Anempodist Sofronov

Anempodist Sofronov

Türk Dünyasının Məşhurları-09

Saxa xalqının yeni ədəbiyyatını formalaşdıran şair, publisist, dramaturq, ictimai xadim, türkoloq Anempodist Sofronovun həyat və yaradıcılığı haqqında...

Göndərmə 07.03.2013 12:26:47 UTC

Güncəlləmə 07.03.2013 12:26:47 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=387533b2-d879-44d6-a156-087e8fba4d4b

 

1926-cı ildə Bakıda keçiriləcək I Türkoloji Qurultay böyük əks-səda doğurmuşdu. Dünyanın uzaq quşələrindən bu möhtəşəm toplantıda iştirak etmək üçün onlarla alim, ziyalı, qəzet işçisi, partiya və dövlət xadimi yola düşmüşdü. Onların sırasında Yakutyadan dörd nəfər də vardı: İsidor Nikolayeviç Baraxov, Aleksandr Andreyeviç İvanov, Alampa ləqəbli Anempodist İvanoviç Safronov və saxaların Yeleksey Yeksyukulyak deyə çağırdıqları, rəsmi sənədlərdə adı və soyadı Aleksey Kulakovskiy yazılan öndərlər.

Uzun yol, soyuq vaqonlar, baxımsızlıq Yeleksey Yeksyukulyakın qurultaya gəlməsini əngəllədi. Ağır xəstəliyə görə Moskvada xəstəxanada yerləşdirildi. Lakin həkimlərin ciddi cəhdinə baxmayaraq istedadlı alim 1926-cı il iyulun 6-da dünyasını dəyişdi və onu Moskvada dəfn etdilər.

Alampa ləqəbilə tanınan Anempodist İvanoviç Sofronov 1886-cı il noyabrın 14-də keçmiş Rusiya İmperyası Yakutsk dairəsi Boturus ulusunun Jexsoqonski düşərgəsində doğuldu. İndi həmin yerlər Rusiya Fedarasiyası Yakutya Respublikasının Tattinski ulusuna daxildir.

Çar Rusiyası Sibiri işğal etdikdən sonra orada yaşayan xalqları assimlə etmək üçün xristian dinindən istifadə edirdi. Bir tərəfdən xristian olmayanlardan yasaq adlı vergi alınır, o biri tərəfən də missionerlər durmadan iş aparırdılar. Onsuz da çətin şərtlər altında yaşayan xalq formal da olsa xristianlığı qəbul etdiklərini bildirirdi ki, vergidən azad olsunlar. Alampanın ailəsi də beləcə formal da olsa xristianlığı qəbul etmiş minlərlə türk ailələrindən biri idi.

Saxalar köçəri həyat sürdüklərindən onların uşaqlarını oxutmaları da çətin olurdu. Kiçik yaşıl uşaqları qəsəbə və şəhərlərdə tanımadıqları insanların yanında qoyub gedə bilmirdilər. 1891-1905-ci illərdə Sibir dəmir yolunun çəkilməsi, Lena çayında gəmiçiliyin inkişafı, qızıl və almaz mədənlərinin işə salınması Yakutyada bir dirçəlişə səbəb oldu. Yeni müəssisələrdə rus dilini bilən, savadlı kadrlara ehtiyac duyulurdu. Buna görə də yeni məktəblər də açılırdı.

Anempodist də bir çox yaşıdları kimi 16 yaşında dördsinifli kilsə məktəbinə daxil oldu. Uşaqlıqdan saxa folkloruna alüdə olan, dastanları-olonxoları əzbərdən bilən Anempodist klisə məktəbində cəmi iki il oxudu. 1907-ci ilin payızından yaşayışını təmin etmək üçün “Yakutskaya kray” qəzetinin mətbəəsində işləməyə başladı.

Mətbəədə işləməsi Alampanın yaradıcılığına güclü təsir etdi. 1912-ci ildə ana dilində “Törööbüt doydu”, yəni “Doğma diyar” şeirini çap etdirdi. 1912-1913-cü illərdə “Saxa sanata”, yəni “Saxanın səsi” jurnalında publisistik yazılarını, şeir və hekayələrini çap etdirməklə saxa yazılı ədəbiyyatının formalaşmasına təsir göstərmiş oldu.

Anempodist Sofronov 1914-cü ildə “Kasıb Yakov” adlı dramını yazdı. Birinci Dünya Savaşının başlanması Yakutyada da yaşayışı çətinləşdirdi. Buraya sürgün olunanlar da yaranmış boşluqdan yararlanaraq talanlar törədib, hökümət idarələrinin normal işləməsini əngəlləyirdi.

1917-ci ilin martında əksəriyyətini menşeviklər təşkil edən Rusiya Sosial Demokrat Fəhlə Partiyası Birləşmiş Fəhlə və Əsgər Deputatları Soveti yaratmaqla hakimiyyəti ələ almağa çalışırdı. 1918-ci ilin iyulun 1-də ordunun köməyi ilə Yakutiyada Sovet hakimiyyətinin qalib gəldiyi elan edildi. Lakin bu hökumətin ömrü o qədər də uzun olmadı. Həmin ilin avqustunda Kolçak orduları Yakutyanı tutdu.

Anempodist Sofronov bu qarışıqlığın, siyası mübarizələrin içərisində xalqına xidmət etmək, millətini oyatmaq, yeni yaranan hökümətlərdən vətəninin xeyrinə istifadə etməyə çalışdı. Şeirlər, satirik hekayələr, məqalələr yazıb, Rus klassiklərinin əsərlərini ana dilinə tərcümə etdi.

Olduqca gərgin və məhsuldar işləyən Alampanın işinə siyasi mübarizələr, silahlı toqquşmalar xeyli mane oldu. 1919-cu ilin dekabrın 15-də Sovet ordusu yenidən Yakutyanı işğal etdi. Lakin bolşeviklərin bölgəni idarə edə biləcək qədər kadrları olmadığından Rusiyanın mərkəzi şəhər və vilayətlərindən, eləcə də dünya inqilabı xülyası ilə xarici ölkələrdən gələnlərin bir qismini 1920-ci ilin iyununda Yakutyaya göndərdilər.

Anempodist Sofronov 1921-ci ildə nəşrə başlayan ilk Yakut Sovet qəzeti “Mançar” qəzetinə redaktor təyin edildi. O, 1922-ci ilədək bu qəzetin redaktoru işlədi.

Bolşeviklərin zülmündən cana yığılmış xalq kütlələrinin etirazından istifadə edən ağqvardiyaçılar hakimiyyəti devirdi və 1922-ci ilin martında “Müvəqqəti Yakutya Vilayəti İdarəsi” yaratdı.

Silah və zor güçünə bu hakimiyyəti devirən bolşeviklər bəzi güzəştlərə də getməli oldular. 1922-ci il aprelin 27-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə RSFSR-ın tərkibində Yakutya Muxtar Sovet Sosialist Respublikası yaratdıqlarını elan etdilər.

Bolşeviklərin mövqeini fanatikçəsinə müdafiə etmədiyinə, milli dəyərlərə sahib çıxdığına görə hakimiyyət orqanları ilə Anempodist Sofronov arasında bir soyuqluq yarandı. Lakin bölgədə kadr çatışmadığına görə onun gücündən istifadə etmək məcburiyyətində qaldılar.

Anempodist Sofronov 1924-cü ildə Yakutay MSSR-in birinci Konstitusiyasın hazırlanmasında da fəal iştirak etdi.

Türk xalqları ilə sıx əlaqə yaratmağa çalışan, savadsızlığın aradan qaldırılması üçün latın qrafikalı əlifbaya keçilməsinin qızğın tərəfdarı oldu.

Alampa belə gərgin bir şəraitdə 150 yaxın şeir, məqalə hekayə, pyes yazdı.

1926-cı ildə nəşrə başlayan “Çolpan” adlı birinci ədəbi jurnalın redaktoru, Yakutya Milli Teatrının ilk direktoru, “Saxa Omuk” adlı Mədəni-Kütləvi Cəmiyyətin rəhbəri oldu. İ. Krılovun, L. Tolstoyun, A. Çexovun, A. Fadayevin və b. əsərlərini saxa dilinə çevirməklə ana dillinin zənginləşməsinə xidmət edən Alampaya qarşı getdikcə münasibət pisləşdi.

1927-ci ildə onu həbs etdilər. Konfederalistlərlə, yəni Muxtar Respublikaların Rusiya Sovet Federativ Sosialist Respublikalarına konfederasiya kimi birləşdirilməsin təklif etdiklərinə görə Alampaya beş il iş verdilər və Arxangelsk vilayətindəki Solovki adalarındakı həbsxanaya göndərdilər.

Sərt soyuqlar, qidasızlıq, ağır iş rejimi Anempodist Sofronovun səhhətinin korlanmasına səbəb oldu. O, həbs müddətini başa vurub vətənə döndükdən sonra işsiz qaldı və səhhəti ağırlaşdı.

1935-ci ilin oktyabrın 24-də dünyasını dəyişən Anempodist Sofronovun əsərlərinin nəşrini və səhnəyə qoyulmasını qadağan etdilər. 1962-ci il noyabrın 15-də ona bəraət verildiyi elan edilsə də əsərlərinin nəşrinə işazə verilmədi.

Sovetlər Birliyi çökdükdən sonra saxa xalqı sevimli oğlunu laiqincə dəyərləndirməyə başladı. Adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi və əsərləri nəşr edildi.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol