Ahmet Baytursunov

Ahmet Baytursunov

Türk Dünyasının Meşhurları-13

Qazax xalqının böyük oğlu, dilçi alim, pedagoq, inqilabçı Ahmet Baytursunov...

 Göndərmə 09.04.2013 11:45:35 UTC

Güncəlləmə 09.04.2013 11:45:35 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=6574ae18-3d99-4c5f-9955-e712fb2afd93

 Ahmet Baytursunovun doğum tarixi qaynaqlarda fərli-fərqli göstərilib. Həbs edildikdə müstəntiqlərin sorğularına verdiyi cavabda gah 1870-ci ildə, gah 1875-ci ildə, gah da 1873-cü il yanvarın 15-də adadan olduğunu söyləyib. Bəzi qaynaqlarda isə 1872-ci il sentyabrın 5-də doğulduğu yazılıb. Onun atasının adı Baytursundur. Atasının adı sonralar onun həm də soyadına çevrilib.

Qazaxıstanı Rusiya İmperiyası işğal etdiyindən imperya hökumətinin yaratdığı Turqay Vilayəti Turqay qəzasının Sartıbek kəndində anadan olduğu qeyd edilib. Ortabab kəndli ailəsində doğulsa da Sovetlər dövrünün bir sıra istintaq sənədlərində müstəntiqlər ata adındakı və doğulduğu kəndin adındakı bay sözünü əsas tutaraq onun bəyzadə olduğunu yazıb və bunu da ona suç biliblər.

Kəndlərindəki molla məktəbini və rus-tuzem məktəbini bitirən Ahmet Baytursunov təhsilini Orenburq müəllimlər seminariyasında davam etdirib. 1895-ci ildə seminariyanı bitirib Aktubinsk, Kustanay və Karkarail qəzalarının kəndlərində müəllimlik edib.

1907-ci ilədək müəllimlik edən Ahmet Baytursunov müstəmləkə zülmü əleyhinə təbliğat aparıb. 1905-ci ildə tarixə “Karkarail petisyası” adı ilə daxil olan hökumətə etiraz məktubunu hazırlayanlardan biri olub. 1907-ci ildə siyasi fəaliyyətinə görə həbs edilib sürgünə göndərilən Ahmet Baytursunovu ikinci dəfə 1909-cu ilin iyulunda həbs edərək səkkiz ay Semplatinsk həbsxanasında saxladıqdan sonra Orenburqa sürgün ediblər.

1911-ci ildə Orenburqda “Masa (Ağcaqanad)” adlı şeirlər, 1913-cü ildə isə Moskvada qazax xalq nəğməkarları- yırçılardan topladığı “Er Sayin” dastanını kitab halında çap etdirib. Ahmet Baytursunov 1913-cü ildə I Dövlət Dumasının deputatı olub Alıxan Bekeyxanov və şair, publisist Mirjakip Dulatovla birlikdə “Kazax” qəzetinin nəşrinə başlayır və qapananadək bu qəzetin redaktoru olub. Qəzetdə maarifçi məqalələrlə yanaşı cəmiyyətdəki nöqsanları kəskin təndid edən yazılar da çap etdirib. 1914-cü ildə yazdığı “Qazax vilayətini idarə etmə üsulları” adlı tənqidi məqaləsinə görə onu məhkəməyə veriblər. Məhkəmə böyük məbləğdə cərimə kəsib. Ahmet Baytursunov çəriməni ödəyə bilməyəcəyini söylədikdə cərimə üç aylıq həbslə əvəzlənib. “Kazax” qəzetinin oxucularının topladığı vəsait sayəsində redaktor həbsdən azad olub.

Qəzeti milli ziyalıların ideoloji mərkəzinə çevirən, ərəb əlifbasının türk dilləri üçün yaramadığını görüb yeni əlifba yaradan, ictimai-siyasi xadim kimi formalaşan Ahmet Baytursunov qazax-qırğızların milli təşkilatı olan “Alaş”ın qurucularından olub. 1917-ci ildə məhkəmə qərarı ilə “Kazax” qəzeti bağlandıqda o bütün gücünü “Alaş” hərəkatının təşkilatlanmasına yönəldib.

II Nikolay çar taxtından salınıb Müvəqqəti Hökumət qurulduqda qazax-qırğız ziyalıları da müstəmləkə zülmündən xilas yolları axtarıblar. Ahmet Baytursunov 1917-ci il aprelin 2-8-də Orenburqda keçirilən Turqay Vilayəti Qırğızlarının Qurultayında iştirak edib. O dövrdə qazaxlar da çox vaxt qırğız adlandırılırdı. Qurultayda Ahmet Baytursunov başçılığı altında 8 nəfər seçilib və onlara Ümumqırğız qurultayını hazırlamaq tapşırılıb.

Onlar bu vəzifənin öhdəsindən baçarıqla gəliblər. 1917-ci il iyulun 21-27-də Ümumqırğız “Alaş Orda” Qurultayı baş tutub. Ahmet Baytursunovu qurultaya sədr və Turqay vilayətindən deputat seçiblər. 1917-ci il avqustun 20-25-də Aktubinskdə Tuqay Vilayətinin II Qırğız Qurultayı keçirilib. Bu qurultayların təşkilatçılarından olan Ahmet Baytursunov “Alaş” hərəkatının partiyaya çevrilməsində böyük rolu oynayıb.

Bolşeviklərin Peterburqda silah güçünə Müvəqqəti Hökuməti hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdirib. Ölkəni bir xaos bürüyüb. Rusiyanın əsarət altında olan xalqları müstəqil dövlətlərini qurmağa çalışıblar. 1917-ci il dekabrın 13-15-də Orenburq şəhərində Ümumqırğız Qurultayı çağrılıb. Qurultayda Ahmet Baytursunova və Mirjakip Dulatova əhalini səfərbərliyə almaq, partiyanın gücünü artırmaq və özünümüdafiə məsələləri tapşırılıb. Azsaylı qazax sosialistləri isə milli dövlətin qurulmasına etiraz edib.

Alıxan Bekeyxanovun rəhbərliyi altında qurulan Alaş Orda Hökumətinə Ahmet Baytursunov da daxil olub. Yeni hökümət əhalini rus hərbiçilərinin basqınlarından qurtarmaq üçün öncə Aleksandr Dutovun bölgədə at oynadan silahlı dəstələri ilə, sonra da çar ordusunun admiralı Aleksandır Kolçakın qurduğu oyuncaq hökümətlə ittifaqa girməli olublar.

Böyük ərazisi olan Qazaxıstanı idarə etməyə “Alaş Orda” hökümətinin nə kadrı çatır, nə də hərbi gücü. Bolşeviklər də Rusiyada qurulmaqda olan yeni hökümətin təhriki ilə Qazaxıstanın müxtəlif yerlərində baş qaldırıb, silahlı toqquşmalar yaradıblar. Vəziyyət getdikcə bolşeviklərin xeyirinə dəyişdiyini görən “Alaş Orda” hökumətinin bəzi üzvləri bolşeviklərlə danışıqlara getməyi daha münasib sayıblar.

1919-cu ilin aprelində Moskvaya gələn nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. görüşüb. Razılığa gəlinib ki, bolşeviklər qazaxların yeni dövlətini tanıyacaqlar və “Alaş Orda” hökümətinin bolşeviklərə qarşı vuruşmuş üzvlərinə aminisya verəcəklər. “Alaş Orda”çılardan Ahmet Baytursunov, Mirjakip Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşulsunlar.

Razılaşmadan sonra “Alaş Orda”çıların bir qismi bölşeviklərin tərəfinə keçib, qazaxların Sovet ordusuna müqavimət göstərməsini durdurmağa çalışıb, admiral Aleksandır Kolçakın ordularına qarşı vuruşublar.

Ahmet Baytursunovu Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul ediblər və Qazaxıstanı bolşeviklər işğal etdikdən sonra orada yaradılan yeni hökumətin Maarif Naziri təyin ediblər. Lakin bu hal çox da uzun sürməyib. Onu vəzifədən də, partiya üzvlüyünə namizədlikdən də xaric ediblər.

Ahmet Baytursunov maarif sahəsində çalışsa da, elmi araşdırmalarla məşğul olsa da siyasi fəaliyyətdən əl götürməyib. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının Rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaşdırılmasında fəal iştirak edib.

1926-ci ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müdafiə etməklə yanaşı, Fuad Köprülüzadə və başqaları ilə görüşərək onlar vasitəsi ilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa nail olub.

Maarif və elm sahəsindəki böyük xidmətlərinə baxmayaraq onu 1929-cu il iyunun 12-də həbs ediblər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçı təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyub. Səkkiz ay güllələnəcəyi günü gözləyən Ahmet Baytursunovun güllələnmə hökmü 10 illik həbslə əvəzlənib.

Ahmet Baytursunov həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilməyib. Cəza müddəti vaxtından əvvəl bitdiyinə görə Almatı şəhərinə dönə bilib.

1937-ci ildə onu yenidən həbs ediblər. Ahmet Baytursunov keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə çəhd etdiyinə görə güllələnməyə məhkum edilib. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilib.

1956-cı ildə repressiya qurbanlarının çoxuna bəraət verilsə də Ahmet Baytursunova bəraət verilməyib. O, bu bəraəti Qazaxıstan müstəqilliyinə nail olduqdan sonra ala bilib.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=