Əbdül Rəhman Dai

ƏBDÜL RƏHMAN DAİ 

Əli Şamil Hüseyinoğlu

  Əbül Rəhman Dai (1898-1937) (عبدالرحمان دایی, rus. Абдул Рaхман Даи) https://ali-shamil.tr.gg/%26%23399%3Bbd.ue.l-R%26%23601%3Bhman-Dai.htm

Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində anadan olub. Azərbaycanda atanın adının oğula qoyulmasına çox nadir hallarda rast gəlinir. Adətən uşaq doğulmamış atası ölərsə o zaman atanı adı oğula verilir. Əbdülrəhman doğulanda atasının 58 yaşı, anasının 40 yaşı olub. Ailə Əbdülrəhman kişik yaşlarında Bakı şəhərinə köçüb.

Atası 1905-ci ildə Əbdülrəhmanı Bakıdakı Ali-ibtidai məktəbə oxumağa göndərib. O, 1908-ci ildə təhsilin başa vurub qoça atasına təsərrüfat işlərində köməklik edib. 1914-cü ildə Qasım bəy Qasımbəyovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq yeniyetmə Əbdülrəhmanda mətbəə işinə maraq oyadıb. "Məktəb" Elektrik Mətbəəsində mürəttib peşəsinə yiyələnib. "Bəsirət", "Açıq söz" qəzetlərinə məqalələr yazan Əbdülrəhman  1915-ci ildə yazdığı  "Rəhimli səyyah" hekayəsini 1917-ci ildə "Məktəb" Elektrik Mətbəəsində nəşr etdirib. 
Özünə Dai təxəllüsünü seçib.
Ərəb dilində dua edən, səbəbkar olan, tələb edən və arzu edən anlamını verən dai sözü sanki onun gələcək ömür yolunu müəyyəbləşdirib.  1917-ci ildə çar ikinci Nikolayın taxtdan salınması senzuranın da aradan qaldırılmasına səbəb olub. Bundan yararlanan  Əbdül Rəhman Dai rahatlıqla kitablarını nəşr etdirməyə başlayıb. Sinfi mübarizənin təsiri altında olan gənc şair kasıb olmasına baxmayaraq 1917-ci ildə ikinci kitabını, məsnəvi janrında  yazdığı "Fəhlənin nitqi" kitabını "Bakı" mətbəəsində nəşr etdirib.

Rəsmi sənədlərdə adı və soyadı Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov mətbuatda  Əbdül Rəhman Dai kimi tanınıb. Bəzi qaynaqlarda isə onun adını Əbdürrəhman Dai, Əbdül Rəhman Dai, Rəhman Dai  kimi də yazılıb.

Azərbaycan Cümhuriyətini qurulması, Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik quldur dəstələrindən təmizlənməsi gənc şairdə böyük bir yaradıcılıq əhval-ruhiyyəsi yaradıb.   Yaradıcılığının əsas qayəsini istiqlal duyğuları, azadlıq arzuları təşkil edib. Ağabala Quliyevin “Şura” mətbəəsində mürətdib işləyən Əbdül Rəhman Dainin 1918-ci ildə uşaqlar üçün yazdığı “Qurunun oduna yaş da yanar” kitabı işıq üzü görüb.

Müsavat partiyasının fəallarından olan Kərbəlayı Vəli Mikayılovla tanışlıq və ictimai-siyasi mövzuda söbətlər Əbdül Rəhman Dainin dünyagörüşünün formalaşmasına güclü təsir edib. Kərbalayı Vəli Mikayılov gənc ədibin vətən və millət üçün həyatını qurban verməyə hazır olmasına heyran qalıb. Onu rəhbəri olduğu Hökumət Mətbəəsində işə götürüb. Aralarında yaş fərqinə baxmayaraq  ideya onları yaxın dosta çevirib. Əbdül Rəhman Dai “Babayi-Əmir” və b. qəzet- jurnallarda nəşr etdirdiyi satirik şeirlərini toplayaraq “Qanqal” adı altında 1919-cu ildə kitab kimi çap etdirib.

Gənc ədib yalnız yazıb-yaratmaqla kifayətlənməyib Azərbaycan Cümhuriyətinin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyib. Milli, vətənpərvərlik hissləri coşduran kitabların tərtibi ilə məşğul olub. Hazırladığı  “Əsgər nəğmələri” toplusunun birinci cildi 1919-cu ildə Hökumət Mətbəəsində işıq üzü görüb. 1920-ci ilin aprelin 28-də bolşevilərin 11-ci Ordusunun Azərbaycanı işğal etməsi sadəcə kitabın ikinci çildinin çapını əngəlləməyib, orada toplanmış mətinlərin yox edilməsinə səbəb olub.

Bolşevik işğalından sonar Əbdül Rəhman Daini işdən qovublar. Onun milli ruhlu, çılğın bir gənc olduğunu bildiklərindən mətbəələrdə fəhlə, mürəttib belə işləməsinə izin verməyiblər. Bir ilə yaxın işsiz qaldıqdan sonra Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadə onu gizli nəşr edilən “İstiqlal” qəzetində işləməyə dəvət ediblər. Əbdül Rəhman Dai bu işin çox təhlükəli  olduğunu bilsə də boyun qaçırmayıb. Qəzetin 1923-cü ilədək nəşr olunan 19-cu sayınadək mürəttiblik və yığıcılıq edib. Xalqı azadlıq mübarizəsinə, bolşeviklərə boyun əyməməyə çağıran intibahnamə və bəyatatların nəşri və yayılmasında onun əməyi böyük olub.

Bolşeviklərin milli kadrlara ehtiyacları olduğuna görə Əbdül Rəhman Daini 1923-cü ilin fevralında nəşrə başlayan “Gənc işçi” qəzetinə məsul katib vəzifəsinə qəbul ediblər. O bu qəzetdə də imkanı daxilində milli ideyaları yayıb. Həmin ilin avqustunda  Seyid Hüseyn, Salman Mümtaz, Nemət Bəsir, Hüseyn Cavid, Süleyman Sani Axundov, Məmməd Əli Sidqi, Hənəfi Zeynallı, Məmməd Səid Ordubadi və b. ilə birlikdə  Türk Ədib, Şair və Ədəbiyyat Həvəskarları Cəmiyyətinin yaradılmasında iştirak edib. Cəmiyyətin yaşlı və təcrübəli üzvləri gənc ədibə böyük etimad göstərərək onu katibi seçiliblər.

Gündüz bolşeviklərin “Gənc işçi” qəzetində, gecələr gizli fəaliyyət göstərərn Müsavat təşkilatının “İstiqlal” qəzetində işləsə də, ictimai təşkilatlarda çalışsa da elmi-bədi yaradıcılğından da qalmayıb. Azərbaycanda Sovet ideoloqları xalqı öz tərəflərinə çəkmək üçün müxtəlif vasitələrdən istifadə ediblər. Hətta Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Kommunist” qəzetində “Xalq ədəbiyatı həyatdan doğar” səhifəsi də açıblar. Əbdül Rəhman Dai yranmış bu imkandan istifadə edərək  "El şairi Aşıq Cavad", "El şairəsi Ağa Sənəm", "El şairi Xələf", "El şairi Dəli Mehdi", "Bakı tarixində el şairləri" və b. məqalələrini burada çap etdirməklər xalqı öz keçmişinə məhəbbət oyatmağa, mədəni irsinnə sahib çıxmağa həvəsləndirib. Az bir müddətdə yazdığı onlarla şeirini və məqaləsini "Kommunist", "Gənc işçi", "Yeni yol" qəzetlərdə, "Maarif və mədəniyyət" jurnalında  dərc etdirib. Qələmini dramturgiya sahəsində də sınayıb. "İki məktəbli" adlı mənzum pyesi Məşədi Əzizbəyov adına kitabxanada həvəskarlar tərəfindən oynanılıb.

Lakin onun fəaliyyəti uzun sürməyib. 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə Azərbaycan Fövqəladə Komissiyasının (Az.FK) əməkdaşları "İstiqlal" qəzetinin və məxfi kitabçaların, vərəqlərin çap olunduğu mətbəənin yerini müəyyənləşdirərək gizli təşkilatın üzvlərini həbs ediblər. Həbs edilənlərin sırasında Əbdül Vahab Məmmədzadə, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılov, Novruz Ağayev, Qurban Musazadə, Ağa Səlim Rəhimov, Əli Abbas Əliyev, Əli Həsən Babayev, Nəsrulla İsrafilov, Məşədi İslamov, Salman Rəhimov, Hacı Baba Cəbiyev, Ağa Kərim Əliyev və b. olub. Gözlənilməz həbs Azərbaycanda milli fəallara ağır zərbə olub. Çünki həbs olunanlar dövrünün tanınmış ziyalıları, mətbuat nümayəndələri və vətənpərvərləri idi.

İstintaqın gedişində Əbdül Rəhman Dainin də gizli təşkilatın fəallarından olduğu, “İstiqlal” qəzetinin, hökumət əleyhinə kitabca və  vərəqların hazırlanmasında fəal iştirak etdiyi aşkarlanıb. 1923-cü il dekabrın 11-dən haqqında heç bir həbs orderi, ittihamnamə olmadan Əbdül Rəhman Daini gecə istintaq təcridxanasına aparıblar. Elə həmin gecə  Azərbaycan Fövqəladə Komissiyası məxfi və xüsusi şöbəsinin müdiri Teymur Quliyev(1896-1965) istintaqa başlayıb. Bu həmin Teymur Quliyev idi ki, sonralar yəni 1934-1937-ci illərə Azərbaycan Ali Məhkəməsinə sədir vəzifəsinə, 1937-1954-cü illərdə isə Azərbaycan Xalq Komissarlar Sovetinə sədir vəzifəsinə irəli çəkilib.

İstinataq zamanı verilən ağır işgncə nəticəsində Əbdül Rəhman Daidən 1921-1923-cü illərdəki fəaliyyəti haqqında istədikləri bilgini ala biliblər. Bu işgəncələr onu gələcəkdə işgəncələrə qarşı daha dözümlü olmağa hazırlayıb.  Dörd ay on dörd gün davam edən istintaq 1924-cü ilin aprelin 25-də başa çatıb.  Azərbaycan Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) Kollegiyası yanında Xüsusi Müşavirənin 25 aprel 1924-cü il tarixli qərarı ilə Əbdülov Rəhman Əbdül Rəhman oğlu üç il müddətinə Ağ dənizdə yerləşən Solovetski həbs düşərgəsinə  göndərilib.

Azərbaycandan Şimal Buzlu okeandakı həbs düşərgələrinə göndərilən birinci qrupda  Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülovla yanaşı  Nəsrullah İsrafilzadə, Ağakərim Əlizadə, Ağasəlim, Əlihəsən Babazadə, Ağaməhəmməd İbrahimli və b. olub. Həmin vaxt Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban verməyə hazır olanlardan Salman Rəhimzadə, Qurban Musazadə, Məşədi, Hacıbaba Cəbioğlu və b. da  Solovki yaxınlığındakı Kem həbs düşərgəsinə aparılıb.

Ağır şərait, cəhənnəm həyatı, işgəncə, həqarət, qamçı, aclıq, 18-19 saatlıq iş, soyuq, xəstəlik milli mübarizlərin ruhunu qıra bilməyib. Tarixdə misli görünməmiş vəhşət və işgəncə bu qəhrəman insanları 1927-ci ildə aclıq aksiyası keçirməyə məcbur edib. Aclığın 53-cü günü hərbiçi, gəncəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminariyasının məzunu, şəkili Əlövsər (Əfsər) Nəcəfov aclıq zamanı, hərbiçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev aclığın doğurduğu  xəstəlikdən dünyasını dəyişib.  Şəhid olan dustaqların vəsiyyəti ilə aclıq aksiyası 56-cı gün dayandırılıb.

Həbsxana rəhbərliyinin yazışmalarından aydın olur ki, Əbdül Rəhman Daini heç cür sındırmaq, ram etmək olmayıb. Elə ona görə də həbs müddəti başa çatsa da azadlığa buraxılmayıb. 1927-ci ilin aprelində Moskvadan gələn əmirlə Nəsrullah İsrafilzadə və Əbdül Rəhman Dai əlavə üç illiyə Ural vilayətinin İşimski rayonunda  göndərilib.

Sovet rejiminə boyun əymədiyənə görə 1930-cu ildə həbs müddəti başa çatsa da onun azadlığı buraxılması yenə yubadılıb.  Sovet Sosialist Respublikaları İttifaqı Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında Xüsusi Müşavirənin 1930-cu il 13 yanvar tarixli qərarı ilə Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov Dövlət Siyasi İdarənin Aşqabad şöbəsinin sərəncamına göndərilməsi qərara alınıb. Lakin bu qərarın icrası da yubadılıb. Əbdül Rəhman Dainin yuxarı orqanlara vurduğu teleqramlar və şikayət məktublarından sonra onu 1930-cu ilin martin 21-də Aşqabada göndərmək haqqında sərəncam verilib.

Əbdül Rəhman Dai Aşqabada göndərilsə də onun sənədləri göndərilməyib. Türkmənistanın Dövlət Siyasi İdarəsinin sədr müavini Amelin 18 may 1931-ci ildə Baş Dövlət Siyasi İdarənin İşimski rayon şöbəsinin rəisinə göndərdiyi məktubda yazır ki, beş dəfə müraciət etməmizə  baxmayaraq Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov şəxsi işi göndərilməyib.

Əbdül Rəhman Dainin Aşqabaddakı sürgün həyatı haqqında  araşdırıcılar elə geniş bilgi əldə edə bilməyiblər. Araşdırmalar nəticəsində onu müəyyənləşdirə biliblər ki, 1937-ci ildə yenidə istintaq  edərək güllələnib.

Çox təəssüf ki, Əbdül Rəhman Dainin ölümündən 75 ildən çox keçsə də onun ədəbi-elmi irsi lazımınca öyrənilib çap edilmədiyi kimi adının əbədiləşdirilməsi üçün də heç bir iş görülməyib.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol