Üzeyirbəy Hacıbəyli

ÜZEYİR HACIBƏYLİ

 

Türk Dünyasının Məşhurları 34

Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyirbəy Hacıbəylinin ömür yolu və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 25.09.2010 08:22:53 UTC

Güncəlləmə 25.09.2010 08:22:53 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=266b5f58-bfdd-4120-b200-a42c6b06ce84

Hər il sentyabrın 18-də Azərbaycan radio və televizyalarında bütün gün boyu Üzeyir bəyin əsərlərini səsləndirmək və göstərmək bir ənənəyə çevrilib. Çünki həmin gün böyük ürəkli vətandaş, bəstəkar Üzeyir bəyin doğum günüdür.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (Hacıbəyov) 1885-ci ildə anadan olub. Musiqi beşiyi kimi tanınan Şuşada boya başa çatır. İlk musiqi müəllimi də Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olur.

Kiçik Üzeyir Şuşadakı ikisinifli rus-tatar məktəbini bitirdikdən sonra valideyinləri onu Qori Müəllimlər Seminariyasında oxumağa göndəriblər. Zaqafqaziyada yerli məktəblər üçün kadr hazırlayan bu təhsil ocağı məzunlarının cəmiyyətdə tutduğu mövqeyə görə böyük şöhrət qazanır.

1899-1904-cü illərdə Qori Seminariyasında oxuyan Üzeyir özünün gələcəkdə tanınmış bir şəxsiyyət olacağını görürdü. Milliyətcə Rus olan müəllimləri isə gənc Üzeyirin bu hərəkəətlərindən heç də xoşlanmırdılar və ona inamsız yanaşırdılar.

Seminariyasında ədəbiyyat, tarix, riyaziyyat, coğradiya və b. dərslərlə yanaşı tələbələrə nəğmə dərslərində musiqi alətlərində çalmağı da öyrədirdilər. Üzeyir bu imkandan istifadə edərək skripka və baritonda çalmağı öyrənir.

Rus dili və təhsil proqramı əsasında Avropa mədəniyyətiylə də yaxından tanış olan Üzeyir Avropa musiqi klassiklərinin əsərlərini, xalq mahnı nümunələrini nota köçürməyi də burada öyrənir. Onunla bir sinifdə oxuyan Qüzey Qafqazın Qroznı şəhərindən gəlmiş Müslüm Maqomayelə dostlaşır. Hər iki dost Tiflisə gəzməyə gedərkən tatar ziyalılarından olan Teroqulovlarla tanış olurlar. Bu tanışlıq sonradan qohumluğa şevrilir. Terequlovlar ailəsinin kürəkəni olurlar.

Üzeyir seminariyanı bitirdikdə, yəni 1904-cü ildə onu Cəbrayıl qəzasının Hadrut kəndində müəllim işləməyə göndəriblər. Millətinin maariflənməsi, vətəninin Rus işğalından azad olmasi üçün daha səmərəli işlər görmək arzusuyla yaşayan gənc Üzeyir sürətlə inkişaf edən neft Bakısına gəlir. Bakıda Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində müəllim işləməyə başlayır. Müəllim işləməklə yanaşı "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər çap etdirir. Onun gənclik illərində millətini qəflət yuxusundan ayıltmaq məqsədilə yazdığı publisistik məqalələrin bir çoxu bu gün də aktuallığını itirməyib. Üzeyirbəy sonrala musiqi yaradıcılığı ilə məşğul olmasaydı belə 1905-1920-ci illərdə yazmış olduğu məqalələrilə publisistikamız və ictimai fikir tariximizdə qalacaqdı.

22 yaşlı Üzeyir 1907-ci ildə Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti" kitablarını nəşr etdirir.

1908-ci il yalnız Üzeyirbəyin həyatında deyil, Azərbaycanın müsiqi həyatında bir dönüş nöqtəsinə çevrilir. Yanvarın 12-də akademik musiqi təhsili görməmiş Üzeyirbəyin muğam əsasında yazdığı "Leyli və Məcnun" operası Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilir. Bununla da müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Üzeyirbəy operanın librettosunu Füzulinin eyni adlı poeması, musiqisini isə muğamlar və xalq mahnıları əsasında yazır. Üzeyirbəyin bu təşəbbüsü heç də birmənalı qarşılanmır. Dövrü mətbuatda onu kəskin tənqid edən məqalələr, karikaturalar çap olunur. Lakin Üzeyirbəy ruhdan düşmür. 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operalarını yazaraq səhnəyə qoyur. Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında isə ilk dəfə muğamatla bərabər aşıq musiqisindən də istifadə edir.

Üzeyirbəy Azərbaycanda musiqili komedya və operettanın da əsasını qoyur. Liberettosunu da özünün yazdığı "Ər və Arvad", "O olmasın, bu olsun"(Məşədi İbad) operettaları 1910-1911-ci illərdə səhnəyə qoyulub. Hər iki əsər tamaşacılar tərəfindən böyük məhəbbətlə qarşılanır .

Üzeyirbəy musiqi təhsilini artırmaq üçün 1911-ci ildə Moskvaya gedərək filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyur. Peterburqda musiqi təhsilini təkmilləşdirərkən ona dünya şöhrəti qazandıran "Arşın mal alan" musiqili komediyasını yazıb. Hacıbəylinin "Arşın mal alan" operettası 50-dən çox dilə çevrilmiş və onu bir neçə dəfə ekranlaşdırmışlar.

Azərbaycan Xalq Cümhuriyyətini qurulmasında fəal iştirak edən Üzeyir Hacibəyli hökümətin ən nüfuzlu qəzeti “Azərbaycan”a redaktorluq edib. Xalqı işğalçılara qarşı mübarizəyə səsləyən məqalələrini bir çoxunu da bu qəzetdə çap etdirir.

Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra Üzeyir Hacıbəyliyə rəsmi dairələrdə münasibət pisləşsə də onu əvəz edəcək kadr da tapa bilməyirlər. Yeni hökümət işlərini qaydaya salanadək keçmiş kadrlardan istifadə etmək məcburiyyətində idi. Üzeyirbəy bu çətin şəraitdə də vətəninə və xalqına bacarıqla xidmət edərək 1921-ci ildə Azərbaycan Dövlət Türk Musiqi Məktəbini, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi təşkil edir. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyən Üzeyirbəy 1927-ci ildə bacanağı, “Şah İsmayil” və “Nərgiz” operalarının müəllifi Müslüm Maqomayevlə birgə “Azərbaycan Türk el nəğmələri" məcmuəsini çap etdirir. 1931-ci ildə yaradılan Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri də Üzeyirbəyin səmərəli və uzaqgörən fəaliyyətinin nəticəsi idi.

Sovet dövründə Ü.Hacıbəyli bəstəkarlıqdan daha çox elmi-pedaqoji fəaliyyətlə məşğul olur. “Koroğlu” operası ona nəinki böyük nüfuz qazandırır, həm də bəstəkarı 1937-ci il repressiyasından qurtarır.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Üzeyir bəy ilk dəfə klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələrivə s.yaradır. Bəstəkar "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olur.

Bəstəkarı 1935-ci ildə Azərbaycan Əməkdar İncəsənət Xadimi, 1938-ci ildə SSRİ Xalq Artisti adına layiq görüblər. 1941 və 1946-cı illərdə SSRİ Dövlət Mükafatı Laureatı olur.

1940-cı ildə elmi-pedaqoji fəaliyyətinı görə professor seçilən Üzeyir Hacıbəyli 1945-ci ildə yeni yaradılan Azərbaycan Elmlər Akademiyasının akademiki və akademyanın İncəsənət İnstitutunun direktoru təyin edilir.

1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunan Üzeyirbəyi keçmişdəki ictimai fəaliyyətinə görə vəzifədən uzaqlaşdırsalar da 1939-cu ildə yenidən həmin vəzifəyə bərpa edilir və ömrünün sonunadək də orada işləmişdir.

Üzeyir bəy Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdi. Ömrünün son illərində yazdığı “Azərbaycan xalq musiqisinin əsasları” kitabı yalnız Azərbaycanda deyil, Yaxın Şərqdə bu mövzuda yazılmış dəyərli tədiqatdır. O, bu əsəri və məqalələrilə müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuşdur.

YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi beynəlxalq miqyasda qeyd edilmişdi.

Bəstəkarın qardaşları Zülfüqarbəy bir neçə opera və operetta yazmış, Ceyhunbəy isə ictimai siyasi fəaliyyətinə görə Parisdə mühacir həyatı yaşamağa məcbur olmuşdur.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol