Abdülqadir İnan (Fethilkadir Söley­manov)

TÜRK DÜNYASININ  MƏŞHURLARI  34/2010

 

 

Abdülqadir İnan  (Fethilkadir Söley­manov)

 

 

Əziz və istəkli dinləyicilər, bu günkü verlişimizdə sizlərə Başqırdısatanda doğulan, ictimai, siyasi və elmi fəaliyyətinə görə türk dünyasının hər bir bölgəsində sevilən, adı hörmət və ehtiramla çəkilən, büyük insan, həqiqət davasının öndəri Abdülqadir İnanın ömür yolundan və yaradıcılığından danışacağıq.

Başqırdıstanda onun adı və soyadı Fət­xelqadir Mostafa ulı Söləymənov kimi yazılır. Türkiyədə və dünya türkologiyasında isə Abdülqadir İnan kimi tanınır.

1889-cu il noyabrın 29-da Başqırdıstanın Şığay-Harı Külmek kəndində, indiki Çelyabinsk vilayətinin Kunaşak rayonu Şikayevo kəndində doğulub. Kəndlərindəki usul-u cədid, yəni yeni usullu məktəbdə  yazıb-oxumağı, Rus dillini öyrənib. Sonra Troitsk şəhərindəki “Resuliyyə” mədrəsəsində təhsilini davam etdirərkən Osmanlı türkcəsini, ərəbcəni, farscanı, İslam dininin əsaslarını mükəmməl mənimsəyib.

Abdülqədirin başqırdların ən aktual probleminə həsr etdiyi ilk elmi-publisistik məqa­ləsi 1908-ci ildə Orenburqda çıxan «Vakıt» qəzetində çap olunub. Böyük başqırd maarifçisi Abdurrahman Rəsuli gənc Abdülqədirin araşdırıcılıqdakı bacarığını görüb 1910-cu ildə onu Rusyadakı Türk xalqlarının dastanlarını, etnoqrafiyasını, adət-ənənəsini və dinlərini öyrənməyə istiqamətləndirib. 1914-cü ildə Ali Müəllimlər Məktəbini bitirən Abdülqədir 1915-ci ildə “Bütün Rusya Müsl­ümanlarının Məhkəme-i Şeriyesi» qarşısında imtahan verərək müdərris diplomu  alır.

Ali Müəllimlər Məktəbində oxuyarkən, yəni 1914-cü ildə Zəki Validi Toğanla tanış olur. Onların bu tanışlığı sonradan möhkəm dostluğa və tale birliyinə çevrilir.

Millətini azad və xoşbəxt görmək üçün qəzet və jurnallarda məqalələr yazır, ictimai-siyasi təşkilatlarda fəallıq göstərir. Onun məqsədi xalqını qəflət yuxusundan ayıltmaq, öz taleyini özünün həll etməsinə nail olmaq idi.

1917-ci ilin fevralında Rusiyanın çarı İkinci Nikolayın hakimiyyətdən əl çəkməsi, Krenskinin başçılığıyla yeni hökumət qurulması,  çox keçmədən yeni yaranmış hökuməti bolşeviklərin zor gücünə devirməsi ölkədə böyük bir çaşqınlıq yaratmışdı. Rusiyada bir qarğaşa hökm sürürdü. Məhəlli savaşlar ara vermirdi. Rusiyanın əsarət altına aldığı xalqların öndə gedənləri bu vəziyyətdən istifadə edərək müstəqil dövlətlərini qurmağa çalışırdılar. Lakin yeni dövlətlərini qurmaq istəyən milli ziyalılar arasında fikir birliyi olmadığından istədiklərinə nail ola bilmədilər. Tatar millətçilərinin böyük bir qismi nəinki  tatar-başqırdların, hətta Sibir türklərinin də eyni dövlətə olmasını istəyirdilər.

Bolşeviklərə meyillənən Zəki Vəlid, Abdülqadir İnan kimi ziyalılar isə Başqırdıstanı Rusiya Federasiyasının tərkibində Muxtar qurum kimi görmək istəyirdilər.

1918-ci ildə «Başqırd» qəzetində işləyən Abdülqədiri İnan  1919-u ildə qurulan Başqırd Muxtar Respublikasının Təhsil Nazirliyində  elmi sahədə işləməyə dəvət edirlər. O, 1919-1920 illərdə Peterburqa gedərək arxivlərdən, kitabxanalardan başqırdların, tatarların, çuvaşların, qazaxların tarixinə dair əsərləri və sənədləri vətənə gətirir.

Bolşeviklər hakimiyyətlərini möhkəmlətdikcə əsarət altında olan xalqlara qarşı təziqi də artırırlar. Xüsusən milli məsələdə heç bir güzəştə getmək istəmirlər. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin davam etdiyini görən bolşeviklərlə əməkdaşlıq etmiş ziyalılar böyük yanlışığa yol verdiklərini anlayırlar.

Bolşeviklərin təqibindən qurtula bilən Zəki Validi Toğan və Abdülqədir İnan müstəmləkəçilərə qarşı mübarizə aparmaq üçün Türküstana gəlirlər. Onların istəyi Türküstandakı antibolşevik əhval-ruhiyyəli qüvvələri bir araya toplayıb Türk xalqlarının azadığına nail olmaq idi. Çünki Türküstanı bürümüş basmaçı hərəkatı onları daha da ruhlandırmışdı.

Dağılmış Rusiyanın idarəolunmaz bir hala düşə biləcəyindən ehtiyat edən inkişaf etmiş ölkələrin hökumətləri də milli dövlətlərin qurulmasını istəmirdilər. Əksinə yeni yaranmış bolşeviklərdən narazı olmaqlarına baxmayaraq, ona yardım edirdilər.

Elə buna görə də  Zəki Validi Toğanın, Abdülqədir İnan və başqalarının mübarizəsi uğursuzluqla nəticələnir. Zəki Validi Toğan və Abdülqədir İnan çox çətin bir yol keçərək, yəni İranı, Əfganıstanı, Hindistanı dolaşaraq 1924-cü ildə  Avropaya gələ bilirlər.

Abdulqədir Paris və Berlində  bir ara elmi araşdırmalar apardıqdan sonra 1925-ci ilin yayında İstanbula gəlir.

Abdülqadir İnan İstanbulda elm sahəsində çalışmağa başlayır. Onu Türkiyat İnstitunda professor Fuat Köprülüzadəyə  asistent təyin edirlər. O elmi fəaliyyətlə məşğul olmaqla yanaşı, kecmiş Rusiyadan qaçıb gəlmiş mühacirlərlə də sıx əlaqə saxlayır. Yalnız toplantılarda, yığıncaqlarda iştirak etməklə kifayətlənmir. Onların nəşr etdiyi qəzet və jurnallara əlindən gələn köməyi edir. Abdülqadir İnan, Tüküstanlı, Türkmən, İdil oğlu, B.Süleyman imzalarıyla “Türkead”, “Yeni Türküstan”, “Yeni Kafkasya” və b. qəzet jurnallara məqalə yazır. “Yeni Kafkasya” Abdülkadir (F.S.), Abdülkadir, Başkırdistanlı Abdülkadir, Başkırdistanlı Fethülkadir Süleyman imzaları ilə məqalələr yazan Abdülqədir İnanı Azərbaycan mühacirləri Məhəmmədəmin Rəsulzadənin baş muhərriri, Abbasqulu Kazımzadənin imtiyaz sahib olan “Odlu yurt” jurnalına (1929-1931) Abdülqədir İnan məsul müdür, Məhəmmədəmin Rəsulzadə Türkiyəni tərk etmək məcburiyyətində qaldığı günlərdə onun 1930-cu ilin avqustun 7-dən nəşrinə başladığı “Bildiriş” qəzetinə  redaktor təyin etmişlər. 1931-ci il  iyunun 11-dən həmin ilin avqustun 13-dək “Bildiriş” qəzetində «imtiyaz sahibi: A.Kazımzadə, məsul müdür: B.Süleyman” olmuşdur. Onun “Bildiriş” qəzetində məqalələri “Edil-Ural elində”, “Başqırdıstanda”, “Muxtəlif xəbərlər” rubrikaları altında verilib.

Qəzetdə Abdülqədir İnanın Başqırdıstan mövzusunda yazdıqları arasında “Başqırdıstan məsələsi və Başqırd hərakatı (Şamson Tipeyefin əsəri münasibətiylə)” məqaləsi olduqca önəmlidir. Bu məqalə müəllifin problemi gözəl bildiyindən, yüksək incələmə bacarığından, vətənsevərliyindən  xəbər verir. Qəzetin 44-47-ci saylarında çap olunmuş bu məqalənin yazılmasından 80 ilə yaxın keçməsinə baxmayaraq, aktuallığını bu gün də itirməyib.

 1931-ci ilin avqustun 13-dən isə “Bildiriş” qəzetində Abdulqədir İnanı Mirzəbala Məmmədzadə əvəz edib.

İctimai-siyasi işlərdə fəallıq göstərən, publisistik edən, Abdülqədir İnan 1930-cu ildə İstanbulda “İlk ilimi seferden maruza” adlı Türk folkloru materialları toplusu olan kitabını çap etdirib.

1933-cü ildən Ankarada “Türk Dil Kurumu”nda çalışan Abdülqadir İnan 1936-ci ildə Atatürkün əmriylə professor  təyin edilib. 9 il Dil və Tarix-Coğrafya Fakültəsində  “Doğu Türk Lehçeleri” fənninin proqramını yaradaraq bu fəndən dərs deyib.

İkinci Dünya Savaşına Türkiyə qatılmadı. Lakin buna baxmayaraq, onun təsirindən qurtara bilmədi. Sovetlər Birliyi və onun müttəfiqlərinin Almaniya üzərindəki qələbəsi Türkiyəni bərk qorxuya saldı. Türkiyə hökuməti açıq-aydın görürdü ki, Sovetlər Birliyi Türkiyədə sosializm qurmaq adı altında buranı işğal etməyi planlayır. Buna görə də önləyici tədbirlər gördü. Ən tanınmış türkoloqları Turançılıqda suçlayaraq 1944-cü ildə həbs etdi. Həbs edilənlər arasında Abdülqadir İnan da vardı. Savaş başa çatıb dünya bölüşdürüləndən sonra Türkiyənin Hərbi məkəməsi yenidən Turançılıqda ittiham edilənlərin işinə baxdı. Onların fəaliyyətində cinayət tərkibi olmadığı hökmünü verdi.

  Abdülqadir İnan 1945-ci ildən yenidən Türk Dil Qurumunda, Dəyanət İşləri Nazirliyinin Müşavirə Heyətində, 1964-1973-cü illərdə  isə Türk Kültürünü Araşdırma İnstitutunda işlədi.

  Məktəb müəllimi, universitet professorü, jurnalist kimi fəaliyət göstərməklə yanışı, daim elimi axtarışlarda olan Abdülqadir İnanın etnografya, folklor, ədəbiyyat, Türk xalqlarının dili sahəsində  350 elmi əsəri çap olunub. Onun 1954 və 1972-ci illərdə “Tarixdə və bugün şamanizm”, 1936-cı ildə “Türkoloji dərs xülasəsi”, 1968-ci ildə “Makaleler ve İncelemeler”,  1976-cı ildə “Eski Türk Dili Tarihi” kitabları çap olunub. Bu əsərlər təkcə Türkiyədə deyil, dünyanın hər yerində türkoloqlar tərəfindən yüksək  qiymətləndirilmişdir. 

 Azərbaycanlılarla sıx bağlı olan Abdülqadir İnan yazmış olduğu elmi məqalə və kitablarında Azərbaycan folklor və etnoqrafiyasından geniş istifadə etmişdir. O, bunların çoxunu dostları Məhəmmədəmin Rəsulzadə, Mmirzəbala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əhməd Cəfəroğlu və b. almışdır.

Abdülqadir İnan (Fethelkadir Söleyman) 1976-cı ildə Türkiyədə vəfat etmişdir. Sovetlər Birliyi dağıldıqdan sonra Abdülqadir İnan yaradıcılığına diqqət daha da artdı. Türk dünyasının gəncləri onun millətinə miras qoyduğu əsərləri sevə-sevə oxuyur, adının əbədiləşdirilməsi üçün əllərindən gələni əsirgəmirlər.

 

Mətni yazdı və oxudu Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 

 

 

 

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol