Cəfər Cabbarlı

Türk Dünyasının Məşhurları-33


CƏFƏR CABBARLI

 

Göndərmə 9/2/2013 6:48:15 AM UTC

Güncəlləmə 9/2/2013 6:48:15 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=0eeaf12d-b0be-4cd6-9963-ecda573e7371

“Türk dünyasının məşhurları” proqramında bu gün sizlərə istər sağlığında, istərsə də ölümündən sonra haqqında xoş sözlər söylənən, yəni ilk baxışda unutdurulmağa çalışılmayan, lakin ömür yolunun bir dövrünün haqqında danışılması, eləcə də bəzi əsərlərinin nəşri və təbliğl qadağan olanan şair, yazıçı, dramaturq, kinossenarist, rejissor, tərcüməci, publisist, teatrşünas Cəfər Cabbarlıdan söz açacağıq.

Çəfər Qafar oğlu yeniyetməlik illərində soyadını Cabbarzadə yazsa da sonralar Cabbarlı kimi məşhurlaşdı. O, 1899-ci il martın 20-də Xızı kəndində kömürçü ailəsində döğulub. Ailə 1903-ci ildə sürətlə inkişaf edən Bakı şəhərinə köçərək Dağlılar məhəlləsində yerləşib. Atasını kiçik yaşlarında itirsə də anası sonbeşik övladının təhsil alması qayğısına qalıb. Onu məhəllə məktəbində, sonra da gələcəyin istedadlı şairi Mikayıl Müşviqin atası Molla Qədir İsmayılzadənin açdığı şəxsi məktəbdə oxudub.

Molla Qədir İsmayılzadə məktəbdarlıq etməklə yanaşı şeirlər və opera liberettoları da yazıb. Musiqisini Müslüm Maqomayev yazdığı “Şah İsmayıl” operasının liberettosunu yazan da Qədir İsmayılzadədir.

Cəfər Cabbarlının ədəbiyyata maraq göstərməsində müəllimləri, Molla Qədir İsmayılzadənin və 1905-ci ildə oxumağa başladığı “7-ci Rus-tatar” məktəbinə dərs deyən Süleyman Sanı Axundovun, Abdulla Şaiqin, Rəhim bəy Şıxlınskinin, Əliməmmd Mustafayevin rolu böyük olub. Rus-tatar məktəbini bitirdikdən sonra bir müddət ailəyə kömək üçün işləyən Cəfər təhsilini davam etdirmək üçün 1915-ci ildək Bakıdakı Alekseyev adına 3-cü Ali- İbtidai məktəbədə oxuyub. Oranı da bitirib Bakı Politexnik Məktəbinin elektro-mexanik şöbəsinə daxil olub. Həmin illərdə sənayesi sürətlə inkişaf edən Bakıda mühəndis və texniklərə böyük ehtiyac duyulurdu. Ailəsi Cəfərin Politexnik məktəbini bitirib, mühəndis işləyərək yüksk maaş alacağını düşünüb.

Çəfər isə tamam başqa bir yolu seçdi. Politexnik Məktəbində oxusa da ədəbiyyata, sənətə meyl göstərdi. “Həqiqəti-əfkar” qəzetinin 1911-ci il noyabrın 5-də çap olunan “Eşidənlər”, “Şücaətim” satırık şeirləri onun ilk mətbuu əsərləri sayılır.

Cəfər Çabbarlının yaradıcılığa başladığı illərdə satira sanki bir moda halına gəlmişdi. Əli qələm tütan cəmiyyətdəki nöqsanların tənqidlə düzələcəyini düşünürdü. Gənc Cəfər də o dövrdə Bakıda dərc olunan “Məktəb”, “Qurtuluş”, “Babai-Əmir” jurnallarında, “Bəsirət” qəzetində şeirlərini çap etdirir. Hətta “Qurtuluş” jurnalının 1915-ci ildə elan etdiyi müsabiqədə gənc şairin “Qürub çağı bir yetim” şeri birinci yeri tutur.

1915-1916-cı il gənc Cəfər Cabbarlı üçün olduqca məhsuldar olur. “Aslan və Fərhad”, “Mənsur və Sitarə” hekayələrini, “Sitarə” operettasının liberettosunu, “Vəfalı Səriyyə və yaxud göz yaşı içərisində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah” pyeslərini, neçə-neçə şeir və məqaləsini yazır. Ölkədə çar mütləqiyyətinə qarşı etiraz dalğasının yüksəldiyi bir vaxtda Cəfər Cabbarlı mövzusunu Qacarlar sülaləsinin hakimiyyətindən aldığı, xalqı istibdad və mitləqiyyət əleyhinə mübarizəyə səsləyən “Nəsrəddin şah” dranını yazır. 16-17 yaşlı bir yeniyetmənin bu qədər bişkin pyeslər, hekayə və şeirlər yazması onun yaşına şübhə ilə yanaşmasına da səbəb olmuşdur. Belə düçünmüşlər ki, onun yaşı sənədlərdə qeyd edildiyindən böyükdür.

İlk yaradıcılığında pulun hakim olduğu cəmiyyətdə insanların alçaldığını, məhv edildiyini gündəmə gətirən Cəfər Cabbarlının 1917-ci ildən sonra mövzusu tamam dəyişir. İstər şeirlərində, istər pyeslərində vətənpərvərlik mövzusu aparıcı yer tutur. “Azərbaycan” kimi şeir, “Ulduz və ya Trablisdə müharibə”, “Ədirnə fəthi”, “Bakı müharibəsi” kimi pyeslər yazır. Onun pyesləri yalnız Azərbaycan səhnəsində deyil, Aşqabadda da göstərilir. Təssüf ki, bu vətənpərvərlik ruhu aşılayan əsərlər az sonra qadağan olunur və Nuru Paşanın Bakını azad etməsinə həsr edilmiş, səhnədə oynanılmış “Bakı müharibəsi” yoxa çıxır.

Azərbaycanın Rusiya işğalından azad olub müstəqilliyə qovuşmasını ürəkdən alqışlayan gənc Cəfər Cabbarlı Politexnik məktəbinin tələbəsi olsa da, Azərbaycan parlamentinin dəftərxanasında işləyir və Azəbaycan Xalq Cumhuriyyətinin açdığı Universitetdə tibb fakültəsinə qəbul olunur.

Cəfər Cabbarlı və onun kimi vətənsevərlərin sevinci uzun sürmür. 1920-ci il aprelin 27-də yerli sosialistlərin, Rusiyapərəstlərin və Osmanlı əsgər, zabit və ziyalıların dəstəyindən istifadə edən bolşeviklər Azərbaycanı işğal edirlər. Lakin Cəfər Cabbarlı və onun kimi düşünən gənclər bu işğalla barışa bilmir. Bolşeviklər Bakıya daxil olan günlərdə Cəfər Cabbarlının evində bir qrup gənc vətənsevər “Partiya Mərkəzi-Ümumi”ni qurur. Əslində bu Azərbaycanın işğalından sonra yaranan ilk siyasi müqavimət təşkilatı idi.

Mirzəbala Məmmədzadənin sədir, Əbdül Vahab Yurtsevər müavin, Cəfər Cabbarlının katib olduğu təşkilat qısa bir zamanda ətrafına xeyli vətənpərvər toplayayır. Məmməd Sadıq Quluzadəyə Azərbaycanın bölgələrində “Müsavat” partiyasının özəklərini qurmaq, Məhəmmməd Həsən Baharlıya maliyyə məsələlərini həll etmək tapşırılır. Hətta gizli “İstiqlal” qəzetini də nəşr etməyə başlayırlar. Mirzə Balanın Batumda Əbdülə yazdığı gizli məktubu ələ keçirən xüsusi xidmət orqanları təşkilatın üzərində nəzarəti artırır və fəalların yerini müəyyənləşdirir. 1923-cü il mayın 5-də Xalq Ərzaq Komissarlığının və “Kommunist” qəzetinin tərcüməci işləyən, Bakı Dövlət Universiteti Tibb Fakültəsinin tələbəsi Cəfər Cabbarlını imtahandan çıxıb evlərinə gedərkən həbs edirlər. Uzun sürən istintaqdan sonra Sovet rəhbərləri gizli təşkilatın üzvlərini həbsdən azad edir və müqabilində onlara təşkilatı buraxdıqları haqqında bəyanatı imzaladırlar. Bəyanat 1923-cü il avqustun 14-də “Kommunist” və “Bakinski raboçi” qəzetlərində çap olunur.

Cəfər Cabbarlının həpsi bununla bitmir. 1923-cü ilin oktyabrında xüsusi xidmət orqanları bir təsadüf nəticəsində gizli mətbəənin yerini müəyyənləşdirir, oradakı çap məhsullarını, eləcə də “İstiqlal” qəzetinin 19-cu sayını müsadirə edir. Hökümət gizli təşkilatı buraxdıqlarını deyənlərin yenə də fəaliyyətlərini davam etdirdiyini görüb oktyabrın 6-da Cəfər Çabbarlı və 20 nəfər məsləkdaşını həbs edir. Lakin bir yanlışılq nəticəsində o, 25 gün sonra həbsdən azad edilir. Eyni işə görə onunla birlikdə həbs edilənlərin əksəriyyəti isə Şimal Buzlu okeandakı Solovki adasındakı həbsxanaya göndərilir.

İnqilabi əhval-ruhiyyəli Cəfər Cabbarlı siyasi mübarizədən çəkilsə də ana dilinin təmizliyi, sənətdə yeniləşmə uğrunda mübarizəyə atılır. Onun “Aydın”, “Oqtay Eloğlu” pyesləri teatırda böyük uğur qazanır. Kiçik səhnəciklər, məqələlər yazan, “Kommunist” qəzetində tərcüməçi işləyən, Universitetin tibb fakültəsindən çıxıb, şərqşünasılı fakültəsinə daxil olan Cəfər Cabbarlı özünü yeni bir mərhələyə hazırlayır.

Cəfər Cabbarlının yaradıcılığının ən məhsuldar dövrü 1924-1934-cü illərə təsadüf edir. 1925-ci ildə Şekspirin “Hamlet”, 1928-ci ildə Lev Tolstoyun “Uşaqlıq”, Maksim Qorkinin “Uzgünlər” və başqa əsərləri ana dilinə tərcümə edir. İlk variantını 1925-ci ildə yazdığı “Od gəlini” pyesinin üzərində işləyərək onu 1928-ci ildə tamaşaya qoyur. Onun ardınca "Sevil" , "1905-ci ildə", "Almaz", "Yaşar", “Dönüş” pyeslərini yazır.

Cəfər Cabbarlı yalnız pyeslər yazmaqla kifatətlənmir, rejissorluq edir, bəzən aktyor kimi səhnəyə çıxmalı olur, səhnə əsərlərinə müsiqi yazan bəstəkarlara köməklik göstərir. Tamaşaçılar onun əsərlərinə baxmaq üçün axın-axın gəlirlər.

Bir tərəfdən Cəfər Cabbarlı təriflənir, alqışlanır, o bir tərəfdən də əsərlərinin ədəbi mühakimələr təşkil edilir, haqqında hökumət orqanlarına şikayət məktubları yazılır. Onu gah Sovet səhnəsindən əksinqilabi fikirlər təbliğ etməkdə, gah qadın aktyorlarla intim münasibətdə, gah Azərbaycan Dövlət Teatırını manapoliyaya götürməkdə təqsirləndirirlər.

Təzyiqlərdən, dedi-qodulardan yaxa qurtarmaq üçün Cəfər Cabbarlı yeni yaradılan kino fabrikində daimi işə keçir. Burada 1929-cu ildə Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasının motivləri əsasında yazdığı “Sona” ssenarisini, özünün o dövrdə olduqca populyar olan “Sevil” pyesini ekranlaşdırır. Ardınca isə “Almaz” pyesi əsasında ssenari yazıb film çəkilişinə nail olur.

Cəfər Cabbarlı ssenarilər yazmaqla, film çəkməklə kifayətlənmir. Milli kadrların hazırlanması, onların irəli çəkilməsi üçün rusqafalılarla mübarizə aparmalı olur. O, necə deyərlər, qapı-qapı gəzib aktyor tapmaqla yanaşı, azərbaycanlılardan operator, rəssam, rejissor, kino-aktyor hazırlanması uğrunda yorulmadan mübarizə aparır.

Cəfər Cabbarlı "Hara gedir Azərkino" adlı məqaləsində yana-yana yazır ki, "Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə ikisi yenicə işə götürülmüş dörd mürəttibdən biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar"-"gözəl qozlar" kimi yazılır? Cavab verirlər ki, türk mürəttibləri yoxdur. Əslində burada türk mürəttibi özü üçün gəzir və nərd oynayır.

Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, deyirlər türk qadınları yoxdur. Lakin elə buradaca, fabrikdə türk qadını Orucova makinaçı işləyir. Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa İzzət Orucovanı makinaçı işlətmək nə dərəcədə doğrudur?! “Kişi rollarına aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur?” sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır”.

Teatrlar istedadına bələd olduqları üçün Cəfər Cabbarlıdan tamaşalar, qəzet jurnallar hekayələr, məqalələr, musiqiçilər mahnı mətinləri istəyirdilər. . Partiya –sovet rəhbərləri isə sosial sifariş adı altında sənət əsəri deyil, sosializmi tərənnüm edən şüarlar tələb edir. Odur ki, Cəfər Cabbarlı SSRİ Yazıçılar İttifaqının Moskvada keçirilən birinci qurultayında yaradıcı şəxslərin hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilməsinin əleyhinə çıxır.

1934-cü il dekabrın 31-də Cəfər Cabbarlının ürəyi dayanır. Onu böyük təntənə ilə dəfn edirlər. Vaxtında dünyasını dəyişməsəydi yəqin ki, 1937-ci ildə onu da güllələyəcək və əsərlərini də qadağan edəcəkdilər.

Cəfər Cabbarlı güllələnməsə də, ölümündən sonra haqqında xoş sözlər söylənsə, məqalələr, monoqrafiyalar yazılsa da, bir neçə əsərinin nəşri və tanıdılması Sovet hökuməti dağıldıqda sonra mümkün olmuşdur.

 Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=