Azərbaycan və Azərbaycanlılar problemi

 

AZƏRBAYCAN VƏ AZƏRBAYCANLILAR PROBLEMİ
 
 
Əli Şamil Hüseyn oğlu
                                                                                 Bakı
Dünya siyasi səhnəsinə Azərbaycan və azərbaycanlılar məsələsi XX yüzildən çıxdı desək, yəqin ki, yanılmarıq. Tarixdə rast gəldiyimiz Azərbaycan Atabəyləri — Eldəgizlər Dövləti (1136-1225) və Səfəvilər dövründə yaradılan Azərbaycan bəylərbəyliyini (o həm də Təbriz bəylərbəyliyi adlanırdı) çıxsaq, bugünkü anlamda XX yüzilədək Azərbaycan adlı dövlətə rast gəlinmir. Çünki min illər boyu Şərqdə, o sıradan Azərbaycanda və çevrəsində yaranan dövlətlər  onları quran sülalə və ya tayfanın adıyla adlandırılırdı. Azərbaycanın da daxil olduğu Səlcuqlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b. dövlətlər məhz bunu göstərməkdədir.
Avropanın sürətli inkişafı, dövlətçilik ənənələri çoxluq təşkil edən millətlərə görə qurulması dünyaya öz təsirini göstərdi. Şərqdə bu dəyişmə prosesi heç də asanlıqla baş vermədi. Neçə min illik ənənədən əl çəkmək olduqca çətindir. Yeni yaranan dövlətlərin bəziləri həmin ərazidəki hakim xalqın adı ilə, bəziləri coğrafi bölgəyə görə adlandırılırdı. Məs.: Osmanlı imperiyası dağıldıqdan sonra dövlət bölgədə çoxluq təşkil edən millətin adına görə Türkiyə adlandırıldısa, Qacarlar sülaləsinin qurduğu dövlət dağılanda hakimiyyətə fars mənşəli Pəhləvi sülaləsi gəldi və dövlətin adı Farsıstan deyil, İran adlandırıldı. Bu heç də təsadüfi deyildi. İran çoxmillətli bir bölgə idi. Farsıstan adlandırılsa, ölkə ərazisində hərbi və siyasi gücü olan türklər öz dövlətlərini qurmağa çalışardılar.
Ölkənin coğrafi məkana görə adlandırılması problemi tam həll etmədi. Milli şüur oyandıqca, dünya düzənində dəyişiklik baş verdikcə, mərkəzi hakimiyyət zəiflədikcə xalqların öz dövltlərini qurmaq istəyi də artdı. Buna Rusiyanın 1813-1828-ci illərdə işğal etdiyi ərazidə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması da təkan verdi. Arazın sağ sahilində böyük bir ərazidə yaşayan xalqda sol sahildəki qardaşları kimi müstəqil dövlət qurmaq istəyi baş qaldırdı.
Rusiya dövlətçilik hakimiyyəti ilə gücləndikcə nəzarətindən çıxmış bölgələrin böyük bir qismini yeni adla işğal etdi, ancaq müstəmləkə altında olan xalqların qurduqları dövlətləri, formal olsa da, saxladı, onların dilinin, mədəniyyətinin inkişafını əvvəllərdəki kimi məhdudlaşdıra bilmədi.
Beləliklə, dünya xəritəsində, formal da olsa, Azərbaycan Respublikası yaşadı. Sovet strateqləri işğal etdikləri ərazidə daha çox qalmaq üçün xalqın əlifbasını qısa müddətdə üç dəfə dəyişdirdi, ənənəvi ticarət və ziyarət yerlərilə əlaqəsini kəsdi. Nəinki soydaşları, hətta qohum-qardaşların bir-birilə görüşməsini əngəllədi. Millətin adını dəyişdi. Bölgədə yaşayan yerli müsəlman xalqlarının hamısını bir millət kimi formalaşdırmağa çalışdı. Tarix səhnəsində azərbaycanlı adlı bir millət görünməyə başladı.
Beləliklə, bir dolaşıqlığın, qarışıqlığın əsası qoyuldu. Rəsmi statistikalarda azərbaycanlı adlı bir millət göstərilməyə başladı.
Kimdir bu azərbaycanlı milləti?
Soy kökümüzü, tariximizi dərindən bilməyən xaricilər, hətta öz gənclərimiz də çaşqın bir vəziyyətdə qalırlar. Ən dəyərli və mötəbər qaynaq sayılan ensiklopediyalarda, ensiklopedik sözlüklərdə istədikləri cavabı tapmaq əvəzinə, bir-birinə qarışıq məlumatlarla rastlaşırlar.
Ən mötəbər qaynaqlardan sayılan 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasında Azərbaycan adlı 5 qəzetdən, jurnaldan, hətta ipəkqurdu növündən geniş söhbət açılsa da, coğrafi məkan, dövlət kimi heç nə yazılmır. “Azərbaycanlılar” məqaləsində isə deyilir: “Azərbaycan SSR-in əsas əhalisi, millət SSRİ-də 4380 min (1970), o cümlədən Azərbaycan SSR-də 3777 min (1970) nəfərdir. Xaricdə (əsasən, İranda) yaşayırlar. (Ətraflı məlumat üçün bax: xüsusi cild — Azərbaycan Sovet Sosialist Respublikası)1.
 
Çox təəssüf ki, ASE-nin 10 cildi 1976-87-ci illərdə çap olunsa da, xüsusi cilddən hələ bir soraq yoxdur. Elə həmin müəssisənin 1998-ci ildə çap etdiyi “Dünya xalqları (tarixi-etnoqrafik ensiklopedik məlumat kitabı)” əsərindəki “Azərbaycanlılar” məqaləsində yazılır: “Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın (İran İslam Respublikasının) şimal əyalətinin əsas əhalisi, milləti. Azərbaycanlılar mənşəcə Altay xalqlarının türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilində danışırlar. Mənbələrdə türklər, Azərbaycan türkləri, azəri türkləri, tatarlar, Qafqaz tatarları, Qafqaz müsəlmanları kimi də adlandırılırlar. Müsəlmandırlar. Soykökündə iskit (skif), sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, qıpçaq, habelə başqa türk və qeyri-türk etnosları iştirak etmişlər. 1935 ilə kimi türk adlandırılırdılar. 1937, 1978, 1995 illər konstitutsiyalarında “azərbaycanlı” kimi qeydə alınmışlar. Bu ad ümumi anlayış kimi Azərbaycanda yaşayan  bütün müsəlman əhalisinə də şamil edilir”2
Elə həmin məqalədəcə azərbaycanlıların sayı Azərbaycan Respublikasında 7 milyon, İran İslam Respublikasında təxmini hesablamalara görə 27 milyon, Rusiya Federasiyasında 1,5 milyon, Ukrayna Respublikasında 500 min, Belorusiya Respublikasında 66 min, Gürcüstan Respublikasında 600 min, Ermənistan Respublikasında 1988-də qovulanadək 350 min, Qazaxıstan Respublikasında 110 min, Özbəkistan Respublikasında 60 min, Türkmənistan Respublikasında 33 min, Qırğızıstan Respublikasında 20 min azərbaycanlı yaşadığını yazan müəlliflər dünyanın ünlü qaynaqlarına söykənərək, ABŞ-da 1 milyon, AFR-da 300 min, Fransada 165 min, Bolqarıstanda 64 min, Hindistanda 304 min, Pakistanda 654 min və b. azərbaycanlı olduğunu göstərirlər.
 
Yüz ildən artıq davam edən metodoloji yanlışlıq bir dolaşıqlıq yaradır. İranın, Türkiyənin, Pakistanın, Hindistanın, ABŞ-ın, Fransanın və s. ölkələrin statistikasında azərbaycanlılara rast gəlinmir. Olsa-olsa onlarda Azərbaycan vətəndaşlarına rast gəlmək olar. Bu da Azərbaycan  Respublikasında yaşayan rusu da, gürcünü də, polyakı da, almanı da əhatə edir. Hətta belə bir qrafa açıb yazmaq istəsələr, özləri-özlərini dolaşdırmış olacaqlar. Məsələn, Azərbaycan Respublikasında milliyyəti azərbaycanlı yazılan bir kürd Fransaya gedir. Fransa bunu kürdmü yazmalıdar, yoxsa azərbaycanlımı? Yaxud Qusarda doğulmuş bir ləzgi Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasına gedir. Pasportda milliyyəti azərbaycanlı yazılıb. Orada bunun milliyyətini pasportda olduğu kimi azərbaycanlımı göstərməli idilər, yoxsa ləzgimi? 
Bu dolaşıqlıq Azərbaycanda yaşayan, müsəlman dininə inanan yerli xalqlarla yanaşı, xristian dininin Qriqorian təriqətinə inanan udinlərə də şamildir. Azərbaycan Respublikasının  özündə də bu, olduqca böyük bir dolaşıqlıq yaradır. Respublika ərazisində yaşayan azsaylı xalq və etnik qruplar özlərini azərbaycanlı hesab etməklə yanaşı, talış, tat, avar, ləzgi, saxur, ingiloy, kürd və s. olduqlarını deyə və yaza bilir. Amma əhalinin çoxluğunu təşkil edən türklər bunu edə bilmirlər. Çünki respublikada yürüdülən siyasət buna imkan vermir. Azərbaycanın Qusar, İsmayıllı və Qəbələ rayonlarında yaşayan ləzgilərlə Dağıstan MR-də yaşayan ləzgilərin danışığı arasındakı fərq, mütəxəssislərin fikrincə, Azərbaycanda yaşayan türklərlə Anadolu türklərinin danışığı arasındakından çoxdur. Heç bir mübahisəsiz, istər Azərbaycanda, istərsə Dağıstan MR-də yaşayan ləzgilər ləzgi adlanır və statistik qrafalarda belə göstərilməsi qəbahət sayılmır. Amma Azərbaycanda yaşayan türklərin milliyyətini göstərməsi, dillərinin türk dili olduğunu bildirməsi problem olaraq qalır.
Azərbaycan Respublikasında baş verən proseslər İran İslam Respublikasında yaşayan soydaşlarımız arasında da təsirsiz qalmır. Xüsusən milliyyətcə türk olub, milli şüurca özünü öncül hesab edən və Azərbaycan Respublikasının hökumət siyasətinə uyanların bir qismi milliyyətlərinin azərbaycanlı olduğunu söyləyirlər. Onda ölkənin doğusunda yaşayan qaşqaylar, Mərkəzi İranda Savə, Qum ətrafında yaşayan xələclər və şahsevənlər eyni dildə danışsalar da, eyni kökdən gəlsələr də, eyni mədəniyyətin daşıyıcıları olsalar da, özlərini azərbaycanlı saymırlar. Bir ayrılma, bölücülük yaranır.
Rusiya imperiyası XIX yüzilin başlanğıcında Qafqazı işğal edən kimi burada yaşayan türklərin dillərinə, mədəniyyətlərinə xüsusi önəm verdi. Onları yüz illərlə iqtisadi, siyasi, mədəni və mənəvi cəhətdən bağlı olduqları bölgələrdən və orada yaşayan xalqlardan ayırmağa yerli ləhcələri ayrıca bir dil kimi formalaşdırmağa çalışdı. Bu bir tərəfdən də dilin, ədəbiyyatın, mədəniyyətin inkişafı baxımından xeyirli idi. Məhz bunun sonucudur ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı Qafqazda yaşayan türklər içərisində daha sürətli oldu. Qafqaz türklərinin sayca özlərindən iki-üç dəfə çox soydaşları İranda, İraqda, Türkiyədə yaşasa da, Azərbaycandakı qədər ədəbiyyat və mədəniyyət abidəsi yarada bilmədilər. Nəticədə, çoxsaylı İran türkləri arasında ədəbiyyat və mədəniyyət Arazın sol sahilində yaşayan, onlardan sayca qat-qat az olan soydaşlarının yaratdıqlarından aşağı oldu.
İnzibati ərazilər həmişə dəyişkən olur. Bunu Azərbaycanın timsalında da görürük. Tarixi qaynaqlarda Quzeydə Dərbənddən — Güneydə Həmədanadək, Doğuda Xəzər dənizindən — Batıda Tiflisədək ərazidə Azərbaycan adına bir inzibati bölgə haqda bilgilər var. Bəzi dövrlərdə  onun sahəsi kiçilir, Albaniyaya, Arrana, Şirvana və s. bölünür.
İkinci Dünya Savaşında Sovetlər Birliyinin özünü faşist Almaniyasından qorumaq adı altında qoşunlarını İrana yeritməsi və orada apardığı ideya-siyasi iş öz bəhrəsini verdi. Pişəvərinin başçılığı ilə Azərbaycan Cümhuriyyəti yaradılması fikri gündəmə gəldi. 1945-də İrandan tamamilə ayrılıb demokratik əsasda öz müstəqil dövlətini qurmaq istəyən Azərbaycan Milli Demokratik Cümhuriyyətinin rəhbərlərinə görə, quracaqları “Respublikanın şərq və qərb sərhədləri Ənzəli limanından başlayıb Rəyazirdılar, Məncil, Qəzvin, Həmədan və Kirmanşahdan keçməklə İraq sərhədlərinə çatmaqdadır”.
 
Məlumdur ki, bu bölgədə türklər çoxluq təşkil etməklə kürdlər, talışlar, tatlar, aysorular, ermənilər də yaşayırlar. Bəs bu problem necə həll ediləcəkdir? Bu suala Azərbaycan KP MK-nın katibi H.Həsənovun Qərbi Azərbaycana səfər edərkən kürd tayfa başçıları ilə etdiyi söhbətdə aydın cavab verilib. Kürd tayfa başçılarından bir neçəsi: Qotaz bəy, Rəşid bəy, Nuru bəy, Zero bəy M.C. Bağırovu şəxsən tanıyırmışlar. Ona görə də deyirmişlər: “Yoldaş Bağırov bizə söz verib ki, müharibədən sonra kürd məsələsini həll edəcək. Biz ancaq ona ümid bağlayırıq… Biz sizin adamlarınızıq, özünüzü bizdən uzaqlaşdırmayın. Əgər sözlərimizə inanmırsınızsa, istənilən çətinlikdə yoxlayın”.5
Burada inanılmayacaq, sınanılacaq bir şey yoxdur. Azərbaycanda yaşayan kürdlərin, ləzgilərin, talışların, tatların, avarların türklərlə birgə ümumi dövlətçilik naminə birgə vuruşduqlarına dair tarixdən çoxlu misal çəkmək olar. Sisiyanov Gəncə qalasını mühasirəyə alanda ləzgilər Cavad xanla çiyin-çiyinə döyüşürdülər. Bolşeviklər Qafqazı 1920-ci ildə işğal edib Dağıstan Respublikası yaradanda ləzgilər təkidlə tələb edirdilər ki, yeni yaradılmış respublika Rusiyanın deyil, Azərbaycanın tərkibinə daxil edilsin. Çünki ləzgilər də, avarlar da, laklar da, tabasaranlılar da, qumuqlar da ruslardan çox Azərbaycana bağlıdırlar. Dinləri birdir, mədəniyyətləri olduqca yaxındır, çoxdilli xalqlar arasında türk dili ümumi ünsiyyət vasitəsi kimi işlədilir. Bolşeviklər Dağıstanı Azərbaycanın tərkibinə qatmasalar da, uzun müddət oraya rəhbər vəzifələrə kadrlar Azərbaycandan göndərilirdi. Beləliklə, bir növ əhalinin könlü alınırdı. Yəni “Dağıstan Rusiya Federasiyasının tərkibində olsa da, mədəni və iqtisadi cəhətdən Azərbaycanla sıx bağlıdır. Hətta rəhbər kadrlar da oradan göndərilir”. Altdan-altdan isə mili şüurlu, ayıq düşüncəli kadrlar sürgünə göndərilir, güllələnirdi. Müqavimət göstərə biləcək ziyalılar aradan götürüldükdən sonra Dağıstanın Azərbaycanla əlaqəsi yavaş-yavaş kəsildi. Bu gün isə elə bir nifaq toxumu səpilib ki, onu aradan qaldırmağa illər gərəkdir.
Fikirlərimizi belə ümumiləşdirə bilərik:
1. Ulu babalarımız nəinki Azərbaycanda, sərhədləri Azərbaycandan çox-çox uzaqları əhatə edən ərazilərdə də onlarla dövlət qurublar. Bu gün özünü həmin dövlətin varisi elan edib, onları bərpa etməyə cəhd etmək, yaxın Doğunun inzibati siyasi mənzərəsi dəyişməyə təşəbbüs göstərmək deməkdir. Buna təşəbbüs göstərmək, İran, Suriya, İraq kimi dövlətlərlə yanaşı dost Türkiyəni də özümüzə düşmənə çevirərik. Dövlət quruculuğunda farslar, kürdlər, tatlar, talışlar və b. xalqlar onlara yardımçı olublar. Milli zəmində aralarında elə bir münaqişə baş verməyib. Münaqişə və müharibələr hakimiyyət uğrunda mübarizə zəminində olub.
2. Qurduqları dövlətlər hakim sülalənin və ya tayfanın adı ilə adlanıb. Azərbaycan adlanan dövlət qurmayıblar. Azərbaycan coğrafi bölgə, inzibati ərazi bölgüsü rolunu oynayıb. Azərbaycan adlı dövlətin yaradılması ideyası digər şərq ölkələrində olduğu kimi, XX yüzilin başlarından ortaya çıxıb və gerçəkləşib.
 
3.  Azərbaycan adlanan coğrafi məkanda əhalinin çoxluğunu türklər təşkil edir. Onlarla eyni dildə danışan əhali İranda Xorasan, Qum, Şiraz şəhərləri ətrafında, İraqda Kərkük, Ərbil ətrafında, Suriyada Holan-Colan təpələrində, hətta qaynaqların verdiyi bilgiyə görə, Əlcəzair də toplum şəklində yaşayır. Əhalisinin dil və mədəniyyət eyniliyini nəzər alıb, belə böyük ərazidə dövlət qurmaq ideyası ortaya atmaq olar, ancaq bu uğur qazanmaz.             
4. Arazın sağ və sol sahilini əhatə edən ərazidə, yəni coğrafi anlamda Azərbaycan ərazisində demokratik əsaslarda bir dövlətin qurulması burada yaşayan xalqların hamısının xeyrinə olar. Birincisi: talışların, ləzgilərin və avarların parçalanmasına son qoyular. İkincisi: Arazın sol sahilindəki kürdlər, tatlar da türklər kimi o taydakı soydaşları ilə bir dövlətin tərkibində birləşərlər. Sovet hakimiyyətinin ilk illərində talışlar, tatlar və b. xalqlar üçün məktəblər açıldı, kitablar nəşr edildi. Lakin bu uzun sürmədi. Sayca az olduqlarına görə, məktəbləri qapandı (burada sovet rejiminin mənfi təsiri də gözdən qaçmamalıdır!). Azərbaycan birləşərsə, onun ərazisindəki talışların, kürdlərin, tatların sayı da artar. Mədəniyyətləri, dilləri, ədəbiyyatları inkişaf edər. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin azlıqda qalan xalqlar haqqında fərmanı bu yöndə uğurlu başlanğıc sayıla bilər.
5. Azərbaycanda yaşayan hər bir millətin, xalqın və etnik qrupun rəsmi sənədlərdə qeydə alınması heç də onların rəhbər vəzifələrdən sıxışdırılmasına xidmət etməz. İcra orqanlarına dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlar iş bacarığına görə təyin edilməlidir. Seçkili orqanlarda isə əksinə, insanlıq ölkədə yaşayan əhalinin milli mənsubiyyətinə uyğun proporsiya ilə seçilməli və onları seçən xalqın, etnik qrupun mənafeyini açıq müdafiə etməlidir. Ötən illərin təcrübəsi göstərir ki, azərbaycanlı adı ilə milli məclisə seçilən talış deputatların sayı çox olsa da, onlar bir dəfə də olsun, açıq şəkildə talış xalqının mənafeyindən çıxış etməyiblər.
 
6. “Azərbaycan ədəbiyyatı tarixi”nə Xorasanda yaşamış Həsənoğlu, Sivasda yaşamış Qazi Bürhanəddin, İraqda yaşamış Məhəmməd Füzuli və b. daxil edilir. Bu 1922-27-ci illərdə buraxılmış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərində belə izah edilir: “Türklər (söhbət Azərbaycanda yaşayan türklərlə eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan etnosdan gedir—Ə.Ş.) hal-hazırda Xorasanda, Təbriz civarında, içəri İranda, İraqda, Gürcüstanda və bütün Qafqazda yaşayan türklər kimi oğuz camiəsinə məxsusdur. Bu camiənin müxtəlif qismlərinin ayrı-ayrı adları olan türklər kimi yaşamaları, onların dil və ədəbiyyatlarının bir-birinə yabançı olduğunu icab etməz. Necə ki, İraq, İran və Qafqazdakı türklərin bu vaxta qədər yaratdıqları ədəbiyyatı tamamilə yekparə bir cöhrə ərz etdirmişdir. Bu əsaslara və bugünkü vəziyyətə görə Dərbənddən Bağdada, Xorasandan Qara dənizə qədər yayılan geniş torpaqlar üzərində yaşayıb da eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyat deməkdir”.6
Azərbaycan coğrafi ərazidirsə, onda “ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi bölgəyə görə öyrənmək doğru deyil. Çünki XVIII yüzilliyədək Altaylardan Balkanlaradək böyük bir bölgədə yaşamış türklərin ədəbiyyatını ayırmaq çox çətindir. Orxon - Yenisey abidələri, Kaşqarlı Mahmudun “Divan-lüğət-it-türk”ü, Balasanqunlu Yusifin “Qudatku biligi” Azərbaycanda tədris olunursa, Yunis İmrə ilə Xətainin, Dadaloğlu ilə Xəstə Qasımın şerləri arasında elə bir fərq yoxdursa, onda bunu niyə ayırmalıyıq? Demək, XIX yüzilədək olan ədəbiyyat ümumi türk ədəbiyyatı olub həm azərbaycan türklərinin, həm türkmənlərin, həm Türkiyə türklərinin, həm də bu dildə danışan və yazan bütün türk xalqlarının ortaq ədəbiyyatıdır. Ondan sonrakı dövr ədəbiyyatı Azərbaycan ədəbiyyatı adlandırıla bilər.
7. Dilçi alimlərimiz Altay-türk dili ailəsinin bölgüsünü də yenidən işləməlidirlər. Belə ki, Xorasandan Holan-Colan təpəsinədək geniş bir ərazidə yaşayan, eyni dildə danışan xalq nə Azərbaycan dil qrupunda, nə də oğuz dil qrupunda danışırlar — deyə qiymətləndirmək doğru deyil. Birinci halda həmin ərazilərdən çoxu Azərbaycandan kənarda qalır, ikinci halda isə araşdırıcılarımız özləri dönə-dönə qeyd ediblər ki, oğuzlar islamı qəbul edəndən sonra türkmən adlandırılmağa başladılar. Demək, 500 ildən artıqdı oğuz tayfası, oğuz xalqı bir termin kimi sıradan çıxıb.
 
8. Azərbaycan Respublikasının Ana Yasasında yazıldığına görə, dövlət dili Azərbaycan dilidir. Demək, bu dildə dövlətin ərazisində yaşayan xalqların hamısının payı var. Dilçilik elminin nailiyyətlərilə yanaşsaq, ola bilsin, dilimizdəki rus və fars sözlərinin payı burada yaşayan rusların, tat və talışların faizindən çoxdur. Amma ləzgilərin, avarların, saxurların, yengiloyların faizindən çox-çox azdı. Ermənilərin haqqı isə tamam “tapdanıb”. Çünki 1988-ci ilədək Azərbaycan Respublikası əhalisinin 7 faizindən çoxunu ermənilər təşkil etdiyi halda, dilimizdə 0,0001%-ə qədər erməni sözü ola, ya olmaya. Demək, elmi baxımdan dövlət dilinin Azərbaycan dili adlandırılması dayanıqsızdır. Belə olduğu halda, elmin ortaya qoyduğu şəkildə dilimiz niyə türk dili adlandırılmasın? Bununla biz guya azsaylı xalqlarımı, azlıqda qalan millətlərimi aldadırıq? Elmi-texniki tərəqqinin, inkişafın indiki mərhələsində bu mümkün də deyil.       
9. Azərbaycan yaşadığımız ölkənin adıdır. Bu ölkədə müxtəlif millətlər, azsaylı xalqlar, etnik qruplar yaşayır. Əhalinin böyük çoxluğunu türklər təşkil etdiyinə, bu dil respublika ərazisindəki və qonşu bölgələrdə yaşayan xalqlar və etnik qruplar arasında yüzillər boyu ünsiyyət vasitəsi olduğuna görə, dövlət dili olması zəruridir. Rəsmi sənədlərdə respublika ərazisində yaşayan bütün millət və xalqların milliyyəti göstərilməlidir.
Türklərin çoxluğu azsaylı xalq və etnik qruplarda hüquqlarının məhdudlaşdırılacağı qorxusu yaradır. Buna görə də, azərbaycanlı adı altında özlərini daha rahat hiss edirlər. Heç bir elmi və məntiqi dayağı olmayan azərbaycanlı milliyyəti formalaşmasına Azərbaycan coğrafi məkanından kənarda yaşayan soydaşlarımız narahatlıqla yanaşır, bunu bölücülük kimi qiymətləndirirlər.
Özümüzdəki bu narahatlığı dışarıdan da qızışdırırlar. Qızışdıran dövlətlərin maraqlarını da başa düşməliyik. İnsanların çoxunda olduğu kimi, dövlətlərin siyasətində də bir mühafizəkarlıq var: yenilik heç də rahat qarşılanmır.
Bütün bunlar normal demokratik şəraitin olmamasından irəli gəlir. Yaxın Doğuda da Avropa Birliyinə oxşar idarəçilik olsa, onda müxtəlif dövlətlərin tərkibində yaşayan soydaşlarımızın haqları tapdanmaz, rahat gedib-gələr, dillərini, ədəbiyyatlarını, mədəniyyətlərini inkişaf etdirər, eləcə də Azərbaycanın tərkibində olan azsaylı xalq və etnik qruplar hüquqlarının məhdudlaşdırılacağından ehtiyat etməzlər.
 
Qədim dövrlərdən ta XX yüzilədək dövlətlərin uzun ömürlülüyü hakimiyyətdə olanların gücü ilə ölçülürdüsə, bu gün dəyərlər dəyişib. Dövlətlərin uzun ömürlülüyü demokratik dəyərlərdən asılıdır. Demokratik dəyərləri nə qədər tez mənimsəyə bilsək, milli hüquqlarımızı o qədər uğurla qoruya bilərik.      
 
                                                           
    Qaynaqlar
 1.   Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. Bakı, 1976, I cild, səh. 180.
2.   Dünya xalqları. Ensiklopedik məlumat kitabı. Bakı, 1998, səh. 19-30.
3.   AR.SPİHDA. f 1, səh. 89, i. 118, v. 54-55 (Bax: C.Həsənli. Güney Azərbaycanında Sovet-Amerika — İngiltərə qarşıdurması (1941-1946). Azərbaycan nəşriyyatı B. 2001, səh. 178).
4.   “Azərbaycan”q. 1946, 9 yanvar. (Bax: yuxarıdakı qaynaq, səh. 218).
5.   C. Həsənli. Güney Azərbaycanında Sovet-Amerika — İngiltərə qarşıdurması (1941-1946). Azərbaycan nəşriyyatı B. 2001, səh. 58
6.   Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyatı tarixi. I cild, səh. 15. AMDƏİA fond 180.
 
Çap olundu: Azərbaycan problemi, “Dünya Azərbaycanlıları” (İsveç) jurnalı, 2002-ci il, sayı 1, səh.52-58

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol