Dastanın ilk azərbaycanlı tədqiqatçısı-Əmin Abid

Dastanın ilk azərbaycanlı tədqiqatçısı

 

Araşdırmalar təsdiq edir ki, 170 ildən artıq dünya şərqşünaslarının diqqətini cəlb edən “Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı tədqiqatçısı Əmin Abid olmuşdur. Ə.Abidin 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalının 2 – 3-cü nömrələrindəki “Azəri ədəbiyyatında türkcənin təkamülü” və “Maarif işçisi” jurnalının 1927-ci il 3, 4 6 – 7-ci nömrələrindəki “Heca vəzninin tarixi” məqalələrində “Kitabi – Dədəd Qorqud”dan nümunələr verilmiş, haqqında söhbət açılmışdır. Müəllif yazırdı: “Dədə Qorqud” kitabının bu nüsxəsinin (Drezden nüsxəsi nəzərdə tutulur – Ə.Şamil) hər nə qədər müsəlmanlığın Oğuzlar tərəfindən qəbulundan sonra köçürüldüyü məlum olursa da, fəqət mündəricatı istər mövzu, istər yazı üsulu etibarı ilə olsun tamamən vəznli nəsr dövrünün xarakterini göstərir”.

Dastandakı şeirləri Orxon-Yenisey abidələri ilə müqayisə edən Ə. Abid bu qənaətə gəlir ki, xalqımızın ilk poetik qaynaqlarının bir qismi heca vəzninin on ikilik şəklində olmuş və sonrakı inkişaf nəticəsində onbirliyə (qoşmaya) çevrilmişdir.

ə. Abid “Azərbaycan ədəbiyyatı tarixi” ətrafında”, “Səlcuq dövlətinin daxili quruluşu”na dair “Türk xalqları ədəbiyyatında “Manı” növü və Azərbaycan bayatılarının xüsusiyyətləri” məqalələrində də “Dədə Qorqud” dastanında xüsusi tədqiqat tələb edən məsələlərdən söz açır. Məsələn, o, dastanda mühüm yer tutan Ozan obrazı haqqında yazırdı: “Ozan xalq şairi deməkdir. Bunlar qopuz deyilən əski sazda çalaraq mənqəbə və dastanlar oxuyarlardı. XIV əsrə qədər bizim məmləkətimiz ilə Şomali İrandakı azərbaycanlılar arasında bunların yaşadığını bilirik”.

Tədqiqatçı ozanın xalq şairi olduğunu sübut etmək üçün yazılı mənbələrlə yanaşı, Gəncə, Şəki və Naxçıvandan toplanmış bayatılara da müraciət edir (“Dədə Qorqud”un sonrakı tədqiqatçıları da fikirlərini sübut üçün dəfələrlə həmin bayatılara müraciət etmişlər).

Ozanların xalq arasında böyük nüfuz qazandığını söyləyən tədqiqatçı yazır: “Aşıqlar da əski ozanlar dövründən qalmış ənənələrin davamı olaraq xalq arasında möhtərəm adamlar sayılmaqdadır. Onlar hər ocaq üçün öz adamı kimi omuşlar. Xalq kütləsi aşığı ailəsi müqabilində saymışdır. Buna görədir ki, xalq arasında aşıqlar haqqında “aşıq el atasıdır” kimi məsəllər meydana gəlmişdir”.

Müəllifin fikrincə, ozan xalqın ən yaxın məsləhətçisi, müdrik ağsaqqalı, müqəddəs saydığı bir şəxsiyyət olduğundan dastanın üzünü köçürən katib də xalq incisinə Dədə Qorqudun kitabı adını vermişdir.

Ə. Abidin digər məqalələrində də “Kitabi – Dədə Qorqud” geniş tədqiq edilir. Bunlardan birincisi – “Türk el ədəbiyyatına elmi bir baxış – “Oğuznamə” (həmin məqalə “Dan yıldızı” jurnalının 1929-cu il 5, 8-ci nömrələrində çap olunmuşdur) adlanır. Ikincisi isə 1930-cu ildə “Azərbaycanı öyrənmə yolu” məcmuəsinin  3-cü nömrəsində dərc olunmuş “Əşirət dövründəki “Azərbaycan ədəbiyyatına dair vəsiqələr”dir.

Birinci məqalədə kiçik bir qeyd diqqəti cəlb edir. Həmin qeyddə deyilir: “Son günlərdə çapdan çıxan “Ədəbiyyatdan iş kitabı” adlı dərs kitabında Musaxanlı Atababa imzalı bir məqalədə mənim ilk dəfə olaraq irəli sürdüyümbu fikir eyni ilə kopya edilmiş və məndən alındığına aid heç bir işarə qoyulmamışdır. Halbuki bu fikri 27-ci ildə Bakı Darülfünununda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə də eyni sənədə Bakı Pedaqoji Texnikumunda və 28-ci sənənin başlanğıcında Bakı maarif evi ədəbiyyat dərnəyində “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzusunda verdiyim məruzədə təkrarlamışam. Bundan başqa 1927-ci ildə Ruhulla Axundov yoldaşa təqdim etdiyim “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlı əsərimdə uzun-uzadı izah edimişdir”.

Dövri mətbuatda A. Musaxanlının cavab vermədiyinə əsaslanıbbu fikrin Ə. Abidə məxsus olduğunu söyləmək olar. A. Musaxanlının iki səhifəlik “Qərb türkcəsi və “Kitabi – Dədə Qorqud” məqaləsini diqqətlə nəzərdən keçirdikdə görürük ki, dastanla yaxından tanış olan hər bir azərbaycanlı bu fikri söyləyə bilər. A. Musaxanlı yazır:  “Hekayədə (“Kitabi – Dədə Qorqud nəzərdə tutulur” – Ə. Ş.) təsvir edilən məhəllə Şərqi Anadolunu və Azərbaycanın cənub-qərb mənzərə və məhəllələrini xatırlatmaqdadır. Əski Oğuzların timsalı olan bu əsər lisan şivəsi etibarilə azəricəyə pək yaxındır. Tarixi və ədəbi qiyməti qayət böyük olan bu əsərin lisani xüsusiyyəti çox az tədqiq edilmiş, leksikona (lüğətə) və tərkibə (cümlə quruluşuna) aid lisani nöqtələri nəzərə alınarsa, bunun azəricə olması ehtimalı artmış olur. “Kitabi – Dədə Qorqud” lisan və mündəricəsi ilə ilk azəri əsəridir demək caizdir” .

Ə. Abidin qeydi isə diqqətimizi başqa bir mənbəyə yönəldir; R. Axundov yoldaşa təqdim edilmiş “Azəri türklərinin ədəbiyyatı tarixi”nə! Bu əsəri tapa bilmədiksə də, müəllifin (Ə. Abidin) 1925-ci ildə tamamladığı “Azəri türklərinin ədəbiyyatı tarixi” əsərinin 1 cildinə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyatı və İncəsənət arxivinin 170-ci fonduna rast gəldik. əlyazması ərəb əlifbası ilə olan bu əsər 316 səhifədir. əsərdə Azərbaycan dilinin formalaşmasından, bu dildə yaranan ilk bədii məhsullardan, şifahi xalq ədəbiyyatından məlumat verilir. əsərin yarıdan çoxu “Kitabi – Dədə Qorqud”a həsr edilmişdir.

“Kitabi – Dədə Qorqud”un tədqiqi ilə məşğul olan alimlərimizin əksəriyyəti dastanın Azərbaycan xalqına məxsus olduğunu sübut etməyə çalışarkən böyük rus şərqşünası, akademik V. V. Bartoldun 1930-cu ildə dərc etdirdiyi “Türk eposu və Qafqaz” məqaləsindəki “Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən kənarda yaranmış olduğunu təsəvvür etmək çətindir” cümləsinə istinad edirlər. Ə. Abid yazırdı: “Qorqud kitabındakı mənbələrin cərayan etdiyi coğrafi yerlər də əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir...” misalların içində zikr olunan və zəmanəmizcə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim. Mardin qələsi, Bayburt hisarı, Aq hisar, Trabzon, Qara dəniz, Qadlıq dağ, Axbaza, Gürcüstan ağzı, Göycə dənizi, Gəncə, Dəmir qapı, Qara Dərbənd, yaxud Darvand... Bu yerləri xəritə üzərində bir-birinə bağlarsaq bu nəticəyi əldə ediriz:

İndi Şərqi Anadolu adlanan Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə... Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdursa da vəkələrin gedişindən Şimali İranın (Cənubi Azərbaycanın) da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin ediriz. Məsələn, Dərbənd və Gürcüstana kafirləri çapıb yağma etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhirləri ilə qollarıdır”. 

“Kitabi – Dədə Qorqud” dastanlarını azərbaycanlıların yaratdığını sübut etmək üçün Ə. Abid yalnız dastana müraciət etməklə kifayətlənmir, tarixi mənbələrə və səyyahların əsərlərinə nəzər salır, böyük bir biblioqrafiya yaradır.

Ə. Abidin Dədə Qorqudla bağlı tədqiq etdiyi mənbələr arasında XIII əsr tarixçisi Əbüdül-Həqq ibni Süleymanül Azərbaycaninin , Süleyman Özbəkil Buxarinin, Rəşəddinin, Əbülqazi Bahadırın əsərləri, 1638-ci ildə Dərbənddə Qazan xanın qəbrini görən saksoniyalı Adam Olearinin qəbri, 1722-ci ildə I Pyotrla Dərbəndə gəlmiş Kantemirin, XVII əsr səyyahı Övliya Çələbinin səyahətnamələri, Bursalı Məhəmməd Tahirin yazıları, XIII əsr ərəb tarixçisi Aybədid Dəvadərinin “Dərril-tican” (tacların dürləri deməkdir) əsəri və s. vardır.

“Kitabi – Dədə Qorqud”un tədqiqi ilə məşğul olan müəlliflərin əksəriyyəti yuxarıdakı mənbələrə dönə-dönə müraciət etmiş və Ə. Abidin mülahizələrinə şərik olmuşlar. A. Dəvadərinin “Dərril-tican” əsərində bəhs olunan “Oğuznamə” haqqında Ə. Abidin söylədiyi fikir isə mübahisə doğurmuşdur. Təpəgözdən söhbət gedəndə tədqiqatçılar həmişə bu əsərə müraciət edirlər.

Ə. Abiddəmi bu əsərdən istifadə etmişdir, bu əsər elm aləminə nə vaxtdan məlumdur, bu suallara cavabı Ə. Abidin məqaləsində tapırıq. O, yazır: “Bu kitab (söhbət “Dərril-tican” əsərindən gedir – Ə.Ş) haqqında ilk yazı yazan misirli Əhməd Zəki Paşa adlı birisidir. Türkcə mətbuatda ilk əks etdirən İstanbul müəlliflərindən M. Cövhəddir (“Yeni məcmuə” fövqəladə nüsxəsi 1334 və “Dərgah” məcmuəsi 1338). Bundan sonra Köprülüzadə də bu əsərdən istfadə etmişdir. (“Türk ədəbiyyatında ilk mütəsəffirlər” səh. 279-280). Gənc mütəkkiklərdən Hüseyn Namiqin “Yeni məcmuə”nin son nüxsəsində ilk məqaləsi bu xüsusa həsr olunmuşdur. Bartoldun... bir çox yazılarından o vaxta qədər bu kitabı görmədiyi anlaşılır”.

Tədqiqatçı nə üçün “Dərril-tican” əsərinə tez-tez müraciət etmişdir? Çünki “Kitabi-Dədə Qorqud” dastanlarının mövzusu ilə bağlı ilk və geniş məlumat verən məhz bu mənbə olmuşdur. Həm də Dəvadəri türk xalqlarının tarixini və yazılı abidələrini yaxşı bilən bir alim kimi tanınmışdır.

Misirdə Şamda hökmdarlıq etmiş Məlik Nəsirəddinin (1293-1340) saray məmurlarından olan Aybənd Dəvadəri “Dərril-tican” əsərində “Oğuznamə”dən geniş bəhs etmiş, bu kitabdan “Dəbəgöz-Təpəgöz” nağılını və əsərin adının “Kitabi-Dədə Qorqud”la bağlılığı idi. Dəvadərinin köçürdüyü “Təpəgöz” nağılı da bizə məlum olan “Kitabi-Dədə Qorqud” kitabında iki boyda – 4-cü və 8-ci boylarda öz əksini tapmışdır.

“Kitabi-Dədə Qorqud” dastanındakı “Basatın Təpəgözü öldürdüyü boyunu bəyan edər” boyu ilə Dəvadərinin köçürdüyü “Təpəgöz” nağılı arasında sıx paralellər var. Nağılda Təpəgözün tək bir gözü olduğundan danışılır. “Ona nə qılınc nə nizə işləməzmiş. Anası böyük dəniz canilərindədnmiş, atası da qocaman başlı bir adammış. O qədər ki, başına 13 qoyun dərisindən bir papaq geyinərmiş”. Bu xüsusiyyətlər “Kitabi-Dədə Qorqud”dakı Təpəgözdə də var”. “Kitabi-Dədə Qorqud”da 12 boydan altısının  sonunda boyların hər biri Oğuznamə deyə təqdim edilir və burada danışılan hadisələrin bir çoxu islam dininin qanunları ilə düz gəlmir. Dəvadəri də “Oğuznamə”dən bəhs edərkən yazır: “Burada bu qövmün ilk ibtidasın zikr etmək istərdik ki, bu xüsusda öz kitablarında (“Oğuznamə” nəzərdə tutulur – Ə. Ş.) da məlumat vardır. Fəqət onların bəziləri şəri şərifcə caiz deyildir”. Bu paralellərə uyan Ə. Abid “Kitabi – Dədə Qorqud”u Dəvadərinin gördüyü, istifadə etdiyi “Oğuznamə”nin bir hissəsi hesab edir və bu abidənin miladi V-VI əsrdə yazıya köçürüldüyü fikrini irəli sürür.

Ş.Cəmşidov bu fikrə etiraz edərək yazır: “Kitabi – Dədə Qorqud”u bu və ya başqa bir ümumi oğuznamənin bir parçası hesab edirlər. Bizcə, bu yanlışdır”.

Əmin Abid bu yanlışlığa nə üçün yol verirdi[1]?

Axı ona “Oğuznamə”dəki hekayələrin adları da məlum idi. “Oğuznamə”nin məzmunu şərh edərkən onların adlarını da çəkmişdi. “Oğuz”, “Türklərin and üsulu”, “Altun xan”, “Arslan hekayəsi”, “Ulu ay anası”, “Ulu Qara dağ”.

Ə. Abid heca vəzninin tarixini və eləcə də mani şeir növü ilə Azərbaycan bayatılarının xüsusiyyətlərini müqayisəli şəkildə tədqiq edərkən müxtəlif mənbələrdən gətirdiyi misallarla türkdilli xalqların ədəbiyyatında X-XI əsrlərdə şeirin geniş intişar tapdığını sübut etmişdir. XV əsrdən sonra erməni və gürcü aşıqlarının Azərbaycan dilində şeir qoşmaları da tədqiqatçının fikrinin doğruluğuna şübhə yeri qoymur. Qonşu xalqların sənətkarları da bu dildə yazıb-yaratdıqları halda necə olub ki, XV-XVI əsrdə yazıya köçürüldüyü güman edilən “Kitabi-Dədə Qorqud” dastanlarındakı şeir parçalarını ozanlar dəyişdirməmişlər?

Əmin Abid belə bir fikir irəli sürür ki, “Kitabi – Dədə Qorqud” XV-XVI əsrlərdə deyil, xeyli əvvəl yaradılıb.

Araz Dadaşzadənin “Necə mümkündür ki, eyni bir əsrdə, təxminən eyni coğrafi şəraitdə, bir-birinə yaxın ədəbi mühitdə bənzər estetik norma və dil çərçivəsində yaranmış abidələrdən birində şeir vəznli, o birisində isə ölçüsüz olsun?” Fikrinə haqq qazandırmaq lazımdır

“...Deyilənlər belə bir ehtimal yürütməyə imkan verir ki, “Kitabi – Dədə Qorqud” boyları XI əsrdən xeyli əvvəl yaradılmışdır. Bunu eposdakı şeirlərin stilistikasının daha qədim abidələrin (Orxon-Yenisey və s.) yazılı mətnlərinə oxşarlığı da müəyyən dərəcədə təsdiqləyir”. (A. Dadaşzadə) hökmü də Ə. Abidin öz mülahizələrində yanılmadığını göstərir.

Məlumdur ki, katiblər əsərlərin üzünü kiminsə sifarişi əsasında köçürürdülər. Islam dininin hökm sürdüyü bir cəmiyyətdə heç kim evində “şəri-şərifə” uyğun gəlməyən bir əsərin olmasını istəməzdi. Lakin öz xalqının tarixindən, ata-babalarının dünyagörüşündən bəhs edən əsəri oxumaq, ailə üzvlərinə yadigar qoymaq arzusunda olanlar, görünür, kitabın üzünü köçürən katibə “şəri-şərifə uyğun olmayan” yerləri çıxartmağı tapşırırlarmış. Katiblər isə bəzi hissələri çıxarsalar da özlərinin ata-babalarından eşitdiklərini, başqa mənbələrdən oxuduqlarını əlavə etməkdən də çəkinmirlərmiş.

“Kitabi – Dədə Qorqud” haqqında 1815-ci ildən 1930-cu ilədək yazılanları nəzərdən keçirən Ə. Abid “Yuxarıdan yad edilən bütün mənbələr Bartoldun ilk məqaləsindəki qısa sətirlər müstəsna olmaq şərtilə Qorqud kitabını dil və ədəbiyyat tarixi nöqteyi-nəzərindən əhəmiyyət və qiymətli təhlil edəcək ümumi mahiyyətdə deyil” qənaətinə gəlir.

Tədqiqatçı diqqəti eposun 1916-cı il İstanbul nəşrinə yönəldir, qeyd edir ki, bu nəşrdə bir çox sözlər təhrif edilmiş və düzgün oxunmamışdı. Sonra Ə. Abid alman tədqiqatçılarının kitabda olan “Osman paşanın vəfat tarixi miladi 993-dür” qeydinə əsaslanıb F. Köprülüzadənin “Kitabi – Dədə Qorqud”un Osmanlı dövlətinin təşkilindən sonra yazlya alınması fikri ilə razılaşmayaraq yazır: “Əski türk ailələrində bir adət var idi. Birisi doğuldumu və ya öldümü və yaxud zəlzələ, aclıq, xəstəlik, istila kimi mühüm hadisələr zühur etdimi, vaqiənin tarixi ailənin boyüyü və yaxud oxumaq biləni bir-iki sətrlə bir kitabın başına və ya sonuna qeyd edirdi...

...Ola bilər ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətn çox köhnə zamanda yazılsın”.

Daha sonra isə Ə. Abid tədqiqatını yekunlaşdıraraq yazır: “Azərbaycan proletar yazıçıları cəmiyyətində açılan ali dərəcəli ədəbiyyat seksiyasında idarə etdiyim məşğuliyyətlər əsasında” “Oğuznamə”nin mündəricatını təmin edərkən gənclərdən birisi bu mövzulardan bəzilərinin indi belə kəndlərimiz arasında yaşadığını söyləmiş və yaxında bunu təsdiq edib verəcəyini vəd etmişdir”.[2]

“Zəmanəmizdə yaşayan xalq nağılları səlahiyyət sahibi türkoloqlar tərəfindən tədqiq edilirsə, əski mənbələrimizin təsirinin bulunduğunu tapmaq və yaxud onların başqa şəkillərə girdiyini görmək ehtimaldan uzaq deyildir”.[3]

Akademik H. Araslının, Ə. Dəmirçizadənin, görkəmli folklorşünaslardan X. Koroğlunun, M. Təhmasibin, M. Seyidovun, Ş. Cəmşidovun və başqalarının apardıqları geniş tədqiqatlar Ə. Abidin mülahizələrinin doğruluğunu bir daha sübut etdi.

1962-ci ildə Bakıda nəşr edilmiş “Kitabi – Dədə Qorqud” kitabının müqəddiməsində oxuyuruq: “Azərbaycanda bu abidənin tədqiqinə son 30 ildə başlanmışdır”. Yuxarıda nəzərdən keçirdiyimiz mənbələr imkan verir ki, bu mülahizəni bir qədər dəqiqləşdirək. “Kitabi – Dədə Qorqud”un Azərbaycanda 20-ci illərin birinci yarısında geniş tədqiqata cəlb edildiyini, bu əvəzsiz abidənin ilk tədqiqatçısının istedadlı alim Əmin Abid olduğunu söyləyək.

Əli Şamilov,

“Azərbaycan”

Ədəbi-bədii jurnal

 aprel 1987-ci il, sayı 4

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol