Əhməd bəy Ağaoğlu

ƏHMƏD AĞAOĞLU (AĞAYEV)

Türk Dünyasının Məşhurları-10

İctimai xadim, jurnalist, pedaqoq və yazıçı Böyük Turan fikrinin tərəfdaşlarından olan,Əhməd bəy Ağaoğlunun ömür yolu və fəaliyyətləri...

 

Göndərmə 02.04.2011 07:41:34 UTC

Güncəlləmə 04.04.2011 08:31:13 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=07cbf569-fbca-4c5f-a3c1-563e6c2c1f22

 

İctimai xadim, jurnalist, pedaqoq və yazıçı Böyük Turan fikrinin tərəfdaşlarından olan, bu yolda çalışan, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ziyalı və maarifçisi, gənc Türk dövlətinin qurulmasında əməyi olmuş Əhməd bəy Ağaoğlunun ömür yolu və fəaliyyətləri...

Əhməd bəy Həsən oğlu Ağayev 1869-cu ildə Azərbaycanın səfalı guşələrindən olan Şuşa şəhərində dünyaya gəlib. Atası Həsən dövrünün savadlılarından olduğuna görə onu Mirzə Həsən deyə cağırırlarmış. Anası Tazə xanım isə Qarabağ xanlarının mənsub olduğu Sarıcaalılar tayfasından olub. Əhməd bəyin atası pambıq yetişdirmək və satmaqla məşğul olmaqla ailəsinin güzəranını təmin edirmiş.

Əhməd ilk təhsilini böyüyüb, boya-başa çatdığı şəhərdə alıb. Daha sonra – 1888-ci ildə Parisə gedərək orada hüquq təhsili alıb. Fransanın ünlü təhsil ocaqlarından olan Sorbonna Universitetində ilk təhsil alan Azərbaycanlılardan biri olub. O, parisdə olarkən məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur.

Beş dildə mükəmməl danışan Əhməd bəy Ağayev Parisdə təhsil alarkən İslam dini, onun siyasi, ideoloji, fəlsəfi, mənəvi, əxlaqi, etik, iqtisadi və hüquqi cəhətləri ilə dərindən tanış olmuş, bu dinin xalqların ümumi inkişafına təkan verən mənəvi bir dəyər olduğu fikrinə gəlmişdir. Mətbuatda maraqlı məqalələrlə çıxış etmiş, vətənini, dinini Avropada tanıtmaq üçün kitablar yazmışdır. O, ümumiyyətlə dinin, o cümlədən də islam dininin əhəmiyyətini insan təbiətinin özündən doğan böyük bir tələbat kimi izah edərək, dini təkcə ideologiya deyil, həm də həyat tərzi hesab etmişdir.

Həmin dövrdə Fransada mühacirətdə olan “gənc türklər”lə dostluq edən Əhməd bəy sonralar da onlarla əlaqəsini kəsmədi. Əqidə birliyi onları millətin xoşbəstliyi və səadəti uğrunda mübarizəyə atdı.

Əhməd bəy Ağayev 1894-cü ildə vətənə döndü. Rus müstəmləkəsindən xalqını qurtarmaq üçün yollar axtarırdı. Azərbaycanda islam dininə hörmət və sayqı ilə yanaşan, xalqın mənəvi təmizliyinə nail olmaq istəyən din xadimləri ilə Rusiyada və Avropada təhsil almış ziyalılar arasında bir soyuqluq vardı. Əhməd bəy isə əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardandır. 1901-ci ildə “Kavkazskiy vestnik” jurnalının 3-cü sayında dərc olunmuş “İslam dinində və islam aləmində qadın” adlı məqaləsində "azad qadınsız milli inkişaf ola bilməz" fikrini aşılayırdı. Cəmiyyətin inkişafı, zamanın axımı qadınların maariflənməsinə və Əhməd bəy Ağaoğlunun bu arzu və ideyalarının tezliklə reallığa çevrilməsinə gətirib çıxardı.

Fransada olarkən Avropalıların “Böyük bir müsəlman” və ya “Müsəlman dünyasının mümtaz siması” adlandırdığı Şeyx Cəmaləddin Əfqaninin təlimilə yaxından tanış olan, onun təlimi sayəsində İslam dininə dərindən yiyələn Əhməd bəy Azərbaycanda Qərb yönlü ziyalılarla dini təhsil görmüş vətənpərvər arasında körpü yaratmağa çalışırdı.

Dövrünün bir çox alim və ədibləri kimi yaradıcılığının ilkin mərhələsində islam dini, onun qayda qanunları, təlimləri öyrənməsi, İslam dini ilə əlaqədar mətbuatda məqalələr çap etdirməsi din xadimləri arasında sözünün keçərli olmasına imkan veirirdi.

Əhməd bəy Ağayev fikirlərini xalqa çatdırmaq üçün qəzetin böyük rol oynadığını yaxşı bilirdi. Lakin qəzet-jurnal nəşrinə icazə almaq o qədər də asan deyildi. Odur ki, Tiflisdə nəşr olunan “Şərqi Rus” qəzetinin redaktoru Məmmədağa Şahtaxtinski ilə 1904-cü ildə danışıqlar aparır ki, maliyyə vəziyyəti getdikcə pisləşən qəzeti Bakıda birgə nəşr etsinlər. Bu danışıqlar uğurla nəticələnmir.

Ölkəni bürümüş narazılıq hərəkatı, Rusiyanın Yaponya kimi kiçik bir dövlətlə savaşda uduzması hökumət orqanlarını çətin vəziyyətə qoymuşdu. Vəziyyətdən çıxmaq üçün hökumət bəzi güzəştlərə getməli oldu. II Nikolayın 1905-ci ildə imzaladığı sənəd tarixə 17 oktyabr manifesti kimi düşdü.

Yaranmış şəraitdən bacarıqla yararlanan Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev “Həyat” qəzetinin nəşrinə hökümətdən icazə alır. Qəzetin başına Əhməd bəy Ağayev və Əli bəy Hüseyinzadə kimi dərin bilikli, vətənsevər, şərq və qərb mədəniyyətinə dərindən bələd olan, türk xalqlarını birləşdirərək əsarətdən xilas etmək eşqilə yanan gəncləri gətirir. “Həyat” qəzeti az bir zamanda nəinki Azərbaycan Türkləri arasında, hətta bütün Türk dünyasında maraqla qarşılanır. Lakin qəzetin ömrü o qədər də uzun olmur.

“Həyat” qəzeti bağlandıqdan sonra Əhməd bəy Ağayev “İrşad” qəzetinə, Əli bəy Hüseyinzadə isə “Fyüzat” jurnalına redaktorluk etməyə başlayırlar. Hökümət dairələri onun fəaliyyətinin olduqca təhlükəli olduğunu bilirdi. Hətta hökumət dairələri Qafqazda yaratdıqları erməni-müsəlman toqquşmalarının durdurulmasında, Rusiya tərəfindən silahlandırılmış erməni quldurlarına qarşı “Difa” təşkilatının yaradılmasından Əhməd bəyin böyük rol oynadığından da xəbərdardı.

Təqib və təziyqlərdən cana doyan Əhməd bəy Ağayev 1908-ci ildə İstanbula gedir. Orada Osmanlı dövlətini dəyişərək Avropa tipli dövlətə çevirmək istəyən “İttihad və Tərəqqi”çilərlə birlikdə mübarizəyə atılır. Məqalə və kitablarını da Ağaoğlu imzasıyla çap etdirməyə başlayır.

İstanbulda hər şeyi yenidən başlamağa məcbur olan Ə.Ağaoğlu ölkədəki sosial-ictimai proseslərə biganə qalmır, tezliklə bu proseslərin aktiv iştirakçısına çevrilir. Qısa müddət ərzində türk mediasının aparıcı nümayəndələrindən biri kimi tanınır, "Türk yurdu" və "Türk ocağı" cəmiyyətinin əsas qurucuları sırasında yer alır. Türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın kongresində “Türk Ocağı” prezidenti seçilir. 1909-cu ilin Oktyabrında İstanbul Darül¬fünununda müəllimliyə başlayır və Universitetinin professoru olur. 1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy, eyni zamanda, İttihad ve Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü seçilir.

Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. İstanbulda olarkən türk xalqlarını əsarətdən qurtarmağın yollarını arıyır, onun ideoloji əsaslarını hazırlayır, Əli bəy Hüseyinzadə, Ziya Gökalp, Mehmet Əmin Yurdaqul, Yusif Akçuralı və başqaları ilə birlikdə türkçülüyün nəzəri əsaslarının işlənib hazırlanmasında və tətbiqində mühüm rol oynayır.

İlk baxışda Azərbaycandan uzaqda olduğu görünsə də, əslində, orada baş verənləri diqqətlə izləyir, baş verən hadisələrə təsir göstərir. Hətta 1918-ci ildə Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir.

Rusiya və Avropanın bir çox dövlətləri erməniləri silahlandırıb Qafqazdakı müsəlmanları soyqrımına məruz qoyduqları, bolşeviklər Bakıda oyuncaq hökumət qurduqları bir zaman Əhməd bəy Ağaoğlu vətəninin xilas yollarını axtarır. Birinci Dünya Savaşında çətin vəziyyətə düşmüş Osmanl dövlətinin rəhbərlərinə Qafqaza əskəri birliklər göndərilməsinin vacibliyini inandıra bilir.

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinə gələn Nuru Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun siyasi idarəsinə Ahməd Ağaoğlu rəhbərlik edir. O vaxt paytaxt müvəqqəti olaraq Gəncədə yerləşirdi. Odur ki, Əhməd bəy Gəncədə "Türk sözü" adlı qəzet təsis edərək onun iki sayını çap etdirməyə nail olur.

O dövr nəinki şərq ölkələrində, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərində qadınlar seçkilərdə iştirak etmirdi. Gənc Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçkilərdə iştirak etmək hüquqlarının verilməsi Əhməd bəyin ideyalarının gerçəkləşməsi idi.

Azərbaycan höküməti çətin günlərini yaşayırdı. Dünyanın böyük dövlətləri tərəfindən tanınmasına can atırdı. Paris Sülh Konfransına nümayəndə heyəti göndərməklə bu istəyinə nail olmaq, səsini dünyaya çatdırmaq istəyirdi. Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinə Fransadakı ziyalılarla, siyasi xadimlərlə six əlaqəsi olan, çox dil bilən Əhməd bəy kimi birisinin də daxil edilməsi olduqca vacib idi. Azərbaycan parlmenti bunu etdi. Lakin ingilislər Əhməd Ağaoğluna Mustafa bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Parisə getməsinə nəinki icazə vermirlər, hətta onu həbs edərək Malta adasına göndərirlər.

Əhməd Ağaoğlu Malta adasında olarkən özü də, ailəsi də ağır günlər keçirir. Bütün çətinliklərə baxmayaraq, o, əiqidəsindən dönmür. 1921-ci ildə sürgündən dönən kimi gənc Türk dövlətinin qurucuları sırasına qoşulur. Ankaraya gələrək Atatürkün ən yaxın silahdaşlarından birinə çevrilir.

Atatürk də Əhməd Ağaoğlunun bilik və bacarığını yüksək qiymətləndirərək onu rəhbər vəzifəyə – mətbuat bürosunun direktoru təyin edir. "Hakimiyyəti-Milliyə" qəzetinə baş redaktorluq etmiş Əhməd bəy Ağaoğlu 1923-cü ildə Qars Vilayəti millətvəkili olaraq iki dönəm TBMM-sinə (1923 -1927) üzv seçilir.

Əhməd bəy Ağaoğlu 1939-cu ildə dünyasını dəyişsə də, onun ideyaları yaşadı. Bu gün milyonlarla insan onun ideyalarını reallaşdırmaq uğrunda mübarizə aparır.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol