Əli Kamali

ƏLİ KAMALİ

 Türk Dünyasının Məşhurları 19

İxtisasca hüquqşünas olan, necə deyərlər dolanışığını vəkilliklə təmin edən, amma daha çox folklorçu, ədəbiyyat tarixçisi, etnoqraf kimi tanınan Əli Kamali; onun ömür yolu və yaradıcılığı.../Әli Şamil

  Göndərmə 5/31/2010 10:08:51 AM UTC

Güncəlləmə 5/31/2010 10:08:51 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=74c43267-6935-4b62-a720-1aa7a60effa9

 

Əslində Əli Kamalini folklorcu, alim edən millət sevgisi olmuşdu. Tez-tez eşitdiyi “tTrklərin dilləri zəngin deyil”, “bu dildə bədii əsərlər yaratmaq olmaz”, “bu dil məişət dilidir” və bu kimi ifadələrə dözə bilməyən gənc hüquqşunas bədxahlara cavab olaraq o kənd və şəhərləri dolaşaraq folklor nümunələri, orta yüzilliklərdə yaşamış şair və aşıqların şeirlərini toplamağa başlamışdı. Bununla o İrandakı hakim siyasətə qarşı durmaqla yanaşı, soydaşlarında milli şüur, qürur hissi oyatmağa çalışmışdı.

Əli Əkbər oğlu Kamali 1944-cü ilin mart ayının 30-da İranın Əraq vilayətindəki Qərağan bölgəsinə bağlı Bəndəmir kəndində anadan olmuşdu. Kasıb bir kəndli ailəsində dünyaya göz açan Əli kiçik yaşlarında mollaxanada, sonra isə Savə və Tehran şəhərlərində oxumuşdu. Yeniyetməliyindən poezyaya böyük maraq göstərən Əli Kamali yaradıcılığa lirik şeirlərlə başlamışdı.

1966-cı ildə Tehran universitetində hüquq fakültəsini bitirib əsgəri xidmətə yollanmışdı. İki il müddətində hərbi məktəbdə hüquqdan dərs demişdi. Əsgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirərək magistir dərəcəsi almışdı.

Tehranda birinci dərəcəli ədliyyə vəkili işləyən Əli Kamali ölkədəki haksızlığa satirik şeirlərilə cavab verir. “Nəflə", "Ağ kamal" imzaları ilə şeirlər yazıb "Tevfiq" dərgisində çap etdirir. 1979-cu ildə çap etdirdiyi satirik şerləri toplusunu da "Nəflə" adlandırır.

İrandakı islam inqilabına böyük ümidlər bəsləyən Əli Kamali mitinqlərdə səsləndirilən şüarları toplayıb kitab kimi çap etdirir. Lakin onun ümidləri puça çıxır. Verilən vədlərə əməl edilmir, qəzet və jurnallar bağlanır. Türkcə məktəblər açılacağı vəd edilsə də, bu söz olaraq qalır.

Hakim dairələrin vədlərindən əli üzülən Əli Kamali “Varlıq” jurnalının heyətinə qoşulur. Bu jurnalda ilk çap etdirdiyi "Qara buluddan çıxan ay Telimxan" məqaləsi ona böyük şöhrət qazandırdı. Professor Qulamhüseyn Bəydilli Əli Kamalinin məqaləsinə "Yeni tapıntılar və mədəni irsimizə bir nəzər" adlı təqdimatı da yazır. XVIII yüzilliyin ikinci yarısında yaşamış, əsasən heca vəznində şeirlər yazmış Telimxanın adının heç bir kitaba düşməməsi, şeirlərinin toplanıb nəşr edilməməsi Əli Kamalini bir vətəndaş kimi narahat etdiyindən bu işə girişdiyini göstərir.

Savənin Marağa kəndində doğulub və ömrünün çoxunu da orada yaşamış Telimxanın geniş yaradıcılığı Əli Kamali sayəsində öz laiqli qiymətini aldı. Kamali hər il bir dəfə İranda yaşayan Türk ziyalılarını öz xərcinə Marağa kəndinə apararaq orada simpozyum təşkil edirdi.

XX yüzilliyin önlərində Savə bölgəsindəki türklər yaşayan kəndlərin sayı 800-ə çatırmış indi həmin kəndlərin sayı 450-yə enmişdi. Əli Kamali də soydaşlarının yaşadığı kəndlərini sayının azalmasına təssüflənmiş, bu məsələyə diqqəti yönəltmiş, kəndlərdən folklor örnəkləri, bölgədə yaşamış aşıq və şairlərin əsərlərini toplamışdı. Topladığı materiallar haqqında ardıcıl Tehrandakı "Varlıq" jurnalında məqalələr çap etdirmişdi.

Araşdırıcının məqalələrinin qədəmləri uğurlu olmuşdur. Elmi, ədəbi içtimaiyyətin diqqəti Orta İranda, Savədə yaşayan türklərin assimilə edilməsinə yönəlmişdir.

Əli Kamalinin topladığı materiallar arasında heca vəznində yazmış şairlər və aşıqların həyatı haqqında maraqlı bilgiləər, əsərlərindən nümunələr, dastanlar, nağıllar, bayatılar, ata sözləri, tapmacalar var. Onu topladığı materiallar arasında Telimxan, Türkmən Mahmud, Gərgərli Məhəmməd, Xəstə Qasım, Abbas Tufarqanlı, Aşıq Rzaəli, Qaradağlı Dədə Qurbani və b. haqında elmi içtimayyyətə məlum olmayan maraqlı faktlar diqqəti cəlb edəndir.

Onun məqalələrində tarixi faktlara, etnoqrafik lövhələrə, səyahət qeydlərinə, toponimikaya da bol-bol rast gəlmək olar. Bu da təsadüfi deyil. Əraq ostanında, Güney İranda yaşayan türklərin tarixi öyrənilib təbliğ edilməmişdi. Əksinə az qala türklərin varlığının danılması dövlət siyasətinə çevrilmişdi. Buna görə də Əli Kamali dağ-daş, dərə-təpə, çay-göl, kənd, tayfa adlarının türkcə olmasını yazmaqla bu yerlərdə türklərin tarixinin qədim olduğunu göstərmək istəmişdir. Həqiqətən bu günün özündə də Savə ətrafında yaşayan türklərin çoxlaylılığına rast gəlmək olar.

Əli Kamali yaradıcılığının əsasını Telimxan irsinin toplanması, araşdırılması, nəşrə hazırlanması təşkil edir. Araşdırıcı min səhifəlik bir divan tərtib etmiş, burada şairin 5 minə yaxın cinasının izahını, divanda işlədilmiş on minə yaxın ərəb, fars sözlərinin tərcüməsini vermiş və geniş həcmli ön söz yazmışdı. Araşdırıcıya görə Telimxanın nəvəsi Türkman Mahmudun həyatı və yaradıcılığı ilə Mollah Pənah Vaqifin həyatı və yaradıcılığı arasında bir oxşarlıq var. Türkman Mahmud da M.P.Vaqif kimi məktəbdarlıqla məşğul olmuş. Şeirlərinin mövzusu da əsasən lirik sevgi qoşmalarından, təbiət lövhələrindən, bir az da ictimai-siyasi həyatın təsvirindən ibarətdir.

Araşdırıcı Savənin Səngək kəndində yaşamış Aşıq Rzaəlinin 150-yə yaxın şeirini toplayaraq nəşr etmişdir. Əli Kamali arxivində həcmi 400 səhifədən çox olan bir qovluq da var.

Burada Xəstə Qasımın şeirləri, haqqında olan dastan, əldə etdiyi məlumatlar var. Ön söz əvəzi isə "Xəstə Qasım, Şikəstə Qasım, Dədə Qasım, Molla Qasım" adlı bir məqalə yazıb və "Varlıq" jurnalının bir neçə sayında çap etdirib.

Araşdırıcı Bakıda və Türkiyədə Xəstə Qasımla bağlı çap olunan yazıların bəzilərinə öz münasibətini bildirib, onların sәhvә yol verdiklərini qeyd edib. Ə.Kamaliyə görə Qasım fiziki cəhətdən çox sağlam bir adam olub. Cəmiyyətin nöqsanları onun ruhunu sıxdığından Xəstə təxəllüsünü götürüb. Atası da Şahzadə Nurəddin deyil, Tikmədaşda yaşamış əkinçiliklə məşğul olmuş bir insandır. Ə.Kamali görə Xəstə Qasım Təbriz şəhəri yaxınlığındakı Tikmədaş kəndində deyil, Zəncan ostanındakı Tikmədaş kəndidir. Xəstə Qasımın qəbrinə bu gün də insanlar ziyarətə gəlir.

Əli Kamalinin arxivində 30-dan çox dastan var. Bunlardan bir çoxu səliqə ilə köçürülərək makinada və ya bilgisayarda yığılmaq, çap olunmaq üçün hazırlanmışdı. Onların əksəriyyəti indiyədək çap edilənlərdən xeyli fərqli, həm də həcmcə böyükdü.

Ə.Kamali folklorumuza çox diqqət yetirməsini "Varlıq" jurnalındakı bir məqaləsində belə cavablandırıb: "O zaman ki, dəftərlər yırtılıb, kitablar sulara atılıb və qələmlər sındırıldı onda türkün aşıqları ellərinin ədəbiyyatına qulluq etməyi zəruri sayıb"

Əli Kamali Orta və Güney İranda, hətta İraqda yaşamış şairlərin əsərlərinə diqqət yetirməklə, folklorunu toplamaqla bir bölgənin müstəqil ədəbiyyatını formalaşdırmaq fikrində deyildi. Sadəcə ədəbiyyatşünaslarımızın, tarixçilərimizin, etnoqraflarımızın diqqətini həmin bölgəyə cəlb etmək istəyirdi. Topladığı materialların ortaq türk ədəbiyyatının məhsulu olduğunu dəfələrlə vurğulayırdı. O, dönə-dönə qeyd edirdi ki, Savə bölgəsi istər dil, istərsə də ədəbiyyat materialları baxımından Türkiyə, Azərbaycan, İraq türkmanları ilə, Türkmənlər və Xorasan türkləri arasında bir körpüdür. Məhz buna görə də araşdırmalarında Mahtumquluya da diqqət yetirirdi. Ə.Kamali bu qədər ədəbi məhsulun bir hissəsini qarşılıqsız əldə edə bilmişdisə də, çoxunu pulla almış, özü gedə bilmədiyi yerlərə maşın tutub, pul verib ayrı-ayrı adamları göndərmişdi.

1996-ci ilin avqustun 1-də qəfil ölüm Ə.Kamali yaxaladı. Başladığı böyük iş yarımçıq qaldı. Oyatdığı milli şüur isə gənclərə güclü təkan veri. Bu günkü gənclik onu ehtriamla xatırlayır və başladığı işi şərəflə davam etdirirlər.

 

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=