Əli Təbrizi

Əli Təbrizi

TÜRK DÜNYASININ MƏŞHURLARI-20

Ana dilinin qorunması uğrunda yorulmaq bilmədən mübarizə aparmış şair, araşdırıcı Əli Təbrizinin ömür yolu və yaradıcılığı...

Göndərmə 5/23/2013 1:22:59 PM UTC

Güncəlləmə 5/23/2013 1:22:59 PM UTC

www.trtazerbaycan.com


http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=847224aa-a876-4524-8436-14f9232453fa

Səid Muğanlı çağdaşımız olan şair və araşdırıcı Əli Hüseyinağa oğlu Pərəndbalın hicri-şəms təqvimilə 1308-ci il tir ayının 4-də Təbrizin Münəccim məhəlləsində anadan olduğunu yazır. Miladi təqvimilə 1929-cu ildə anadan olan, ilk təhsilini məhəllələrindəki ibtidai məktəbdə alan Əli sonra Rüşdiyyə məktəbində oxuyur.

İkinci Dünya Savaşında SSRİ faşist Almaniyasının İranda dayaq dəstələri olduğunu bəhanə edərək ölkənin quzeyini işğal edəndə Əli Hüseyinağa oğlunun 12 yaşı vardı. Bu işğalın arxasında nələr durduğunu, savaşdan öncə İranın bölünməsi haqqında Böyük Britaniya ilə SSRİ-nin razılığa gəldiyindən çoxları kimi balaca Əlinin də xəbəri yox idi. Çoxları kimi bu işğalçı ordunun gəlişindən olduqca məmnun idi. Çünki Təbrizdə yaradılmış dostluq cəmiyyətinin salonunda tez-tez ana dilində kinolara, teatr tamaşalarına baxa bilirdi.

Sovet ordusunun əsgər və zabitlərinin bir çoxunun onlarla ana dilində danışmaları, ana dilində qəzet-jurnal, kitablar çap edib yaymaları da hamı kimi Əlini də sevindirirdi. Onun amalını müəyyənləşdirən isə Azərbaycan Milli Hökuməti zamanı açılmış anadilli məktəblərdəki bir illik təhsil oldu. Şah orduları Amerikanın, Böyük Britaniyanın, Fransanın yardımı ilə Təbrizə basqın edib əhalini qan içində boğsa da, ana dilindəki məktəbləri, qəzet-jurnalları, teatrları qapatsa da, insanların qəlbindəki ana dili sevgisini məhv edə bilmədi.

Şah qoşunları təkcə Təbrizdə deyil, Azərbaycanın əksər şəhər və kəndlərində insanları güllələyir, həbs edir, sürgünə göndərir. Təqib və təzyiqlər nəticəsində qədim ticarət mərkəzi Təbdizdə güzəranın şərtləri ağırlaşır. Hüseyinağa kişi ailəsini də alıb Tehrana köçmək məcburiyyətində qalır.

Tehranda yaşayan yeniyetmə Əli orada türkün varlığını yox sayan paniranistlərlə hər addımda qarşılaşır. Ana dilinə həqarətlə baxanların acığına türkcə şeirlər yazmağa başlayır, soyadını da Təbrizi etməklə sanki şovinistlərə meydan oxuyur.

Ömrünü xalqının hüquqlarının qorunmasına, maariflənməsinə, ana dilinin inkişafına həsr edən Əli Təbrizi fars dilini, fars ədəbiyyatının tarixini, Şərq xalqlarının tarixini dərindən öyrənir. Fars şovinistlərinə, paniranistlərə onların öz qaynaqlarından misallar gətirməklə cavab verir. O, yazır ki, islamaqədərki dövrdə fars ədəbiyyatı yalnız bir neçə əsərdən ibarətdir. Onların da elə bir ədəbi, elmi dəyəri yoxdur. Yer altından tapılan Sanskrit, Averta, Mozdesna, Yəşdi adlı yazılar da xürafat və mövhumatdan ibarətdir ki, onu da bugünkü farsların sadə adamları deyil, heç ali təhsilliləri də başa düşə bilmir.

Əli Təbrizi paniranistlərin islamaqədərki fars tarixini göylərə qaldırıb, yalan-yamalaq nəzəriyyələr uydurmalarına cavab olaraq yazır ki, türkləri, ərəbləri yox, və ya vəhşi, mədəniyyətdən xəbərsiz sayanlar nədən göz önünə gətirmirlər ki, Firdovsi Şahnaməsini türk hökmdarı Soltan Mahmud Qəznəvinin sifarişilə yazıb, özü də fars şovinistlərinin göylərə qaldırmağa çalışdıqları sanskrit əlifbası ilə deyil, bəyənmədikləri ərəb əifbası ilə yazıb. Təkcə Firdovsi bu yolu seçməyib, Həkim Fərruxi Sistani, Ünsüri, Ənvəri, Qəani Şirazi, Hafiz Şirazi, Vüsal Şirazi, Sədi Şirazi, Kəmaləddin İsmayıl İsfəhani, Məliküşşüara Bəhar Xorasani və yüzlərlə fars şairi, məddahlıq hünər və bacarıqların Türk hökmdarları qarşısında ərəb əlifbası ilə nümayiş etdirməyə çalışıblar. Türk hökümdarları fars mədəniyyətinin, ədəbiyyatının inkişafı üçün böyük xidmətlər göstəriblər.

Əli Təbrizi millətinə və ana dilinə xidmət etmək üçün “Atropat” adlı nəşriyyat açır. Şah rejimi dövründə ölkədə türkcə danışmaq və yazmaq yasaqlandığı halda Əli Təbrizi nəşriyyatında ana dilində əsərlər çap edir. Onun Şah İsmayılın həyatından bəhs edən iki cildlik əsəri böyük maraq doğurur. Aşıqlarımızın məclislərdə söylədikləri dastanlar əsasında yazdığı bu əsərdə Şah İsmayılın bir çox qoşma, qəzəl və gəraylılarını da verir.

Əli Təbdizi nəşriyyatında Həsən Məcidzadə Savalanla birlikdə tərtib etdikləri iki cildlik “Azərbaycan təranələri”, Əliağa Vahidin “Qəzəlləri”, Füzuli “Divan”ı, “Əsli-Kərəm dastanı”, “Koroğlu” dastanı və başqa kitablar nəşr etməklə sanki xalqını qorxmadan öz milli mədəniyyətinə sahib çıxmağa, onu qorumağa çağırıb.

Əli Təbrizi Həsən Məcidzadə Savalanın “Apardı sellər saranı” əsərini və b. əsərləri çap edərkən şah jardarması nəşriyyata basqın edərək çap olunan və çapa hazırlanan, mətbəədə yığılan kitabları müsadirə edir və özünü də zindana atırlar.

Bu hadisə Əli Təbriziyə yalnız mənəvi deyil, həm də böyük maddi zərbə vurur. Buna baxmayaraq, o, ruhdan düşmür, mübarizəsini davam etdirir. Məqalələrində türk elitası içərisində etnik təəssübün olmamasını tənqid edərək yazır ki, vara və sərvətə, qüdrətə və gücə, yaxşı yeyib və içməyə, habelə ev bəzəklərinə və yüzlərcə belə şeylərə və işlərə qiymət və dəyər qoyulurdu, ancaq dilə, ədəbiyyata, milli mədəniyyətə, milli vicdana, özünü və millətini tanımağa elə bir könül və əlaqə göstərilmirdi. Və indi budur ki, bugünkü nəslin əlində bir öylə milli fərhəng yoxdur və olub qalan varsa da, ya gözlərdən itkindir və ya zamanın pası və tozu ilə örtülüdür.

Əli Təbrizinin məqalələrinin əsas qayəsi fars şovinistlərinin, ari irqçiliyinin tarixlə bağlı yalan-yanlışlarını ifşa etmək, soydaşlarını doğru-dürüst tarixi şüurda tərbiyə etmək olub. O, yalnız fars şovinistlərinə, ari irqçiliyini təbliğ edənlərə deyil, həm də manqurtlaşmış türklərə qarşı yorulmadan mübarizə aparırdı.

Manqurt soydaşlarına qəzəblənərək yazır: “Yüz illərcə, milyonlarca qoyun kimi doğulub, qoyun kimi yeyib və qoyun kimi qığılayıb və sonra qoyun kimi ölüb gedənlərimiz və onların yerin tutanlarımız, hər işə qulp qoyub, hər oyuna baş vurub, tarix, coğrafiya oxuyub-yazıb, hər cürə özgə dillər ögrənib və ögrədib, hakim və məhkum olub, varlı-varsız olub, dünya millətlərini və dillərini tanıyıb və hər cürə boyağa bulaşıb, ancaq özünü və millətini, kim imiş və kimdir və kim olacağın tanımayıb və hələ də tanımaq istəmir”.

Millətimizin adının dəyişdirilməsinin arxasında duran siyasətdən söz açarkən Əli Təbrizi yazır: “İran Türklərini yalnız Azərbaycan adlı qəfəsdə dustaq edənlərin hiyləsin hələlik bütün İranda olan Türk qardaşlarımız aydınca göz evinə almayıblar və bu gün Rusiyada [SSRİ-də], Avropada, İranda bizə Türk yerinə Azərbaycanlı adın güc və səmacət ilə [israrla] təhmil edənlərin hədəfi budur ki, bizə təlqin eləsinlər ki, Türk fəqət Azərbaycanda ola bilər, yalnız o yerdə olan zaman hələ Türk yox, bəlkə Azəri adın ala bilər”

O, manqurtlarımıza, milli dəyərlərdən uzaq düşənlərimizə hirslənərək yazır: “Özgələri bizə Türk deməkdən çəkinmirlər, vəli özümüzünkülər cin bismillahdan qorxan kimi üşünürlər, çünki ya özlərinə etimad nəfsləri yoxdur və ya başqa yerlərdən dəstur və ya diktə belədir”.

Əli Təbrizi sağlığında Tehranda Atropat Kitabevində çap etdirdiyi “Ədəbiyyat və millət” kitabı ölümündən az sonra, 2010-cu ildə “Dil və ədəbiyyat” adı ilə Səid Muğanlının redaktorluğunda çap olunur. Kitabın ilk nəşrinin titul səhifəsinə yazılmış “Birinci cild”dən bu qənaətə gəlmək olur ki, Əli Təbrizi kitabı bir neçə cilddə yazmağı planlayıbmış.

1998-ci il fevralın 2-də dünyasını dəyişən Əli Təbrizinin cənazəsi öz vəsiyyəti ilə Təbrizə gətirilərək Vadiyi rəhmət qəbristanlığında ailəvi məzarlıqda dəfn ediblər.
Əli Təbrizi dünyasını dəyişsə də onun səpdiyi toxumlar yaşayır və gəncliyi haqq və azadlıqları uğrunda mübarizəyə səsləyir.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol