2. Osman Batur


 O S M A N   B A T U R

Türk Dünyasinin Məşhurları 2

 

Şәrqi Türküstan Türklәrinin yetirdiyi böyük qәhrәman oğlu Osman Batur; O, yalnız öz adını deyil doğulduğu Altay vilayətindəki Göy Toğay bölgəsindəki Öndir Qara kəndini də məşhurlaşdırmışdır.../ Əli Şamil

 

Göndərmə 1/18/2010 1:45:27 PM UTC

Güncəlləmə 5/24/2010 8:52:04 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=df02b812-8443-4148-8284-f014dd46cd88

Osman Baturla təkcə doğulub boya-başa çatdığı bölgənin sakinləri deyil Türk Dünyasının vətənpərvərləri həmişə qürur duyub vә duyur. O, yalnız öz adını deyil doğulduğu Altay vilayətindəki Göy Toğay bölgəsindəki Öndir Qara kəndini də məşhurlaşdırmışdır. Altay Çin və Rus işğalçıları arasında bölündüyündən orada yaşayan Türklər də müxtəlif işğalçı dövlətlərin hakimiyyəti altında yaşamağa və onların haqsızlığına qarşı mübarizə aparmağa məcbur olublar.

Osman 1899-cu ildə ortabab əkinçi olan İslam kişinin ailəsində doğulmuş və ilk təhsilini din xadimi olan babasının kənddə açdığı ibtidai məktəbdə almışdır.

Balaca Osman mollaxanada oxumaqla yanaşı gününün çoxunu at belində keçirmiş, kiçik yaşlarında silahdan istifadәni, ov etməyi öyrənmişdir. Xatirələrdə onun 10 yaşında ikən usta bir minici və mahir bir ovçu olduğu söylənilir. Qaynaqlar isə Osman İslam oğlunun gənc yaşlarında qaçaq Zuvka Baturu böyük məhəbbətlə sevdiyini və dəfələrlə onunla görüşdüyünü, onun yanında igidlik məktəbi keçdiyini xəbər verir. Kasıbların, yoxsulların haqqını müdafiə edən, zalımlara, zülmə qarşı savaşan Zuvka Batur Çin işğalçılarının canına vəlvələ salırmış. Onu döyüş meydanında məhv edə bilməyən hökumət məmurları hiylə ilə ələ keçirə bilirlər. Xalq arasında böyük nüfuz qazanmış Zuvka Baturun 1930-cu ildə qəddarlıqla qətlə yetirilməsi Osmanı sarsıdır və Çin hakimiyyətinə qarşı nifrətini coşdurur.

1940-cı ildə Çin hökumət məmurları məscidlərə basqınlar edir, Quranı-Kərimi ayaqlar altına və ya oda atır, bununla da xalqın heysiyyatını tapdalayırdı. Rus və Çin işğalçılarının bir-birindən o qədər də seçilməyən müstəmləkəçilik siyasəti yerli xalqların qəzəbini artırırdı. Xalq üsyanlarının baş verəcəyini aydın görən hökumət məmurları əhalidə olan ov tüfənglərini belə alırdı.

Belә bir atmosferdә Osmanın atası və ailəsindən bəzi kişilər, qohumları, kəndliləri silahlarını Çin əsgərlərinə təhvil verməli olurlar. Ömrü boyu kənddə yaşayan, əkin-biçinlə ailəsini dolandıran, heç bir hərbi təlim görməyən Osman bəy isə; “ Bu gün silahımızı alanlar, sabah canımızı da alarlar, mən silahımı Çinlilərə vermərəm, gücləri çatır, gəlib alsınlar!” deyir və dağlara çəkilir. Onun fikrinə şərik çıxan və ona ilk qoşulan dostu Süleyman və böyük oğlu Şerdiman olur.

Silahını Çinlilərə təhvil verən qoca İslam kişi oğluna tutduğu yolda xeyir- dua verir və oğlunu qoruması üçün Allaha dua edir. Anası Ayça xanım isə: “Mən oğlumu bu günlər üçün doğdum. Çinlilər əsirlərdir qoyun boğazlayan kimi biz öldürür. Bizim canımız, bizdən öncə ölənlərin canından daha qiymətli deyildir. Bizdən sonrakıların yaşaması üçün oğlum, mən digər uşaqlarım də ölməyə hazırıq !” deyir.

Qısa zaman içərisində Osman bəyin ətrafına Zelebay Telci, Nurgocay Batur, Kâseyin Batır, Canım Xan Hacı, Süleyman Batır, Musa Mergen Aktepe, Sulibay, Ökürbay, Nogaybay, Ahid Hacı, Xәlil Teyci, Qaraqul Zalin və başqaları qoşulur. Göstərdiyi hünər və cəsarətә görə xalq onu Osman Batur deyә çağırmağa başlayır.

Soydaşlarına nisbətən uca boylu olan Osman Batur iri gövdəli bir pəhlivanmış. Qısa və kalın boynu, qara saçları, yarı qapalı kimi görünən qıyıq gözləri olan, çatmaqaşlı, çox az danışan Osman Batur həyatını xalqının azadlığına həsr etmişdir.

Osman Batur və silahdaşları 1941-ci ilin oktyabrından 1943-cü ilin iyulunadək Çin hökumətinə qarşı partizan müharibəsini davam etdirirlər. 1943-cü ilin iyulun 22-də Altay işğalçılardan təmizlənir və orada müvəqqəti xalq Cümhuriyyəti qurulur. Osman Batur bu hökumətin rəhbərliyinə seçilir. 1944 – 1945-ci illərdə Tanrı Dağlarının quzeyindəki Doğu Türkistanın Qazaxlar yaşayanı bölgələri də Çin istilasından qurtarır. 1945-ci ilin oktyabr ayından 1947-ci ilin fevralına qədər üç vilayətdən ibarət Doğu Türkistan Hökumət yaradılır. Osman Batur bu hökumətdə Altayın valisi, sonra isə 1949-cu ilin oktyabrınadək Doğu Türküstan Cümhuriyyəti koalisiya hökumətinin əsas üzvlərindən biri olmaqla yanaşı Altay Valiliyini də yerinə yerinə yetirir.

Osman Batur rəsmi hökumət vəzifələrini yerinə yetirəndə də silahını yerə qoymur, işğalçılara qarşı döyüşlərdə fəal iştirak edir. Sovetlər Birliyindən yardım alan Çin hökuməti nizami ordu yeridərək Doğu Türkistanın vilayətlərini işğal etməyə başlayır. Osman Batur döyüş dostları ilə birlikdə sayca onlardan 10 qat çox olan Çin ordusuna ağır zərbələr endirsə də hərbi sursat çatışmazlığından Kamambal Dağına çəkilmək məcburiyyətində qalır. 1950-ci ilin noyabrında Çin ordusu son həmləyə keçir. Hərbi sursatları qurtardığından və yolları qar-buz bağladığından Osman Batur və döyüş dostları mühasirəni yara bilmirlər.

Çin hakimiyyət orqanlarının qurduğu oyuncaq məhkəmə, xalqının azadlığı uğrunda mübarizə aparmış, dəfələrlə ölümlə üzləşmiş qəhrəmanı ölümə məhkum edir. 1951-ci ilin aprelin 19-da keçirilən son məhkəmə iclasında ona ölüm hökmü oxunanda Osman Batur son söz olaraq deyir. “-Mən can verə bilərəm. Millətim isə dünya durduqca işğalçılara qarşı mübarizəni davam etdirəcəkdir”.

Çin Hökümətinin oyuncaq məhkəməsinin çıxardığı hökm 1951-ci ilin aprelin 29-da Urumçidə yerinə yetirilir.

Çin cəlladları Osman Baturu güllələsələr də bununla ürəkləri soyumur. Onun qardaşı Delilxan İslâmoğlunu da güllələyirlər. Bu azmış kimi 18 yaşındaki qızı Kabiyranı, 14 yaşındakı oğlu Baybollanı, anaları Mameyin gözləri önündə doğrayırlar. 11 yaşındaki oğlu Kariy və 9 yaşındaki qızı Sapiyan diri-diri 20 metr dərinliyindəki quyuya atılır. Övladları, gözü qaşısında işgəncə verilərək öldürüldükdən sonar Mamey xatun ağlını itirir. Çin cəlladları əhalinin gözünü qorxutmaq üçün ağlını itirmiş qadını da çaya atırlar.

Osman Baturun Şerdiman, Nimetullah ve Nebî adlı oğulları ataları şəhid edildikdən sonra da partizan müharibəsini davam etdirsələr də istədiklərinə nail ola bilmirlər. Qadağalara, hədәlərə baxmayaraq xalq həmişə onların ömür yolunu ehtiramla yad edir.

2009-cu ildə bir qrup çinlinin Urumçidə törətdikləri vəhşiliyə qarşı xalq ayaqlandı. Bu toqquşmada Osman Batur və onun silahdaşlarının adı tez-tez xatırlanmağa başlandı. Bu bir daha onu göstərdi ki, Osman Baturu Çin cəlladları məhv etsələr də onun arzularını məhv edə bilmədilər.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=