Bizi Vətən Sevgisi, Millət Sevgisi Dosta Çevirdi

Bizi Vətən Sevgisi, Millət Sevgisi Dosta Çevirdi

 Tələbə Elmi Cəmiyyətinə (TEC) birinci kursu bitirdikdən sonra üzv yazırdılar. Səbəb kimi kursda oxuyanların yaşlarının az olması, ali təhsilə yeni başlamaları göstərilirdi. Mən isə öz fakültəmizin timsalında göstərilənləri bəhanə sayırdım. Jurnalistika fakültəsinə qəbul olunmaq üçün ərizə verənlərin əksəriyyətindən iki il iş stajı tələb olunurdu. Bundan başqa bizim fakültədə texniki ali məktəb bitirib və ya oxuduğu ali məktəbi yarıda buraxıb jurnalistikaya qəbul olanlar da vardı.

buna görə də mən fakültə elmi cəmiyyətinə sədr seçiləndə bizdən iki kurs aşağıda , yəni birinci kursda oxuyan dünyagörüşü olan tələbələri də cəmiyyətə üzv yazmağı qərara aldım. Apardığım ilk eksperiment də uğurlu alındı. İsmayıl Vəliyevlə də, bax beləcə, o birinci, mənsə üçüncü kursda oxuyanda tanış olduq. Nə vaxt dostlaşdığımı bilmədim. Bir onu bilirdim ki, görüşəndə danışmağa söz tapırdıq. Tapdığımız söz də sonralar ya TEC-in konfransları üçün məruzələrə, ya da gələcək elmi axtarışlar üçün ideyaya çevrilirdi.

Beləliklə, İsmayıl TEC-də ən fəal üzvə çevrildi. Lvov Dövlət Universitetində elmi konfransa dəvət gəlmişdi. Bu haqda dəhlizə elan da vurmuşduq. 10-a yaxın da məruzə yazılmışdı. İdarə heyəti oxuyub İsrafil Qurbanovla, İsmayıl Vəliyevin məruzəsini bəyəndi. Onlar getdilər də, konfransda uğurda çıxış edib fəxri fərmanla geri döndülər də. Fakültədə qürurla səfər təəssüratlarını danışır, gördüklərinə bir az da yumor  qataraq deyib-gülürdülər.

Görünür, bizim bu qədər deyib-gülməyimiz fakültəmizin ictimai işlərdə fəal sayılan tələbələrindən bəzilərini qıcıqlandırmışdır. Həmişə öncül sayılan komsomol təşkilatı, komsomol fəalları deyil, TEC-in “gəzməyə adam göndərməsi” onları qıcıqlandırmışdı. Məni dekanatlığa çağırdılar. Fakültə partiya təşkilatının katibi Seyfulla Əliyev bildirdi ki, tələbələr məndən narazılıq edirlər. Narazılığın səbəbi də odur ki, mən gəzməyə öz həmyerlilərimi göndərirəm.

Mən sakitcə: “İsrafil Qurbanov mənim dostumdur. Yerim yox. O, Qubada doğulub” -  dedim. Seyfulla müəllim sözümü davam etdirməyə imkan verməyib: “Hə, yerlilərini və dostlarını göndərirsən” – deyə yerlilər sözünü xüsusi vurğuladı. Mən də: “Seyfulla müəllim, İsmayılla mən eyni rayonda doğulmamışıq, qohum da deyilik. Yaxınlığa qalsa Kəlbəcər, Daşkəsən, Gədəbəy Göyçəyə daha yaxındı. Onların rayonu ilə bizim rayon arasındakı məsafə Göyçədən Şərura olan yoldan çoxdur. ” – dedim. O, sözümü kəsib ərklə: “Demaqoqluq  etmə. Bəlkə mənə bir coğrafiya dərsi də deyəsən?! Konfransa göndərilən məruzələri müzakirə edib seçdiyinizdən də xəbərdaram. Hər halda bunların məruzələrini də alıb göndərsən yaxşı olar. Fakültəmizin fəal ictimaiyyətçiləridir. ” –deyə otaqdakı komsomol fəallarını göstərdi.

Mən özümü saxlaya bilməyib: “Yazsınlar, versinlər. Müzakirə edək. Bəyənilsə göndərərik” dedim və otağı əsəbi tərk etdim. Otaqdakı komsomol fəalları sonralar da məruzə yazıb bizim müzakirəmizə verməyi özlərinə sığışdırmadılar. Amma İsmayıl bir neçə məruzə hazırladı, müzakirəyə verdi və istər Universitetin, istər respublika, istərsə də keçmiş SSRİ-nin bir neçə ali məktəbinin tələbə elmi konfranslarında uğurlu çıxış etdi.  

Bu çıxışlar, məruzələr bir çoxların düşündüyü kimi “gəzmək  xatirinə” hazırlanmırdı. Universiteti bitirib Azərnəşrdə işləyəndə də, Mətbuat Komitəsində idarə  rəisi olanda da, Azərbaycan KP MK-da işləyəndə də İsmayıl ardıcıl elmi fəaliyyətlə məşğul oldu. 1983-cü ildə “Ədəbi portret: onun funksiyası və tipologiyası” mövzusunda elmi işini müdafiə edib filologiya elmləri namizədi adını aldı.

Amma bizi bir-birimizə bağlayan nə elmi işimiz idi, nə də ədəbi-bədii yaradıcılığımız. Bunların hamısı bir vasitəydi. Aramızdakı tellər vətən, millət sevgisindən idi. ona görə də nə zəifləyir, nə də qırılırdı. İçərişəhərdə kirayənişin qaldığı kiçik yarıqaranlıq otağına da, 8-ci mikrorayondakı üçotaqlı mənzilinə də eyni həvəslə qonaq dəvət edirdi.

Universiteti bitirəndən sonra məni Naxçıvana qəzetdə işləməyə göndərmişdilər. O isə Bakıda nəşriyyatda işləyirdi. Yəni çalışdığımız sahələr də ayrı-ayrıydı. Əyalətdə işlədiyimə görə tələbə yoldaşlarımızın, tanışlarımızın bir çoxu ilə əlaqəm kəsilmişdi. Amma İsmayılla müntəzəm xəbərləşirdik. Onun diqqətcilliyi , insanpərvərliyi, həssaslığı daha güclü olsa da, hadisələrə baxışımız, əqidəmiz arasında bir yaxınlıq var idi. Hər dəfə görüşəndə  nədən söhbət etsək də, həmin söhbətin əsas leytmotivi vətənə, millətə xidmət olurdu.

Onu Azərbaycan KP MK-ya işə aparandan sonra bir neçə dəfə Bakıya gəlsəm də nə zəng vurdum, nə də görüşməyə can atdım. Qəzetdə “partiya həyatı” şöbəsində işlədiyimdən partiya aparatında işləyənlərin qısa müddətdə necə dəyişdiyinin çox şahidi olmuşdum. Az-az insanları partiya aparatı qəlibə sala bilmirdi. İsmayıl da belələrindən oldu. Naxçıvana zəng vurub Bakıya gələndə onunla görüşməməyimin incikliyini çox mülayimliklə bildirdi.

Telefonda edilmiş kiçik giley aramızda yaranmış soyuqluğu aradan tam qaldırmadı. Soyuqluğu söhbətlərimiz, görüşlərimiz və onun sözünə sadiqliyi nəinki tamam aradan qaldırdı, daha da mehribanlaşdırdı. Ona daha çox ərk etməyə başladım. Gördükləri, məlumatı, biliyi, informasiyası artmaqla yanaşı, hadisələrə münasibəti də xeyli dəyişmişdi. İndi daha uzaq məsafəyə istiqamətlənir, daha aydın və sərrast mühakimələr yürüdürdü. İlk baxışdan elə bilirdim bu tutduğu vəzifədən doğan ehtiyatlılıqdır. Sonrakı iş prosesində onun daha cəsarətli və qətiyyətli hərəkətlərinin şahidi oldum.

1986-cı ildə “Kommunist” qəzetinin Şəki-Zaqatala bölgəsi üzrə xüsusi müxbiri işləyən Akif Axundovu “Şərq qapı” sı qəzetinə redaktor göndərirlər. Mərkəzi Komitədə ona qəzetin səviyyəsini yüksəltmək, mübariz partiya tribunasına çevirmək haqqında bəlağətli mühazirələr oxumuşdular. O da səmimi bir insan olduğuna görə yüksək həvəslə işə girişmişdi. Çoxumuz yaxşı bilirdik ki, bu baş tutan iş deyil. Qəzeti elə rəhbər partiya işçiləri özləri nüfuzdan salır, onun normal çoxalmasına, geniş oxucu toplamasına əngəl olurdular.

Yaranmış bu boşluqdan mən da yaralanıb millət və vətən üçün bir iş görmək həvəsinə düşdüm. Mirzə Cəlilin əsərlərinə və doğum tarixinə dair yeni sənədlərin tapıldığını, həmin sənədlərə əsasən görkəmli ədibin dekabrda yubileyi olduğunu söylədim. Akif müəllim dediklərimlə bərk maraqlandı. Naxçıvan Pedaqoji İnstitutunun müəllimi, filologiya elmləri namizədi İsa Həbibbəylini yanına çağırdı. Faktlarla tanış olandan sonra: “Böyük hadisədir. Məşhur alimlərimiz indiyədək niyə bu faktlara diqqət yetirməyiblər? Elə bir nömrə hazırlayın ki, Azərbaycana səs salsın”-dedi. Xeyli söhbətdən sonra axır ki, İsa Həbibbəylini  yeni tapdığı materiallardan qəzetimiz üçün parçalar hazırlamağa razı saldıq. Rəssam Hüseynqulu Əliyev də xeyli zəhmət çəkib M. Cəlilin portretini və nömrənin başlıqlarını, bəzək elementlərini hazırladı.

Naxçıvanda mətbəə aşağı səviyyədə olduğuna görə M. Cəlilin anadan olmasını 120, “Molla Nəsrəddin” jurnalının nəşrə başlanmasının 80 və “Ölülər” pyesinin 60 illiyinə həsr etdiyimiz nömrəni Bakıda çıxarmağı qərara aldıq. Razılaşdıq ki, kütləvi tiraj rəngli və yüksək keyfiyyətli ağ kağızda, 5 min nüsxə təbaşirli ağ kağızda, 2 nüsxə isə ağ ipək üzərində çıxarılsın. Hər şey hazır olanda vilayət partiya komitəsində Akif Axundovun Bakıya gəlməsinə icazə vermədilər. Redaktor müavini və məsul katib də gələsi olmadı. Qəzetdə sıravi müxbir işləsəm də məni buraxılışa məsul şəxsi kimi Bakıya yolladılar. “Kommunist” nəşriyyatında bayramqabağı olduğuna görə bizim qəzeti çap etməyəcəklərini söylədilər.

Mən vəziyyətdən çıxmaq üçün Azərbaycan KP MK-da şöbə müdirinin müavini işləyən İsmayıl Vəliyevə müraciət etdim. Təşəbbüsümüzü bəyəndi və alqışladı. Nəşriyyata da tapşırıq verdi. 1986-cı ilin dekabrın 29-da qəzeti çox çətinliklə çapa hazırladıq. Nömrə əsasən Mirzə Cəlil və silahdaşlarına həsr edilmiş ədəbi-bədii yazılardan ibarət idi. Yalnız birinci səhifədə statistikanın kiçik bir bilgisi və bölgələrdən alınmış beş kiçik xəbər vardı. Hissə elə qapılmışdım ki, SSRİ-nin yaranmasının ildönümü olduğunu da unutmuşdum. Bu “böyük bayram”la bağlı qəzetdə bir sətir də olsun yazı yox idi. Gecə yarıdan keçəndən, qəzet kütləvi nəşrə gedəndən sonra matrisləri, klişeleri, bir sözlə səhifələrin hamısını səliqə  ilə bir yerə yığdım. Elə yerə qoydum ki, səhər  işə gələn fəhlələr səhifəni söküb dağıtmasın. Axı bizim hələ 5 min  nüsxə yüksək keyfiyyətli təbaşirli kağızda və ağ ipək üzərində də çıxarmaq planımız vardı.

Gözümə yenicə yuxu getmişdi. Telefon zənginə oyandım. Xeyli kimin zəng vurduğunu, nə dediyini aydınlaşdıra bilmədim. Handan-hana İsmayıl Vəliyev olduğunu müəyyənləşdirdim. Onun dedikləri təxminən  bu şəkildə yadımda qalıb: “Nömrə əladır. Çox xoşuma gəldi. Amma Mərkəzi Komitə qarışıb bir-birinə. Get mətbəədə nəyin var, təcili yığışdır. Əlavə çap ipək üzərində çap daha mümkün deyil. Özün də qayıt təcili Naxçıvana. Narahat olma, çap olunan qalacaq.”   

“Kommunist” mətbəəsinə gələndə Mərkəzi Komitədə məni axtardıqlarını söylədilər. Nömrənin materiallarını dağıdıb Mərkəzi Komitəyə getdim. Şöbə müdiri işləyən Əfrand Daşdəmirov məni - yəni müxbirin gəldiyini eşidəndə bərk əsəbiləşdi və mənimlə söhbət belə etməyi lazım bilmədi. İşçilərinə təcili redaktoru və Naxçıvan vilayət Partiya Komitəsinin katibini onun qəbuluna çağırmağı tapşırdı. Mən mətbəəyə qayıdıb 1987-ci ilin 1 yanvar nömrəsini də çapa imzalayandan sonra Naxçıvana uçdum. Orada bir əsəbi gərginlik  hökm sürürdü.

Akif Axundov sözünün üstündə möhkəm durmuşdu. Deyirdi: “Yazıların hamısını özüm oxuyub imzalamışam, səhifələrin maketinə də mən qol çəkmişəm. Nə olsa özüm cavab verəcəm”. Ondan xahiş etdim: “Mənə bir töhmət ver. Əmri də özünlə apar. Orada səni sıxışdıranda əmri ortaya qoy de: “Bu işə cavabdeh olanı cəzalandırmışam. ”

Lakin A. Axundov bunu etmədi. Katiblə birlikdə Bakıya gəldi. Bakıda çox dilxor geri döndü. Bir neçə ay əvvəl ona “yüksək səviyyəli qəzet çıxar” deyənlər indi onu siyasi səbatsızlıqda ittiham edirmişlər. Ə. Daşdəmirov əlini qəzetin 4-cü səhifəsindəki “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində çap olunmuş müsəlmanın da, erməninin də rusdan silah alması karikaturası üzərinə qoyub: “Bu nədir? Erməni – müsəlman davası başlamaq istəyirsiniz?” Qəzetdə müstəqil yazılar o yana, “Molla Nəsrəddin”in Təbrizdə çap olunmuş nömrələrindən götürdüyümüz “Tüstü”, “Cavanlara” felyetonları da Əfrand müəllimi bərk əsəbiləşdirmişdi.

İsmayıl Vəliyevin Mərkəzi Komitənin katibini yanında olarkən “Sovet Naxçıvanı”nda çap olunan karikaturaları mən “Pravda” , “İzvestiya” qəzetlərində görmüşəm” sözü gərginliyin səngiməsinə səbəb oldu və sonra hər şey yoluna düşdü.

İsmayılla Şuşada İsa bulağına gedəndə də, Bakıda çayxanada əyləşib çay içəndə də harada görüşməyimizdən asılı olmayaraq əsas söhbətimiz milli kimlik məsələsi olub. Bu milli kimlik məsələsi ürəkdən bağlılığın nəticəsiydi  ki, gah “Kitabi dədə Qorqud”dakı bir ifadənin izi ilə gedir, gah “Bilqamıs”ı dilimizə çevirir, gah “Mahtımqulu”nun kütləvi tirajına nail olurdu. Bəlkə də elə bu ruhda kökləndiyinin nəticəsiydi ki, iş yerinin imkanlarından, vəzifə səlahiyyətlərindən istifadə edərək millətimiz və xalqımız əleyhinə yazılmış kitab və məqalələr haqqında bizə bilgi verir, bəzən də həmin sənədlərin surətini göndərirdi. Üzdən sakit təmkinli də bəzən hirsini boğa bilmirdi. Yadımdadı “Oçak” çap olunanda bərk hirslənmişdi. Bizi Zori Balayanın Naxçıvanı gəzib, getməsinin qarşısını almadığımıza görə qınayırdı.

Kitabı oxumadığımı bildirəndə bir az da hirsləndi. Sonra: “Səfalıya de (tələbə yoldaşımız və həmin illərdə Azərkitabda işləyən Səfalı Nəzərlini nəzərdə tuturdu – Ə. Ş.) qoy beş-altısını göndərsın. Naxçıvanda çalış ağıllı ziyalıların hamısı oxusun. Öz etirazlarını yazsınlar”- dedi.

Bu 1985-ci ilin söhbəti idi.

Xalq hərəkatı başlayanda da İsmayıl Vəliyev mənim ən yaxın sirdaşım, əməldaşım oldu. Ermənistanda baş verənləri dəqiqləşdirmək üçün tez-tez bizə zəng vurur, əlaqə saxlayır, Xankəndində (Stepanakertdə) keçirilən yığıncaqlarda, əleyhimizə danışılmış iclasların protokollarını göndərdi. Bir sözlə, xalqı maarifləndirmək, ayıltmaq üçün əlindən nə gəlirdisə onu edirdi. Xalq hərakatı başlayandan sonrakı görüşlərimiz, söhbətlərimiz haqqında çap üçün hazır olan “Yadımda qalanlar” kitabımda yazdığımdan onları və ya (bir çox hadisələri) burada təkrarlamağa ehtiyac duymuram.                         

 

İncə yumorlu müəllimimiz

 

Ümumtəhsil məktəblərinin dərsliklərinə Mir Cəlalın hekayələri, roman və povestlərindən parçalar salınması onu uşaqlar və yeniyetmələr arasında tanınan ədiblərdən birinə çevirmişdi. Xüsusən “Bir gəncin manifesti” povestinə Baharın taleyinin təsviri yaşıdlarımın xatirində dərin iz buraxıb. Hətta 7-8-ci sinifləri bitirdikdən sonra təhsildən yayınanların yadlarında belə Baharın ölüm səhnəsi qalıb. Orada işlədilən bəzi ifadələr xalq deyiminə, atalar sözünə çevrilmişdir.

Yeniyetməlik çağlarında həvəslə oxuduğumuz əsərlər arasında Mir Cəlalın “Bir gəncin manifesti” , “Yolumuz hayanadır”, “Dirilən adam ”, kitabları da vardır.

Azərbaycan Dövlət Universitetində jurnalistika filologiya fakültəsinin tərkibində şöbə kimi fəaliyyətə başladığından, bu iki ixtisasın proqramları arasında yaxınlıq vardı. Müəllimlərin çoxu  da eyni adamlar idi. Azərbaycan ədəbiyyatı tarixi kafedrası müdiri olan Mir Cəlal jurnalistika şöbəsində (şöbə 1969-cu ildə fakültəyə çevirdi) ədəbiyyatşünaslıq fənindən dərs deyirdi. Respublikamızın müxtəlif guşələrindən ali təhsil arxasınca gələnlərin universitetdə imzalarına görə tanıdıqları 3-4 nəfər vardısa, onun biri də Mir Cəlal müəllim idi. Əksəriyyətimiz ona bizlərə doğma, məhrəm olan bir insan kimi baxırdıq. Dərslərində çox maraq və həvəslə iştirak edirdik.

Hər şeyə diqqət yetirən tələbə istəyi ilə bəzən müxtəlif bəhanələrlə onu mövzudan yayındırır, ailə-məişət, yaradıcılıq söhbətlərinə cəlb edirdik. Bu da səbəbsiz deyildi, çünki yazıçı və şairləri kitab səhifələrindən,qəzet-jurnal məqalələrindən

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol