Axtarış davam edir

Axtarış davam edir

 

Naxçıvanın təbii iqlim şəraiti ta qədimdən insanları özünə cəlb etmişdir. Bol sulu çayları, düzləri, dağları qədim insanları ərzaqla təmin etmişdirsə, təbii mağaraları onları vəhşi heyvanların hücumundan, qışın şaxtasından, yayın istisindən qorumuşdur.

Arxeoloqların uzun illər apardıqları axtarışlar nəticəsində sübut edilmişdir ki, muxtar respublikamızın ərazisi qədim insan məskənləri ilə zəngindir. Bu yerlərdə ilk tayfa birliklərinin, ilkin şəhər mədəniyyətinin yaranmasına dair tarixi faktlar mövcuddur. Arxeoloqları da məhz bu yerlərə cəlb edən qədim və orta əsr mədəniyyətinin izləridir. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu muxtar respublikamızın tarixi abidələrlə zənginliyini nəzərə alaraq Naxçıvan arxeoloji ekspedisiyası yaratmışdır. Ekspedisiya hazırda II Kültəpədə qazıntı işləri aparır. əməkdaşımız Əli Şamilov ekspedisiyanın rəhbəri, həmyerlimiz tarix elmləri doktoru Vəli Əliyevlə görüşüb ondan müsahibə almışdır. Aşağıda həmin müsahibəni dərc edirik.

Müxbir Vəli müəllim, muxtar respublikamızda ilkin şəhər mədəniyyətini mövcudluğunu söyləyən ilk tədqiqatçılardan biri sizsiniz. Bu barədə oxucularımıza nə deyə bilərsiniz?

V.Əliyev – Əkincilik və heyvandarlıqla müntəzəm məşğul olan insanlar ticarət əlaqələrinin artması nəticəsində tədricən təbii sərvətlərdən, m i n e r a l l a r d a n  istifadə etməyə başlamışlar. Əl əməyinin məhsuldarlığının artması, satış üçün malların hazırlanması, peşələrin bir-birindən tədricən uzaqlaşması ilkin şəhər mədəniyyətinin təşəkkülünü sürətləndirmişdir.

Muxtar respublikamızın ərazisindəki II Kültəpə abidəsi9ndə bu izlər özünü qabarıqlığı ilə göstərir. II Kültəpə yalnız ilkin şəhər mədəniyyətini deyil, tariximizin böyük bir dövrünü özündə yaşadan əvəzsiz abidədir. Bu abidənin tədqiqi nəticəsində Azərbaycanda tunc dövründə ilk şəhərlərin yaradıldığını, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin olduğunu sübut edən çoxlu materiallar tapılmışdır. Naxçıvançayın və Cəhriçayın birləşdiyi yerdə yerləşən eramızdan əvvəl III minilliyə - eramızdan əvvəl I minilliyin əvvəllərinə aid olan II Kültəpə abidəsində 20 ilə yaxındırqazıntı aparırıq. Abidə 3 hektardan çox sahəni əhatə edir. Mədəni təbəqənin qalınlığı 12 metrdən artıqdır. Kür – Araz mədəniyyətinə aid olan alt təbəqədən müdafiə divarları, yaşayış evləri, təsərrüfat tikililəri, ocaq yerlərinin qalıqları aşkar edilmiş, tunc, gümüş və daş əmək alətləri, boz, qara, çəhrayı rəngli gil qablar, kömürləşmiş taxıl qalığı, heyvan sümüyü və sair tapılmışdır.

 

Ikini təbəqədə isə eramızdan əvvəl XX – XIX əsrlərə orta tunc dövrünə aid 3 metr enində qala divarları, dulusçuluq emalatxanaları, təsərrüfat tikililəri, məbəd qalıqları və sair aşkara çıxarılmışdır. Abidədən tapılmış heykəllər, əmək alətləri, tunc əşyalar, bəzək şeyləri, gil qablar və sair muzeylərimizi bəzəyir.

Müxbir: - Vəli müəllim, bu ilki ekspedisiyanız yarım aydan artıqdır ki, davam edir. Indiyədək nələri aşkarlayıb, öyrənə bilmisiniz?

V.Əliyev: – bu ilki işimiz də uğurlu olmuşdur. 1,5 metr qalınlığında mədəni təbəqə öyrənilib. Öyrənilən təbəqədə Kür – Araz mədəniyyətinə aid memarlıq abidələrinin qalıqları, eramızdan əvvəl III minilliyə aid dulusçuluq kürələri, ocaq qurğuları, dördkünc və dairəvi planda tikilmiş yaşayış binalarının qalıqları və sair aşkara çıxarılıb. Qazıntıda hər gün 20 nəfərdən çox fəhlə və arxeoloq çalışır. Onlar zərgər dəqiqliyi ilə hər xırda detalı təmizləyir, min illərlə torpaq altında qalmışəşyaları aşkarlayırlar.

Ötən illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun, Naxçıvan Elm Mərkəzinin, Naxçıvan Dövlət Tarix Muzeyinin, Y. Məmmədəliyev adına NDPİ-nin əməkdaşlarından Vilayət Kərimov, Mirhəşim Seyidov, Abbas Seyidov, Vəli Baxşəliyev, Əziz Novruzov, Fikrət Bağırov və başqaları ekspedisiyada fəal iştirak etmiş, dissertasiya və elmi məqalələrində II Kültəpədən tapılmış materiallardan geniş istifadə etmişlər.

Bu ilki qazıntıdan əldə edilmiş materiallar əsasında qəti fikir demək, onların elmi əhəmiyyətini söyləmək üçün müəyyən müddət keçməlidir. Həmin müddətdə arxeloqlar tapıntıları yaradıcılıq süzgəclərindən keçirib qəti fikir söyləyə bilərlər.

Bu yerlərin qocaman sakinləri çox vaxt II Kültəpəyə qədim Naxçıvan deyirlər. Bu da təsadüfi deyildir. Hazırki Naxçıvan şəhəri bu iki bu II Kültəpədən 12 kilometr cənubda yerləşir. Belə ehtimal etmək olar ki, qədimlərdə Naxçıvan şəhəri burada, Cəhriçayla Naxçıvançayın birləşdiyi yerdə imiş. Burada şəhərin inkişafı və müdafiəsi üçün hər cür şərait vardır. Görünür hansısabasqın və talandan sonra Naxçıvan şəhəri indiki ərazidə məskunlaşmışdır.

II Kültəpə tikinti materialı kimi əsasən möhrə və çiy kərpicdən , çay daşından istifadə edilmişdir. Eni və uzunu 30 santimetr olan çiy kərpilər naxçıvan memarlığının  yaşının 6-7 min il olduğunu sübut edir. 

Bu ilki qazıntı zamanı əldə etdiyimiz materiallar Kür-Araz mədəniyyətinin mənşəyini aydınlaşdırmaqda böyük rol oynadı. Mirasiya nəzəriyyəsinin tərəfdarları Kür-Araz mədəniyyətinin Qafqaza Hind-Avropa tayfaları tərəfindən gətirildiyini söyləyir və uzun müddətdir ki, bu fikri sübut etməyə çalışırlar. II Kültəpədəki bu ilki qazıntılarımızdan əldə edilmiş materiallar miqrasiya nəzəriyyəsinin  yanlış olduğunu, Kür-Araz mədəniyyətinin davamı olduğunu sübut etdi.

II Kültəpədə eneolit dövrü təbəqəsində tikinti qalıqları əsasən dairəvi plandadır. Kür-Araz mədəniyyətinə yaxınlaşan təbəqədə tikinti qalıqları düzbucaqlıdır. Bu iki qədim yerli mədəniyyətin bir-birinin davamı olduğunu göstərir.

Uğurlarımız sırasına antropomorf formalı ocaq qurguları tapılmasına da daxil etmək olar. II Kültəpədə indiyədək öküz başı, aypara formalı dairəvi ocaq qurğularına da təsadüf edilmişdir. Bunlar bu yerlərin qədim sakinlərinin totemlərə sitayişini sübut edir. Antropomorf  ocaq qurğusu isə insanın ilahi bir qüvvə kimi formalaşması ideyası ilə bağlı yaranıb. Antropomorf ocaq qurğusu bu dövrdə kahinlərin yüksək nüfuza malik olmasını göstərir.

Bunlardan əlavə daş bütlər, dördkünc dulusçuluq kürəsi ətrafında əldə edilmiş alətlər və sair tapıntılar bir daha sübut edir ki, Kür-Araz mədəniyyəti bura gəlmə olmayıb, eneolit mədəniyyətinin davamıdır.

Müxbir: - Vəli müəllim, xalqımızın tarixinin qaranlıq cəhətlərinin işıqlandırılmasında II Kültəpənin böyük rol oynadığından söhbərt adınız. Bu abidə ilə bağlı arzularınız, təklifləriniz...

V. Əliyev: - II Kültəpə abidəsi hələ tam öyrənilməyib, qarşıdakı illərdə də orada qazıntı işləri aparılacaqdır. Yazda və yayda sel suları artanda Naxçıvançay və Cəhriçay qədim abidəni yuyub aparıb. Kənd təsərrüfatı işləri görüləndə də abidəyə xeyli zərər dəyib. Ətraf kəndlərin sakinləri də mal-heyvan otaranda və başqa işlər görəndə abidəni uçururlar.

Hidromeliopatorlarımız xalqımızın tarixinin böyük bir dövrünü öyrənməklə əvəzsiz rol oynayan II Kültəpəni selin caynağından xilas etsələr, xeyirxah iş görmüş olarlar.

Müxbir: - Müsahibəyə görə sağ olun!

Əli Şamil

“Sovet Naxçıvanı” qəzeti

15 oktyabr1985-ci il, sayı 240 (14.278)

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol