3. Şakir Səlim

Türk Dünyasının Məşhurlar 3

 Şakir Selim (1942-2008)  (tatar. Шакир Селим (Салимов); tür. Şakir Selim, rus. Шакир Селим (Салимов)   (شاکیر سلیم  https://ali-shamil.tr.gg/3-.--%26%23350%3Bakir-S%26%23601%3Blim.htm

Şakir Səlim; Görkəmli Kırım tatar şairi, ictimai xadim, tərcüməçi Şakir Səlim 1942-ci ilin nisan ayının 10-da Kırımın Ağşeyx rayonundakı Böyük As kəndində doğulmuşdur. Ailənin 8-ci uşağı olan Şakir 2 yaşı tamam olmamış, yəni 1944-cü ilin mayın 18-də xalqı ilə birlikdə Ural dağlarına, oradan da Türküstana, indiki Özbəkistan cümhuriyyәtinin Cambay rayonuna sürgün edilmişdir / Əli Şamil

 

Göndərmə 1/18/2010 1:50:13 PM UTC

Güncəlləmə 1/18/2010 1:53:36 PM UTC

www.trtazerbaycan.com

        http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=d83832ea-0254-40dd-ac98-7218e19f9761

 



Görkəmli Kırım tatar şairi, ictimai xadim, tərcüməçi Şakir Səlim 1942-ci ilin nisan ayının 10-da Kırımın Ağşeyx rayonundakı Böyük As kəndində doğulmuşdur. Ailənin 8-ci uşağı olan Şakir 2 yaşı tamam olmamış, yəni 1944-cü ilin mayın 18-də xalqı ilə birlikdə Ural dağlarına, oradan da Türküstana, indiki Özbəkistan cümhuriyyәtinin Cambay rayonuna sürgün edilmişdir. Sürgün həyatının acılarına dözməyən anası 7 yaşlı Şakiri əzabların ixtiyarına buraxıb dünyasını dəyişib. Şakir kiçik yaşlarından yetimliyin acısını dadsa da, ruhdan düşmәyib. Özbəkistanın Cambay rayonunda yaşadıqları zaman da, Səmərqənd şəhərinə köçdükdən sonra da oxuduğu məktəbin əlaçı şagirdi kimi tanınıb və 1958-ci ildə orta məktəbi bitirib.

Onun gəncliyi Sovetlərdə bir dəyişiklik dönəminə düşür. Sov.İKP XX qurultayında Sovet rejiminin nöqsanlarını İ.Sitalinin adına yazmaqla çökməkdə olan hökumətin ömrünü uzatmağa çalışırlar. Sürgün olunmuş xalqların bəzilərinə, çeçenlərə, inquşlara, qaraçaylara, balkarlara vətənə dönmək üçün icazə verirlər. Kırım tatarlarına, axıska Türklərinə və b. isə vətənə dönməyə icazə verilmir.

Şakir Səlim əsgərlikdəykən yazdığı “Annem” şeirini o zaman Sovetlər Birliyində Kırım tatarcasında yeganə mətbuat orqanı olan “Lenin bayrağı” qəzetinə göndərir. Yeddi yaşında itirdiyi anasına həsr etdiyi bu şeir 1963-ci ildə çap olunur. Bununla o mətbuat aləminə qədəm qoymuş olur. Әsgərlikdən sonra Şakir Səlim Səmərqənd Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə qəbul olunur.

Şakir Səlimin “Lenin bayrağı” qəzetində və “Yıldız” jurnalında çap etdirdiyi şeirləri və A.S.Puşkindən, M.Lermontovdan, A.Tvardovskidən, T.Şevcenkodan etdiyi tərcümələr oxucuların diqqətini cəlb edir. Şakir Səlimin Çərkəz Əli ilə birlikdə Həmid Qulamın “Əbədilik” romanını çevirərək 1981-ci ildə nəşr etdirməsi onun bir tərcüməçi kimi püxtələşdiyindən xəbər verir.

1972-ci ildə Daşkənddə "Ağ bardaq" adlı şeir kitabı çap olunan Şakir Səlimin 1979-cu ildə "Duyğularım", 1981-ci ildə "Sevgi alovu”, 1986-cı ildə "Oyanış",1990-cı ildə "Ellərini dinlə" və 1997-ci ildə "Düşüncə"adlı şeir kitabları işıq üzü görür.

”Düşüncə” kitabına adını verən şeir, şairə 1996-cı ildə Ankarada peyğəmbərimiz Məhəmməd əleyhisalamın mövludu günü münasibətilə keçirilən “Qutlu doğum həftəsi” müsabiqəsində birinci mükafatı qazandırmışdır.

Sərt Sovet senzurasının təzyiqi altında olan Kırım tatar şairlərinə vətənpərvərlik mövzusunda yazmaq, sürgünü xatırlamamaq, Kırımın, Qara dənizin və qoyub gəldikləri yer-yurd adlarının çəkilməmәsi tapşırıldığından onlar fikirlərini bəzən mücərrəd, bəzən eyhamla çatdırırdılar. Onlar sanki soydaşlarını səbirli olmağa, güclərini qarşıdakı mübarizəyə saxlamağa çağırırdılar. Şakir Səlimin fikrincə, ömür bitməyən maneələri şərəflə keçdikdə mənalı olur. Şairin “Yıldız” jurnalının 1986-cı ilin 6 sayında çap olunan “Var gücnən” publisistik poemasında böyük bir hadisə kimi qarşılanır. Qaranquş yazın gəlişinin xəbərçisi olduğu kimi bu poema da Kırımlıların sürgünlük faciəsi üzərindən qadağanın qalxdığından xəbər verir.

Şakir Səlim 1989-cu ildə Kırıma qayıtdıqdan sonra daha çox ictimai işlərlə məşğul olur, soydaşlarının Kırıma dönmələri üçün əlindən gələni əsirgəmir, sürgündən qayıdanların yerləşmələrinə, özlərinə təsərrüfat qurmalarına mane olmağa çalışan hökumət məmurlarına, rusların faşistpərəst qüvvələrinə qarşı durur. Bir sözlə harada boşluq görürsə özünü oraya atır. Ana dilində yeni fəaliyyətə başlayan teatrın repertuarının zənginləşməsi üçün Şeksprin “Maqbet”, N.Qoqolun “Evlilik”, Mustay Kərimin “Ay tutulan gecə” əsərlərini tərcümə edir.

Sovetlər Birliyinin zülmünü unuda bilməyən şair şeirlərində xalqı ayıq-sayıq və mübariz olmağa çağırır. Elə buna görədir ki, şairin “Bağçasaray”, “Vətənsiz keçməsin sənin bir günün”, “Vətən və şeiriyyət”, “Kırımnamə”, “Kırım cənnət deyil dostlar” və b. əsərləri az zamanda soydaşlarının dillər əzbəri olmuşdur.

Qoyub getməyə məcbur olduqları şəhər və kəndləri əvvəlki görkəmində görməyən şair ürək giziltilərini oxucusuyla bölüşsə də gələcəyə nikbin baxır.

Şairləri bir-birindən min kilometrlərlə məsafə, yüzilliklər ayırsa da yaşın və yaşadıqları zəmanənin təsiri altında eyni hissləri keçirimlərində şeirlərinin mövzusunda, hətta bəzən ifadələrində də bir yaxınlıqla rastlaşırıq. Şakir Səlimin “Olmadı” şeirini oxuyanda yada 18-ci yüz ildə yaşamış Molla Pənah Vaqifin “Görmədim” müxəmməsi düşür. Sarayda vəzir olan şairin dolanışığı çoxundan yaxşı olsa da o da zəmanəsindən şikayətlənmişdir. 66 illik ömrünün 46 ilini sürgündə yaşayan Şakir Səlim də zəmanəsindən gileylənərkən Molla Pənah Vaqifin çağdaşı Kırımlı Aşıq Umerin –Ömərin misrasını epiqraf kimi istifadə etmişdir.

İçtimai şeirlərlə yanaşı gözəl lirik şeirlər də yazan Şakir Səlimın əsərlərinə musiqi yazılmışdır.

Həmişə dilin təmizliyi uğrunda mübarizə aparan, ana dilini kiçik yaşlarından öyrənilməsi üçün tədris müəssisələri yaradılmasına çalışan şair həm də gənc şair və yazıçıların ustalığının artması üçün əlindən gələni əsirgəməmişdir. Odur ki 1992-ci ildə Kırımda keçirilən qurultayda Şakir Səlim Kırım Tatar Yazıçılar Birliyinin sədri seçilir və “Yıldız” jurnalına redaktor təyin edilir.

Xalq ona böyük etimad göstərərək Kırım Tatar Xalq məclisinə üzv seçmişdi. O da seçicilərinin etimadını doğrultmaq üçün nəinki yerli hakimiyyət orqanlarında çalışan məmurlarla, hətta Rusiyanın və Ukraynanın hökumət rəhbərləri ilə qarşı-qarşıya gəlmişdir. Kırım tatarlarının vətənə dönməsinə yardım üçün beynəlxalq təşkilatların ayırdığı yardımı yerli məmurlar Gözlevə və Kefe şəhərlərindəki traleybus parklarının təmirinə və yenidən qurulmasına xərcləyəndə səsini ucaldan, etirazını bildirənlərin önündə Şakir Səlim də olmuşdur. Yol məsrəflərini ödəyə bilmədiklərindən, yaşamağa mənzil tapa bilmədiklərindən vətənə dönə bilməyənlərə kömək məqsədilə vəsait tapmaq üçün çox yerə baş vurmalı olurdu. O xüsusən uşaqların və yeniyetmələrin ana dilində təhsil almasına xüsusi qayğı göstərir, Kırım tatarlarının uşaqları üçün ana dilində bağçalar açılmasına önəm verirdi.

Şairin əməyinin qiymətləndirilməsi, fəaliyyətinin təqdir edilməsi vətənə döndükdən sonra başlanır. Belə ki, 1996-cı ildə Ankarada "Qutlu doğum həftəsi" münasibətilə düzənlənən şeir yarışmasında birinciliyi ona verirlər. Maraqlıdır ki, “Qutlu doğum həftəsi” “Vətən və millət sevgisi imandandır!” şüarı altında keçirilirdi.

Həmin il Türkiyə Yazarlar Birliyinin Quzey Kıbrıs Türk Cümhuriyyətində və Ankarada düzənlədiyi "Türkçenin 4. Uluslararası şeir şölənində üç mükafatdan birini-Arif Nihat Asya mükafatını qazanan da Şakir Səlim olub. Adam Mitskeviçin "Kırım sonetləri" əsərini Kırım Türkcəsinə tərcümə edir. Bu tərcümə 1997-ci ildə isə- Polşada iki dildə-Polyak və Kırım tatarcasında çap olunur. Uğurlu tərcümə ona Polşa mədəniyyətinə xidmətə görə təsis edilmiş "Polkul" fondunun mükafatını qazandırır. Şakir Səlim Abdüləziz Vəliyev və Yunus Kandımovla birlikdə Taras Şevçenkonun əsərlərini tərcümə edir. Ukraynalı ədəbiyyatşünas A.İ.Qubarın ön söz yazdığı bu kitab 1999-cu ildə iki dildə nəfis tərtibatla çap edilir.

Şakir Səlim 1998-ci ildə Kırım Tatar Teatrının rejissor və aktyor qrupu ilə birlikdə Taras Şevçenko adına Ukrayna Dövlət mükafatını alır.

Şakir Səlimin son şeirlər kitabı 2006-ci ildə oxuculara təqdim edilən “Kırımnamə” olur. Uzun sürən xəstəlikdən sonra şair 2008-ci ilin noyabrın 18-də dünyasını dəyişir və bir gün sonra onun nәşi Ağmescitdə torpağa tapşırılır. Allah mәkanını cәnnәt elәsin.

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol