızı çox təhlükəli element (ünsür) kimi islah-əmək düşərgəsində saxlansın. Cəza müddəti 1938-ci il avqustun 11-dən hesablansın".40  (Nafie Şükri Əhməd - Tofiq Tanər qızının sonrakı taleyi haqqında doğru-düzgün bilgi ala bilmədik. Onu tanıyanlar 1970-ci illərdə sorğumuza şifahi cavablarında "deyəsən həbsdən çıxandan sonra hansı vasitəyləsə Türkiyəyə qayıtdı" – deyirdilər. – Ə.Ş.)
Dünyanı kapital zülmündən, istismardan, əsarətdən, müstəmləkəçilikdən xilas edəcəklərini bağıran kommunistlərin qurduqları cəmiyyətin ədaləti bu idi.
Əmin Abidin isə istintaqı o qədər də çox çəkməyib. KQB məmurlarına onun haqqında çox şey məlum idi. 5-6 dəfə dindirdikdən sonra vətənə xəyanətdə suçlayıb 1938-ci ilin oktyabrın 21-də saat 2130-da 39 yaşında güllələyiblər.41
İstanbul Universitetinin təhsil verib, elm öyrətdiyi, vətənə, xalqa, eləcə de dünya mədəniyyətinə xeyir verməyə çalışan iki insanın ömrü bax beləcə sona çatıb.
 
 
 
 
 
 
 
DİPNOTLAR:
 
 
17.Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi, Ə.A.Əhmədovun istintaq işi, N 32796.
 
 
18. Abid Əmin. Heca vəzninin tarixi (ədəbiyyat teoriyası haqqında), "Maarif işçisi" dərgisi, 1927, N3, s.50-55, N4, 58-61, N6-7, s.45-62.
19. Abid Əmin. Dərəbəylik dövründə Azəri ədəbiyyatı, "Maarif və mədəniyyət" dərgisi, 1927, N4-5, s.42-45.
20. Abid Əmin. Türk el ədəbiyyatına elmi bir baxış (Oğuzname). "Dan yıldızı" dərgisi, 1929, N5(29), s.30-32, N8(32), s 28-29.
21. Abid Əmin. Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr, "Azərbaycanı öyrənmə yolu" dərgisi, 1930, N3, s.48-52.
22. Abid Əmin. Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri, "Azərbaycanı öyrənmə yolu" dərgisi, 1930, N4-5, s.9-42.
23. Abid Əmin. M.F.Axundovun türk ədəbiyyatında mövqeyi və təsis etdiyi ədəbi məktəb, "Maarif işçisi" dərgisi, 1928, N3, s.20-50.
24. 4-cü qaynağa bax.
25. Abid Əmin. İntiqam (şer), "Dirilik" dərgisi, 1914, N5, s.67.
26.  1-ci qaynağa bax.
27.  27. Gülən Adam. Sərbəst şeir haqqında ilk söz, "Maarif işçisi" dərgisi, 1929, N1.
28. Abid Əmin. Ədəbiyyatda Mollaxana kulturası, "Kommunist" qəzeti, 1927, 8 fevral.
29. Nazim Əli. Türk ədəbiyyatında pantürkizm və kamalizm əleyhine, "İnqilab və mədəniyyət" dərgisi, 1931, N3-4, s.59-62, N5, s. 27-30
30. Yenə orada.
31. Nazim Əli. Beş illik mübarizə və qalibiyyət yolu. Bu gündən dünənə bir baxış, "Hücum" dərgisi, 1931, N5-6, s.17, Mehdi Hüseyn. Qırmızı qalibiyyət, "Hücum" dərgisi, 1931, N5-6, s.2, Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti sıralarını yenidən qurur, "Ədəbiyyat cəbhəsində" dergisi, 1930, N4, s.27. və b.
32. 29-cu, 31-ci qaynaqlara bax.
33. Ə.Ə. Elmi aferist, "Kommunist" qəzeti, 1930, 17 yanvar, N14. (2827).
34. İstiqlal uğrunda (şeirlər toplusu). İstanbul, 1928, Gültəkin. Buzlu cəhənnəm, İstanbul, 1948, Gültəkin - Əmin Abid. Buzlu cəhənnəm (tərtib edəni və ön söz Əli Şamilindir), Bakı, 1999 və s.
35. Cəfəroğlu Əhmed. Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri. "Azərbaycan yurd bilgisi"dərgisi, 1932, N8-9, s.281-305. (Məqalə elə Həmin il  İstanbulda kitabça şəklində çap olunub - Ə.Ş.)
36. Rəsulzadə Məmməd Əmin. Çağdaş Azərbaycan ədəbiyyatı. Ankara, 1950. (Sitat M.Ə.Rəsulzadənin 1991-ci ildə Bakıda "Gənclik"  nəşriyyatı çap etdiyi "Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi" kitabından götürülüb. s.81.
37. 17-ci qaynağa bax.
38. 17-ci qaynağa bax.
39. 14-cü qaynağa bax.
40. 14-cü qaynağa bax.
41. 17-ci qaynağa bax.
*  Bu ailə sonuncu Bakı xanı Hüseynqulu xanın (Azərbaycanı işğal edən rus ordusunun komandanı, 1804-cü ildə - Ramazan bayramında  Gəncə şəhərinin müdafiəçilərini qırdıran general Sisyanovun başını Həmin Hüseynqulu xan kəsdirmişdir - Ə.Ş.) nəslindəndir. Bax: İslam Ağayev. Əliabbas Müznib. Bakı, "Elm" nəşriyyatı, 2000, s.6.
Cap olunub: İstanbul darülfünunun məzunu - Əmin Abid. “Filoloji araşdırmalar”. XV kitab, Bakı, 2001, səh.70-82
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol