Elman Əliyev haqqında

 

Əli Şamil

AĞIL VURĞUNU ELMANIN “AĞILLI EV” TİKMƏK ARZUSU

Dostluq bəzən bir anda, bəzən də illərlə sürən yaxınlığın alışqanlığa çevrilməsindən başlayır. Bir anda başlayan dostluğu ortaq məqsəd, fikir, əməl daha da birləşdirir. Əgər xasiyyətin və sözün tutursa, onda bu dostluq ilahi tellərlə bağlanır. Elmanla mənim dostluğum da bu cür təməllər üzərində qurulmuşdur. Zaman irəlilədikcə dostluğumuz möhkəmlənmiş, o, mənim dərdləşə bildiyim, özümü yanında rahatlıqla ifadə edə bildiyim bir insan olmuşdu. Elmanın dostluğu həyatımda o qədər dərin bir yer almışdı ki, yoxluğu ilə böyük bir boşluq və “tək qala bilmək” qorxusu yaratmışdı.

Mən Elman bəyi atası İslam müəllimə görə deyil, özünə görə tanımışdım. İslam müəllim Naxçıvanın seçilən pedaqoqlarından biri olmaqla yanaşı, həm də rəssamlıq edirdi. Sərgisi də təşkil edilmişdi. Qəzetdə işlədiyimdən Naxçıvan Muxtar Respublikasında baş verənlərdən xəbərdar olur, toplantılarda, sərgilərin açılışlarında iştirak edirdim. Həm də seçilən və vətənpərvər insanlarla tez ünsiyyət qururdum. XX yüzilin başlanğıcında bölgədə qaçaqlıq etmiş Süleymanla bağlı material toplayanda da İslam müəllim mənə yardımçı olmuşdu. O, Qaçaq Süleymanın doğulduğu və yaşadığı Dərələyəzin Qaraqaya kəndindən, özünün də ata-babasının o yerlərdən olduğundan xeyli söhbət açmışdı.

Elmanla komsomolda işləyəndə görüşmüşdük. Texniki sahənin mütəxəssisi olsa da, ictimai-siyasi hadisələrə ayıq baxışıyla diqqətimi cəlb etmişdi. Həmin illərdə komsomolda işləyənlərin çoxu “Bəli!”, “Baş üstə!” deməyə üstünlük verdilər. Özündən vəzifəcə böyüklərin qarşısında o qədər müticəsinə davranırdlıar ki, gəl görəsən. Hər sözlərini tərifləyər, rəhbər partiya-sovet işçilərinin qəzetlərdəki yazılarını, radio və televiziyadakı çıxışlarını az qala Quran ayəsindən üstün tutardılar.  Vəzifədən çıxanları isə arxalarınca kəskin tənqid edərdilər. Belə-belə gələcəkdə rəhbər partiya işçisi olmağa hazırlaşardılar. 

Elə ilk söhbətlərdən Elmanın onlarla uzun müddət yol gedə bilməyəcəyini gördüm. O, ya fikrini sərbəst – özünün qəbul etdiyi, başa düşdüyü kimi deyir, yaxud da susmağa üstünlük verirdi. Bəzən açıq-aydın hiss edirdim ki, özlərini “daha təcürbəli”, “partiya işinə hazır” sayanlar ona him-cimlə sərbəst danışmamağı işarə edirdilər.

Onunla cəmiyyətdəki əyintilər və bu əyintilərin düzəldilməsi əvəzinə ört-basdır edilməsinin hansı fəsadlar törədə biləcəyi, hansı faciələriə yol açacağı haqqında söhbətlər edirdik. Hər ikimizi baxşıları bir məsələdə eyniləşirdi. İstər ailədə, istər kollektivdə, istər cəmiyyətdə nöqsanlar, çatışmazlıqlar gizlədilərsə bu nə vaxtsa, haradasa partlaq verəcək, aradan qaldırılması da mümkün olmayacaq.

İşgüzarlığına və isxtsasına görə Elman Əliyev rayon partiya komitəsində işə götürdülər. O dövürdə çoxları partiya işinə can atır, oradakı çətinliklərə səbirlə dözürdülər ki, gələşəkdə daha yüksək vəzifələrə gedə bilsinlər. Lakin onun partiya işindəki karyerası uzun sürmədi. Sərbəst fikirliliyinə, düşündüklərini açıq dediyinə, xüsusən də milli məsələdə güzəştə getmədiyinə görə partiya işindən uzaqlaşıb ixtisası üzrə işə keçdi.

Həmin illərdə Naxçıvan Televizya və Radio Verlişlər Komitəsi ilə sıx əməkdaşlıq edir, onlara verlişlər yazırdım. Komitə şəhərin mərkəzində olduğunda, həyətindəki çayxana yaşıllıq içərisində yerləşdiyinə görə oraya gələnləri sayı çox olurdu. Peşə yoldaşlarımızla, dostlarımızla televizyanın çayxanasına yığışır müxtəlif mövzularda söhbətlər edirdik. Elmanla televizyanın mühəndis texnik heyətinin üzvü olduğuna görə vaxt tapanda çayxanaya gəlir və jurnalistlərin söhbətlərində, müzakirələrində iştirak edərdi.

Onunla daha yaxından tanışlığımız da çayxanadan başladı. Burada Elman fikir və düşüncələrini daha sərbəst ifadə edirdi. Onun millətini necə ürəkdən sevdiyini də orada gördüm. İslam müəllimin oğlu olduğunu da həmin vaxt bildim. O, atası, nəsli və nəcabətilə qürur duyurdu. Amma, heç vaxt yeri gəldi-gəlmədi onlardan istifadə etməyə, nəslinin, ata-babasının şöhrətindən yararlanmağa çalışmırdı. Özünə inamı olduqca güclü idi. Hər şeyə öz gücü ilə nail olmağa çalışırdı.

Xalq Cəbhəsi yarandıqda Elmanla söhbətlərimis çox gərgin keçirdi. O, cəbhənin ideyalarını qəbul edirdi, lakin təşkilata üzv yazılmaq istəmirdi. Təşkilatın fəallarının əksəriyyətini yaxşı tanıyırdı. Oradakı bəzi fəalların bəsit dünyagörüşünə, savadsızlıqlarına, çılğınlıqlarına dözə bilmirdi. Bərk əsəbləşir və onların bizləri uçruma aparacaqlarını söyləyirdi. Mən ona təklif edəndə ki, sizin kimi savadlı, dünyagörüşlü, vətənsevərlər gəlsinlər və təşkilatı sağlamlaşdırsınlar. O, əsəbiliklə taşkilatın üzvlərinin bəziləinin adını cəkərək: “Onları sözlə deyil, heç kötəklə də başa salmaq olmaz” deyirdi. Mənə qəribə gəlirdi ki, qarışqanı da tapdalamağa qıymayan, islamı dəyərlərə olduqca önəm verən Elman vətən və millət məsləsindən söz düşəndə necə çılğınlaşır, döyməkdən, cəzalandırmaqdan danışır. Onun bir devizi vardı: “Ağılsız dostdansa ağöllı düşmən yaxşıdır!”

Elman bəy, Əbülfəz Elçibəylə də, Arif  Rəhimovla, xalq cəbhəsinin bir çox öncülləri ilə də ünsiyyətdə olmağı, onlarla söhbətləşməyi, fikir mübadiləsi etməyi sevirdi. Amma, təşkilata üzv yazılmağı, təşkilatda hansısa bir rəsmi vəzifə daşımaq istəmirdi.

Mən 1993-cü il hadisələrindən sonra Bakıya köçməli oldum. Bir ara Elmanla əlaqəm tamam kəsildi. Bütov Azərbaycan Birliyi yaranandan sonra Elmanla daha tez-tez görüşməli olduq. İnternet yeni-yeni respublikamıza ayaq açanda onu ilk öyrənən və öyrədənlərdən biri də Elman oldu. Pulsuz-parasız, təmənnasız və səbrlə tanışlarının, dostlarının hamısına internetdən istifadə etməyi öyrətmək istəyirdi.

İnternetdə “Paltak” deyilən bir otaq yaradılmışdı. Xaricdən gələn soydaşlarımız bu texniki vastədən istifadə etməklə dünyanın müxtəlif guşələrində yaşayanların fikir mübadiləsinə şərait yaratmağın, söhbət etməyin mümkünlüyündən söz açırdılar. Biz isə ondan yararlana bilmirdik. Həmin vaxt Elman İslam oğlu dadımıza çatdı. Bütöv Azərbaycan Birliyinin Bakı şəhərinin yeddinci mikraroyonunda yerləşən otaqlarında internet qurdu. İnterneti “Paltak” otağına qoşdu. Bizə “Psltak” otağı vasitəsilə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızla əlaqəmizə şərait yarandı. Bu söhbətlər DAK yaratdı.

 Həmin vaxtlar çoxları hakimiyyət orqanlarının təqibindən qorxaraq Bütöv Azərbaycan Birliyinə yaxın gəlmədiyi, “Paltak”ın adını çəkməyə çəsarət etmədikləri halda Elman cəsarətlə onu idarə edir, BAB-ın toplantılarının elektron arxivini yaradırdı ki, gələcək nəsillərə qalsın. Qəribəsi burası idi ki, xalq hərəkatından tanıdığım insanların bəziləri xəbərdarlıq edir, ondan uzaq gəzməyi məsləhət görürdülər. “Nədən Elmandan uzaq olamlıyam?” sualını verdikdə çox bəsit bir cavab alırdım. “O, ki bu qədər işləri görür, nədən onu tutmurlar? Demək arxasında hökümətin xüsusi xidmət orqanları var! Onun vasitəsi ilə bizi tanımağa, nə iş gördüyümüzü bilməyə çalışırlar.” Belələrinə ürək ağrısı ilə deyirdim: “Elmanın gördüyü işlərin onda birini sən də gör. Onda gedib hansı xüsusi xidmət orqanında işləyirsən də səninlə bir cəbhədə olacam. Mən vətən və millət üçün heç bir iş görməyib, hamıya səksəkə ilə yanaşan, vasvasılara yoldaşlıq edə bilmərəm!” Elman özü də bu dedi-qoduları eşidir və onlara heç bir əhəmiyyət vermədən başını aşağı salıb işini görürdü. Elələrindən söz düşəndə də bir ifadə işlədərdi: “Onlara yazığım gəlir. İçlərindəki şəkkaklıq, vasvasa onları bir iş görməyə qoymadığı kimi ailələrində də bədbəxtliyə yol açır. Yazıq onların arvadlarının halına!”

Avropa və Amerika ilə Azərbaycanın arasındakı zaman qurşağına görə “Paltak” otağında söhbət və müzakirlərə saat 24.00 da başlayırdıq. Bu Avropada yaşayan soydaşlarımız üçün münasib olsa da, ABŞ-da və Kanadada yaşayanlar üçün o qədər də münasib deyildi. Bütün bunlara baxmayaraq onlar da söhbətlərimizə qatılırdılar. Biz bir plan hazırlamışdıq. Bu plana uygun olaraq hər dəfə bir alim, siyasətçi, ictimai xadim, partiya rəhbəri məruzə hazırlayırdı və o məruzəsini internetdə öz səsilə oxuyurdu. Məruzən bitdikdən sonra sual-cavab və çıxışlar başlayırdı. İki saatlıq  nəzərdə tutulmuş söhbətlər bəzən uzanaraq 4-5 saat çəkirdi. Gecənin o vaxtında gəlib-getməyə maşın tapmaq olduqca çətin idi. Əvvəlcədən taksi sifariş etməyə demək olar ki, heç birimizin pulu olmurdu. Elman bizi öz maşını ilə toplantı otağına gətirər, gecənin yarısı keçəndən sonra da evlərimizə apardı. Bir dəfə ona pulsuz-parasız və təmannasız görüyü bu gecə işinin ailəsində narazılıq yarana biləcəyini xatırlatdıqda o: “Əli, xanımım mənə inanmasa, ailə qurmazdı. İnanıb ailə qurubsa, mən də onun inamını doğrultmuşam. O yaxşı bilir ki, məni vətən və millət sevgisindən başqa heç bir güc bir saat da olsa, ailəmdən uzaqda saxlaya bilməz.”

Elmanın milli məsələyə də, islama da, dilimizin tarixinə də çox maraqlı və fərqli baxışları vardı. Hər dəfə də bu fərqliliyə aydınlıq gətirməsini istəyəndə o, gülümsəyərək bunu özünün qabiliyyəti kimi deyil ixtisası ilə bağlayırdı. Deyirdi: “Mühəndislər, texniki sahənin adamları hümanitar elmlərə həmin sahədə çalışanlardan fərqli baxırlar”. Mən ona tanıdığım texnika sahəsinin alimlərinin bir çoxunu misal göstərirdim, “onlar nədən bəs sənin kimi düşünmürlər?” sualını verdikdə, “onların elmi adlar var, amma, qəlibdən kənara çıxa bilməyənlərdir”. Elman texinki sahənin alimləri deyəndə Xudu Məmmədovu, Azad Mirzəcanzadəni, Rafiq Əliyevi qəbul edirdi.

O, bizim alışdığımız qəliblərə sığmayan bir insan idi. Amma ailədə, dostlara münasibətdə, işdə ənənəmizdən gələn bir çox məsələləri yaşadan birisiydi. Heç yadımdan çıxmaz. Bir dəfə vacib işi vardı, gecikirdi. İslam müəllim də onun maşınındaydı. İslam müəllim Saray qəsəbəsində yaşadığı evə gedəcəkdi. İslam müəllim Elmanın işindən qalmamasını üçün 20 yanvar metrosunun yanında maşını saxlatdı. Buradan Saraya avtobusla gedəcəyini söylədi. Elman atasının xatirini çox istəsə də ona olduqca sərt cavab verdi. Dedi ki, birdən yolda sənə bir şey olar. Onda mən necə yaşayar, necə adamların içərisinə çıxaram. Adamlaran nedə deyə bilərəm: “Mən də oğulam, mən də kişiyəm”. Bilirdim ki, yanında pulu var. Taksi tutub atasını yola salar. Amma, heç vaxt belə bir şey etmirdi. Ataya-anaya özü xidmət, qulluq göstərmək istəyirdi. Həmi də sonadək qulluq göstərirdi.

Bir dəfə onunla Saraya getmişdik. İslam müəllimi dilə tuturdum ki, ya özü xatirələrini yazsın, ya da mən diktafon gətirim, İslam müəllim danışsın, sonra mən diktafondan kağıza köçürtdürüm. Anası, bizə çay gətirmək üçün ayağa durdu. Elman bərk hirsləndi. Durub çayı özü qaynatdı, dəmlədi və əvvəlcə ata –anasına, sonra da mənə və özünə çay süzdü. Anasına dedi ki, sən çay qoyarkən və ya çay gətirərkən tökülər, əl-ayağın yanar. Mən ömrümün axırına kimi vicdan əzabı çəkərəm.

Oğullarını olduqca çox istəsə də, onlara qarşı da tələbkar və sərt idi. Onları sanki cəmiyyətin burulğanı içərisinə atmışdı. Amma, başlı başına da buraxmamışdı. Hər hərəklərini izləyirdi. Xırda məsələlərə əhəmiyyət verməz, çox zaman görməməzliyə vurardı. Vəziyyət ciddiləşə biləcəyini düşünəndə isə sərt reaksiya verərdi. Çoxlu dostu-tanışı olmasına baxmayaraq onlara, övlatdları üçün, öz işi üçün ağız açmazdı. Dostlarına da deyərdi ki, mənə hörmətinizi övladlarımı əzizləməklə deyi, onlara məsləhət vermək, onlara doğru yol göstərməklə bildirin.  Övladlarından da tələb edərdiki həmişə dostlarına sayqı ilə yanaşsınlar və onlardan sui-istifadə etməyə çalışmasınlar. Tez-tez xatırladardı ki, qorxudan kiməsə boyun əyməsinlər. İnsanlara, qohuma, dost-tanışa, ətrafındakılar, iş yoldaılarına da həmişə hörmətlə yanaşsınlar, lazım gələndə dara düşənlərə əl tutsunlar.

Gənclərin gec ailə qurmaları ilə heç cür barışmırdı. Bəzən oturub hesablayırdı ki, hər bir oğlanın üç-beş il gec evlənməsi Azərbaycanda minlərlə qızın dul qalması deməkdi. Həmişiə də özünün həyat yolundan misal çəkərdi. Deyərdi ki, 22 yaşında evləndim, ailə quracağım qızı da ozüm secdim. Amma valideyinlərimlə məsləhətləşməyi də unutmadım.

Oğlanlarında da tələb edirdi ki, vaxtında ailə qursunlar. Bəzən hirslənərək deyərdi: “Vaxtında evlənməsəniz dost tanış mənə deyəndə ki, niyə oğlunu evləndirmirsən onda şadlıq evlərinin birində toy edəcəm, dostlarımı, qohumları da yığacam oraya. Deyəcəm: “Mən oğlumun toyunu etdim. Atalıq borcumu yerinə yetirdim. Həmin vaxta kimi siz özünüzə ömür-gün yoldaşı tapsanız lap yaxşı, gəlib gəlinlə birgə başda oturarsınız, tapmazsınız özünüz bilin”. Elmanın xasiyyətinə bələd idim. Bilirdim ki, dedisə eləyəcək.

Oğlanlarının qız seçməsinə qarışmadığını desə də, sərt tələb qoymuşdu; gərək qızın ailəsi də var-dövləti ilə deyil, cəmiyyətdəki mövqeyi, milli dəyərləri və əməlləri ilə seçilsinlər.

Millətə və vətənə xidməti olan hər bir insana hörmət etməkdən, onların qulluğunda durmaqdan, yardım etməkdən zövq alırdı. Elmanın Məmməd Araza qulluğu dediklərimə gözəl nümunə ola bilər. O, yalnız şan-şöhrətli insanlara deyil, çoxlarının tanımadığı insanlara da qayğı və diqqətlə yanaşırdı. Onlar xəstələnəndə tez-tez baş çəkməyi özünə borc bilirdi. Xüsusən haqsızlıqla sıxışdırılan, vəzifədən çıxarılan insanlarla tez-tez görüşməyə çalışardı,sanki həmin insanların vəzifədə olarkan ətrafında firlanan, özlərini “dost” göstərənlərin boşalmış yerini doldurmaq istəyirdi.

İşinin çox olmasına baxmayaraq həmişə nagıllardakı sehirli Simurq quşu kimi dadıma çatırdı. Bilgisayar almaq lazımdı Elmanı çağırırdım, evdə televizor işləmir Elman özünü yetirirdi, televizoru, məişət avadanlıqlarını dəyişmək, yenisini almaq lazımdı mütləq Elman gələr bizi mağazaya aparardı. Seçmə kömək edər, məsləhət verər, maşınında gətirib evdə qurub gedirdi. Bir devizi də o idi ki, hər şeyin sadəsini düşünmək lazımdı. Sadədən mürəkkəbə doğru getmək lazımdı. Bir dəfə dizüstü bilgisayarım işləmirdi. Onu bir neçə yerdə təmirə versək də “normal işləyir” deyib bizi yola salırdılar, evə gələndə işlədə bilmirdi. Elmanla bilgisayarimi aparıb nörbəti dəfə satış firmasının özünün məsləhət gördüyü təmir ustalarına verik. Onlar düzəltdilər. Biz bilgisayarı geri alanda təmir pulunu da Elman ödədi və birdən ustaya müracətlə: “Bilgisayara elektirik gəlib-gəlmədiyini yoxlayibsanmı, adabdır normal qidaladırırmı?” deyə xəbər aldıqda usta “yox” cavabını verdi. Elman bərk əsəbiləşdi. Bilgisayarı öz adapdırı ilə  elektirikə qoşdurdu. Məlum oldu ki, bilgisayara elektirik gəlmir. Elman ustaya hirslə “Onda sən nəyini düzəldibsən?” dedikdə  o bilmədi nə çavab versin. Çaş başlıqla təmir pulunu Elman qaytardı. Elman daha da hirsləndi və “Mən bu pula görə deyiləm, məni hirsəndirən sənin kimilərinin öz işinə məsuliyyətsiz yanaşmasından adamların vaxtı itməsi, qanı qaralmasıdı!”

Elə oradan yeni bir adapdır alıb bilgisayara qoşdu. Normal işləməyə başladı. Məlum oldu ki, ustalar bilgisayarın içərisində ələşiblər, amma, heş biri öz adapdırını qoşub yoxlamayıblar. Hamısı necə deərlər mürəkkəb işi görməyə çalışıb, sadəsinə diqqət yetirməyib.

İnsanları yaxşılıq, hörmət etməkdən zövq alan elman həmişə xeyir-şərdən, ziyalı toplantılarında, xəstələrə baş çəkməkdən qalmazdı. Ona görə də xəbər tutduqlarımı Elmana bildirərdim. O da gələrək məni maşınında aparar, birlikdə iştirak edərdik, geri qayıdanda da gətirib evimizə qoyardı.

Ağıllı, savadlı, məntiqli, vətənsevər insan görəndə sanki çiçəyi çırtlayırdı. Onlarla söhbət etməkdən doymurdu. Bu xasiyyətini bildiyimə görə Türkiyədən, İrandan, Özbəkistandan, Tatarıstandan, Avropa və Amerikadan qonaqlarım gələndə onunla tanış edirdim. Bu tanışlıqları Elman dostluğa çevirməyi bacarır və davam etdirirdi.

İslamı dərindən öyrənməyə səy edirdi. “Qurani-Kərim”in ayələrinin bir çox təfsiri ilə razılaşmırdı. Özünün maraqlı təfsirləri vardı. “Elman bəy, bunları yaz” deyəndə də, “bir az imkan ver işlərimi qaydaya salım, hamsını yazacam deyərdi”. “Quranı Kərim”də onlarla sözün türk kökənli olduğunu söyləyərdi. Mən isə etiraz edərdim. Fikimi də əsaslandırmaq ücün bu mövzuda yazılmış mütəxəssis məqalələirni qaynaq göstərərdim. Deyərdim ki, orada 3-4 sözün türkcə oldugunu yazırlar. Onda Elman gülə-gülə “Siz qəliblərdən çıxa bilmirsiniz. Onlar da ərəb dilinin 1300-1400 illik tarixinə əsaslanıb yazırlar. Dil dəyişir. Orxan Yensey yazılarına bir bax, bu günkü yazılarımızdan nə qədər fərqlənir. Siz ərəb dilinin 2500-3000 illik tarixində o dilə hansı dillərdən söz keçə bildiyinə nəzər salmırsınız” deyərdi.

 2011-ci ildə Türkiyənin Kahraman Maraş şəhərində Asəfkəflə bağlı bir elmi sempozium keçiriləcəkdi. O sempoziuma mən məruzə hazırlayırdım. Mövzu onun həmişə diqqətində olduğundan birlikə getməyi təklif etdim. İki-üç gün sonra özü bir məruzə özəti – tezis yazıb gətirdi. Göndərdik. Sempoziumun təşkilat komitəsi onun da mənim də özətimi qəbul etdiklərini bildirdi. Məruzəsini hazırlayırdı ki, birlikdə gedək...

Azərbaycanın ictimai-siyasi durumu da, istehsalatı da onu bərk əsəbləşdirirdi. Deyirdi: “Harada görülüb ki, bina tikilə, iş görülüb başa çata, sonra layihə hazırlana?! Belə işlər yalnız bizlərdə ola bilər.” Ürək ağrısı ilə deyirdi ki, Azərbaycandakı qədər işgüzar, bacarıqlı, yeniliyi tez mənimsəyib tətbiq edən insanlar az-az yerlərdə olur. Amma onlara şərait yaratmaqdansa həmişə sıxışdırır, işləməklərinə maneə törədirlər”.

Xarici şirkətlərlə birgə işləyirdi. Dəfələrlə şahidi olmuşdum ki, onların mütəxəssisləri ilə mübahisədə Elman haqlı çıxmışdı. Ona öncə yuxarıdan aşağı baxanlar sonra üzr istəməli olmuş, yanıldıqlarını etiraf etmişdilər.

Anarın “Gün keçdi” əsərinin qəhramanı Oktay “Günəş evi” tikməyi layihələşdirdiyi kimi Elman da Bakıda avtomatikanın son nailiyyətlərindən sitifadə edərək “Ağıllı ev”in layihəsini hazırlayırdı. Nə yazıq ki, nə cəmiyyət, nə də əcəl ona düşündüklərinin, reallaşdırılması mümkün olan işlərin yüzdə birini belə həyata keçirməyə imkan vermədi.

11.12.2011

Çap olundu: Elman Əliyev, Elman:olduğu və göründüyü kimi, “Nərgiz” nəşriyyatı, Bakı, 2012, səh.231-239.

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol