Bəhruz Kəngərli

BƏHRUZ KƏNGƏRLİ

Türk Dünyasının Məşhurları 17

Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının əsasını qoyanlardan biri, portret və mənzərə janrlarının formalaşmasında böyük xidməti olan, boyakar və qrafika rəssamı Bəhruz Kəngərli.../Әli Şamil

 

Göndərmə 5/24/2010 10:38:05 AM UTC

Güncəlləmə 5/24/2010 10:38:05 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=9ecf1ff3-ab73-43f9-ab40-16ad32528fd5

Onun iki adı vardı, Bəhruz və Şamil. Rəsmi sənədlərdə adı Bəhruz yazılsa da evdə, dost tanış arasında Şamil kimi çağırırdılar.

Bəhruz Şirəli bəy oğlu Kəngərli 1892-ci ilin yanvarın 22-də Naxçıvan şəhərində anadan olmuşdu. Soy adını Kəngərli tayfasından alan gələcəyin rəssamının ulu babaları Naxçıvanda xanlıq etmiş, Rusya bu yerləri işğal etdikdən sonra Kəngərli bəylərinin bir çoxuna yüksək hərbi rutbələr vermişdi. Sonralar da Kəngərli xanlarının uşaqlarının çoxu Rusyanın hərbi məktəblərində təhsil almışlar.

Bəlkə uşaqlıqda ciddi xəstəlik keçirməsəydi Bəhruz da hərbi məktəbdə oxuyacaqdı. Xəstəlik nəticəsində o ağır eşidir. Buna görə də ümumtəhsil məktəbinə gedə bilmir.

Amma Allah Tala ona başqa bir istedad verir. Yüksək əl qabiliyyətinə görə yaşıdlarından seçilir. Valideyinləri Bəhruzu Tiflisdəki Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbinə qoyurlar. 1910-15-ci illərdə o burada təhsil alır, rəssamlığın bir çox istiqamətlərində gücünü sınayır. Yaradıcılığının ilk dövründə müəllimi - mollanəsrəddinçi rəssam O.Şmerlinqin yaradıcılığının təsiri altında olur. Onun püxtələşməsində Cəlil Məmmədquluzadənin Tiflisdə çap etdiyi “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdu. Buna görə də həmin illərdə daha çox karikaturalar çəkməyə meyl edir. Təhsil illərində müəllimi O.Şmerlinqin və tələbə yoldaşı L.D. Qudiaşvilinin portretlərini çəkir. Bu əsərlər onu tələbə yoldaşları və müəllimləri arasında şöhrətləndirir.

Yaradıcılığının ilk illərində karikatura və satirik rəsmlər çəkməyә başlayan gənc Bəhruz çox keçmir ki, rəssamlığın digər janrlarında da işləməyə başlayır. "Qoca kişi", "Toy", "Elçilik" və b. tablolarını tələbəlik illərində yaradır. Onun akvarel və boyalarda işlədiyi mənzərələr, rənglərin əlvanlığı, boyaların zənginliyi, təsvirin reallığı ilə insanı valeh edir.

Kəngərli həm də Azərbaycan milli teatr rəssamlığının banilərindən sayılır. O, Naxçıvan teatrında C.Məmmədquluzadənin "Ölülər", M.F.Axundzadənin "Hacı Qara", Ə.Haqverdiyevin "Pəri-cadu" tamaşalarına bədii tərtibat və geyim eskizləri verir.

1914-cü ilin iyununda Naxçıvanda Bəhruz Kəngərlinin ilk fərdi sərgisi açılır. Sərgidə göstərilən əsərlər yalnız rəssamın həmyerlilərini heyran etmir. O vaxt Bakıda çap olunan "İqbal" qəzeti bu sərgi haqqında yazır: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır".

Təhsilini başa vurub naxçıvana döndükdən sonra Bəhruz Kəngərli böyük bir şövqlə mənzərə janrında tablolar yaradır. Onun əsərlərində əsasən təbiət gözəllikləri öz əksin tapır. Rəssamın mənzərə janrına meyillənməsində Naxçivan təbiətindəki kəskin rəng çalarlarının rolu böyük olmuşdur. Belə ki, Bəhruz Kəngərlidən sonra yaşamış bir çox rəssamlar da heyranlıqla naxçıvan mənzərələrini kətana köçürmüşlər.

Bəhruz Kəngərli bir-birinin ardınca “Şəlalə”, “Dağlıq mənzərə”, “İlandağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əlilabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və b. tablolarını yaradır. Onun portret, mənzərə, naturmortları realist ifadəliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edir.

Birinci Dünya Muharibəsi baş verməsəydi Bəhruz Kəngərli bəlkə də mənzərə rəssamı kimi tanınacaqdı. Müharibə dünyanın düzənini dəyişdi. Böyük Rusya İmperyasının müharibəni məğlub kimi tərk etməsi, ölkəni bürüyən inqilablar ucqar Naxçıvandan da yan keçmir. Xarici ölkələrin təhriki ilə Qafqazda özlərinə dövlət qurmaq istəyən ermənilər bölgədə etnik təmizləmə aparmağa başlayırlar. Naxçıvanda, Şərur-Dərələyəzdə, Zəngəzurda, Vedibasarda, Göyçədə və başqa bölgələrdə onlarla kənd dağıdılır, minlərlə insan öldürülür və ya ata-baba yurdundan qaçqın düşməli olur.

Belə ağır və gərgin vəziyyətdə Bəhruz Kəngərlinin yaradıcılığına yeni bir mövzu, qaçqınlıq mövzusu da daxil olur. Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş müsəlman qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradır.

Rəssamın 90 il əvvəl yaratdığı tablolar mövzu aktuallığına və ideya məzmununa görə günümüzün ictimai-siyasi durumuyla səsləşir. “Qaçqınlar” silsiləsinə daxil olan“Qaçqın qız”, “Qaçqın oğlan,” “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçan oğlan” və b. portretləri canlılığı, reallığı və psixoloji ifadəliyi ilə bu günkü tamaşaçını da heyrətləndirə bilir. Bu silislədən olan onlarca qaçqın portreti təkcə sənətkarlıq baxımından deyil, tarixi sənəd kimi dəyərlidi.

O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdi. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdi.

Qafqazda müsəlmanlara qarşı törədilən qəddarlıqları durdurmaq üçün Osmanlı höküməti 3 min nəfərlik əskəri qüvvə göndərir. Osmanlı hökümətinin özü də çətin durumda olmasına baxmayaraq göndərdiyi azsaylı hərbi hissələr yerli müsəlmanlara təlim verərək əsgəri birliklərə daxil etməklə böyük bir gücə çevrilir. Az bir müddətdə özündən sayca qat-qat çox olan Rus-Erməni hərbi birliklərini Azərbaycanda çıxara bilir. Yeni qurulmuş Azərbayca Xalq Cümhuriyyəti paytaxtının Bakı şəhəri olduğunu elan edir.

Lakin Amerikanın və Böyük Britaniyanın nümayandəlikləri ermənilərə hərtərəfli yardım göstərərək Naxçıvanı da yeni yaradılan Ermənistanın tərkibinə qatmaq istəyir. Əhalisinin əksəriyyəti isə buna qarşı şiddətli müqavimət göstərir. Bəhruz Kəngərli əlinə silah alıb döyüşə gedə bilməsə də mübarizəsini fırçasıyla aparır. Boyakarlıq və qrafika əsərləri yaratmaqla yanaşı rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır. Boya, qələm,fırça, kətan, kağız tapmaq problemə çevrilsə də o ruhdan düşmür. Ziyalılarının, sadə əmək adamların portretlərini çəkir. Günümüzədək gəlib çatmış "Yaşlı kişi", "Gürcü" və s. portretlər muzeylərin bəzəyinə çevrilmişdir. Onun "Möminə xatın türbəsi", "Əshabi-kəhf dağı", "Nuhun qəbri" tablolarında maddi mədəniyyət abidələrimiz əks olunurdusa, ilin fəsillərini əks etdirən "Payız", "Bahar" mənzərələrində təbiət gözəllikləri göz önündə canlanırdı.

Gənc rəssam müxtəlif ölçüdə, müxtəlif texnika ilə işlənmiş tablolar yaratmışdı. Araştırıcıların fikrincə 7 il yaradıcılıqla məşğul olmuş gənc rəssam iki minə yaxın tablosu olmuşdur. Olduqca məhsuldar işləyən rəssamın 1921-ci ildə açılan sərgisində 500-dən əsəri nümayiş etdirilmişdi. Nə yazıq ki, Sovet məmurları Bəhruz Kəngərlini aldatmışlar. Xəstə rəssama yardım edəcəkləri adı altında onun sərgidəki əsərlərinin böyük bir qismini İrevana aparmışlar. Rəssamın Azərbaycan hökümətinə yazdığı diləkcədən aydın olur ki, nə əsərlərini geri qaytarırlar, nə də pulunu verirlәr ki, müalicəyə getsin.

Bəhruz Kəngərli haqqını almaq uğrunda mübarizə apara-apara 1922-ci ilin fevralın 7-də Naxçıvan şəhərində vəfat etmişdi. 50 il əvvəl Naxçıvandakı İmamzada abidəsi ətrafinda aparılan bərpa işlərində rəssamın da qəbir yox edilmişdi. 1988-ci ildə milli azadlıq hərəkatı baş qaldıranda, xalq cəbhəsinin üzvləri qəbirin yerini müəyyənləşdirərək abadlaşdırdılar və öz vəsaitləri hesabına qəbir üzərində heykəlini qoydurdular.

Bəhruz Kəngərlinin əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. A.Babayevin "Yarımçıq şəkil" pyesi Bəhruz Kəngərliyə həsr olunmuşdu. Naxçıvanda onun adının əbədiləşdirilməsi üçün Bəhruz Kəngərli muzey yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdı.

SİNYAL       : BAND


 

 

 

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol