Əli Səngərli

ƏLİ SƏNGƏRLİ

 

Türk Dünyasının Məşhurları 20

Milləti, vətəni, Türk dünyası üçün ürəyini məşələ çevirmiş, lakin xidmətləri gərəyincə qiymətləndirilməmiş, müəllim, şair, tərcüməçi Əli Səngərli.../Әli Şamil

Göndərmə 6/3/2010 7:19:33 AM UTC

Güncəlləmə 6/4/2010 10:47:13 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=017216a1-608e-42c9-b31d-099266b6fd43


Əli Səngərli ilə eyni dövürdə yaşasaq da onunla bir dəfə də olsun görüşə bilmədim. Buna elə əngəl törədən də olmamışdı. 25 ilə yaxın onunla görüşməyi planlaşdırsam da bu görüşü nədənsə reallaşdıra bilmədim.

Əli Səngərli ilə görüşə can atmama səbəb onun 1982-ci ilin noyabrın 11-də “Sovet Gürcüstanı” qəzetinin 135-ci sayında çap etdirdiyi Bağçasaray şeiri olmuşdu. Şeir ilk andaca məti elə tutud ki, bir neçə dəfə oxuyan kimi əzbərlədim. “BAĞÇASARAY” adlanan şeir belə idi:

Bağçasaray,

Çəkir haray. vSazı hanı?!

Sözü hanı?!

Yollar-izlər qaynar yenə,

Doğmaların özü hanı?!

Qara gözlü,

Uca boylu

Gözəl oğlu, qızı hanı?!

Dəyişibdir salnamələr,

Babam yazan yazı hanı?!

Bağçasaray,

Çəkir haray,

Aşıq Qədir

Qəbirdədir...

Sellər- sular haray çəkir,

Daşlardakı səbir nədir!!!

Sovet hökümətinin əleyhinə olan hər bir fikr, söz-söhbət diqqətlə nəzarətə götürüldüyü, fərqli düşünənlərin cəzalandırıldığı bir zamanda SSRİ-nin Krım Türklərini 1944-cü ildə vətənlərindən Urala, Türküstana sürgününə etiraz edən şairin cəsarətinə heyrət etdim. O yalnız sadəcə narazılığını söyləməklə kifayətlənmir, üsyankar şeirini Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin və Gürcüstan SSR Nazirlər Sovetinin orqanı olan “Sovet Gürcüstanı” qəzetində çap etdirə bilmişdi.

Bu o zamanlar idi ki, sürgündə olan şair və yazıçıların əsərlərindən senzor hətta dəniz sözünü çıxarmağı tələb edirdi. Deyirdilər ki, siz dəniz sözünü yazmaqla xalqın Qara dənizi, Azov dənizini, bir sözlə vətəni-Krımı qoyub vətəni xatırladırsınız. Azərbaycanda da vəziyyət onda bir o qədər fərqlənmirdi. Bir sözlə SSRİ-nin hər yerində Krım mövzusuna hakim dairələrdə və hətta sıravi məmurlarda belə bir həssasiyyət vardı. Belə çətin və ağır bir zamanda Əli Səngərli “Bağçasaray” şeiri yazır və onu çap etdirirdi.

Əli Məmməd oğlu Məmmədov 1930-cu ildə Gürcüstanın Türklər toplu yaşayan Borçalı bölgəsinin Faxralı kəndində doğulmuşdu. Bu bölgədə aşıqlar çox yaşadığından əlinə qələm alıb bədii yaradıçılıqla məşğul olmaq istəyən də, sinəsinə sazı qaldırıb aşıqlıq həvəsinə düşən də heca vəznində şeirlər yazır.

Əli Məmməd oğlu da yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Orta məktəbi bitirdikdən sonra üç il məcburi əsgəri xidmətini başa vurub. Sonra Bakıdakı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. 1952-1957-ci illərdə Universitetdə oxuyarkən xarici ölkələr ədəbiyyatı fənnindən dərs deyən müəllimləri Əli Soltanlı ona Roma və Yunan poeziyasından seçmələri tərcümə etməyi tapşırıb. Müəlliminin tapşırığını uğurla yerinə yetirdiyinə görə Əli Sultanlı onun tərcümələrini hazırladığı Roma və Yunan ədəbiyyatı antologiyasına daxil edib.

Universiteti bitirdikdən sonra Faxralıya qayıdan Əli Məmməd oğlu məktəbdə müəllimlik etmiş, kəndlərinin başı üzərində ucalan Səngərli dağının adını özünə ləqəb götürmüşdür. Səngərli ləqəbilə yazdığı şeirlərini Bolnisi rayonundakı “Qələbə bayrağı”, Tbilisidəki “Şərqin şəfəqi”, “Sovet Gürcüstanı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi” qəzetlərində nəşr etdirmişdi. 1961-ci ildə onu Gürcüstanın paytaxtındakı A.S.Puşkin adına Tbilisi Dövlət Pedoqoji İnstitunun Azərbaycan bölməsində xarici ölkələr ədəbiyyatı fənnindən dərs deməyə dəvət etmişlər.

Xarici ölkə ədəbiyyatından dərs dediyinə görə mövzunu tələbələrə yaxşı anlatmaq, onlar üçün oxu materialı hazırlamaq məqsədilə çoxlu tərcümələr etmişdir.

Əli Səngərlinin yaradışılıdında Türk xalqlarının taleyindən bəhs edən şeirlər xususilə seçilir. Bu şeirlərdə yüksək bədii dəyər, forma axtarışları ilə yanaşı bir üsyankarlıq, etiraz da var. Gəray xanın xanımının ölümündən kədərini bildirmək üçün sarayında tikdirdiyi çeşmə-bulaq çoxlarını təsirləndirib və bu mövzuda gözəl bədi əsərlər də yaradılıb. A.S. Puşkin də “Bağşasaray fantanı” əsərini bu əvəzsiz abidədən ilhamlanaraq yaradıb.

Əli Səngərli də 1984- cü ildə bu mövzuya müraciət edib. “Məhəbbət fantanı” adlı şeir yazıb:

Ay məhəbbət fantanı,

Göyərçinlərin hanı?!

İnsan da yuvasından,

Elindən-obasından,

Qovarmı ki, insan?!

... Deyirlər yerdə qalmaz

Heç kimin nahaq qanı.

Hələ nakam gözəlin

Qisasını alan yox.

Hələ yuvasızların

Bir qeydinə qalan yox.

Sərt Sibir çöllərində

Nə qədər ölənim var...

Əli Səngərli bu mövzuda indiyədək yazılanlardan tamam fərqli bir mövqe tutur. Gərayxanlarının sarayındakı çeşməyə ithafən söylənmiş şeirdə şair dildaşlarının, qan qardaşlarının doğma yurdunda, gözəl yaylalarında yadların yurd salmasına üzülür və sonda üsyankarcasına belə deyir:

Ya başım bədənimdən,

Ya Yardan keçəsidir.

Əli Səngərlinin XIX əsrdə yaşamış Krımlı Aşık Qədirə həsr etdiyi şeir də olduqca önəmlidir. Haqsızlığa etiraz edən, millətinin bu durumuna üzülən Əli Səngərli şeirinin sonunu məşhur bir bayatının bir misrasını dəyişməklə tamamlayır.

Aşıq Qədir deməkdən tüstü qalxar başımdan.

Kipriyimdə od ağlar.

A dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burdan bir el köçübdür,

Göy kişnər, bulud ağlar

Şair min illiklərdən keçib gələn “başımdan tüstü qalxdı”, “kipriyimdə od ağlar” kimi deyimləri, ”buradan bir atlı keçdi” misrasını “buradan bir el köçdü” kimi verməklə şeirin bədii dəyərini artırır.

Şairin “Tatar qızı”, “Sınayar”, “Türk oğlu”, “Oğuz” və başqa şeirlərində də Türklərin dərdlərindən yazır.

Əli Səngərli təkcə Krım Türkləri üçün narahat olmur. Kazax şairi Oljas Süleymenova həsr etdiyi “Qum ətri qoxladım” və “Rusiya” şeiri də üsyankarlığıyla seçilir.

Aleksandr Nevskidən,

İvan Qroznudan, Pyotrdan,

Nikolaydan bəri.

Nədir əlac, qardaşım, nədir əlac!?

Hələ ki, dözürük içimizi yeyə, yeyə,

Hələ ki, dözürük Allah Kərimdir deyə-deyə.

Bu günə qaldıx qatilimizə böyük qardaş

deyə-deyə, Oljas.

bu günə qaldıx...

“Rusiya” şeirində isə yazır:

Rusiya bir dənizdir, yüzlərcə axar çayı

horpuna çəkən dəniz,

Əsrlərdən bəridir ki,

Onun qarnına axır

Bizim də sərvətimiz,

Sizin də sərvətiniz,

Oljas!

Dilimiz bir,

Dinimiz bir,

Vətənimizin taleyi bir,

Xalqımızın taleyi birdir

Oljas!

Sənin torpağında xaç əkdilər,

Sənin sularına zəhər tökdülər.

Səhralarında dustaq düşərgəsi,

Sınaq meydanları, nüvə yataqları

tikdilər,

Mənim başımda turp əkdilər,

Oljas!

Əli Səngərli xilas yolunu “Yaraşmaz” şeirində belə anladır:

Silah götür qarşıya çıx,

Sürünmək Türkə yaraşmaz.

Krım Türklərinin vətənə qayıdışını sevinclə qarşılayan şair yazı:

Gözün aydın Tatar yurdu!

Gözün aydın gözəl Krım!!

Gözün aydın Bağçasaray!

Gözün aydın Aşıq Qədir!

Gözün aydın qoca Gəray!

Sağ qalsa da yüzdə biri,

Sürgünlərin döndü geri!!

Sovetlər Birliyi dönəmində Əli Səngərli haqqında televiziyada, radioda, qəzetlərdə təbliğ, tərənnümə rast gəlinmir. Ona fəxri adlar da verilmədi. Amma onun şeirlərini aşıqlar sevə-sevə məclislərdə oxudular. Ömrünün son illərinədək müəllimlik edən şair çoxlu şeirləri yazsa da, Sovetlər Birliyi çökənədək kitabı çıxmadı. Şair ixtiyar çağlarında şeirlərini toplayaraq öz xərcilə “Şair ürəyi”, “Bu köhnə dünyada təzə nə var ki...”, “Uzaqlarda qalan dünyam” kitablarını çap etdirdi.

Şair Əli Səngərli 2009- cu ilin aprelin 23- də haqqa qovuşmuş və doğulduğu kənddə dəfn edilmişdir. Onun şeirləri isə Türk gənclərində milli hissləri gücləndirir və vətənpərvərliyi coşdurur.

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol