Şamil Usmanov

Şamil Usmanov

Türk Dünyasının Məşhurları-18

Tatar xalqının vətənsevər oğlu, ədəbiyyata şair kimi gəlsə də yazıçı-dramaturq kimi məşhurlaşmış Şamil Usmanov...

Göndərmə 09.05.2013 11:03:08 UTC

Güncəlləmə 09.05.2013 11:03:08 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=f1689342-28c7-4e6a-805e-66c8c2dffa96

 

Rusiya sərhədlərini genişləndirdikcə işğal etdiyi torpaqlarda özünün idarəetmə sisteminə uyğun inzibati vahidlər yaradırdı. Buna görə də milliyətcə tatar olan yazıçı-dramaturq Şamil Usmanovun doğulduğu Pendelkə kəndi də Savatov quberniyasının Kuznetsk qəzasına daxil edilmişdi. Əslində yalnız Kuznetski qəzasında deyil, Saratov quberniyası və ona bitişik quberniyaların əksəriyyətində tatarlar, başqırdlar, qazaxlar, çuvaşlar və başqa türk xalqları yaşayırdı. Bu yerlərdə ruslar 18-ci yüzillikdən məskunlaşdırılmağa başlanmışdı.

Şamilin atası Xayrulla dindar bir kənd müəllimi imiş. Oğluna da islam dinindən gələn bir ad, Abdulla adı vermişdi.

1898-ci il dekabrın 26-da anadan olan Abdulla Xayrulla oğlu Usmanov sonralar adını dəyişərək Qafqaz dağlarında Rus müstəmləkəçilərinə qarşı 30 ilə yaxın mübarizə aparmış Şeyx Şamilin şərəfinə Şamil adını qəbul etmişdir.

Kəndlərindəki mollaxananı bitirdikdən sonra Abdulla Usmanovu Həşdərxan şəhərindəki rusca-tatarca təhsil verən ibtidai məktəbə göndəriblər. Həşdərxanda ibtidai məktəbi bitirən Abdulla Usmanov tacir və sənayeçi, milyoner Xusainov qardaşlarının Orenburqda 1889-cu ildə açdıqları “Xusainiye” mədrəsəsində oxumağa gedib. Bu mədrəsədə təhsil üç pilləli idi. Üç il ibtidai təhsildən sonra dörd illik rüşdiyyə adlandırılan orta təhsil gəlirdi. Sonra iqdadiyə adlanan dörd illik təhsil və ali adlandırılan 3 illik təhsillə mədrəsənin proqramı başa çatırdı.

Zəngin kitabxanası olan, dünyanın bir çox ölkəsindən qəzet və jurnal alan mədrəsədə dövrünün Faxrettinov, Ramiyev, Sunçalyay, Kamal, Karimi, Burxan kimi dövrünün tanınmı alim-pedagoqları dərs deyirdi. Belə bir mühitdə yetişən, şeir yazan, həmişə yeniliyə can atan Abdulla Usmanov mədrəsədən sonra 1911-1914-cü illərdə Orenburqdakı sənət-peşə məktəbində oxuyub. Beləcə özünü həyata hazırlayan gənc şair Aktubinskiyə gələrək buradakı dəyirman kombinatında çilingər, sonra da Sızrana gedərək oradakı Quryev toxuculuq fabrikində üç il çilingər işləyib.

Rusiyanı bürümüş ixtişaşlar gənc şairi də öz qoynuna çəkib. Dünyada sosial ədalətin bərqarar olunacağı inamı ilə bolşeviklərə qoşulub. 1917-ci ilin başlanğıcında onu çar ordusuna səfərbərliyə alsalar da az sonra II Nikolayın taxtdan salınması ilə bir çoxları kimi onu da ordudan təxris ediblər. Lakin o əsgəri birliklərdə uzaqlaşmayıb, Sızrandakı qarnizonda inqilabi təbliğat aparıb.

Bolşeviklərin sırasında fəaliyyətini davam etdirən Şamil Usmanov rəhbərliyin irəli sürdüyü şüarlara ürəkdən inanıb. Əsarət altında olan xalqları azadlığa çıxaracaqları, müharibələrə son qoyacaqları, varlı-kasıb arasındakı fərqi aradan qaldıracaqları, insanlara firavan həyat bəxş edəcəkləri inamı ilə mübarizəyə atılan Şamil Usmanov məqsədə çatmaq üçün ölümün qoynuna atılıb. Lakin ona savaşlarda ölmək deyil, uğrunda mübarizə apardığı ideyanın mümkünsüzlüyünü, milyonlarla insan kimi aldadıldığını görmək və mübarizə dostları tərəfindən məhv edilmək qismət imiş.

1919-cu ildə onu Kazanda yeni təşkil edilən Volqaboyu tatarlardan təşkil edilən Birinci Atıcı Briqadaya komissar təyin ediblər. Bu hərbi birlik Sibirdəki geniş əraziləri nəzarəti altında saxlayan ağqıvardiyaçı Aleksandr Dutovun silahlı dəstələrinə qarşı vuruşub. Döyüş illərində də bədii yaradıcılığını davam etdirən Şamil Usmanov Orenburq cəbhəsində “Qanlı günlər” peysini yazıb.

Onun təşkilatçılq bacarığı rəhbərliyin diqqətindən yayınmayıb. 1919-cu ilin payızında təşkil edilən Mərkəzi Müsəlman Hərbi Kollegiyasının siyasi şöbəsinə rəhbər təyin ediblər.

1920-ci ildə isə Şamil Usmanovu Tatarıstan Muxtar Sovet Sosialist Cümhuriyyəti İnqilab Komitəsinə katib təyin edilib. Mülki işdə çalışarkən xalqla sıx ünsiyyətdə olduğundan, bolşeviklərin inqilabdan əvvəl verdikləri vədlərə əməl etmədiklərini, milli məsələdə çar Rusiyasının yeritdiyi müstəmləkə siyasətini davam etdirdiklərini görüb. Lakin bunu ümumdövlət siyasətinin bir hissəsi kimi deyil, rəhbər vəzifədə olan bəzi şəxslərin yanlışlığı olduğunu düşünüb.

Rəhbərlik isə Şamil Usmanovu millətçiliyə meyl etməkdə təqsirləndirsə də belə bir kadrı itirmək də istəməyib. Onu 1921-ci ilin əvvəllərində mülki işdən ayırıb Kazanda piyada hərbi bölmə komandirləri hazırlayan kursun siyasi şöbəsinə rəhbər, az sonra isə Birləşmiş Tatar-Başqırd Hərbi Məktəbinə Komisar vəzifəsinə göndəriblər.

Şamil Usmanov 1927-ci ilə kimi hərbi sahədə ideyaya sadiq bir kommunist kimi çalışıb. 1925-ci ildə ona dvizya komissarı rütbəsi veriblər.

Bir müddət Moskvada milli hərbi təhsil müəssisələri üzrə təlimatçı və eyni zamanda ali hərbi kadırlar hazırlayan kursda işləyib. 1926-cı ildə isə ona Daşkəndə Türküstan üçün hərbi kadırlar hazırlamağa göndəriblər.

Tatarıstanla daim əlaqə saxlayan Şamil Usmanov hərbi sahədə işləsə də bədii yaradıcılığından da qalmayıb. “Birinci addım”, “Varlı qızı”, “20 damla”, “Geçikmiş əmr” pyeslərini, “Şamseddinbay” komediyasını yazıb. Böyük uğurla səhnələşdirilən bu dram əsərləri yalnız Kazanda deyil ölkənin bir çox şəhərlərinin teatırlarının repertuarına daxil edilib. Sovet ideoloqları onun hərbi mövzuda yazdığı əsərləri xüsusilə yüksək qiymətləndiriblər. Çünki həmin dövrdə Sovet əsgəri birliklərinin hünərini öyən bədii əsərlər yox dərəcəsində idi. Şamil Usmanov yüksək qiymətləndirməklə yazıçı, dramaturq, şair və publisistləri hərbi mövzuda əsərlər yazmağa həvəsləndiribdilər.

1926-1927-ci illərdə Daşkənddəki Şərqşünaslıq İnstitunun hərbi kurslarında siyasi şöbə rəisi işləyən Şamil Usmanovu çox gənckən, yəni 29 yaşında ordudan təxris ediblər. Kazan şəhərinə gələn gənc yazıçı Tatarıstan Tamaşa Müəssisələri İdarəsinin rəsisi, Kazan Radiostansiyasının tikintisinə məsul şəxs və s. vəzifələrdə çalışıb.

“Pamirdə radio” povestini, “Fabrikin anası”, “Açıq kilid”, “Mitinq” və b. hekayələrini, onlarla publisistik məqalə yazan Şamil Usmanov o dövrün ədəbi mübahisələrinə də qatılıb, keçmiş hərbici kimi sərt çıxışları ilə diqqəti cəlb edib. SSRİ-də hökumət gücləndikcə inqilab ərəfəsində və inqilabın ilk günlərində verilən vədlərə əməl edilmədiyini görən Şamil Usmanov quruculuğunda fəal iştirak etdiyi dövlətin taleyi üçün narahat olub. Bu narahatlığını toplantılarda və yazılarında bildirib. Bütün bunlar da hakimiyyətdəkilərin xoşuna getməyib.

Şamil Usmanov vəziyyəti dəyişmək arzusuyla gizli müxalif quruplarla əlaqəyə girib. Az sonra o gizli təşkilatın ön sıralarında özünə yer tutub.

İkinci Dünya Savaşının yaxınlaşdığını görən Sovet rəhbərliyi müxalif qüvvələri aradan götürməyi qərara alıb. 1937-ci ilin kütləvi həbsləri başlayıb. 1937-ci il aprelin 5-də Şamil Usmanov da həbs edilib. Keçmiş əqidə yoldaşları və hazırladığı kadırlar onu istintaqa tutublar. Uzun sürən işgəncəli istintaq 1937-ci il dekabrin 3-dək davam edib. İstintaq sənədlərində 39 yaşlı yazıçının “ürək çatışmamazığı”ndan öldüyü göstərilib.

Ölümündən sonra onun əsərləri qadağan edilsə də Şamil Usmanovun adı xalqının qəlbinə yaşayır və yaşayacaq.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=