4. Sadıq bəy Əfşar

SADİQ BƏY ƏFŞAR

Türk Dünyasının Məşhurları 4

Sadiq bəy Əfşar; Xalqımızın soykökündə iştirak iştirak edən 24 Oğuz tayfasından biri də Əfşarlardır. Bu tayfadan məşhur dövlət adamları, sərkərdələr, şairlər, alimlər, sənətkarlar çıxmışdır.../ Əli Şamil

 

Göndərmə 2/4/2010 12:17:43 PM UTC

Güncəlləmə 2/4/2010 12:17:43 PM UTC

www.trtazerbaycan.com

http://www.trtgreek.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=91c9d62a-d481-42c3-a12e-ba0abe28dee3

 



Orta yüzilliklərin qaynaqları Əfşarların 9-cu yüzillikdə Dəşt-i Qıpçaqda yaşadıqlarından və Səlcuqların tərkibində Xorasana, Azərbaycana, Kiçik Asiyaya gələrək yerləşdiklərini yazırlar. Azərbaycanda əfşarlar yaşadıqları bölgələrin çoxu unudulsa da Ağcabədi rayonundakı iki kənd hələ də Əfşar adlanır.

Yaxın Şərqin siyasi həyatında mühüm rol oynamış Əfşarlar qızılbaş tayfa birliyinin tərkibində Səfəvilər dövlətinin qurulmasında da fəal iştirak etmişlər. Sadiq bəy Əfşarın adı da Səfəvilər dövrünün sənədlərində tez-tez xatırlanır və onun istedadını Allah vergisi kimi qiymətləndirirlər. Əsasən miniatürçü rəssam kimi tanınsa da o, qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirələr yazmaqda da sınamış, demək olar ki, hamsında da uğurlar qazanmışdır.

Sadiq bəy 1533-cü ildə Təbrizdə əsilzadə bir ailədə dünyaya gəlmişdir. Uşaqlıqdan poeziya və rəssamlıqla maraqlanmışdır. İyirmi yaşında atasını itirən Sadiq bəy dərviş libasında ərəb dünyasının bir çox ölkə və şəhərlərini gəzir. Vətənə döndükdən sonra isə xırda hakimlərin malikanələrində təsərrüfat işlərində çalışmağa başlayır. Lakin bu iş onun güzaranını yaxşılaşdırsa da daxili təlabatını ödəmirdi. Qeyri-adi fiziki və yaradıcılıq enerjisi olan Sadiq bəy məmurluqdan uzaqlaşmasının səbəblərini belə izah edir: "Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil."

Ömrünün yetkinlik çağında gəncliyini xatırlayan sənətkar yazır: "hansı işdən yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum Behzadın sənətinə yiyələnmək idi... Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıq ürəkli, dövründə tayı olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi."

Bu ustad böyük rəssam Behzadın qohumlarından olan Müzəffər Əli idi. Müzəffər Əliyə şagirdlik edən Sadiq sənətin sirrlərini öyrənəndə dövrün içtimai siyasi hadisələrindən kənarda qala bilmir. Mən sənətkaram, mən rəssamam savaşlarla, döyüşlə nə işim demir. Ölkənin bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edir.

Sadiq bəy Astrabad Türkmənləri ilə döyüşlərdə göstərdiyi igidliyi ilə məhurlaşır. Bu sənətkarın zorla cəlb edildiyi savaş deyildi. Təbiətindən və ya genlərindən gələn bir çılğınlığın nəticəsi idi. Sənətdə yüksəldiyi zirvəyə döyüşlərdə də yüksələn Sadiq bəy xarakterinin çizgilərini bu cür izah edir: "Türklüyümü gözə çarpdırmaqla və qızılbaş ənənələrinə sədaqət göstərməklə özümü cəsur və qorxmaz sayır və zamanımın cəsur adamlarından heç kimi özümə tay bilmirəm".

Sadiq bəy ömrünün səkkiz ilini Müzəffər Əlinin yanında keçirir. Orada yalnız ustadının deyil, ondan çox-çox əvvələr yaşamış sənətkarın əsərlərindən də öyrənir. Çağdaşlarının yazdığına görə, Sadiq bəy "nəhayət, böyük uğurlar qazanır və tayı-bərabəri olmayan incə fırçalı miniatür rəssamına çevrilir. Ömrünün sonunadək, minlərlə portret işləyir." Şöhrəti yaşadığı şəhərdən çox-çox uzaqlara yayılır. Hökümdarların sarayında da onun əsərlərinin gözəlliyindən söz açılır. Sənətkar, şair, cəsur döyüşçü kimi tanınan Sadiq bəyi saraya işə dəvət edirlər. II. Şah İsmayılın dövründə Sadiq bəy şah kitabxanasının nəzdindəki emalatxanalarda işləyir.

Sarayda çalışan Sadiq bəy buradakı minatürçülərdən, nəqqaşlardan, cildçilərdən, şairlərdən, səlnaməcilərdən həm öyrənir, həm də öyrədir. Təşkilatçılıq bacarığını görən Şah Məhəmməd Xudabəndənin saray kitabxanasının rəhbəri təyin edir və onu "Sadiq-Kitabdar" adlandırır. Bu, həmin kitabxana idi ki, vaxtilə ona dahi miniatürçülərdən Behzad və Sultan Məhəmməd rəhbərlik etmişdi. Əslində bura kitabxanadan çox Akademiyanı xatırladırdı. Buradakı emalatxanalarda kitabların üzü köçürülür, miniatürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Xəttat, nəqqaş, qızıl suyuna çəkmə, rəngkar, karton və dəri cildləmə üzrə kadrlar hazırlanırdı. Eyni zamanda burada şairlər poezya tarixini, nəzəriyəsini müzakirə edir, yeni yazdıqları əsərləri oxuyurdular. Salnamaçiləri və təzkirəçiləri də tez-tez burada görmək olarmiş.

Sadiq bəy I Şah Abbasın vaxtında da həmin vəzifədə çalışır. Yaşlandıqdan sonra onu istedadlı xəttat, saray xadimi və elə buna görə də "Şah Nəvaz" ("şahın nəvazişçisi") adlandırılan Əlirza Təbrizi əvəz edir. I Şah Abbas dövrünün əvəzsiz tarixçisi İskəndər Münşi "Tarixi -aləmarayi-Abbasi" əsərində yaz: Sadiq bəy bundan sonra da formal olaraq, kitabdar sayılır, ölənə qədər onun xidməti vəziyyətində dəyişiklik olmur və o, dövlət dəftərxanasının kitabdarı kimi maaş almaqda davam edir. "

"Sadiqi" təxəllüsü ilə gözəl şerlər yazan Sadiq bəy ondan artıq müxtəlif nəzm və nəsr əsərinin müəllifidir. Onundan Türk və fars dillərində qələmə aldığı şeirlər "Divan"ı, I Şah Abbasın hərbi yürüşləri haqqında bir neçə min gözəl beytdən ibarət "Fəthnameyi-Abbasi-namdar" ("Məşhur Abbasın fəthlər kitabı") adlı tarixi-epik poeması da vardır. İskəndər Münşi həmin əsəri Firdovsinin "Şahnamə"si ilə müqayisə edir. Hər iki poema eyni vəzndə və ölçüdə qələmə alınmışdır.

Sadiq bəyin ana dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli məlumat vermişdir. Həmin əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir.

Onun təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş "Qanun əs-Sovər" ("Təsvirin qanunları") adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər arasında böyük şöhrət qazanmışdır. Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir. Burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir.

Sadiq bəyin əsərləri hələ onun sağlığında yaşadığı ölkənin hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Çağdaşı Qüruriyə qəsidəsində Sadiq bəyin sənətini və şəxsiyyətini yüksək qiymətləndirir. O da şairə bağşladığı rəsmlərinə bir beyt də əlavə edir. Beytdə deyilir: "Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma. "

Sadiq bəy onlarla portret çəkib. Onlardan İmam Qulu xanın, Teymur xan Türkmənin portretlər, habelə "Əmir" və "Gəzərgi dərviş" şəkilləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Sənətkarın illüstrasiyalar çəkdiyi bir neçə kitab günümüzədək gəlib çatmışdır.

Azərbaycan miniatür sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır. Onun əsərləri təsvir obyektini realist cizkilərlə vermək və perspektivi göstərməyə cəhd göstərməklə yadda qalandır. Mütəxəssislərin fikrincə, onun yaradıcılığı miniatür sənətinin, o cümlədən İsfahan minatür məktəbinin inkişafında böyük rol oynamışdır.

80 il ömür sürmüş böyük sənətkarın həyatı və sənəti onlarla insana nümunə olmuşdur.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=