Ömər Aliylani

Ömər Aliylani

Türk Dünyasının Məşhurları-11

Qaraçayların görkəmli siyasi xadimi, dövlət adamı və ədibi Ömər Aliylaninin ömür yolu və yaradıcılığı Əli Şamil

Göndərmə 6/1/2012 11:03:57 AM UTC

Güncəlləmə 6/1/2012 11:14:12 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=440c9db6-4ea1-4258-b2aa-7700e37a7773

Onun adı, ata adı və familyası ərəb əlifbası ilə yazıldıqda ortaya elə bir problem çıxmır. Lakin bu insanın adını və soyadını oxuyub kiril, latın əlifbaları ilə, yaxud rus dilində yazdıqda fərqliliklər meydana çıxır. Buna görə də onun adının Ömər, Omar, Umar kimi, soyadının Əliyev, Aliyev, Aliylani, ata adının isə Caşuv ulu, Çaşuv oğlu, Çaşuvoviç kimi yazılmış şəkillərinə tez-tez rast gəlmək olur. Biz isə onu Azərbaycanda yazıldığı və oxunduğu kimi verəcəyik.

Ömər Caşuv ulu Əliyev–Aliylani 1895-ci il avqustun 25-də Rusiya İmperiyası Kuban qu¬berniyasının Kart Curt kəndidində doğulub. Rusiya işğal etdiyi Qafqazda 30 ilə yaxın müridizm hərəkatına qarşı mübarizə apadıqdan sonra bu yerlərdə öz idarəçiliyini qursa da köhnə qaydaları tam aradan qaldıra bilmir. Hökumətin açdığı Avropa tipli məktəblərlə yanaşı, keçmiş mollaxanalar, mədrəsələr, hökumət məhkəmələri ilə yanaşı, şəriət məhkəmələri və s. davam edir.

Ömər Caşuv oğlu ilk təhsilini 1902-1904-cü illərdə Kart Curt kəndidindəki mollaxanada alır. Sonra təhsilini davam etdirmək üçün Malkardakı Köndə¬lən kəndinə gedərək oradakı mədrəsə tipli məktəbdə 1907-1912-ci illərdə oxuyur. Burada Quran oxumaq, islam elmlərini öyrənməklə yanaşı, ərəb və fars dillərini də öyrənir. İslam dinini daha dərindən öyrənmək arzusuyla yaşayan gənc Ömər Dağıstan'ın Temirhanşura (bugünkü Buynakskiy) şəhərinə gələrək 1912-1914-cu illərdə burada oxuyur.

Təhsilini Qa¬hirədə davam etdirməyi planlayan Ömərin Misirə geməyə, orada təhsilini davam etdirməyə maddi imkanı olmayıb. Bölgədə ona yardım edəcək elə bir imkanlı adam tapılmır.

Gənc Ömər istəklərini reallaşdırmaq üçün dövrün gündən-günə inkişaf edən, neft sənayesi mərkəzi kimi tanınan, minlərlə Qüzey Qafqazlıya da iş yeri olan, ailəsinə yaşamaq imkanı qazandıran Bakı şəhərinə gəlir. Burada işləyib pul qazandıqdan sonra Qahirəyə getməyi planlayır.

Ömər Əliyev Bakı dəmiryolunda və neft mədənlərində fəhlə işləyir. Dünyagörüşündə dəyişiklik də Bakıda baş verir. Həmin illərdə Bakıda sosialistlərin müxtəlif dərnəkləri fəaliyyət göstərdiyindən, qəzet və jurnalları nəşr olunduğundan azsavadlı, haqsızlıqdan, zülmdən, qanunsuzluqdan cana doymuş gənclər böyük həvəslə sosialistlərə qoşulurdular. Sosialistlərin monarxiyanı devirmək, insanların dinindən, dilindən, zümrəsindən asılı olmayaraq aralarında bərabərlik yaradacaqları, sosial ədalətə nail olacaqları haqqında söylədikləri fikirlər gənc Ömərə də çox inandırıcı gəlir. Onlarla bir sırada dünyanı zülmdən, ədalətsizlikdən qurtarmaq istəyiylə mübarizəyə atılır.

Odur ki, Qahirəyə getmək fikrindən daşınır. Sosialistlərlə sıx əməkdaşlıq etməklə yanaşı, öz üzərində çalışır. Dağıstanın inzibati və mədəni mər¬kəzi olan Teymurxanşurada imtahana girərək rəsmi dövlət məktəblərində müəllim işləmək hüququ verən diplom alır. 1915-ci ildə qumuqların yaşadığı Qumtorqala kəndində müəl¬¬lim işləməyə başlayır. O, burada uşaqlara dərs deməklə kifayətlənmir, kəndlilər arasında təbliğat aparıb, onları sosialistlərin mövqeini müdafiə etməyə həvəsləndirir. 1915-1916-cı illərdə Dağıstanda və Azərbaycanda ərəb dili və ədəbiyyatı müəllimi işləyən Ömər Əliyev 1916-ci ildə Tiflisə işləməyə gedir. Orada Azərbay¬can türkcəsində cap olunan qəzet və jurnallara dağlı xalqların həyatından bəhs edən məqalələr yazır.

Tiflisdən də Ufa şəhərinə gedən Ömər Əliyev oradakı Osmaniyə mədrəsəsində ərəb və türk dillərindən dərs deməklə yanaşı, gizli siyasi fəaliyyət də göstərir. Ufadakı müsəlman müəllimləri birliyinin, son¬ra Rusiya Müsəlman Müəllimləri Birliyinin sədri, Kazanda tatar türkcəsində çap olunan “Ukutuvcu”(oxuducu-müəllim) jurnalının baş redaktoru vəzifələrinə yüksəlir.

1917-ci ilin dekabrında rəsmi olaraq Rusiya Kommunist (bolşeviklər) Parti¬yasına üzv qəbul edilmiş Ömər Aliylanini ağqvardiyaçılara qarşı savaşa göndərilir. O, istər bir döyüşçü – komandir kimi, istərsə də əsgəri birliklərdəki türkdilli xalqlar arasında apardığı təbliğatçılığa görə kommunist rəhbərlərinin diqqətini özünə çəkə bilir. Məhz buna görə də dünyada daha çox Stalin kimi tanınan İosif Cuğaşvili onu 1918-ci ildə öz yanına, Rusiya Millətlər Ko¬missarlığında işə gətirib.

Lakin onu mərkəzi aparatda çox saxlamayıb, gah Krıma, gah da Quzey Qafqaza ağqvardiyaçılara qarşı döyüşə göndərirlər. Ömər Aliylani bölşeviklərə o qədər inanıb ki, onların tapşırığı ilə 1918-ci ildə Quzey Qafqazda yaradılmış milli dövlətin devrilməsi üçün əlindən gələni əsirgəmir.

1919-cu ilin avqustunda Sovetlərin xüsusi xidmət orqanlarının tapşırığı ilə gizli şəkildə Gürcüstana və Azərbaycana gedir. Orada şəxsi tanışları olmasından istifadə edərək tapşırıqları yerinə yetirir. Rusiyanın güney bölgələrini, Quzey Qafqazı işğal edən Sovet orduları bölgədə hakimiyyətlərini möhkəmlətmək üçün Ömər Aliylani kimilərindən məharətlə istifadə edir. Onu yeni yaradılmış Qaraçay İnqilab Komitəsinə sədr təyin edirlər.

1921-1923-cü illərdə inqilab ko¬mitəsinin sədri işləyən Ömər Əliyevin ictimai-siyasi işlərə başı qarışdığından bədii yaradıcılığa vaxt ayıra bilməsə də, bu sa¬hədə çalışanları istiqamətləndirir, milli kadrlar hazırla-nma¬sına böyük qayğı göstərir. Rəhbər vəzifədə işləsə də, istədiklərini həyata keçirə bilmir. Yuxarıların verdiyi əmrlərin çox vaxt xalqının zərərinə olduğunu görüb onları yerinə yetirmir. Buna görə də vəzifəsindən uzaqlaşdırsalar da, başqa vəzifələr verirlər.

Müxtəlif rəhbər vəzifələrdə işləyən Ömər Aliylani həmyer¬li¬ləri Kərim Mametbekov, Nana Tokov, Abdulkerim Xubuyevlə birlikdə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak edir. Bu qurultay sanki onlara fəaliyyət proqramı vermiş, o, harada yaşamasından və hansı vəzifədə işlə¬mə¬sindən asılı ol¬mayaraq həmişə xalqının sabahını düşün¬ür.

SSRİ-də yaşayan türk xalqları üçün latın qrafikalı vahid əlif¬banın yaradılmasında xidmətləri böyük olur. “Birlikdə-tirilik” dərslik-müntəxəbatını, “Qaraçay-balkar dili¬nin qrammati¬kası”, “Rusca-qaraçay-balkarca sözlük”, “Qaraçay-balkarca-rus¬ca sözlük”, “Rusca-qaraçay-balkarca termino¬loji sözlük” kitablarını nəşr etdirib, dövri mətbuatda da onlarla elmi-publisistik məqaləni çap etdirir.

Azərbaycanla və Azərbaycan aydınları ilə sıx əlaqədə olan qaraçay-malkar ədəbiyyatının inkişafına, dilinin zənginləşməsinə güclü təsiri olan şəxsiyyətlərdən olan Ömər Aliylanini tərəfdarlarından ayırmaq üçüm Moskvaya rəhbər işə aparırlar. O, istər Qaraçayda, istərsə də Moskvada işləyərkən aldadıldığını başa düşür. SSRİ-də yaşayan türk-müsəlman xalqlarının ziyalıları və rəhbər vəzifələrdə işləyənlərlə danışaraq gizli təşkilat qururlar. Onlar SSRİ-dən ayrılmaqla Vahid Türk Tatar Dövləti qurmaq istəyirlər. Bu təşkilatın fəal üzvlərindən biri də Ömər Aliylani olur. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivindəki istintaq materiallarında onun da adı tez-tez çəkilir.

Bəkir Çobanzadənin həbsindən sonra SSRİ-dən ayrılaraq Vahid Türk Tatar dövləti qurmaq istəyən gizli təşkilatın üzvlərinin kütləvi həbsinə başlanılır. 1937-ci ilin iyunun 24-də Ömər Əliyev də Moskvada vəzifə başında həbs edirlər. Uzun sürən istintaqdan sonra kommunizm qurmaq adı altında xalqlarını yenidən Rusiya müstəmləkəsinə salmış yüzlərlə insan kimi Ömər Əliyev də güllələnir.

Uzun illər onun adının çəkilməsi və əsərlərinin oxunması qadağan edilir. Sovetlər Birliyi çökdükdən sonra yenidən Ömər Əliyev (Aliylaninin) həyat və yaradıcılığının öyrənilməsinə maraq artır. Adının əbədiləşdirilməsi üçün xeyli iş görülür.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=