Ə.Abidin imzasını təsdiqləyən yeni sənəd

    Əli Şamil    


 
GÜLTƏKİN Ə. ABİDİN İMZASI OLDUĞUNU
TƏSDİQLƏYƏN YENİ SƏNƏDLƏR
 

  Əimn Abidin Gültəkin imzasıyla şerlər yazdığını ilk dəfə Azərbaycan Dövlət Universitetində oxuyarkən(1968-73) professor Abbas Zamanovdan eşitmişdim. 37-ci il qurbanlarına 1956-cı ildən bəraət verilməyə başlanmışdı.  Əslində bu, cismani bəraət idi. Onların əsərlərinin çapı və təbliği müxtəlif bəhanələrlə əngəllənir, tanıyanlarsa, hər şeyi olduğu kimi danışmağa ehtiyat edirdilər.
  Əsasən  tək-tək yazıçı və şairlərin,partiya və dövlət xadimlərinin  təntənəlt yubileyləri qeyd edilirdi, seçilmiş əsərləri çap olunurdu.  Onlarla araşdırıcının, ziyalını tərcümeyi-halı çap olunmur, haqlarında sorğu kitablarında, biblioqrafik məlumatlarda, ensiklopediyalarda bilgiyə rast gəlinmirdi. 
  İkinci kursda oxuyanda artıq Ə. Abidin dövri mətbuatdakı və arxivlərdəki    əsərlərinin əksəriyyətinin siyahısını tutmuş və təxmini tərcümeyi- halını tərtib etmişdim. A.Zamanovdan Ə.Abid Gültəkin imzasıyla  şer yazdığını eşidəndə düzü bərk təəccübləndim. Azərbaysan mətbuatında və arxivlərdə  Gültəkinin  şerlərinə rast gəlməmişdim. Buna baxmayaraq ona “Yox, Siz doğru demirsiniz” deyə bilmədim. Çünki  A. Zamanovun elm aləmindəki  nüfuzu  onun  dediyini şübhə  altına almağa imkan vermirdi. 
  Otuz ilə yaxın axtardım. Dəfələrlə Abbas Zamanovdan xəbər aldım. Hər dəfə: “Yaxşı axtarmayıbsan, get axtar, tapacaqsan” sözündən başqa bir cavab ala bilmədim.(Gültekin,1999:7)  90-cı ildən başlayaraq Gültəkinin şerləri Azərbaycan mətbuatında və Türkiyədən gətirilən cib dəftərçələrində, təqvimlərdə, qəzet və jurnallarda, kitablarda görməyə başladım. Bu şerlərdəki  üsyankarlıq, döyüşə çağırış, antisovet, antiimperialis  əhval-ruhiyyə  müəllifin çılğın bir bir insan olduğundan xəbər verirdi. Xatirələrdən tanıdığım Əmin Abid isə mülaim xarakteri, sakit təbiətli , abır-həyalı bir insan idi.  Onun 1913-1926-cı illərdə Bakıda yazdığı, qəzet və jurnallarda çap olunan, arxivlərdə qalan şerləri də  Giltəkin imzası ilə  yayılan şerlərdən kəskin fərqlənirdi. Buna görə də uzun müddət Əmin Abidin Gültəkin  imzasıyla şerlər yazmasına  şübhə ilə yanaşsam da  fikirlərimi  mətbuatda yayınlatmadım. Dəfələrlə Türkiyədə olanda Gultəkinin şerlərini yayınlayan mötərizə içərisində Emin Abid yazan araşdırıcı və naşirlərdən təsdiqləyici bir qaynaq istədimsə heç bir qaynaq ala bilmədim. Hətta uzun illər Azərbaygan Kültür Dərnəyində çalışan, Azərbaygan Xalq Cümhuriyyətinin rənbəri M.E. Rəsulzadəni yaxından tanıyan M.Kəngərli və Ə. Karaca kimi ağsaqqallar da  Əmin Abidin Gültəkin imzasıyla şerlər yazdığını təsdiqləyəcək bir bəlgə göstərə bilməyərək  özlərindən yaşlılardan eşitdiklərini söyləməklə kifayətləndilər. 
  1998-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində Əmin Abid Mütəllib oğlu  Əhmədovun istintaq işi ilə tanış olduqda heyrət məni bürüdü.(Azərbaycan,)  Müstəntiqiq suallarını verdiyi cavabından İstanbul Universitetində oxuyarkən  M. Ə. Rəsulzadə və başqa mühacir siyasi xadimlərlə tez-tez görüşdüyünü, onların toplantılarında iştirak etdiyini, “Yeni Kafkasiyia” dərgisində antisovet şerlər və məqalələrlə çıxış etdiyini öyrəndim.  “Yeni Kafkasiya”nı  əldə olan saylarını gözdən keçirdim. Ən  üsyankar şerlər Gültəkin imzası ilə çap olunmuşdur. Bu, uzun illərin şübhələrinə son qoysa da bir daha əminlik üçün əlimdə olan materialları Bakı şairlərinin yaradıcılığını gözəl bilən, yorulmaz araşdırıcı Sona Xəyala verdim. O,  materiallarla tanışlıqdan sonra  Türkiyədə Gültəkin, Bakıda Əmin Abid, Abid Mütəllib oğlu, Abid Alpər və s. imzalı şerlərin üslubca çox yaxın olduğunu söylədi. 
     Bu məni Əmin Abidin şerlərini bir kitab halında toplayıb çap etdirməyə həvəsləndirdi. Sona Xəyal Əmin Abidin  Azərbaysan Əlyazmalar İnstitutunda ərəb əlifbası ilə olan şerlərini latın qrafikasına çevirdi və kitabın hazırlanmasında əlindən gələn köməyi əsirgəmədi. Beləliklə, 1999-cu ildə Bakıdakı “ Günəş” nəşriyyatında Gültəkin-Əmin Abidin “Buzlu cehennem ve diger şerleri” adlı kitab işıq üzü gördü. Kitaba yazdığım “Üzağlığı doğuran misralar və ya Gültəkin kimdir?” adlı  ön sözdə Əmin Abidin Gültəkin imzası ilə şer yazmasını şübhə altına alan fikirləri  altı bənddə,  dolayısı ilə də olsa təsdiq edən faktları 13 bənddə  ümumiləşdirdim. (Gültekin,1999:6-20) 
  Bununla kifayətlənməyib Türkiyə və Azərbaycan mətbuatında bu mövzuda bir neçə məqalə çap etdirdim. Mübahisəyə girişən, etiraz edən araşdırıcı ilə rastlaşmadım. Ötən il gənc araşdırıcı Nikfur Cabbarlı ürək açıqlığı ilə mənə bir sənəd təqdim etdi və dedi: “1995-ci ilin dekabrında arxivdə işləyərkən bu sənədlə rastlaşmışam. Diqqətimi çəkdiyinə görə üzünü köçürmüşdüm.  Əksəriyyət kimi mən də Gültəkin  izasıyla şerlər yazan Əmin Abidin olduğunu qəbul etdiyimdən  bu sənədə o qədər də əhəmiyyət verməyib evdə harasa qoydum.  Sizin hazırladığınız kitabı və məqalələri oxuyanda gördüm ki, siz də əlinizdə qəti bilgi verən sənədlər olmadığəndan məntiqə dayanaraq  Giltəkinin Ə. Abidin imzası olduğunu dolayısı ilə sübut etməyə çalışırsınız. Onda yadıma düşdü ki, gizli yazışmalarda Giltəkinin Ə. Abidin imzası  olduğunu təsdiqləyən sənədə rast gəlmişdim. Bəs  o sənəd haradaydı sualana cavab tapa bilmirdim. Bu yaxınlarda arxivimi araşdırarkən həmin sənədə rast gəldim. Bunu götürün, sizə gərək olar.” 
      N. Cabbarlının Azərbaycan Respublikası Siyasi Partiyalar və İictimai Hərəkatlar Mərkəzi Dövlət Arxivindən  götürdüyü bu sənəd bir çox cəhətdən diqqətçəkəndir. Biz ondan yalnız  mövzumuzla bağlı olan hissələri aşağıda veririk. 
         Tam məxfi qrifi altında Zaqafqaziya Dövlət Siyasi İdarəsinin (KQB), Azərbaycan Dövlət Siyasi İdarəsinin və İrandakı SSRİ nümayəndəliyinin yolladığı 971 şifəli materiallardan rəhbər işçilər üçün  1926-cı il 10 apreldə hazırlanmış 02471 sayla arayışda yazılıb: “Üçüncü ildir Konstontinopolda (İstanbulda-Ə. Ş.) nəsr olunan antisovet “Yeni Kafkasiya” jurnalı Azərbaycan “Müsavat” partiyasının siyasi orqanıdır. Jurnalın ilhamvericisi, əsas və faktik redaktoru Məmmədəmin Rəsulzadədir.....  Jurnalın tirajı 200 nüsxəyə çatır və həftədə iki dəfə çıxır. Jurnalın əməkdaşları:
Rəsulzadə Məmməd Əmin (məqalələrin əksəriyyətini yazan odur.),
Şəfi Rüstəmbəyov (məqalələr və yazılar verir),
Əhməd Cəfərov (Rus dilindən tərcümələr edir. Hazırda Berlindədir.), 
Xəlil Xasməmmədov (məqalələr yazır),
Əmin Abid Azərbaycan Sovet Hökumətinin təqaüdçüsü (Gültəkin ləqəbilə şerlər yazır),
Osman Xoca (Keçmiş Buxara Respublikasının prezidenti. Türküstan haqqında məqalələr yazır ) .“( ARSPİHMDA,1926)

Arayış əsasən Müsavatçıların İstanbuldakı fəaliyyətinə həsr olunub.

    Bu sənəddən Azərbaysan mətbuatında ilk dəfə  söz açan Xaləddin İbrahimli  1996-ci ildə Bakıda nəşr etdirdiyi “Azərbaycan siyasi mühacirəti” kitabında yazır: “ Dərginin “Yeni Qafqasiya” adlandırılmasından da görınırdü ki, Azərbaysan münacirləri bütün Qafqfz mühacirləri ilə iş birliyi yaradılmasının ilk təşəbbüsçülərindən olmuşdur. Son dərəcə zəruri olan bu  birliyin gerçəkləşməsi üçün  həm münacirləri, həm də Türkiyə içtimaiyyətinin siyasi zümrəsini ideoloji-siyasi cəhətdən hazırlamaq istiqamətində “Yeni Qafqasya” çox işlər görürdü. Sahibi və mühərriri M.Ə. Rəsulzadə olan  “Yeni Qafqasya”nın məsul redaktoru dağıstanlı Səid Əfəndi, redaksiya heyətinin üzvləri isə Ş.Rüstəmbəyli, Əhməd Səfəroğlu, X.Xasməmmədov, Əmin Abid(Gültəkin) və Buxara Resppublikasının sabiq prezidenti Osman Xosa idi.(İbrahimli,1996:119) 
    Sadalanan faktlar onu göstərir ki, Müsavatçılar nə qədər gizli çalışsalar da onların fəliyyəti haqqında Sovet Xüsusi Xidmət orqanları yetərincə informasiya toplaya bilirmiş. Abid Tahirli yazır: SSRİ Xalq Komissarları Soveti yanında Dövlət Birləşmiş  Siyasi İdarəsi rəisinin köməkçisi Petrosyan türk və tatar mühacirlərinin nəşirlərini, o cümlədən də ilk növbədə “ Yeni Qafqasiya”nın demək olar ki, hər nömrəsini oxuyur, müvafiq  tədbir görülməsi üçün əyalət təşkilatlarına göstəriş verirdi.Onun Ufaya-siyasi idarənin Başkırdıstan şöbəsinin rəisi Muzıkanta 8 iyun 1927-ci il tarixli 156162/ s130 nömrəli məktubunda deyilir ki, türk-tatar mühacirlərinin nəşirlərinin icmalını sizə göndərərək qeyd edirik ki, onların antisovet təbliğatı, ilk növbədə Sovet Şərqində yayılması nəzərdə tutulan çap məhsullarının nəşri sahəsində fəallığı artmışdır.Son aylar milliyətçi quruplara ünvanlanmış 3 puta qədər çap məhsulu müsadirə edilmişdir.Antisovet türk ədəbiyyatının gətirilməsində canlanma bizim orqanlar qarşısında belə məhsulların ölkəyə daxil olmasının qarşısını qətiyyətlə almaq vəzifəsini qoyur.(Azərbaysan Dövlət Arxivi,P/F848,73/126 nömrəli qovluq)...
   O, həmin tarixli(1927-ci il 8 iyun nəzərdə tutulur-Ə.Ş) 156161/130 nömrəli məktubunda həmkarı Muzkanta yazırdı:” Jurnalın(“ Yeni Qafqasiya” nəzərdə tutulur-Ə.Ş)  məzmunu göz qabağındadır. Heç bir şərhə ehtiyac yoxdur.Amma qeyd  olunmalıdır ki, Türkiyə höküməti bizim təqdimata əsasən, mühacirlərin fəaliyyətinin məhdudlaşdırılması üçün bir sıra tədbirlər görmüşdür.”(9,18-19) 
 İnformasiyanın zənginliyi və dəqiqliyi Əmin Abidin Gültəkin imzası ilə şerlər yazmasına şübhə ilə yanaşmağa son qoyur.Abid Tahirli də “Azərbaysan Mühacirət Mətbuatı” kitabında  yazır: “Yeni  Qafqasiya”nın   redaksiya heyətinin üzvləri  Şəfi bəy Rüstəmbəyli, Əhməd Cəfəroğlu,Xəlil Xasməmmədov, Əmin Abid(Gültəkin) və Buxara Respublikasının sabiq prezidenti Osman Xoca idi. Onlar “Yeni  Qafqasiya”nın daha maraqlı, məzmunlu çıxması üsün fədakarlıqla  çalışır və istəklərinə nail olurdular.” (Tahirli,2002:24). 
   ARSPİHMDA-in 02450 saylı qovluqdakı Azərbaycan Müsvavtçılarından bəhs edən başqa bir arayışın“Mədəniyyət komissiyonu” bölməsində yazılıb: “Komissiyaya Axundzadə başçılıq edir, komissiyanın üzvü Nəzər Əlidir (üçüncü üzvü hələlik məlum deyil). Təşviqat işi ayda bir dəfədən çox olmayaraq aparılan iclaslardakı məruzə ilə həyata keçirilir. Burada əsas diqqət gənclərin hazırlanmasına yönəldilir. Azərbaycan SSRİ-nin təqaüdü ilə təhsil alan tələbələrdən Əmin Abid, Tağıyev, Xalf  həmin iclaslarda iştirak edirlər. Xüsusilə Abid fəallıq göstərir. Azərbaycanın təqaüdü ilə təhsil alan tələbələrin düşmənimiz olan “Müsavat” partiyasının ideyalarının fəal davamçıları olacağına təəssüf edirəm.”  
   Sənədlər agentura məlumatları  əsasında hazırlandığından qeyri dəqiq,  şişirdilmiş görünə bilər.  Əmin Abidin 1938-ci ildə KQB müstəntiqinin suallarına verdiyi cavab da sənədlərdə deyilənləri təsdiqləyir.(Azərbaycan ,32796). Agentura məlumatını həbsdə olarkən zor gücünə boynuna qoyulduğunu ehtimal  etmək olar. Lakin başqa bir sənəd bu ehtimalları da heçə çıxarır. Belə ki, Əmin Abidin  azadlıqda, özu də necə deyərlər, keyfinin kök vaxtında - İstanbul Darülfunun bitirərkən yazdığı diplom işində də Cültəkin imzasıyla şerlər yazmış olduğunu təsdiqləyir. Bu diplom işi haqqında qaynaqlara əsaslanıd  bilgi versəm də özünü görməmişdim.  Dəfələrlə Türkiyədəki mütəxəssislərdən İstanbul Universitetində saxlanan  dirlom işinin elmi içtimaiyyətə  çatdırılmasını xahiş etsəm də bir nəticə hasil olmurdu. Axır ki, 1998-ci ildə İstanbul Universitetinin professoru Osman Fikri Sərtkaya  Əmin Abidin “Azəri Türklərinin ədəbiyyatı tarixi”ni arxivdən götürdüyünü və faksemilini çapa hazırladığını söylədi. 2000-ci və 2002-ci ildə İstanbuldan keçib Kıbrısa gedəndə O.F. Sərtkaya   hazırladığı kitaba yazdığı ön sözü oxuyub redəktə etməmi xaniş etsə də sonra nədənsə fikrini dəyişdi. Beləliklə uzun illər Ə. Abidin yazdığı diplom işi ilə tanış ola bilmədim. 
   Bu yaxınlardı dostum, Azərbaycan ədəbiyyatının gözəl bilicisi və təbliğatçısı, Ankaradakı “Türkiyənin səsi” radiosunun Azərbaycan masa şefi Seyfəddin Altaylı mənə bir bağlama göndərmişdi. Bağlamada Əmin Abidin “Azəri Türklərinin ədəbiyyatı tarixi” əsərinin latın əlifbasına çevirilmiş və bilgisayarda yazılmış nüsxəsi də vardı. 
    Sən demə İzmirdəki Ege Universiteti Ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümünün yard. Dos. Dr. Əli Yavuz Akpınar hələ 1990-cı ildə tələbəsi Əziz Mehraniyə diplom mövzusu  olaraq Əmin Abidin 1926-cı ildə tamamladığı 345 səhifəlik “Azəri  ədəbiyyatının tarihi”ni  ərəb əlifbasından latın qrafikasına çevirməyi tapşırıb. Əziz Mehrani də ərəb əlifbasıyla olan əlyazmanı səliqəylə latın qrafikasına çevirib və bilgisayarda yazıb. 283 səhifəlik bu diplom işinə Əli Yavuz Akpınar 29.06.1990-cı ildə “kabul edilmişdir” dərkənarı qoyub. Əli Yavuz Akpınarla dəfələrlə görüşsəm də, Əmin Abid haqqında yazılanları izləməyə çalışsam da çox təəssüf ki, belə böyük bir işdən xəbərsiz olmuşam. 
    Azərbaycan ədəbiyyatının 20-ci yüzilinin birinci rübünə  həsr olunmuş diplom işi haqqında ayrıca bəhs etməyə dəyər. Biz isə mövzumuzla əlaqədar oradakı bir məsələyə diqqət yetirəcəyik. “Üçüncü kısım. Kontr bolşevizmseryanları. Dokuzuncu mebhas. İstiklal ve mücadele edebiyatı ” adlandırılan bölmə əsərin son səhifələrini - yəni diplom işinin 323-329-cu səhifələrini əhatə edir. 
   Bölmə bütövlükdə Gültəkinin “Yeni Kafkasiya” dərgisində çap olunan şerlərinin təhlilinə həsr edilib. Əmin Abid Gültəkinin öz imzası olduğunu hiss etdirmir. Əksinə, onun haqqında elə yüksək fikirlər söyləyir ki, oxucu Gültəkinin tamam başqa bir müəllif olduğu qənaətinə gəlir. Məs: “Gültekin imzasıyla çıkan yeni şiirler büsbütün yeni bir çehre arz ediyor; bunlar gerek şekilen, gerek ruhen Türkiye ve Azerbaycanda devam eden edebi nümunelerden tamamile ayrı ve yenidir
    Və ya “Azeri edebiyatında ibtidai bir şekilde olan heca vezni   ilk defa olarak onun (Gültəkinin-Ə. Ş.)” yazılarında küvvetli bir şekil almışdır... 
     Gültekin Azeri şiirine ilk defa olarak serbest şiir fütfrist terzini idal etmişdir. Onun şiirlerinden şekil çok serbest olmakla beraber münisdir. 
      Ruslar tarafından kasp olunan istiklalını ilk defa açıklatan açığa müdafiə etmek cəsarətini göstermişdir.  
     Hal-i hazırda ruslara karşı ilan-i mücadele eden Azeri milliyyetperverlik edebiyyatını tek başına yaratan  bu şair daha kenc iken mühim bir simayi edebi olmuşdur. Bu gün eserleri her yerde sevile-sevile okunuyor ve besteleniyor”. 
     Əmin Abidin həyat və yaradıcılığı ilə yaxından tanış olan  hər bir  araştırıcıda belə bir qənaət yaranır ki , Gültəkin onun imzası ola bilməz. Çünki Əmin Abidi heç vaxt özü haqqında belə yüksək fikirlər söyləməz.           Təəssüf ki, ehtimallarımız bəzən doğru çıxmır. Elmi mülahizələrdəki yanlışlıqları bir yana, müəllif özü haqqında   yüksək pafosla yazmışdır.Həm də kənar bir şəxsdən danışırmış kimi yazmışdır. Amma bir neçə sətir sonra Gültəkinin müəllifin özü olduğunu təsdiqləyən  faktları ortaya qoymuşdur.Məs:  Ə. Abid yazır: “Gültekinin edebiyata intisabı eskidir. Daha orta tahsil ile meşğul iken tek-tük vetenperverane  yazılar neşr eden şair mekteb tahsili dolayısıyla hayatını diger şairler gibi sanat ve  edebiyyata hasr edemediyinden mütemadi neşriyyatla maşğul olmamışdır. ” Mamafih aruzla yazdığı epey manzumelerinden maada heca vezniyle de “Acı,” “Yazık,” “Kara yazı,” “Azerbaycan istiklalı” namında dört manzum eser hazırladığını öyreniyoruz.”( Emin,1990:327)  
    Yuxarıda adı çəkilən “Azerbaycan istiklalı” şeri 1928-ci ildə İstanbuldakı Orxaniyyə mətbəəsində çap edilmiş “İstiqlal uğrunda”  şerlər toplusuna və 1948-ci ildə İstanbuldakı Kayabal-Güresin mətbəəsində çap olunmuş “Buzlu cehennem” kitabına daxil edilmişdir. “Acı,” “Yazık,” “Kara yazı,” şerlərinə isə nə Bakıda nəşr olunan qəzetlərdə, nə də müəllifin 1912-1925- ci illərdə yazdığı əsərlərinin saxlandığı Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunun Əliabbas Müznib fondunda rast gəldik. 
     Amma  Ə. Abidin “Sekiz-dokuz sene evvelki bir şiirin buraya dercetmekle şairin eski yazıları ve üslubu haqqında bir fikir vermiş oluruz” yazdıqan sonra 4 bəndlik, 20 misralıq “Kılıncım ve başım” şerini verir və ətəkyazıda ”Bəsirət” qəzeti-Bakı1917”qeydini yazır.  Bu şer isə əslində1917-ci ildə deyil  “Bəsirət” qəzetinin 1918-ci il 9 martında Mütəllib oğlu Abid  Alp imzasıyla çap olunub. 
     40 ilə yaxın ömür sürmüş, 25 ilə yaxın bədi və elmi fəaliyyətlə məşğul olmuş bir insanın həyat və yaradıcılığını 35 ilə yaxındır  araşdırsam da hələ də bir çox suallara cavab  verə bilmirəm. Hər dəfə yeni bir faktla qarşılışıram. Gültəkin imzasının Ə.Abidin olduğuna qəti əmin olduqdan sonra içimdə bir sual dolaşırdı: 1912-1920-illərin qəzet və jurnallarında Gültəkin imzasıyla şerlər yazmayan Abid Mütəllib oğlu Türkiyədə nədən Gültəkin imzasını seçdi? Təxmini də olsa sualın cavabı mənim üçün aydın idi. Düşünürdüm  ki, “Azərbaysan Türklərinin ədəbiyyatı tarixi” əsərinə materiallar toplayarkən Gültikin abidəsindəki yazı ona təsir edib. Gültikinin taleyi ilə özünün ömür yolu arasında bir yaxınlıq görüb. Şəcərəsinin Bakı xanlarına dayandığına, ailənin kiçik oğlu olduğuna, böyük qardaşı Əlabbas Müznübün vətəninin və millətinin yolunda cəsarətlə mübarizə apardığına görə özünü Gültikinə bənzədib. 
    Görünür araşdırıcı üçün fərdi  axtarışlar kifayət deyil. Onun təşkilatçılıq bacarığı  da məsələlərin həllində bəzən aparıc rol oynayır.Dediklərimə Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı ilə bağlı bir faktı nümunə göstərə bilərəm. 
   “Yeni fikir” qəzetində  Ə. Abidin “Azərbaycan Türklərini ədəbiyyatı tarixi” əsərinin xülasəsinin gənc  şərqşünas madam Margit Pollunun    macarcaya tərcümə edildiyini oxumuşdum. Sovet dönəmində məsələyə dəqiqlik gətirmək üçün Macarıstanın Elmlər Akademiyasına məktub da yazmışdım.  Cavabda göstərilirdi ki, elə bir faktla rastlaşmayıblar. Sovetlər Birliyi  dağılandan sonra   xarici  ölkələrdə keçirilən elmi konfranslarda fəal iştirakımıza şərait yarandı. Elmi konfranslarda dünyanın bir çox ölkələrindən gəlmiş araşdırıcılarla görüşdüm. Hər dəfə macarstanlı araşdırıcıları görəndə mütləq bu mövzuya toxunuram. Amma hələlik ip ucu tapa bilmirdim.      Qüzey Kıbrısdakı Doğu Akdeniz Universitetinin  keçirdiyi Uluslararası Kıbrıs Araştırmaları Kongresində Polşanın Krakofa şəhərindən gələn araşdırıcı Qrajina Zayacla da tanış olmuşdum. Müasir türk ədəbiyyatının araşdırıcısı olan Qrajina xanımın Azərbaycan ədəbiyyatı haqqında bilgisi  çox az idi. Onun Əmin Abidlə bağlı maraqlı faktı bizə çatdırıcağı  heç ağlıma belə gəlməzdi.  2000-ci ildə Quzey Kıbrısda Doğu Akdeniz Universitetinin  keçirdiyi Üçüncü Uluslararası Kıbrıs Araştırmaları Kongresində   prof. Vaqif Sultanlı Qrajina xanımda Azərbaycan ədəbiyyatına qarşı maraq oyatdı. O, Polşadakı Azərbaycan ədəbiyyatı haqqında məqalələr yazıb göndərəçəyinə söz verdi. Beləliklə Azərbaycan mətbuatında Qrajina Zayacın məqalələri çap olunmağa başladı. Bu məqalələrin birindəki Əmin Abidlə bağlı fakt diqqətimi çəkdi. M. Ə. Rəsulzadənin Polşadakı fəaliyyətindən və orada çap olunmuş “Azərbaycan hürriyyət savaşı” kitabından geniş bilgi verən Q. Zayac  yazır: “Azərbaycan hürriyyət savaşı” kitabının sonunda Gültəkinin “Buzlu cəhənnəm” adlı şerinin polyak dilinə tərcüməsi və Azərbaycan Milli Nəşriyyatının yayınladığı kitabların siyahısı verilmişdir. ” (Zayac, 2003:176) 
    Bu da onu göstərir ki, biz uzun illər axtardığımızı tapa bilmədiyimiz halda gümanımız gəlməyən yerdən bir-birindən maraqlı faktlarla qarşılışırıq.

 QAYNAQLAR 

1. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunun Əliabbas Müznib fondu, 23, şifrə 22. 
     2. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivi. Əmin Abid Əhmədovun istintaq işi. №32796 
      3.
 Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivindən fond I, siyahı 85, saxlama vahidi (iş) 656.
     4.
Emin Abid. (1990).  Azeri edebiyatı tarihi . (Bitirme terzi. Hazırlayan Aziz Mehran) 2049. İzmir.
       5.Gültekin. (1948). Buzlu cehennem .”Kayabal-Güresin mətbəəsi”, İstanbul.
       6. Gültekin-Əmin Abid. (1999)Buzlu cehennem,“Günəş” nəşriyyatı, Bakı.
     7.
İbrahimli, Xaləddin.(1996) Azərbaycan siyasi mühacirəti, “Elm” nəşriyyatı, Bakı.
    
8.İstiqlal uğrunda. (1928) . Şiirler toplusu. (Tərtib edəni: Kamal),”Orxaniyyə”mətbəəsi, İstanbul.
    
9.Mütellib oğlu, Abid Alp. (1918). Qılınsım və başım. “Bəsirət” qəzeti,  9 mart,sayı 192.
    
10.Tahirli Abid. (2002) Azərbaysan Mühacirət Mətbuatı(“Yeni Qafqasiya”, “Azərbaycan” (Paris ) , “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “İstiqlal”,“Azərbaycan”(Ankara), Birinci hissə, Qapp-poliqraf nəşriyyatı, Bakı.
       11.  Şahbazov Əli.( 1926). İstanbuldan məktular. “Yeni fikir” qəzeti, , 9 yanvar, 26 iyul.
      
12.  Zayac Qrajina. (2003). Azərbaycan hürriyyət savaşı, Mədəniyyət dünyası məcmuəsi, 5-ci cild, “Nurlan” nəşriyyatı, Bakı.

Çap olundu: Gültəkin imzasının Ə.Abidə məxsus olduğunu təsdiqləyən yeni sənədlər. «Ədəbi nəzəri məcmuə» I kitab, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Bakı, 2003, səh.199-207.

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=