Ahmedhadi Maksudi

Ahmedhadi Maksudi

Türk Dünyasının Məşhurları-25

Tatar xalqının oğlu, dilçi alim, islamşünas, pedaqoq, maarifçi, ictimai- siyasi xadim Ahmedhadi Maksudi...

Göndərmə 27.06.2013 07:40:34 UTC

Güncəlləmə 27.06.2013 07:40:34 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=93fb9e68-930c-40aa-a97f-823a7b44a2bb

 

Rusiya Tatarıstanı işğal etdikdən sonra bu yerlərin idarəsini əbədi öz əlində saxlamaq üçün sərt cəza tədbirləri görməklə yanaşı, xristian missionerlərinin əlilə bölgənin müsəlman inanclı əhalisini xristianlaşdırmağa çalışır. Müsəlman dindarları və xüsusən də dini təhsil görmüş insanlar xristian missionerlərinə qarşı sərt müqavimət göstərirlər. Onların müqaviməti güc tətbiq etməklə olmur. Yarı açıq, yarı gizli uşaqları və yeniyetmələri maarifləndirir, islam dinini təbliğ edir, onun xristianlıqdan üstün cəhətlərini xalqa çatdırırlar.

İslam təriqətləri təşkilatlanmış şəkildə nəinki dirəniş göstərir, hətta bəzi xristianları da islamlaşdıra bilirdilər. Dinlər arasındakı bu mübarizə Tatrıstandan, Başqırdıstanda özünü daha qabarıqlığı ilə göstərir.

Ahmedhadi də arxasında Rusiyanın və Avropanın inkişaf etmiş dövlətlərinin durduğu xristianlıqla, təzyiq altında olan islamın açıq və gizli mübarizə meydanında dünyaya gəlir.

Ahmedhadi 1868-ci il sentyabrın 28-də Kazan quberniyasının Taşsu kəndində anadan olub. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Biektay rayonuna daxildir. Kənd mollası olan Nizaməddinin aliləsində doğulan oğlan uşağına Əhməthadi adını verirlər. Rusdilli sənədlərdə isə onun adı Axmethadi, soyadı isə Maksudov, bəzi tatar qaynaqlarında isə Qaxmethadi yazılır. Buna görə də onun adı Avropa və Türkiyə qaynaqlarında Ahmedhadi, Axmethadi yazılmağa başlayır. Məqalələrində və kitablarında soyadını Maksudov deyil Maksudi yazır. Rəsmi qaynaqlarda Ahmedhadinin doğulduğu yer Rusiya İmperiyası Kazan quberniyasının Studeno-Klyuçinsk qəzası göstərilir.

İlk təhsilini evdə atasından, sonra da kənddəki ibtidai məktəbdə alan Ahmedhadi 1881-ci ildə Kazandakı Qallamiyə mədrəsəsində oxumağa gedir. Mədrəsəni əla qiymətlərlə bitirdiyinə görə onu aşağı siniflərdə dərs deməyə saxlayırlar.

Ahmedhadi Maksudi 1892-ci ilədək Qallamiyə mədrəsəsində dərs deyir. O, təhsil zamanı qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün ərəb əlifbasına altı hərf əlavə edir ki, sözlər türk dillərində aydın oxunsun. Bununla kifayətlənmir. Uşaqlar üçün dərslik yazmağa başlayır. “Müəllimi əvvəl” kitabını yazaraq nəşr etdirir. Əslində bu əlifba kitabı idi. Kitabda səsli hərflərlə yanaşı səssizlərin də verilməsi dərsliyə böyük maraq oyadır. Bu kitab 32 dəfə çap olunur. Müxtəlif illərdə çap olunan kitabın ümümi tirajının bir milyon iki yüz mini keçdiyini yazırlar. “Müəllimi əvvəl” kitabını yalnız Kazanın məktəblərində deyil, Volqaboyunun, Uralətrafının, Sibirin, Türküstanın müsəlman məktəblərində də tədris vəsaiti kimi işlədilir.

Həcc ziyarətinə gedən Ahmedhadi Maksudi İstanbulda ziyalılarla görüşür, tədrisin yenidən qurulması, türk xalqlarının ortaq ünsiyyət dili, təriqətlər arasındakı fikir ayrılıqlarının Quran əsasında aradan qaldırılması mövzusunda fikir mubadiləsi edir. Geri döndükdə isə Kırımda İsmayıl bəy Qaspıralı ilə görüşür. İsmayıl bəylə olan söhbətləri o qədər səmimi və işgüzar olur ki, Ahmedhadi 1893-cü ildən Baxçasarayda qalıb Zəncirli mədrəsədə dərs deməyə və “Tərcüman” qəzetində işləməyə razılaşır.

Ahmedhadi Maksudi Baxçasarayda qalmaqla kifayətlənmir. Kiçik qardaşı, gələcəyin böyük türkçüsü və ictimai-siyasi xadimi, Tatarıstan Cümhuriyyətinin ilk prezidenti olacaq Sədrəddini də yanına gətirir.

Baxçasaray mühiti və İsmayıl bəy Qaspıralı ilə söhbətlər Ahmedhadi Maksudinin dünyagörüşünə güclü təsir edir.

1896-cı ildə Kazana dönən Ahmedhadi Maksudi imtahan verərək rəsmi hökumət məktəblərində də dərs demək hüququ əldə edir. Bu diplomdan istifadə edərək 1900-cü ildə Birinci Kazan Müsəlman Məktəbində və İkinci Kazan Gimnaziyasında dərs deyir və 1903-1905-ci illərdə Kazan Universitetində azad dinləyici olur. O, müəllimlik etmək, dərsliklər, metodik vəsaitlər hazırlamaqla yanaşı, qəzet-jurnallara da məqalələr göndərir. Xeyriyyəçilərdən topladığı vəsaitlə kasıb uşaqlarını oxudan, mömin müsəlmanların Həcc ziyarətinə getməsini təşkil edən Ahmedhadi Parisdə hüquq təhsili alan kiçik qardaşı Sədrəddin Maksudiyə də maddi yardım edir.

1899-cu ildə Saratovdakı fabrikant Süleyman Mişkinin qızı Zeynəb banu ilə evlənən Ahmedhadinin xeyriyyəçilik və maarifçilik fəallyyəti daha da genişlənir. Çünkü xanımı tanınmış iş adamı və sənayeçi İsak Yusup oğlu Apanayevin nəvəsi idi. Bu ailələr də xeyriyyəçiliyə, maarifə vəsait ayırmağa həvəs göstərirdilər. Buna görə də Ahmedhadi maddi sıxıntı çəkmədən elmi-pedaqoji fəaliyyətini genişləndirir. Tatar dilində iki cildlik “Ərəb dili” dərsliyi yazaraq 1898 və 1900-cü illərdə Kazanda çap etdirir.

1892-ci ildən başlayaraq 1905-ci ilədək “Yıldız”, “Gündüz” , “Kazan” adlı qəzetlər nəşr etmək üçün Mətbuat İşləri Üzrə Baş İdarəyə müraciət etsə də heç birinə müsbət cavab ala bilmir. Lakin o ruhdan düşmədən ana dilində 1899-cu ildə Kazanda “Şəriət”, 1901-ci ildə “Peyğəmbərlərin tarixi”, 1905-ci ildə üç cildlik “İslam hüququ”, 1906-cı ildə orta məktəblər üçün “Ərəb dilinin qramatikası”, 1908-ci ildə iki cildlik “Dünya haqqında məlumat”, 1910-cu ildə “Tatar dilinin morfologiyası”, “Tatar dilinin sintaksisi”, “Tatar dilinin etimologiyası” və b. kitablarını çap etdirir. Onun yazmış olduğu kitabların sayı 40-ı keçir.

1905-ci il inqilabının təsiri ilə Ahmedhadi Maksudi “Yıldız” jurnalının nəşrinə icazə ala bilir. 1918-ci ilədək 1900 sayı çap olunan, Kazanda, Orenburqda, Ufada, Samarada, Saratovda, Vyatkada, Perimdə, Novqorodda, Simbirskidə, Tomskdə, Həştərxanda, Semiplatinskdə, Turqayda, Səmərqənddə, İrkutskdə və b. yerlərdə özünə çoxlu abunəçi toplayan jurnalda əsasən maarifçi məqalələr nəşr edir.

1906-ci il yanvarın 2-də Kazanda ilk tatar kitabxanası- “Kitabxanai islamı” açan və ona bağlanan günə kimi, yəni 1923-cü ilədək müdirlik edən Ahmedhadi Maksudinin həyatının çətin günləri 1917-ci ilin oktyabrında bolşeviklərin silah gücünə hakimiyyəti ələ almalarından sonra başlayır. O, bolşeviklərə qarşı silahlı müqavimət göstərməsə də, milli siyasi partiyalarda rəhbər vəzifə tütmasa da, bolşeviklərdə Ahmedhadi Maksudiyə qarşı bir kin, nifrət vardı. Çünki onun kiçik qardaşı Sədri Maksudi Arslan kimi tanınan Sədrəddin Tatrıstanın mustəqilliyinə can atırdı və yaradılmış cümhuriyyətə xalq onu rəhbər seçmişdi.

Bolşeviklər minlərlə tatarı gullələsə də, həbsxanalara salsa da, muhacirətə getməyə məcbur etsə də, silah gücünə bölgəni tabe edə bilmirdi. Odur ki, bəzi güzəştlərə gedir, mədəni-maarif işlərinə diqqəti artırırdı. Ona görə də hökumətin Ahmedhadi Maksudi kimi kadırlara böyük ehtiyacı vardı. Ümumtəsil məktəblərində dərs deyən, ali məktəbdə ərəb dilini tədris edən, ardıcıl elmi faliyyətlə məşğul olan Ahmedhadi Maksudini 1928-ci il millətçilikdə suçlayaraq pedaqoji sahədən uzaqlaşdırırlar. O, ailəsini dolandırmaq üçün arteldə işləməyə başlayır. Lakin bu da uzun sürmür.

1932-ci il dekabrın 21-də Ümumittifaq Millətçi Sosialist Partiyasının rəhbərlərindən biri kimi həbs edirlər. Uzun sürən istintaqdan sonra Ahmedhadi Maksudini 1933-cü ildə Vyatkaya üç illiyə sürgün edirlər. Sürgün müddətində “Şərq filosofları” kitabını yazan böyük alim 1936-cı ildə Kazana qayıdır. 1938-ci ilin yanvarında yenidən Ahmedhadi Maksudini həbs edirlər. Bu dəfə də istintaq 1939-cu ilədək davam edir.

Sovet müstəntiqləri 71 yaşlı alimi həbs etmək üçün əsaslı bir dəlil tapa bilmirlər. Bolşeviklərin hakimiyyəti ələ almasından sonra daim təqib və təzyiqlər altında yaşamağa məcbur olan Ahmedhadi Maksudi 1941-ci il iyunun 28-də Kazanda dünyasını dəyişir. Uzun illər onun əsərlərinin nəşri, təbliği qadağan edilsə də, xalq Maksudi qardaşlarını və onların vətən, millət üçün gördükləri işi unutmur. SSRİ dağıldıqdan sonra Ahmedhadi Maksudinin əsərlərinin böyük tirajla çapına və adının əbədiləşdirilməsinə başlanır.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol