Əmin Abid

ƏMİN ABİD

TÜRK DÜNYASININ MƏŞHURLARI 154/2012

Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə üsyankar şair, çox cildli Azərbaycan ədəbiyyatı tarixini Avropa metodları ilə yazmağa çalışan alim, folklorşünas, 1937-ci il repressiyasının qurbanlarından Əmin Abidin ömür yolundan və yaradıcılığından söz açacağıq.

Uşaqlığında Zeynalabdin adı verilən bakılı Mütəllibin oğlu böyüyüb yaşa dolduqdan sonra Əmin Abid kimi tanındı. 1898-ci il noyabrın 2-də Bakı şəhərində doğulan Əmin Abid ilk təhsilini anası Reyhanın evdə qadınlar və uşaqlar üçün açdığı Quran kursundan almışdır. Sonra Bakıdakı gimnaziyada təhsilini davam etdirmiş, oranı bitirib bir müddət qardaşı, millətçi şair Əliabbas Müznibin redaktoru olduğu “Dirilik” və  “Babayi Əmir” jurnallarında işləmişdir.

1913-1919-cu illərdə “Məktəb”, “Dirilik”, “Övraqi nəfisə” jurnallarında, “İqbal”, “Bəsirət” qəzetlərində Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, Abid Alp Mütəllib oğlu imzası ilə, eləcə də “Kəlniyyət”, “Məzəli”, “Leylək”, “Molla Nəsrəddin” jurnalla­rında gizli imzalarla antiimperialist ruhlu kiçik hekayələr, məqalələr və şeirlər çap etdirmişdir. Onun “Turan elləri”, “Arxasız vətənə düşmən yaraşır”, “Bu gün qərbin göy­lərin­də”, “Şərqə irəli”, “Şərqin səmasından qanlar damlıyor”, İsmayıl bəy Qaspıralının ölümünə, eləcə də Əbdülhəq  Hamidə, Tofiq Fikrətə həsr etdiyi  şeirlə­rində  güclü bir türklük, vətənsevərlik ruhu hakimdir.

Rusiya imperiyası dağıldıqdan sonra Əmin Abidin İstanbulda oxumaq istəyi reallaşır. O, öncə İstanbuldakı Darülmüəllimeyi Aliyeyi bitirib Azərbaycana dönür. Bu zaman Azərbaycan bolşeviklər tərəfindən işğal olunmuş, milli kadrların böyük əksəriyyəti ya həbs edilmiş, ya da mühacirətə getməli olmuşdu. Sovetlər öz ideyalarını təbliğ etmək üçün yeni məktəblər açmağa marak göstərirdi. Orda dərs deməyə isə kadrlar çatmırdı. Kadrlara olan tələbatı ödəmək üçün xaricdən mütəxəssislər dəvət etməklə yanaşı, gəncləri də xarici ölkələrdə oxumağa göndərirdilər.

Əmin Abidi də İstanbul Darülfününda oxumağa və çoxcildlik Azərbaycan türklərinin ədəbiyyatı tarixini Avropa metodları ilə yazmağa göndərirlər.

  Mühacirətdə olan Azərbaycan ictimai-siyasi xadimlərilə sıx əlaqə saxlayan gənc şair, Məhəmmədəmin Rəsulzadəyə hörmət əlaməti olaraq Əmin təxəllüsünü götürərək Türkiyədə çıxan “İnci”, “Syus”, “Şebab”, “Yarın İstanbul” “Xidməti ümumiye” jurnallarında şeirlərini çap etdirir. Onun ən üsyankar şeirləri isə siyasi mühacirlərin jurnallarında Gültəkin imzasıyla nəşr edilmişdir.

M.Ə.Rəsulzadənin rəhbərliyi ilə İstanbulda nəşr edilən mühacir “Yeni Kafkasya” jurnalında Əmin Abid Gültəkin imzası ilə çap edilən antiimperialist, antisovet şeriləri haqqında Əhməd Cəfəroğlu yazır:“Gültəkin bəyin şeirlərinin qüvvət və gücü, deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Bəzi ən yaxşı şeirləri bəstələnib, İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir”.

Əmin Abid “Yeni Kafkasya” jurnalında çap etdirdiyi şeirlərində yazırdı:

 

Qaldıqca  ruslarda diyarım mənim,

İntiqam  olacak şüarım mənim!

Gənc vətənpərvər “Qizil rus şairinə!” müraciətlə yazdığı şeirində deyirdi:

Biz dalğaları yenən gəncləriz!

Gəliriz, yaşarız, ölür  gedəriz…

Qorxmarıq dənizdən, fırtınalardan,

Qorxmarıq nə topdan, nə  də məzardan,

Bulunduqca nəfəsimiz,

“İstiqlal” deyəcək uca səsimiz…

Əmin Abid vətənini azad görmək istəyən istiqlalçı bir mübariz kimi yazırdı:

İstiqlal, o yaşayan millətin qəlbində can!

İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan!

İstiqlal, o sönməyən  müəbbəd bir məşalə!

Könüllərdə tutuşur, gözlərdə sönsə belə!

İstanbul Univerisitetinin tarix-ədəbiyyat fakültəsində oxuyarkən Əmin Abid Azərbaycandan vətənpərvərlərin həbs edilmələrini, Sibir həbsxanalarına göndərilmələrini “Buzlu cəhənnəm” şeirində ürək yanğısı ilə təsvir etmişdir. Şeirin misraları elə hisslər doğurur ki, sanki müəllif İstanbulda, azadlıqda deyil, Sibir həbsxanalarında, “buzlu cəhənnəm”də əzab çəkir.

İstanbulda oxuduğu müddətdə altı cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixiTürkiyənin və Azərbaycanın elmi-ədəbi jurnallarında məqalələrini çap etdirən və universiteti bitirmək üçün “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlı 400 səhifəlik dissertasiyanı yazan Əmin Abid 1926-cı ilin sonlarında vətənə dönür. Azərbaycan ədəbiyyatının son dövrlərini əhatə edən sanballı bir tədqiqatın, eləcə də orta yüzilliklərə dair məqalələrin müəllifinə Bakıda o qədər də xoş münasibət bəsləmirlər.

Azərbaycanda “Kitabi Dədəm Qorqud”un ilk araşdırıcısı olan, “Söhbətül əsmər” əsərinin Məhəmməd Füzuliyə məxsusluğunu isbatlayan, heca vəzninin tarixinə dair olduqca dəyərli araşdırmasını çap etdirən, türk xalqlarının şifahi xalq ədəbiyyatında xüsusi yeri olan, bayatı, mani, cır, jır, əşulə janrını təhlil edərək bunların hamısının eyni kökdən gəldiyini söyləyən Əmin Abidə münasib bir iş verilmir.

O, gah Bakı Pedaqoji Texnikumunda, gah Azərbaycan Dövlət Universitetində müəllim işləyir, gah da “Kommunist” qəzetinin ədəbiyyat bölümündə gənc yazıçıların məsləhətçisi olur, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin salonlarında ədəbiyyat tariximizə dair mühazirələr oxuyur.

Sovet xüsusi xidmət orqanlarının gizli sənədlərindən aydın olur ki,  1929-cu ildə təhsil ocaqlarını, elmi tədqiqat müəssələrini millətçi kadrlardan təmizləmək lazım gələndə Əmin Abidi də işdən çıxarırlar. Hətta “Kommunist” qəzetində haqqında böhtan dolu bir məqalə də çap etdiririr.

Elmi-ədəbi jurnallarda və qəzetlərdə məqalələrinin çapı yasaqlanan Əmin Abid  bir müddət  mərkəzdən uzaqlarda Ağdaş, Quba, Ağdam rayonlarının ümumtəhsil məktəblərində və texnikumlarında dərs deməli olur.

Təzyiq və təqiblərə baxmayaraq Əmin Abid nə əqidəsindən dönür, nə də elmi axtarışlarını dayandırır. Ona çap edilmək imkanı verilməsə də, əldə edə bildiyi materiallarla ədəbiyyatımızın tarixinin qaranlıq səhifələrinə işıq salmaq, mübahisəli məsələlərə aydınlıq gətirmək üçün məqalələr yazır.

1933-cü ildə SSRİ Elmlər Akademiyasının respublikalarda filalları və şöbələri yaradılır. Azərbaycanda yaradılan şöbədə yüksək ixtisaslı kadrlara ehtiyac duyulduğundan Əmin Abidi də Ağdamdan Bakıya gətirirlər.

Bir neçə il əvvəl kitabları nəşriyyat planından çıxarılan, məqalələrinin çapı yasaqlanan Əmin Abidə geniş üfüqlər açılmış olur. 1934-cü ildə Firdovsinin yubileyi təntənə ilə qeyd ediləndə Əmin Abidə şairin “Şahnamə”sindən tərcümə edilmiş parçalar əsasında kitab hazırlamağı və ona ön söz yazmağı tapşırırlar. Gənc tədqiqatçı bu vəzifəni şərədlə yerinə yetirməklə yanaşı, orta yüzillərdə Azərbaycan türkcəsində yazılmış “Şahnamə”ləri aşkara çıxarır.

 Sovetlərin Mirzə Fətəli Axundzadə irsinə maraq göstərməsi Əmin Abid və Əli Nazimə geniş araşdırmalar aparmağa imkan yaradır. Mirzə Fətəli Axundzadənin üç cildlik əsərlərinin nəşri dövlət planına salınır və üç cildliyi hazırlamaq Əmin Abidlə  Əli Nazimə tapşırılır.

1928-1929-cu illərdə Mirzə Fətəli Axundzadənin arxivini elmi prinsiplərlə hazırlayan və onun təsvirinə dair üç çap vərəqi həcmində bibloqrafiya hazırlayan, böyük dramaturq haqqında Avropada, Şərqdə, Rusiyada, Azərbaycanda yazılanları müqayisəli təhlil edən Əmin Abid Axundzadənin əsərlərini bir yerə toplayır, farsca yazılanları ana dilinə tərcümə edir, onlara izahlar və şərhlər yazır.

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qalan materiallardan aydın olur ki, Əmin Abid M.F.Axundzadənin üç cildliyinə 360 səhifəyə yaxın ön söz və izahlar yazmışdır. Arxivdə onun “Oğuznamə”, “Azərbaycan folkloru” kitablarının və Mirzə Ələkbər Sabir, Həbibi, Xurşud Banu Nətavan və başqaları haqqında yazdığı məqalələrinin əlyazmaları da qalmışdır.

1933-36-cı illərdə elmi-ədəbi jurnallarda 10-a yaxın dəyərli araşdırması çap olunan Əmin Abidi 1937-ci ildə işdən çıxarırlar. Böyük qardaşı Əliabbas Müznibin və əqidə dostlarının həbsindən sonra Əmin Abidin işdən çıxarılması çox kiçik cəza sayılırdı. Elmlər Akademiyasından işdən çıxarılan Əmin Abid indiki Ağsu rayonunun Qaraqoyunlu kəndindəki orta məkdəbdə dərs deməyə başlayır. Lakin onun müəllimlik fəaliyyəti o qədər də uzun sürmür. Əmin Abidi də həbs edirlər.

Əmin Abidin İstanbul Universitetində oxuyarkan ailə qurduğu, dövri mətbuatda şeir və hekayələri çap olunan Nafiə Əhməd Şükrü qızı-Tovfik Taner irticanın cəngindən xilas olmaq üçün Batuma gedir. Batumdakı Türkiyə konsulluğundan viza alıb vətəninə dönmək istərkən onu da həbs edərək Bakıya gətirirlər.

Uzun və işgəncəli istintaqdan sonra 40 yaşı tamam olmamış Əmin Abid 1938-ci ildə güllələnir, xanımı Nafiə Əhməd Şükrü qızı-Tovfik Taner isə səkkiz il həbs cəzasına məhkum edilir.

Zaman isə həqiqətləri üzə çıxarır. Əmin Abidin vətən və millət yolunda bütün işgəncələrə dözərək şəhid olduğu aşkarlanır. Sovetlər Birliyi dağıldıqdan sonra Əmin Abidin əsərləri nəşr olunmağa başladı, gənclər isə onun mübariz ömür yolunu özlərinə örnək götürdülər.

  Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol