Əli xan Bökeyxanov

TÜRK DÜNYASININ MƏŞHURLARI  170_2013

ƏLİ XAN BÖKEYXANOV

Əziz və istəkli dinləyicilər, “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də qazax xalqının böyük oğlu, etnoqraf, jurnalist, müəllim,  ictimai-siaysi xadim, dövlət adamı Əli xan Bökeyxanovdur.

Əli xan Bökeyxanovun adı və soyadı rus qaynaqlarında Alixan Bukeyxanov kimi yazıldılığından dünyanın çox yerində də, hətta eyni soylu xalqlar arasında belə onun ad və soyadını rus dilində olduğu kimi yazırlar. Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cucuyə bağlı olduğunu yazırlar. Onun doğum tarixini 1866-cı il, 1869-ci il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əli xan Nurmuhammed ulu Bökeyxanov  Semiplatinski vilayəti Karqaralı qəzasının Tokrayın nahiyyəsində doğulmuşdur.

Nurmuhammed xan oğlu Əli xanın təhsil alması üçün özəl müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir.  1879-1886-ci illərdə bu məktəbdə oxuyan Əli xan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əli xan Bökeyxanov 1890-cı ildə məktəb  bitirib Sankt-Peterburqa gedir. 1890-94-cü illərdə Peterburq İmperator  Meşəçilik İnstitunun iqtisadiyyat fakültəsində oxuyur. Tələbəlik illərində Rusiyadakı idarəetmə sistemini tənqid etdiyinə, əsarət altında olan xalqların hüquqlarının tapdandığını dilə gətirdiyinə görə  adı jandarma idarəsinin “qara siyahı”sına salınır.

Ali təhsil aldıqdan sonra Omsk şəhərinə qayıdan və buradakı Meşə Təsərrüfatı Məktəbində riyaziyyat müəllimi işləyən Əli xan Bökeyxanov fərdi şəkildə xalqının yaşam şərtlərini, adət-ənəsini öyrənməyə başlayır. Onun marağından və araşdırmalarından xəbər tutub 1896-cı ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsinə həqiqi üzv seçirlər. Coğrafiya Cəmiyyətinə həqiqi üzv olması onu elmi axtarışlara həvəsləndirməklə yanaşı bir çox alimlərlə və ziyalılarla yaxından tanış olmasına şərait yaradır.

1903-cü ildə Peterburqda “Rusiya. Vətənimizin tam coğrafi təsviri” çoxcildliyinin 18-ci  cildi nəşr olunur. Əli xan Bökeyxanov bu cild üçün “Bölgədə yaşayan Qazax-qırğız əhalisinin etnoqrafiyası, mədəniyyəti və məişəti” adlı geniş bir məqalə yazdı. Məqalədə qazaxların məşhur “Kozı-Kopreş və Bayan” dastanını da ilk dəfə geniş təhlil etmişdir.

1905-ci ilin noyabrında Torpaq şurasının işində fəal iştirak edir. Moskva şəhərinə gəlir və burada qazax xalqının hüquqlarının tapdandığına, dilinin basqılar altında qaldığına, torpaqlarının müxtəlif  yollarla əllərindən alınıb Rusiyanın mərkəz quberniyalarından köçürülənlərə verildiyinə dair söhbətlər aparır. Hökümətin bu yöndəki siyasətinin doğru olmadığını göstərir. 

Əli xan Bökeyxanov vəziyyətdən çıxış yolları axtararkən onunla bəzi məsələlərdə  həmfikir olan insanların yaratdıqları Konustitusyaçı Demokratik Partiyaya üzv yazıldı. Bu partiya daha çox qısaldılmış adıyla kadetlər partiyası kimi tanınır.

1905-ci ildə məşhur qazax ədibi Abayın, yəni İbrahim Kunanbayevin ölümü münasibətilə “Semiplatinskiy listok” qəzetində çap etdirdbiy məqaləsində ilk dəfə şairin yaradıçılığının özəlliklərini ortaya qoyan Əli xan Bökeyxanov 1907-ci ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir Şöbəsi Semiplatiniski Bölməsinin “Zapiski” (Qeydlər) jurnalında çap etdirdiyi portret oçerklə Abayı rusdilli oxuçuya tanıtmış olur.  

1905-ci ildə tarixə  “Karqaralı petisyası” adı ilə daxil olan hökumətə etiraz məktubunu hazırlanmasını təşkil edir. On dörd min beş yüz nəfərin imzaladığı bu sənəddə çarizmin mərkəzi Rusiyanın müxtəlif quberniyalarından Qazaxıstana rus kəndlilərinin köçürülməsinə etiraz edilirdi.

1905-ci ilin sonlarında Uralsk şəhərində kadet partiyasının keçirdiyi birinci qurultayın təşkilatşılarından olur. 1906-cı ildə qırğız siyasi hərəkatın lideri kimi həbs edilir. Üç ay sonra həbsdən azad olunaraq Dövlət Dümasının seçkilərinə qatılır. Akmolla vilayətindən Birinci Dövlət Dümasından seçilən Əli xan Bökeyxanov çılğın çıxışları və fəal ictimai-siyasi fəaliyyətilə seçilir.

Çar II Nikolay Dövlət Dümasının buraxıldığını elan edəndə bir qrup deputat 1906-cı ildə tarixə Vıborq bəyannaməsi adı ilə daxil olan etiraz məktubunu imzalayır. Vıborq bəyannaməsının təşkilatçıları sırasında  Əli xan Bökeyxanov  da olur. Həm də 1906-cı ildə qazaxlar arasında Konstitusyaçı Demokrat Partiyasının qurucularından olur.

SİNYAL :     BAND

SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz

SES: Əli xan Bökeyxanov   kadet partiyasının üzvü olsa da partiyasının Omskda nəşr olunan “İrtış”, “Omiç”, “Qolos stepi ”  qəzetlərinə redaktorluq etsə də,  1908-ci ildə menşeviklərin “Tovariş” qəzetinin də redaktoru olmuş, kadetlərin  Peterburqdakı “Reç”, “Slova” nəşirləriylə də sıx əməkdaşlıq etmişdir.

 

Məqalələrində  hökuməti kəskin tənqid etdiyinə görə Əli xan Bökeyxanov  1908-ci ildə  həbs edilir. Semiplatinsk və Pavlodar həbsxanalarına saxlandıqdan sonra onu Samaraya sürgün edirlər.

 Təqib və həbslər gənc vətənsevəri ruhdan salmır. “Yeni ensiklopedik sözlük” və “Müasir dövlətlərdə milli hərəkatın forması” toplusunda “Qazaxlar”  elmi-siyasi məqaləsini çap etdirir.

1913-cü ildə Əli xan Bökeyxanov   “Kazax” qəzetinin nəşinə icazə alır. Az bir vaxtda qəzet milli ziyalıların ideoloji mərkəzinə çevirirlər.   Qəzetlərdə açıq imza və “Qır balası”, “Stepniyak”, yəni Çöllü oğlu təxəllüsü ilə “Duma partiyası”, “Duma və qazaxlar”, “Avqust Bebel” və b. məqalələr çap etdirir.

Sürgündə də siyasi fəaliyyətini davam etdirir. Belə ki, 1914-cü ilin iyununda keçirilən Ümumrusya Müsəlmanları Qurultayında iştirak edir, Dövlət Dümasında müsəlman deputatlarının fraksiyasının təşkilatçılarından və fraksiyanın büro üzvü olur. 1912-17-ci illərdə kadetlər partiyasının Mərkəzi Komitəsinə seçilən Əlixan Bökeyxanovu Xalq Azadlıq Partiyası  1915-ci ilin avqustunda  Samara Quberniya Komitəsinə üzv olur. Tomskdə Sibirin Muxtariatını istəyənlərin qurultayı keçirilir. Əli xan Bökeyxanovun təşəbbüsü ilə həmin qurultay yaradılması planlaşdırılan Sibir Respublikasının tərkibində Qazaxıstana muxtariyyat  verilməsini   qərara alır.

1917-ci ilin fevralında II çar Nikolay taxtdan uzaqlaşdırılaraq Müvəqqəti Hökümət qurulur. Bu hökümətə Əli xan Bökeyxanovun kadetlər partiyasından tanıdığı Krenski rəhbərlik edir. 1917-ci il martın 20-də onu  Müvəqqəti Hökümətin Türküstan Komitəsinə üzv seçirlər və Turqay vilayətinə komissar təyin edir.

Əli xan Bökeyxanovun əsas məqsədi milli hökümət qurmaq idi. Odur ki bütün siyasi qüvvələrlə danışıqlar aparır, ortaq məxrəcə gələşəkləri nöqtələri axtarırdı. 1917-ci ilin iyul ayında onun rəhbərliyi və təşkilatçılığı ilə Birinci Ümumqazax Qurultayı çağrılır və 1906-cı ildə yaradılan Konstitusyaçı Demokrat Partiyası Alaş  Partiyasına çevrilir.

Kadetlərlə aralarındakı fikir ayrılığına görə partiyadan çıxan  Əli xan Bökeyxanov qazaxların muxtariyyat əldə etməsinə çalışır. Bolşeviklərin Müvəqqəti Höküməti silah güçünə hakimiyyətdən uzaqlaşdırması qazaxların milli qüvvələrinin böyük əksəriyyətinin Alaş Partiyası ətrafında birləşməsini sürətləndirir.

1917-ci il dekabrın 5-13-də Orenburq şəhərində keçirilən II Ümumqazax Qurultayında  qazaxların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri geniş müzakirə olunur. Çoxluğun səsverməsi ilə  Alaş Orda Muxtariyyatının qurulduğu elan edilir.  Yeni qurulan hökumətin rəhbərliyinə Əli xan Bökeyxanov seçilir.

Əli xan Bökeyxanov və onunla həmfikir olanlar  Başqırt-Tatar və Kokand Muxtariyyatı ilə birliktə hərəkət etməyi qəbul etməmişdi.  Lakin yeni qurulan hökümətin yetərincə kadırı, ordusu olmadığından qazaxların yaşadığı böyük bir ərazini yeni qaydalarla idarəetməkı mümkün olmur. Bolşeviklərdən yardım alan və onların qazax xalqına azadlıq bəxş edəcəyinə inanlar ölkənin Quzey-Batısını nəzarətləri altından saxlayırlar. Doğuda isə yeni elan edilmiş Sibir Respublukası hakim olmağa çalışır. Belə gərgin, milli qüvvələrin parçalanmış halda olduğu vəziyyətdə Əli xan Bökeyxanov Tomskda keçirilən qurultayda yeni yaradılacaq Sibir Respublikasının tərkibində qazaxlara muxtariyyat verilməsi fikrilə razılaşır.

Çar ordusunun polkovniki Aleksandr Dutovun rəhbərlik etdiyi kazaklardan ibarət əsgəri birliklər 1918-ci ildəOrenburqu gah tutur, gah da boşaltmaq zorunda qalır.  Çexoslavakiya korpusunun qiyamından sonra  Aleksandr Dutov 1918-ci ilin iyulun 1-də Orenburqu tutur və noyabırda admiral Aleksandr Kolçakın rəhbərlik etdiyi əsgəri birliklərə qatılır.

Alaş Orda Muxtariyyatının Xalq Sovetinə 25 nəfər seçilir ki, bunlarin da 10 nəfəri ruslar və qazax olmayanlardan ibarət idi. Alaş Orda hökuməti  bölgədə Aleksandr Kolçakın qüvvələri qarşısında duruş gətirə bilməyəcəklərini görüb onlarla əməkdaşlıq etməyi qərara aldılar və Sibir Respublikasının tərkibində muxtariyyat hüququ ilə razilaşır.

1919-cu ildə bolşeviklərin güclənərək ağqvardiyaçıları sıxışdırması Alaş Oradçılar arasında fikir ayrılığı yaratdı. 1919-cu ilin aprelində Moskvaya gələn Alaş Ordaçıların nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. görüşür. Razılığa gəlinir ki, bolşeviklər qazaxların yeni dövlətini tanıyacaqlar və Alaş Orda Hökümətinin  bolşeviklərə qarşı vuruşmuş üzvlərinə aminisya verəcəklər. Lakin bolşeviklər verdikləri vədə əməl etmir. Nümayəndə heyəti Moskvadan ayrılan kimi İosif Stalin Rusiya Fəhlə Kəndli Şurasına teleqrama vuraraq qazax milliyətçilərinə qarşı sərt tədbirlər görmələrini əmr edir.

1920-1937-ci illərdə Əlixan Bukeyxanov üç dəfə həbs olunur. 1937-ci ilin sentyabrın 27-də güllələnir.

Uzun illər adının çəkilməsi qadağan olunsa belə qazax xalqı onun xidmətlərini unutmur. Sovet hökuməti dağıldıqdan sonra Qazaxıstanda Əli xan Bökeyxanovun adı əbədiləşdirilir, əsərləri nəşr olunur.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol