Aşıq Ürfaninin ömür yolu və şeirləri
 
Əli Şamil
AMEA Folklor İnstitutunun elmi işçisi
 
 
AŞIQ ÜRFANİNİN ÖMÜR YOLU VƏ ŞEİRLƏRİ

 Azərbaycan televiziyasında, radiosunda aşıq musiqisindən bəhs edən verilişlərdə, konsert salonlarında «Ruhani» havasının çalınacağı elan edilir. «Ruhani» termininə qəzet-jurnallarımızda, elmi ədəbiyyatlarda, hətta mütəxəssisəlirn çıxışlarında da tez-tez rast gəlinir. Mötəbər mənbə olan ensiklopediyamızda bu barədə yazılıb: «Ürfanı-aşıq havası 18-ci əsr Azərbaycan aşığı Ürfanı tərəfindən bəstələnmişdir. Adı da buradandır. Çox vaxt bu havanı aşıqlır  yanlış olaraq «ruhani», «ruhanı» da adlandırmışlar». (ASE, 1986, 9:496)
İslam dini sayəsində ərəbcədən dilimizə keçmiş bu sözlər lüğətlərdə belə aydınladılır: «1.ruhani-ruh və cana mənsub olan, sırf mənəvi, maddi olmayan, yalnız din və mənəviyyat ilə məşğul olan adam, din xadimi. 2.irfan-bilmə, xəbərdar olma, təsəvvüfdə-Allahı dərk etmə» (Ərəb,1985:527, 249). Təsəvvüfə dair ədəbiyyatlarda isə irfan belə aydınladılır: «haqq və həqiqəti tanıma yolu irfan adlanır. Ariflərə görə bəşər öz nəfsini paklaşdırmaqla, batini işıqlanma və əqli-mənəvi yüksəliş tapmaqla  haqqı tanıya bilər. Ona görə də irfan təkcə əqli-məntiqi dəlillərlə deyil, həm də ruhu kamillik və mənəvi yüksəliş dəyərlərinə sığınaraq həqiqətə qovuşmağı mümkün sayır» (Göyüşov, 2001:95).
İrfaninin ruhaniyə çevrilməsi «yanlışlığı» yalnız Azərbaycanda deyil. 20-ci yüzillikdə Gürcüstanda və Türkiyədə yaşamış aşıqların bəziləri də Ruhani təxəllüsiylə tanınmışlar. Çağdaşımız olan türkiyəli Aşıq Mustafa Ruhani haqqında Dilavər Düzgünün (Düzgün,1997), Azərbaycan türkcəsində yazıb-yaradan, milliyətcə gürcü Aşıq Ruhani (İseb Beridze) haqqında  Valeh Hacıların (Hacılı,2005, Hacıyev,1991) araşdırmaları yayımlandığından biz onların ömür yollarından və yaradıcılığından söz açmağa ehtiyac duymuruq. Əsas diqqəti «İrfani» saz havasının yaradıcısı sayılan sənətkarın ömür yoluna yönəldəcəyik.
İrfani haqqında ilk dolğun bilgini Aşıq İslam Ərdənərdən(1921-2000) eşitmişdim. Dağ Borçalının (Ermənistan Republikasının Kalinino rayonu) Soyuqbulaq kəndində yaşayan İsa  kişinin ailəsi  1920-ci illərin qovğasından qaçaraq Türkiyənin Kars ilinə bağlı Ladıkars kəndində yerləşmişdi (Aşırlı M., Qıllıöüzdü M., Dərviş O., 2003, Kamaloğlu M., Dərviş O., Qarapapaq Ş 2005). Onun oğlu İslam Ərdənər uzun ayrılıqdan sonra, minbir çətinliyə qalib gələrək 1973-ci ilin yazında Gürcüstanın Keşəli kəndində yaşayan  bacısı Anaxanımı  görməyə gəlmişdir. İslamın gəlişi sadəcə doğmaların görüşü olmadı. Siyasi, ədəbi, mədəni hadisəyə çevrildi.
Aşıq İslam onlarla soydaşımıza 20-ci yüzilliyin 20-30-cu illərində və İkinci Dünya Savaşında «itkin düşmüş» əzizlərinin sağlıq xəbərini gətirməklə yanaşı, Türkiyədəki, Almaniyadakı həyat tərzi haqqında maraqlı söhbətlər edirdi. O, Azərbaycanda ədəbi oğru kimi tanıdılan Xəstə Hasanın həyat və yaradıcılığından, çağdaşı olan İrfanidən, Qul Qaranidən, Usta Poladdan, Küfdadidən və b. bizlərə geniş bilgi verdi. Bu da Kars, Çıldır, Ərdahan bölgəsinin aşıq mühütinə marağın artmasını,  «vətən xaini» elan edilərək Qazağıstana sürgünə göndərilmiş Axıska türklərinin folklorunun öyrənilməsinə marağı artırdı. Xəstə Hasanı sınağa çəkmək üçün zamanəsinin ustad aşığı İrfanı ilə qarşılaşdırıldığını ilk dəfə ondan öyrəndim. (Şamil Əzizə, Şamil Əli, Bakı,2005:11-15)
Xəstə Hasanla bağlı yazılarımda və çıxışlarımda diqqəti onun muasiri olan, Azərbaycan folklorşünaslığında öyrənilməmiş aşıqlara və el şairlərinə yönəltməyə çalışdım. (Şamilov,1984: 29 mart, 1986:1 iyul) Belə sənətkarlardan biri də adını saz havasındı yaşadın İrfan idi.
Xəstə Hasan qardaşı oğlunu həbsdən azad etdirmək üçün Xosubya bəylərinə xahişə gedir. Onlar aşıqı sınamaq üçün zamanəsinin ustad aşığı və irfan əhli olan İrfanini məclisə dəvət edirlər. İrfaninin «Dörddü dörd» rədifiylə söylədiyi bağlamaya Xəstə Həsən belə cavab verir:
 İrfani:
Aradım, yoxladım könül şəhrini,
Gördüm bu könlümdə yenə  dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Baxdım gerisinə yenə dörd qaldı.
Xəstə Hasan:
Ol yaradan bu dünyanı xəlq etdi,
Nişangahı  dörd qıvladı, dörddü dörd,
Yoxdan var eylədi cəmi insanı,
Abı, ataş, xaki, badda dörddü dörd.
 
İrfani:
Oxudum, oxudum mətləbə çatdım,
Bir bəzirgan tapdım yarısını satdım,
İndi də o dördün ikisin atdım,
Yenə baxdım gerisində dörd qaldı.
Xəstə Hasan:
Yoxdan var eylədi cümlə aləmi,
Endi fəriştələr, çəkdi qələmi,
Məhəmmədə gəldi haqqın salamı,
«İncil», «Tövrət», «Zabur», «Quran» dörddü, dörd.
 
İrfani:
İrfani deyər bu sözləri alana,
Eyvallahım var təcnisi bilənə,
Üçünü atdım, birini aldım qələmə,
Dörddən dörd tulladım yenə dörd qaldı.
 
Xəstə Hasan:
Dövr edilər bu dünya dönər, ha dönər,
Bir gün olar çıra bəndindən sönər,
Xəstə Hasan,  sinənə əzrayıl qonar,
                                         Dörd kimsə aparar, yenə dörddü dörd.
Bu deyişmə hər iki aşığın ustadlıq məharətindən xəbər verir.
Aşıq İslam Ərdənər İrfaniyə buta  verildiyini, onun sevgilisinə qovuşmaq üçün səfərə çıxdığını və bu yolda qarşılaşdığı çəkinlikləri şirin bir dillə danışırdı. Bu dastan-rəvayətdəki bəzi epizodlar «Əsli-Kərəm» dastanını xatırladırdı. Sujet oxşarlığına baxmayaraq dastan rəvayətinin önəmli cəhəti  İrfaninin şeirlərini qoruyub saxlaması idi.
 Aşıq İslama görə  İrfaninin adı Süleyman olmuş, atasını erkən itirdiyindən paşa olan əmisinin himayəsində böyümüşdür. Əmisi onun dini təhsil alması üçün lazımı şərait yaratmışdır. Yeniyetmə çağlarında ərənlər ona yuxuda buta verdiyindən təhsilini yarımçıq qoyaraq sevgilisi, Türkmən bəyinin qızı Sənəmi axtarmağa başlamışdır. Çox maniələri aşdıqdan, çətinliklərə qalib gəldikdən sonra sevgilisini tapan Süleyman qızı ona verməyəcəklərini  görüb qızı qaçıraraq Ərdahanla Axıska arasındakı Ulgar dağda xaraba kilsədə gizlənirlər. Qızın atası şikayət edir. İrfanini həbs edərək  Çıldır gölündəki  Ağcaqalaya göndərilir, sevgilisini isə valideyinlərinə verirlər. Gölün ortasındakı qaladan ərənlərin köməyi ilə aşığın qaçmaı və yenidən Sənəmi alıb qaçması bölgədə yaşayan insanların heyrətinə və söz-söhbətlərinə səbəb olur.
   Başına gələn macəralar və İrfani təxəllüsiylə söylədiyi şerlər xalq arasında dastana dönür, haqqında hər yerdə məhəbbət və ehtiramla danışılır. Bu söz-söhbətdən xəbər tutan Çıldır paşası onu yanına gətirdir. Haqq aşığı olub-olmadığını yoxlamaq üçün  məclis qurur və çalıb-oxumasını tələb edir.  İrfaninin oxuması, onun bədahətən söylədiyi şeirlər və saldığı saz havaları məclisdəkilərin hamısının xoşuna gəlir. Paşa  İrfanini Arpaçay qəzasindakı Dəmirçilik kəndinə göndərir və oradakı məscidə imam təyin edir.
Aşıq İslamla söhbətimdən sonra Azərbaycan mətbuatını, folklorşünaslığa dair ədəbiyyatı nə qədər araşdırdımsa Xəstə Hasan, İrfani və çağdaşı olan bir çox aşıqlar haqqında dəyərli bir qaynağa rast gəlmədim. Tanınmış aşıqlarımızla söhbətlərimiz də bir nəticə vermirdi.
Uzun axtarışdan sonra Ağbabalı Aşıq İsgəndər Gülməmmədovla görüşdüm. Axıska, Çıldır, Kars aşıq mühitinin mahir bilicisi olan sənətkardan «Xəstə Hasanla İrfaninin deyişməsi»ni və bölgənin aşıqlarının şeirlərini, haqqlarında ağızlarda dolaşan söhbətləri yazıya aldım. Aşıq İskəndər vasitəsilə Xəstə Hasanın qohumlarından olan Aşıq Murtaza ilə tanış oldum. Qazaxıstanın Talqar şəhərində sürgündə yaşayan Aşıq Murtaza da 1985-ci ildə Xəstə Hasanla İrfaninin deyişməsini və başqa şeirləri, rəvayətləri yazıb mənə  göndərdi. Aşıq İslam  Ərdənərin, Aşıq İskəndərin, Aşıq Murtazanın və Qazaxıstan  respublikasının Çimkənd şəhərində yaşayan Aşıq İlyas Dadaşovdan toplanmış  mətinlər arasında fərq olduqca cüzi idi.
Sovetlər Birliyi dağılandan sonra Axıska türklərinin folklorunun nəşrinə və təbliğinə imkan yarandı. Bölgədə miladdan öncə türklərin yaşadığına,1267-ci ildə Axıska atabəyliyinin bərpa edildiyinə və 1578-ci ildən atabəyliyin Osmanlı dövlətinin tərkibinə keçərək Axıska paşalığına çevrildiyinə dair onlarla məqalə və kitab yayınlındı. (Kukulov, 1999). Tekin Taştemir isə «Axıskan osmanlı döləti zamanında Çıldır əyalətinin başkenti ve önemli bir kültür ve ticaret merkezi» olduğunu, 1828-ci il Rus işğalı ərəfəsində şəhərin əhalisinin 50 min nəfəri keçdiyini yazır. (Taştemir,2005:33-34). Qaynaqlarda Çıldır, Axıska, Mesxetiya, cavaxetiya kimi qeyd olunan bölgənin folklorunun toplanmasında və çap etdirilməsində Azərbaycanlı araşdırıcılardan Asif Hacılının, Valeh Hacılının, Şurəddin Məmmədli Qarapapağın əməyi böyükdür. Valeh Hacılı (Hacılı,2005), Şurəddin Məmmədli Qarapapaq (Qarapapaq,2000,2004) əsərlərində Axıska mühitindən bəhs edərkən İrfanidən də söz açmışlar. Asif Hacılı hazırladığı «Qəribəm bu vətəndə» (Hacılı, 1992:195) kitabında İrfanidən (o aşığın adını Ülfani kimi yazır) söz açmaqla yanaşı «Bu dərd məni öldürür» qoşmasını və Aydın Poladoğlu ilə birgə hazırladığı  «Axıska türk folkloru» (Hacılı,1992:195) antologiyasında isə «Bu dərd məni öldürür», «Qocalır» qoşmalarını çap etdirdi. Asif  Hacılının çap etdirdiyi «Bu dərd məni öldürür» şeiri İslam Ərdənər və İsgəndər Ağbabalının söylədiyi «Qədər» rədifli qoşmayla eynidir. Onu aşağıda veririk:
 
Ay ağalar, bu dərd məni öldürür,
Arayıb dərmanın bulana qədər.
Könül vaz keçmiyer əski yarından,
Çəkərəm həsrətin ölənə qədər.
 
Çeşmim yaşnan namə yazdım, gəl indi,
Əgər loğman isən dərdim bil indi,
Dəmir çarıx geydim, o da dəlindi,
Könül sevdigünü bulana qədər.
 
İrfanı deyər, bağınız talansın,
Həsrət qolum yar,  boynuna dolansın,
Sövdügüm, sen yar qədrini bilənsən,
Yarı canım getdi gülənə qədər.
 
Sovetlər Birliyinin dağılması Türkiyə ilə əlaqələri genişlərdirdi. 1995-ci ilin iyunun 9-11-da Qırıqqala valiliyi - KİBATEK və Folklor Araştırmaları Kurumunun birgə keçirdiyi «Dünya-Hoşgörü-Manas-Abay yılı» VII Uluslararası Türk Xalq Ədəbiyyatı Seminarı və I Uluslararası Türk  Dünyası Kültür Kurultayıda Kars bölgəsinin ünlü aşıqlarından Aşıq Şərəf Taşlıovayla görüşdüm. Azərbaycan aşıq ədəbiyyatının gözəl bilicisi olan bu insanı qiyabi tanıyırdım.  Ona görə də bir-birimizdən tanışlırımızı xəbər almaq, hal-əhval tutmaq, onlara salam yollamaqla başlayan söhbət Xəstə Hasan, Qul Qaranı, İrfanı, Şenlik və bölgənin başqa aşıqlarına döğru yonəldi. Onların həyat və yaradıcılıqlarına dair yeni materiallar toplamağa başladım. İrfani haqqında söylədiklərini yazıya almaq istədikdə səmimiyyətlə «Əziyyət çəkməyin,  mənim banta söylədiklərimi Enser Aslan   1980-ci ildə «Köz» dərgisində (Enser,1980,5:23-34.) yayınladıb. Dərgidəki məqalənin fotokopusunu verərəm yararlanarsan» dedi.
Aşıq Şərəf Taşlıovadan yazıya alınmış variant Aşıq  İslam Ərdənərin söylədiyindən elə ciddi fərqlənmirdi. Məzmunca oxşar olsa da ayrı-ayrı hadisələrin izahında fərqlər vardı. İslam Ərdənərə görə İrfani haqq aşığı olduğunu görən paşa  onu Dəmirçilik kəndinə molla-came imamı göndərir. Aşıq Şərəf Taşlıovayla variantında isə  İrfani Sənəmi qaçırdığına görə qızın atası Çıldır paşasına şikayət edir. Paşa da Sənəmi aşığın əlindən alıb atasına verir, özünü də həps etdirir. Aşıq oradan qaçaraq sevgilisinin yaşadığı Alagöz kəndinə gəlir  və qızı ikinci dəfə  Çıldıra qaçırır.  Bu hadisə bölgədə dastana çevrilir.
Paşa da İrfani ləqəbilə şeirlər qoşan Süleymanı  yanına gətirtdirir. Aşıq çalıb oxuyanda Paşanın gənc və gözəl xanımı  Hürrəmzay içəri girir. İrfani onun gözəlliyinə heyran olub oxuyur:
 
Qədəm basdın, dərdə düşdüm, oxlandım,
Dəli könlüm bu sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.
 
Şirin güllər şirin söylər, naz eylər,
Hər bir teli yüzmin dürlü saz eylər,
Çarğatı çevirər, tel pərvaz eylər,
Sanarsan bulutdur, aya bağlandı.
 
İrfani yenidən aldı bir dəvət,
Daha hərcayıyla eyləmə ülfət,
Əski beymürvətdən qopdu məhəbbət,
İndi könlüm Xürrəmzaya bağlandı.
 
 Paşa İrfaninin xanımına eşq elan etdiyini düşünərək onu yenidən həbs etdirir. Aşıq bir il həbsdə yatdıqdan sonra «Gəlmişəm» rədifli qoşmanı yazıb üzürxahlıq edərək bağışlınmasını istəyir. Paşa onu həbsdən azad etsə də Dəmirçilik kəndinə sürgün edir.
İslam Ərdənərə görə paşa İrfaninin həqiqi haqq aşığı olduğunu yoxlamaq üçün xanımını tərif etməsini tapşırır. O da «Bağlandı» qoşmasını deyir. Paşa da bundan razı qalır və onun haqq aşığı olduğuna inanır.
 
 
Axıska türklərinin tarixini araşdıran Yunis Zeyrək də  «Axıska aşıqları: İrfani» məqaləsində qaynaq göstərmədən İrfaninin adının Süleyman olduğunu, «Axıskanın bir qəzası olan Çıldırın Kunduzhev köyünde» döğulduğunu, «günümüzde harabe olan bu köy 1877-78(93) Osmanlı-Rus Harbina kader şen» olduğunu və «İrfaninin torunları bu gün Çıldırın Koravel və Urta köylerinde yaşadık»larını yazır. (Zeyrek,2005, 4:36)  
Yunis Zeyrəkin bu fikirləri topladığımız materiallarla uyğun gəlir. Çox təəssyf  ki, onun «Hoca İrfani olarak da bilinen aşık hakkında tek kaynak rahmetli Prof. Kırzıoğludur. Ondan bize intikal eden eski yazılı  bir kaç derleme defterinde İrfaniyle ilgili notlara rastlanmadayız», «Bu güne kadar İrfaniyle ilgili geniş çaplı bir araştırma yapılmamıştır» (Zeyrek,2005, 4:36) hökmü özünü doğrultmur. Bu onu göstərir ki, tarixçi  alim Yunis Zeyrək İrfani haqqında nəinki Azərbaycanda, heç Türkiyədə yazılanlarla da yaxından tanış deyil.
«İrfani» havası Azərbaycanda ən çox sevilən havalardan olmasına baxmayaraq onun müəllifi haqqında araşdırmalar, şeirlərinin toplanıb nəşr edilməsində biz çox geridə qalmışıq.  Türkiyədə aşığın mətbuat üzü görmüş ilk şeirinə Sivasda çap olunan «Ortayayla» dərgisində rast gəlirik. («Ortayayla»,1938,3). Dərginin 1938-ci il üçüncü sayında İrfaninin «Bilmezsin» və «Gəlsin» rədifli qoşmaları çap olunmuşdur. Rasim Dəniz isə F. Saltıkanın 1942-ci ilin noyabrında «Türk amacı»nda İrfaninin «Yaş dastanı»nı çap etdirdiyini yazır. ( Rasim, 1983,66:8).
Ensar Aslanın verdiyi bilgiyə görə M.F. Kırzıoğlu «Doğuş» dərgisinin 1950-ci ilin fevral ayında yayımlanan 63-cü sayında və «Türk folklor araştırmaları»nın 1969-cu ilin mayında yayımlanan 238-ci sayında  İrfaninin bir neçə şerini nəşr etdirmişdir. (Enser,1980,5:23-34). Eflatun Cem  Güney «Halk şiir antolojisi» kitabında 19-cu yüzilin şairləri sırasında İrfaninin də üç şeirini çap etdirib. (Aslanoğlu,1977,51).
İrfaninin ömür yolu haqqında bilgiyə 1960-cı illərdən sonra  rast gəlinir. Vasfi Mahir Kocatürk «Saz  şairləri antolojisi»ndə yazır: «İrfani, tahminlere göre on sekkizinci yüzilin ikinci yarısında ve on dokuzuncu yüzyıl başlarında yaşamışdır. Elimizde bulunan cönklerde şiirlerine rastlanmakdadır.» (Kocatürk,1963:271)
İbrahim Aslanoğlunun «İrfani» (Aslanoğlu,1977,51,23), Enser Aslanın «Aşıq İrfani» (Enser,1980,5:23-34) və Rasim Dəniz «İrfaniler» (Rasim,1983,66:8) məqalələrində  maraqlı faktlarla yanaşı aşığın  cünklərdən və qəzet-jurnallardan toplanmış şeirləri də çap olunmuşdur. Amma nədənsə müəlliflər özlərindən əvvəl yazılanlara münasibət bildirməmişlər.
 Rasim Denizin «İrfanilərdən Ahıskalı olanının 17-ci yüzyılın sonu və 18-ci yüzyılın başlarında yaşadığı tahmin edilmekdedir» fikri özünü doğrultmur. Türkiyədə çap olunan başqa məqalələrdə və bizim topladığımız materiallarda İrfaninin 18-19-cu yüzillikdə yaşadığı göstərilir.
İbrahim Aslanoğlu İstanbulda Nakışlar yayın evinin sahibi Gürünlü şair   H.Çengiz Alpayla söhbetini belə xatırlayır: «Babam və dedem bana zaman-zaman İrfaninin kendi soyumuzdan olduğunu söyləyirdi. Hatta dedemin dedesi imiş. Elimizde 100 sayfaya yakın şiir mecmuesi vardı. 30 yıl kadar önce hemşehrimiz Kaya bey bu mecmuayı incelemek amacıyla istedi. Ben de verdim. Aradan epey zaman geçdi. Bir gün iade etmesini rica etdim. Bana «qaliba kayb etdim, bulamıyorum» dedi. Bir daha da elime keçmedi.» (Aslanoğlu,1977,51:23). Bu xatirəyə dayanaraq ata oğul arasında yaş fərqini hesablasaq İrfaninin 18-19-cu yüzildə yaşadığı alınar.
İstanbulda Nakışlar yayın evinin sahibi Gürünlü şair   H.Çengiz Alpay İrfanini ulu babaları olduğunu söyləyir.
Aşıq ədəbiyyatına canı dildə bağlı olan və Türkiyə-Azərbaycan aşıq mühitlərini müştərək öyrənən Doğan Kaya da «Sivasta aşıklık geleneği ve Aşık Ruhsatı» kitabında M.Sabri Kozun 1987-ci ildə Eskişeherde keçirelen seminerde etdiyi «Aşık edebiyatımızda ortaq mahlaslar sorunu» meruzəsinə istinadən İrfani ləqəbli iki aşığın olduğunu və İrfaninin XIX yüzildə güründə yaşadığını yazır. (Kaya,1994:93,99)
Doğan Kaya  şəxsi məktubunda məsələyə bir az da aydınlıq gətirərək yazır: «İrfanilər konusu bir az çətindir. Çünkü Gürünlü İrfanini ilə Doğulu İrfaninin bazi şiirləri bir-birinə karışmışdır. Gürünlü Muhammed Sezai Alpay (Layiki) (1892-1950) İrfaninin nevesidir.  Layikinin oğlu Hakkı Çengiz Alpay (1922-1991) küvvetli bir şairdir. Şair Emin Alpay (1949-) ile  şair Şahin Alpa (Hilal) (1943-) de İrfani sülalesindendir»
 Yunis Zeyrek isə aşığın nəvə-nəticəinin Çıldırın Koravel və Urta kəndlərində yaşadığını yazır. 19-cu yüzillikdəki Rus-Osmanlı savaşlarından sonra Qafqazdan, Axıska-Çıldır bölgəsindən bir çox ailələr Anadoluya köç etmişlər. Onlardan bir qismi də Sivas bölgəsində yerləşmişdir. Gürün də Sivasa bağlı bir kənddir. Doğan Kaya da araştırmalarında bu köçlərdən bəhs etmişdir. Ola bilər ki, İrfaninin özü yaşlı çağlarında və ya övladlarının bəziləri bu köçlərin içərisində olmuşdur. Çünkü Gürün İrfani ilə Çıldırlı İrfaninin yaşları, yaşadıqları dövr də uyğun gəlir. Çox təəssü ki, Çıldırın Koravel və Urta kəndlərində yaşayıb, özlərini İrfaninin nəvə-nəticəi sayanlarla H.Çengiz Alpayın qohum olub olmadığı aydınlaşdırılmayıb. Bu məsələyə diqqət yetirilmiş olsaydı mövzuya bir az aydınlıq gələrdi.
Azərbaycan folklorşünaslığında əsas fikir Xəstə Hasanın 18-19-cu yüzildə yaşamasıdır. Aşıq İslam Ərdənərdən, Aşıq İskəndər Ağbabalıdan, Aşıq Murtazadan və b. toplanmış dastan-rəvayətlərdə Xəstə Hasanı sınağa çəkmək üçün İrfani ilə qarşılaşdırıldığı söylənilir. Demək onlar çağdaş imişlər. İbrahim Aslanoğlunun, Ensar Aslanın, Yunis Zeyrəkin yazdıqlarında və bizim topladığımız dastan variantlarında da İrfani axıskalıdır.
Aşığın adının Süleyman olduğunu inkar edən ikinci bir faktda rast gəlmədiyimizdən bu mövzu üzərində dayanmayacağıq. Onun doğulduğu və yaşadığı kənd haqqındakı fikirlərə münasibət bildirəcəyik. İbrahim Aslanoğluya görə İrfani Gürünlü, Aşıq Şeref Taşlovaya, Yunis Zeyrəkə görə Kunduzhevlidir. Başqa qaynaqlarda aşığın doğulduğu kənd haqqında bilgiyə rast gəlinmir. Yaşadığı və öldüyü kəndin Dəmirçilik olduğu haqqda Aşıq Şeref Taşlovaya ilə Aşıq İslamın fikirləri eynidir. F. Saltkana istinadən Rasim Dəniz İrfaninin sevgilisini qaçıraraq Posof ilə Ərdahan arasındakı Ulgar dağda xaraba kilsədə gizləndiklərini yazır. Aşıq Şeref Taşlovaya, Aşıq İslamın, Aşıq İsgəndər və Aşıq Murtuzanın söylədikləri mətində də Ulgar dağdakı xaraba kilsədən söz açılır. Yunis Zeyrək bu məsələyə bir az da aydınlıq gətirərək yazır: «bu kilisenin adı Kızkilisesi olduğu belirtmekdədir. Öyle anlaşılyor ki, Burası Posofun Al köyüdür. Zira günümüzde Ulgar dağı eteğinde ve bu adla bir kilisə kalıntısı bulunmakdadır». (Zeyrek, 2005, 4:36)
 İrfaninin sevgilisinin Türkmən bəyinin qızı olmasında da ziddiyyətli fikirlər yoxdur. Şeref Taşlıova aşığın sevgilisinin Ərdahanın Harmandal kəndindən olduğu qənaətindədirsə, Yunis Zeyrək onun «Ərdahanın damal ilçəsində bir alevi-türkmən kızı» olduğunu yazır. Yunis Zeyrək F.Kırzıoğluya istinadən İrfanini həbs etdirən paşanın kim olduğuna aydınlıq gətirməyə çalışaraq yazır: «Zira Ahıska valisi Atabekli   Süleyman paşanın onu hapse atdırdığına dair rivayeti doğru sayar və paşanın 1771 yılında Ahıska valisi olduğunu göz önüne alırsak, aşıkın yaşadığı çağ iyice anlaşılır». (Zeyrek,2005,4:36) İrfaninin 20-25 yaşlarında qız qaçırdığını düşünsək bu Süleyman paşanın Axıska valisi olduğu illərə uyğyn gəlir.
Orhan Yavuz 1979-cu ildə Ərzurumdakı Atatürk Universitetinin Edebiyyat fakültəsini bitirəndə diplom işini Ermenekdə (Konya) tapılan bir cüngün incələməsinə həsr edib. Bu cüngdə İrfaninin də şeirləri var. Diplom işini incələyən Ensar Aslan aşağıdakı qənaətə gəlir: «Yukarıda verdigimiz hayat hikayesinde ve sözlü olarak yapdığım araştırmalarda İrfaninin Konyaya gitmiş olduğuna dair bir bilgiye rastlayamadıq. Hikayeden və araştırmalardan aşığın Çıldır eyalet paşası tarafından Arpaçayın Demirçilik köyüne  sürgün edildigini ögreniriz. Ayrıca Çıldır bölgesinde derledigimiz şiirlerde Konyada bulunan cönkdəki   şiirler ağız ve söyleyiş bakımından az-çox farklılık göstermekdedir. Arapca, farsca kelime terkibleri çok rastlanır. Bunun yanınca Çıldırdan derlenen şiirlerde dil olduqca sade ve bölgede yaşayan Terekeme-Karapapak halkının ağız özelliklerini yansıtmakdadır.
Zamanında yaşadığı bölgede böyük bir üne sahib olan İrfaninin başka bir memlekete köçüb gitmesi ve ya sürgün edilmesi olayının  izlerine şiirlerinde, sözlü gelenekde yaşayarak günümüze kadar ulaşan hayat hikayesinde rastlanmıyor. Buna göre İrfaninin Konyaya gitmedigini, fakat şiirlerinin bir başkası tarafından yazıya keçirilerek Konyaya götürüldügünü eminiyyetle söyleye biliriz». (Enser,1980,5:29).
Aydınlaşdıra bilmədiyimiz bir cəhət də odur ki, Ensər Aslanın da Yunis Zeyrəkin çap erdirdikləri şeirləri F. Kırzıoğludan aldıqlarını yazırlar. Amma bu şeirlər arasında fərq var. Yunis Zeyrəkin «Yegane kaynağı Kırzıoğlu olan bir yazı da M.Halit Bayrı tarafından kaleme alınmışdır. Bu yazıda İrfaninin kız kaçırma rivayeri, Azerbaycan seyahatı ve orada ünlü şair Vakifla tanışıp görüşmesinden bahs edilerek iki  koşma verilmişdir» (Zeyrek,2005, 4:36) qeydi diqqətimizi M.Halik Bayrının 1955-ci ildə «Türk dili» dərgisinin 41-ci sayına çəksə də hələlik həmin məqalə ilə tanış ola bilməmişik. Amma bu qeyd bir ehtimalımıza ipucu rolunu oynadı. 1980-ci illərdə Xəstə Hasan haqqında yazdığım məqalələrdə və sonralar elmi simpozyumlardakı məruzələrimdə Xəstə Həsənin  yaradıcılığıyla tanış olduğu və şeirlərində Vaqifin təsiri aydın duyulduğunu yazmışdıq. Amma bu tanışlığın, əlaqənin haradan olduğu sualına aydınlıq gətirə bilməmişdik. F.Kırzıoğlu və M.Halit Bayırın məqalə və topladıqları materiallar bu məsələyə aydınlıq gətirir. Demək Xasta Hasan və Ahıska-Kars bölgəsinin sənətkarları İrfani vasitəsmlə M.P. Vaqif, M.V.Vidadi və başqa şairlərimizin yaradıcılığıyla  tanış olublarmış.
Aşıq  Şenlik şeirlərinin son və təkmil nəşirlərindən sayılan “Çıldırlı Aşıq Şenlik. Divanı(Hayatı, şiirleri, atışmaları ve hekayelerı) kitabına  yazdığı ön sözdə A.Barat Alptekinı ilk dəfə Aşıq Nurunun doğum və ölüm tarixini müəyyənləşdirir. O,   yazır: “1811-1885-ci yılları arasında Gürcüstanın Ahıska vilayetinin Ahırkelek kazasının Lebis köyünde yaşamış olan Aşık Nuri Xasta Hasanın çırağıdır. Sazı ve sözü  Xasta Hasandan  ögrenmiştir. Çıldırlı Aşık Şenliyin saz ustadıdır.” (Çıldırlı Aşık Şenlik, 2006: 44)
Aşıq Şenlik 1853-1914-cü, Aşıq Nuru 1811-1885-ci illərdə yaşamışlarsa, Xəstə Həsən 1760-1840-ci illərdə yaşadığı qənaətindəyiksə onda da Urfanının(əsil adı Sülüyman) doğum tarixi 1750-ci illərdən əvvəldə olmalıdır.
Gözden keçirdiyimiz materiallara əsasən bu qənatə gəlmək olur.
1.18-ci yüzilliyin ortalarında Ahıska-Ərdahan bölgəsində anadan olan Süleyman yeniyetmə çağlarında mədrəsə təhsili görsə də sonralar aşıq yaradıcılığına böyük maraq göstərərək onu dərindən öyrənmiş və şeirlərini də saz havalarının ritminə uyğun olaraq heca vəznində yazmışdır. İrfan əhli olduğundan İrfani təxəllüsünü götürmüş, fitri istedadı sayəsində saz havaları da yaratmışdır.
2. İrfaninin ustadının adı unudulduğundan və özünün fitri istedadına görə aşıqlar dastan ənənəsindən bəhrələnərək ona ərənlər tərəfindən buta verildiyi qənaətində olmuşlar.  Xalq arasında  aşığa marağın çox olduğuna görə məclislərdə ömür yolundan epizodlar və şeirlərini söyləyə-söyləyə bir «İrfani və Türkmən qızı» dastanını yaratmışlar. Bu dastan da aşığın şerlərini qoruyub saxlamasında, onu tez-tez xatırlamasında mühümm rol oynamışdır.
3. İrfani  Dəmirçilik kəndində mollalıq və aşıqlıq etməklə yanaşı çağdaşı olan aşıqlarla da qarşılaşmışdır. Onlardan yalnız birini Xəstə Hasanla Xosbiya kəndində qarşılaşmasını toplaya bilmişik.
 4.17-ci  və 18-ci yüzillikdə yazıya alınmış cünklərdə İrfaninin şeirlərinə rast gəlinmir. 19-20-ci yüzildə yazıya alınmış cünklərdə İrfaninin 30-a yaxın şeiri var. Bu da bir daha onu göstərir ki, aşıq 18-19-cü yüzillikdə yaşayıb.
5.Hazırda əlimizdə aşığın həyatından bəhs edən iki dastan-rəvayət və 30-dan çox şeir var. Bu şeirlər də onun geniş dünyagörüşlü, islam fəlsəfəsini və təsəvvüfü dərindən bilən, musiqi duyumlu bir sənətkar  olduğunu göstərir.
Əldə edə bildiyimiz materiallar göstərir ki, İrfani ləqəbilə şeirlər qoşmuş Süleyman 18-19-cu yüzillikdə yaşamış, yaratdığı musiqi və şeirlərlə çağdaşı olan, özündən sonra yaşayan aşıqlara güclü təsir göstərmişdir. Hətta onun yaratdığı saz havası zurnaçılar tərəfindən aranjiman edilərək rəqs havasına çevrilmişdir. Geniş yayılmış «İrfani» yallısı da buna gözəl nümunədir.
 
Qaynaqlar
 
ASE.(1986) 9-cu cild, Bakı.
Aslanoğlu İbrahim.(1977).İrfani. «Sivas folkloru» toplus, Nisan, sayı 51.
Aşırlı M., Qıllıöüzdü M., Dərviş O. (2003). Kürüstü Dəmirçihasannı. (Birinci kitab), «Nurlan» nəşriyyatı, Bakı, 2003,
 Axıska türk folkloru.(1998). (Toplayanlar və tərtib edənlər: Asif Hacılı Aydın Poladoğlu). «Mütərcim» nəşriyyatı, Bakı.
Çıldırlı Aşık Şenlik. (2006). Divanı.(Hayatı, şiirlerı, atışmaları ve hikayeleri), Hazırlayanlar: A.Barat Alptekin, M.Nizamettin Coşkun, Ankara
Enser Aslan. (1980). Aşıq İrfani. «Köz» dərgisi, avqust, sayı 5.
Ərəb və fars sözlərinin lüğəti. (1985) «Yazıçı» nəşriyyatı, Bakı.
Göyüşov Nəsib.(2001) Təsəvvüf anlamları və dərvişlik rəmzləri. «Tural-Ə nəşriyyat poliqrafiya mərkəzi», Bakı.
Düzgün Dilaver.(1997).Aşık Mustafa Ruhani. (Hayatı-sanatı-şiirlerinden seçmeler). Atatürk Universitesi yayınları, Erzurum.
Hacılı Valeh. (2005) Gürcüstanda Türk xalq ədəbiyyatı ənənələri. «Səda» nəşriyyatı, Bakı, Hacıyev Valeh.(1991)Folklorumuzun üfüqləri. (Azərbaycan-Cürcüstan folklor əlaqələri tarixindən), «Yazıçı» nəşriyyatı, Bakı.
Hacılı Asif. (1992) «Qəribəm bu vətəndə». «Gənclik» nəşriyyatı, Bakı.
 Kamaloğlu M., Dərviş O., Qarapapaq Ş. Borçalı aşıqları. «Nurlan» nəşriyyatı, Bakı, 2005.
Kaya Doğan. (1994) Sivasta aşıklık geleneği ve Aşık Ruhsatı. Sivas.
Kocatürk Vasfi Mahir. (1963) Saz  şairləri antolojisi. «Ayyıldız» matbbası. Ankara.
Kukulov Tahircan.(1999) Axıska türklərinin tarixinə bir nəzər. Bakı.
Qarapapaq Şurəddin Məmmədli.(2000) Borçalı ədəbi mühiti. «Elm» nəşriyyatı, Bakı.
Qarapapaq Şurəddin Məmmədli.(2004) Borçalı-Ahıska-Kars ortaq ədəbi arenalı. Tbilisi.
«Ortayayla» dərgisi, (1938), sayı 3, Sivas.
Rasim Dəniz (1983). İrfaniler. «Erciyes» dergisi, Kayseri, Haziran, sayı 66.
Şamil Əzizə, Şamil Əli. (2005) Aşıq İsgəndər Ağbabalı. «Səda» nəşriyyatı, Bakı.
Şamilov Əli. (1984) El sənətkarlarımız. Xəstə Həsən. “Sovet Naxçıvanı»” qəzeti, 29 mart, sayı 67 (13805),
Şamilov Əli. (1986) Xəstə Hasan və müasirləri. «Sovet Gürcüstanı» qəzeti, 1 iyul, sayı 79(9182).
Taştemir Tekin.(2005). Ahıska və sürgün halkı ahıskalılar (Türkiyenin Kafkasiya politikasında), İstanbul.
Zeyrek Yunis.(2005) Ahıska aşıkları. VI İrfani. «Bizim Ahıska» dərgisi.
 
Çap olunub: Aşıq Ürfaninin ömür yolu və şeirləri. ”Ortaq türk keçmişindən ortaq türk gələcəyinə». IV Uluslararası Folklor Konfransının materialları. AMEA Follkor İnstitutu, Bakı, 2006, 1-3 noyabr, səh.85-91.
 
 
 
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol