Şevki Bektörə

ŞEVKİ BEKTÖRƏ

TÜRK DÜNYASININ MƏŞHURLARI 148/2012

    Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə türk xalqlarının mübariz oğlu, şair, pedaqoq, dilçi alim Şevki Bektörənin ömür yolundan  və yaradıcılığından söz açacağıq.

Rusiya güneyə doğru sərhədlərini genişləndirdikcə orada yaşayan türk xalqlarına təzyiqini artırırdı. Vətənində yaşamağın mümkünsüz olduğunu görən ailələr Osmanlı dövlətinə köç edirdilər. Onların bir qismi köçü dəniz yolu ilə, Qaradənizdən gəmilərlə edirdisə, bir qismi də Qafqazlardan, yaxud Rumıniya və Bolqarıstanı keçib gedirdilər. Şevki Bektörənin ailəsi də Rusiyanın zülmündən canlarını qurtarmaq üçün Dobrocanın Qablaklar kəndinə köçür. Şevki Bektörə də 1888-ci ildə bu kənddə müəllim ailəsində doğulur.

Lakin Kırım tatarları burada da çox yaşaya bilmirlər. Bölgə Osmanlıdan qoparılaraq Rumıniyaya verdikdə qablaklıların əksəriyyəti kimi Şevki Bektörənin ailəsi də Osmanlı dövlətinin içərilərinə doğru köçmək məcburiyyətində qalır. Onlar Anadoludakı Polatlı ilçəsinin Qaraqaya kəndinə köçürlər. Atası bir müddət kəndin muxtarı, yəni kəndxudası olur və müəllimlik edir. Şevki də ilk təhsilini atasının dərs dediyi məktəbdə aldıqdan sonra qonşuluqdakı Haymana qəsəbəsinə gedərək Rüşdiyyə məktəbində oxuyur. Həmin dövrdə Rüşdiyyə məktəbləri orta təhsil ocaqları sayılırdı.

Şevki Bektörə Haymana qəsəbəsindəki orta məktəbi bitirdikdən sonra 1905-ci ildə İstanbula gələrək universitetin İlahiyyət fakültəsinə qəbul olunur. İstanbulda  oxuduğu illərdə kırımlı gənclərlə dostlaşan Şevki Bektörə “Gənc tatar yazıçıları” adlı bir cəmiyyətin qurulmasında fəal iştirak edir. Bu cəmiyyət “Qaranquşlar duası”, “Altın yarık” və “Şeirlər cəngi” adlı kitabçalar da çap etdirir.

İctimai işlərdə də fəallıq göstərən Şevki Bektörə bədii yaradıcılığa daha çox meyl edir. Məşhur türkçülərin əsasını qoyduğu “Türk yurdu” jurnalında ilk şeiri çap olunur.

Şevki Bektörənin1909-cu ildə anası, atası və əmisi vəfat edir. O, qohumlarını tapmaq ümidilə Kırıma gəlir. Burada uzaq qohumları ilə görüşür və geri dönməyərək kənd məktəblərində  müəllim işləməyə başalayır.

Gənc yaşlarında Carlı imzasıyla şeirlər yazan Şevki Bektörə Rusiya vətəndaşlığını qəbul etməyərək Osmanlı təbəəsi olaraq qalır. Balkanlarda Osmanlı dövlətinə qarşı savaş başlayanda o, da Osmanlı ordusunun tərkibində savaşa qatılır. 1913-cü ildə sülh müqaviləsi  bağlandıqdan sonra yenidən Kırıma gəlir.

Lakin onun Kırımdakı pedaqoji və ictimai fəaliyyəti çox da uzun sürmür. 1914-cü ildə Birinci Dunay Savaşı başlayanda Azərbaycana gəlir. Buradan da Rus ordularının nəzarəti altında olan Güney Azərbaycana keçir. Oradan da gizli Van şəhərinə keçərək Rusiyaya qarşı döyüşən Osmanlı ordusuna qatılır.

Birinci Dünya Savaşı başa çatdıqdan sonra savaş əsirlərinin dəyişdirilməsi prosesi başlayır. 1918-ci ilin mart ayında Kırımın Kefe şəhərinə əsirləri dəyişmə şərtlərini hazırlamağa gedən Osmanlı heyətinin tərkibinə bölgəni yaxşı tanıyan, rus dilini bilən Şevki Bektörə də daxil edilir. O, İstanbula  geri döndükdə buradakı tatarlara Rusiyada və Kırımda baş verənlər haqqında söhbət açır, onları vənənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə fəal iştirak etməyə çağırır.

1918-ci ildə İstanbulda universitet müəlliminin qızı Həmidə xanımla evlənən Şevki Bektörə Kırımda yeni qurulmuş Milli Hökumətin Xarici İşlər Naziri Cafer Seydahmetlə birlikdə yenidən Kırıma gəlir. Onu Milli İdare Maarif Məclisinə üzv seçirlər. Kırımda müəllim kadrlarına böyük ehtiyac olduğundan onu yenidən İstanbula ezam edirlər. Bir ay sonra Şevki Bektörə 45 müəllim və onların ailə üzvləri ilə birlikdə Kırıma dönür.

Milli Hökumətin ömrü uzun olmadığından Şevki Bektörə Aluşta rayonunun Quruözən kəndində müəllimlik etməyə başlayır.

Savaşlar Kırımın iqtisadiyyatını ağır vəziyyətə qoyduğundan, mətbəələr bağlandığından Şevki Bektörə əlyazma halında həftəlik “Şar-şur”adlı jurnal çıxarıb xalq arasında yaymağa başlayır.

Bolşeviklər Kırımı yenidən işğal etsə də, Şevki Bektörə ailəsi ilə birlikdə İstanbula dönməyərək burada yaşamağa qərar verir. 1920-ci ildə Kırımın başkəndi Akməscidə, yəni Simferopola köçür. Zorla sovetləşdirilmiş Kırımda bolşeviklər öz ideyalarını yaymaq üçün savadlı kadrlara böyük ehtiyac duyurdular. Odur ki, Şevki Bektörə kimi təcrübəli və geniş dünyagörüşlü pedaqoqa qayğı və diqqət yetirirlər. Onu Totayköy Kırım Pedaqoji Texnikumuna direktor müavini təyin edirlər.

Ahmet Ozenbaşlının direktor olduğu bu təhsil ocağında o zaman Bəkir Çobanzadə, Mamut Nedim, Abdulla Cantörə, Abdulla Odabaş, Edem Feyzi, Qafar Şemseddin, Asan Refatov çalışırdı. Texnikumda direktor müavini işləməklə yanaşı, tatar dili dərslərini də deyən Şevki Bektörə dərslik çatışmadığını görüb Bəkir Çobanzadənin məsləhəti ilə tatar dilinin qramatikasına aid kitab yazır. “Tatarca sarf və naxf” adlandırdığı kitab böyük marağa səbəb olur.

Kitabın yayılması və təbliğində Şevki Bektörə maraqlı və yaddaqalan bir üsuldan istifadə edir. İki at qoşulmuş bir araba alır. Arabanın çadırına “Sarf-naxf arabası” yazaraq onunla kəndlərə gedir, məktəblərə kitab paylayır. Sonralar Noman Şeyxzadə və başqaları Şevki Bektörənin bu arabasına şeirlər də qoşurlar.

Sovetlər bölgədə yeni-yeni möhkəmlənməyə başladığından milli məsələlərə sərt təzyiq göstərmir. Bundan istifadə edən Şevki Bektörə sovetlərin nəşr etdiyi qəzet və jurnallarda nəinki milli şüur oyadan “Erkənoqon”, “Ey coşğun dalğalar”, “Xancamı qarşısında”, “Arkadaş”, “Ayakdaş” kimi şeirlərini çap etdirməklə kifayətlənmir, 1923-cü ildə “Erkənoqon” adlı kitabı da işıq üzü görür.

Ümumtəhsil məktəbləri üçün “Totaş-botaş” adlı əlifba kitabı yazan, Abdulla Odabaş və İsmail Lemanovla birlikdə maarif idarəsindən işləyərək metodik vəsaitlər hazırlayan Şevki Bektörənin fəaliyyəti yavaş-yavaş məhdudlaşdırılmağa başlayır. Sovetlər mövqelərini möhkəmlətdikcə millətçi kadrların sıxışdırılması və işdən uzaqlaşdırması sürətləndirilir.

Şevki Bektörə 1925-ci ildə Dağıstan MSSR Marif Nazirliyinin dəvəti ilə Teymurxanşurada pedaqoji kurslara rəhbərlik edir və dil dərsləri deyir. Ortaq türkcəyə nail olmaq istəyən, türk dillərini ərəb-fars sözlərindən təmizləyərək onları dialektlərdən alınma sözlərlə zənginləşdirməyə çalışan, ərəb əlifbasının latın əlifbası əsasında hazırlanmış ortaq türk əlifbasına keçməsi uğrunda yorulmadan mübarizə aparan Şevki Bektörə 1926-cı ildə Dağıstanın nümayəndəsi kimi Bakıda keçirilən I Türkoloji Qurultayda iştirak edir. Burada Bəkir Çobanzadə və başqa məslək dostları ilə görüşərək gələcək fəaliyyət planlarını müəyyənləşdirirlər.

Dağıstanda yaşayan çoxsaylı xalqlar arasında tarixən olduğu kimi yenə də türk dilinin ortaq ünsiyyət dili olduğunu təbliğ etdiyinə və milli, dini təbliğatlar apardığına görə Sovet xüsusi xidmət orqanları onu təqib edir və təzyiqlər göstərirlər. O, təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün Türkmənistana gedir. Aşqabaddakı Pedaqoji Texnikumda tədris işləri üzrə direktor müavini işlədiyi illərdə “Türkmən dilinin sarfi” adlı kitabını yazaraq 1927-ci ildə nəşr etdirir.

Tez-tez yaşayış və iş yerini dəyişməsinə baxmayaraq Sovet xüsusu xidmət orqanları daim onun sorağında olur, onu tapır və fəaliyyətini izləyir. 1932-ci il martın 25-də istedadlı pedaqoq, böyük türkçü SSRİ-nin Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən həbs edilir. 10 aya yaxın davam edən ağır işgəncəli istintaqda müstəntiqlər istədiklərini ala bilmirlər. Onlar Şevki Bektörəni böyük bir antisovet təşkilatınının üzvü kimi həbs etmək istəyirdilər. Şevki Bektörə istintaq zamanı dəli olmaq dərəcəsinə gəlsə də, təşkilat üzvlərindən kimsənin adını çəkmir.

Onun cəsarət və dözümünə baxmayaraq Sovetlərin xalq məhkəməsi adlandırdığı oyuncaq qurum Dövlət Siyasi İdarəsinin sifarişilə Şevki Bektörəni 10 il həbs cəzasına məhkum edir.

Şevki Bektörə bundan sonra elmi, ədəbi, pedaqoji fəaliyyətlə məşğul ola bilmir. Zərəfşan və Zənginatdakı həbs düşərgələrində 15 il cəza çəkir. Cəza müddəti bitdikdən sonra onu yenidən Sibirə sürgün edirlər. 1946-cı ilin aprel ayında Novosibirsk-Krasnoyarsk yolu ilə Bolşaya Murtaya sürgün edilən böyük türkçü 1952-ci ildə Predolno kolxozunda sürgün həyatı yaşamaq məcburiyyətində qalır.

Stalinin ölümündən sonra ölkədə bir yümşalma başlayır. 1956-cı ildə çağırılan Sov.İKP XX qurultayında quruluşun bütün nöqsanları Stalinin adına yazılır. Bundan yararlanan Türkiyənin SSRİ-dəki səfirliyi Şevki Bektörəni sürgündən azad etdirərək Moskva-Belqrad yolu ilə İstanbula göndərə bilir. 25 illik cəhənnəm əzabından sonra Şevki Bektörə 1956-cı il oktyabrın 17-də İstanbula gələrək ailəsinə qovuşur.

Çəkdiyi əzab-əziyyətlərə baxmayaraq iradəsi qırılmayan Şevki Bektörə Türkiyədə Kırım Milli Kurtuluş Mərkəzinə rəhbər seçilir. O ictimai fəaliyyətini davam etdirməklə yanaşı “Volqa qırmızı axarkən” adlı çox dəyərli xatirələrini yazır. Bu o dövr idi ki, SSRİ sosialist quruculuğu adı altında Türkiyəni də işğal dairəsinə qatmaq istəyirdi. Türkiyədəki gəncliyin böyük bir qismi isə SSRİ-də nələr baş verdiyindən xəbərsiz romantik sosialist arzularıyla yaşayırdılar. Şevki Bektörənin kitabı yüzlərlə türk gəncini sosializm ideyasından uzaqlaşdırmış oldu.

1961-ci il dekabrın 20-də dünyasını dəyişən Şevki Bektörənin ömür yolu mübariz türk gənclərinə bir örnəkdir. 

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol