Abdulhakim Qulmuhəmmədov

Abdulhakim Qulmuhəmmədov

Türk Dünyasının Məşhurları-

Türkmən xalqının oğlu, keşməkeşli bir ömür sürmüş, azadlığı uğrunda mübarizədə həlak olmuş...

Göndərmə 14.05.2013 10:29:35 UTC

Güncəlləmə 14.05.2013 10:29:35 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=9adb55e6-42a4-475f-a2de-0153bd8739a3

Abdulhakim Qulmuhəmmədov yaxın tariximizdə yaşamasına baxmayaraq onun doğum tarixi haqqında dəqiq məlumat yoxdur. Fərqli qaynaqlarda doğum il 1879-cu il, 1885-ci il və 1893-cü il göstərilir. Doğum ili arasındakı fərq 14 ilə yaxındır. Yaşının fərqli göstərilməsinə baxmayaraq doğulduğu yerin adı bütün sənədlərdə indiki Türkmənistan Respublikasının Lebab vilayəti, bir az da dəqiqləşdirsək, vilayətin Xalac rayonunun Ağdəri kəndində olduğu yazılır.

Onun ilk təhsili haqqında da dəqiq bilgi verən qaynağa rast gəlinmir. Buxaradakı Çahar Minara və Xəlifə Niyazqulu adı ilə tanınan mədrəsədə oxuduğu deyilir. Türkmən ziyalılarının Buxara, Səmərqənd, Xivə mədrəsələrində oxuyarkən hansı alimlərin tələbəsi olduqları, kimlərlə birlikdə təhsi aldıqları, hansı fənlərə maraq göstərdikləri barədə məlumat verən araşdırmacılar Abdulhakimdən söz açarkən bu mövzunun üzərindən sükutla keçirlər. Hətta onun hansı illərdə mədrəsədə oxuduğunu belə göstərmirlər.

Buxarada mədrəsəni bitirdikdən sonra Abdulhakim Qulmuhəmmədovun harada işləməsi barədə də dəqiq məlumat yoxdur. Ancaq Türkmənistanda işləyərkən doldurduğu şəxsi işindən məlum olur ki Abdulhakim Qulmuhəmmədov 1910-cu ildə İstanbul Darülfünün Arxeoqrafiya İnstitutunda oxuyub. İstanbul Universitetinin tarixini az-çox bilənlərə isə məlumdur ki, həmin illərdə elə bir institut olmayıb.

1918-ci ilə kimi İstanbulda yaşayan Abdulhakim Qulmuhəmmədov sonra vətənə dönür. Buxarada cox kecmir ki adı Rusiya Kommunist Bolşevik Partiyasının qurucuları sırasında çəkilir.

Abdulhakim Qulmuhəmmədov Türkmənistana gəldikdən sonra böyük nüfüz qazanır, ancaq ziyalıların böyük əksəriyyəyini əhatə edən Cədidçilik hərəkatına qoşulmur. O, bolşeviklərlə birlikdə olur, bolşeviklərə bir ideoloqdan daha çox hərbçi kimi xidmət edir. Heç bir hərbi təhsili, əsgəri təcrübəsi olmasa da, o Türkmənistanda yerli xalqlardan təşkil edilən ilk süvari dəstəyə komandir təyin edilir.

Az bir zamanda bir hərbçi – sərkərdə kimi məşhurlaşan Abdulhakim Qulmuhəmmədov monarxiya, zülm, haqsızlıq əleyhinə olduğu üçün bölşeviklərin xalqlara azadlıq bəxş edəcəklərinə ürəkdən inanır. Onun süvari dəstəsi 1920-ci il sentyabrın 2-də Əmir Seyid Alim xanın Buxaradan qovulmasında, Türkmənistanın Çərcöv qalasına hücumda fəal iştirak edir.

Döyüşlərdə göstərdiyi hünərə görə Sovet Ordusunun Türküstandankı birləşmələrinin komandiri Mixail Frunzenin sağ əlinə çevrilir, xalqının zülm və əsarətdən xilas olması üçün ölümə belə getməkdən çəkinmir. Beləcə Türkmənistanın mərkəzində sahəsi 182 min kvadratkilometr, əhalisi 2 milyon 200 mini keçən Buxara Xalq Sovet Respublikasının qurucularından biri olur.

Buxarada sentyabrın 14-də Ümumbuxara İnqilab Komitəsi və Xalq Komissarlar Şurası yaradılır. Oktyabrın 8-də keçirilən Ümumbuxara Xalq Nümayəndələri Qurultayı Buxara Xalq Sosialist Respublikası yaradıldığını elan edir. Döyüşlərdə göstərdiyi hünərə görə yeni hökumətdə Abdulhakim Qulmuhəmmədova hərbi nazir vəzifəsi verilir. Sonra isə ona müxtəlif vəzifələr həvalə edilir. Buxara hökumətinin Kərki vilayətinin rəhbəri olarkən göstərdiyi xidmətlər yüksək dəyərləndirilir və Buxara Hökumətinin “Altın Yıldız” medalı ilə təltif olunur.

Buxara hökumətində Abdulhakim Toksaba kimi tanınan və miralay rutbəsi verilən Qulmuhəmmədov bolşeviklərin sözü ilə əməlinin düz gəlmədiyini, verdikləri vədə əməl etmədiklərinin şahidi olur. Sovet ordusunun Türkmənistanda dinc əhaliyə divan tutduğunu, onların son tikələrini belə əllərindən alaraq Rusiyaya, qardaş adlandırdıqları proletariata pulsuz-parasız göndərdiklərini, gənc Buxara hökumətinin hər işinə müdaxilə etdiklərini görür. Ona görə də Sovet ordu birləşmələrinin Türkmənistandan çıxarılması üçün yollar axtarır.

Abdulhakim Qulmuhəmmədov belə axtarışda olduğu vaxt Osmanlı hökumətinin keçmiş hərbi naziri Ənvər Paşa Moskvadan Buxaraya gəlir. O, Buxarada Abdulhakim Toksaba kimi tanınan Qulmuhəmmədovun evinin baxçasında Basmaçı hərəkatının liderlərilə görüşür. Bu görüşdən sonra Abdulhakim Qulmuhəmmədov Basmaçlar hərəkatına qoşulur. Sovet xüsusi xidmət orqanları da bu toplantıdan xəbər tutduğuna görə iştirakçıları aradan götürmək üçün planlar hazırlayır.

Ənvər Paşanın planları uğursuzluqla nəticələndikdən, özü də döyüşdə şəhid olduqdan sonra Abdulhakim Qulmuhəmmədov da Əfqanıstana gedir. Bir müddət orada qaldıqdan sonra İrandan keçərək Aşqabada gəlir. Soyadındakı dəyişikliyə, hərbi və siyasi fəaliyyətdə fəal iştirakdan çəkinməsinə baxmayaraq Sovet xüsusi xidmət orqanları onun keçmişindən xəbərdar olur. Lakin onu həbs etməyə ehtiyac duymurlar. Çünki Türkmənistanda qurduqları hökümətin Abdulhakim kimi savadlı kadrlara böyük ehtiyaçı vardı. Moskvada çap olunan “Novıy Vostok” jurnalı Basmaçlar arasında olanda belə Abdulhakim Qulmuhəmmədovu yuksək qiymətləndirmiş, “sağlam əsaslara dayanan əsl ziyalı” adlandırmışdı.

Abdulhakim Qulmuhəmmədov hərbi və siyasi fəaliyyətdən uzaq düşsə də, bədii və elmi yaradıcılığını davam etdirir. Qəzet və jurnallarda yeniliyin təbliği adı altında milli şüuru oyadan şeirlər çap etdirir. Gənclik illərində yazdığı qəzəllərdən, sxolastik şeirdən uzaqlaşan şair heca vəznində və ana dilinin saflığını qoruyaraq şeir və poemalar yazır.!

Abdulhakim Qulmuhəmmədov Əhməd Cavad kimi təbiət mövzusuna həsr etdiyi şerində siyasi məqamlara işarə edir. “Artıq yetər” şeirində yazın gəlişini tərənnüm adı altında Türkmən xalqını azadlığa çağırır.

Aşqabadda daha çox elmi işlərlə məşğul olan Abdulhakim Qulmuhəmmədov 1925-ci ildə Əlişir Nəvainin “Mühakimet ül Lüğəteyn” adlı əsərinə geniş ön söz və izahlar yazaraq çap etdirir.

Olduqca məhsuldar işləyən şair-alim 1926-cı ildə özünün “Ümüd ilğımları” şeirlər kitabını və XIX yüzildə yaşamış Türkmən şairləri Seyidnəzər Seyidinin və Qurbandurdu Zelilinin şeir kitablarını ilk dəfə çap etdirir.

Onun 1927-ci ildə geniş ön söz və izahlarla çap etdirdiyi “Sayad ilə Həmara” dastanını yalnız Türkmən ədəbiyatının deyil, oğuz türklərinin ortaq abidəsi kimi dəyərləndirilməsi hakim ideologiya ilə uyğun gəlmir.

Abdulhakim Qulmuhəmmədov 1927-28-ci illərdə “Türkmənistan” qəzetində “Müvazinətini qorumayan dul qalar” adlı romanından parçalar və “Gənc şairlərimiz” adlı ədəbi-tənqidi məqalələrini şap etdirməklə kifayətlənmir. Dissertasiya yazıb Leninqradda professor A.N.Samoyloviçin rəhbərliyi və V.V.Bartoldun opponentliyi ilə müdafiə edərək elmi dərəcə alır.

Doğulduğu Lebab vilayətinə elmi ezamiyyətə gedən Abdulhakim Qulmuhəmmədov oradakı məscid, mədrəsə və şəxsi kolleksiyalardan çoxlu əlyazma toplayaraq gətirir. Topladıqlarını o zamanki Türkmənistan Mədəniyyəti İnstitutunun kitabxanasına verir. Materialların itib-batmaması üçün onların katoloqunu hazırlayır və 1931-ci ildə Rus dilində Aşqabatda çap etdirir. Orta Asiya ədəbi abidələrinin elmi təsviri verilmiş bu kitab günümüzdə öz dəyərini qoruyub saxlamaqdadır.

Arxiv materiallarından məlum olur ki, onun çapa hazırladığı kitablar arasında Xivə xanı, gözəl tarixçi Əbdülqazi Bahadır xanın “Şəcəreyi Terakimə” əsəri də olub.

Daim xüsusi xidmət orqanlarının nəzarəti altında olan Abdulhakim Qulmuhəmmədov 1931-ci ilin iyulunda İran sərhədi yaxınlığındakı Firizədə sərhədçilər tərəfindən güllələnir. O, güllələnərkən asistenti, Azərbaycanın tanınmış etnoqraf tarixçisi Qəhrəman Qaraqaşlı da yanında olur.

Abdulhakim Qulmuhəmmədov güllələndikdən sonra uzun illər onun adının çəkilməsi və əsərlərindən istifadə qadağan edilir.

Türkmənistan 1991-ci ildə müstəqilliyinə qovuşduqdan sonra Abdulhakim Qulmuhəmmədov və onun kimi vətən və millət üçün böyük işlər görmüş insanlara maraq artır, ömür yolları və yaradıcılıqları öyrənilərək təbliğ olunur.

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=