Dastanlaşmış ömürlər kitabına ön söz

ÖN SÖZ

 

On illər boyu dünyanı qorxu içərisində saxlayan, 160-a yaxın xalqın «həbsxanası»na çevrilən nəhəng Sovetlər Birliyi çox qısa vaxtda çökdü. Onun sərhədlərini illərlə dünyaya bağlayan «dəmir pərdələr» dağıldı. Xalqlar yüzillik əsarətdən qurtardı, illər boyu      bir-birinə həsrət qalan ana oğula, bacı qardaşa qo-vuşdu. Sərhədlər açılandan sonra Azərbaycana nəinki İran İslam Respublikasından, Türkiyə Cümhuriyyətindən, hətta Avropanın, Amerikanın, Avstraliyanın müxtəlif guşələrindən soydaşlarımız gəlməyə başladılar. Taylı-tayını tapar deyiblər. Mənimlə görüşən, dostluq edən, əlaqə qurmağa çalışanların əksəriyyəti də folklorumuzu, tariximizi, mədəniyyətimizi araşdıranlar oldu.

Naxçıvanın Türkiyə və İranla yaxın olması, bu yerlərin adamlarını bir-birinə daha sıx bağlamışdı. Rusiya Qafqazı işğal etdiyi ilk onilliklərdə Türkiyə və İranla sərhədləri möhkəm bağ-laya bilməmişdi. İcazəli-icazəsiz gediş-gəlişlər 1950-ci illərədək davam etmişdi. Xüsusən qaçaqlar çar Rusiyasının təqiblərindən yayınmaq üçün tez-tez İrana və Türkiyəyə keçməli, müvəqqəti orda daldalanmalı olur, ara sakitləşən kimi yenidən dönüb doğ-ma yerlərdə fəaliyyətlərini davam etdirirdilər.

«Şərq qapısı» qəzetində işlədiyim illərdə (1973-1992) folklor nümunələri toplayır, Naxçıvan bölgəsinin yaxın keçmişini öy-rənir, əldə etdiyim materiallar əsasında məqalələr çap etdirirdim. Amma bu məqalələri olduğu kimi çap etdirə bilmirdim. Həmişə müxtəlif əngəllərlə rastlaşır və məqalələrin ixtisarla çap olun-ması zorunda qalırdım. Məqalələrim çap olunandan sonra haqlı irad tutanlar, əlavə bilgi verənlər də olurdu. Beləliklə, unudul-maqda olan insanlar yenidən xatırlanır, xatirələr yenidən dilə gəlirdi.

Sərhədlər açılandan sonra İrandan, Türkiyədən gələn, eləcə də əsli oralardan olub, Avropada, Amerikada yaşayan araşdırıcı-lar XIX-XX yüzillikdə Naxçıvan və İrəvan bölgələrində yaşamış qaçaqlar, el şairləri, sənət adamları ilə bağlı bilgi istəyəndə hə-vəslə eşitdiklərimi onlara söyləyir, mən də onlardan əlavə bilgi-lər almağa çalışırdım. Qəzet və jurnallarda çap olunmuş məqa-lələrin surətlərini də onlara verirdim. Aradan bir-iki ay keçəndən sonra bəzən giley dolu məktublar alırdım. Araşdırıcılar şifahi verdiyim bilgilərə məqalələrdə rast gəlmədiklərini yazırdılar.

Qəzet və jurnallarda çap olunmuş məqalələri toplayıb kitab halında çap etdirməkdən xoşum gəlməsə də, bu işi görmək zorunda qaldım. Çünki kirill əlifbası ilə çap olunmuş yazıları Quzey Azərbaycanından kənarda yaşamış soydaşlarımız ya heç oxuya bilmir, ya da çox çətinliklə oxuyurdular. Haqqında şerlər qoşulmuş, dastanlar söyləmiş qaçaqlar və xalq sərkərdələri haqqında olan məqalələri bir yerə topladım. Onları yenidən gözdən keçirdim, bir vaxt ixtisar olunmuş parçaları bərpa etdim. Beləliklə, məqalələrdən ibarət «Dastanlaşmış ömürlər» kitab-çasını ərsəyə gətirdim. Məqalələr üzərində yenidən əl gəzdirsəm də, sonunda qəzet və jurnallarda çap olunduğu, radioda səslən-diyi tarixi qoydum.

Quzey Azərbaycanda rus və Avropa dillərindən gəlmiş bəzi sözlər xalq ağzında dəyişik, dilimizin qanunlarına uyğun-laşdırılıb işlədilir. Onları deyildiyi şəkildə yazmışıq. Həmin sözlər bizə aydın olsa da, Azərbaycan Respublikasından kənarda yaşayan oxucular və araşdırıcılar üçün çətinlik törədəcəyini nəzərə alaraq sözlərin üzərində (*) işarəsi qoyub səhifənin ətək yazısında onların qarşılığını və izahını verdik. Söylənilən şer və söhbətləri isə ədəbi dilə uyğunlaşdırmadıq. Qoy ləhcə və şivə-lərimiz haqqında da aydın təsəvvür olsun. Lazım gəlsə dialekt-oloqlarımız da bu yazılardan qaynaq kimi istifadə edə bilsinlər.

Yer, şəxs adları, qaynaq kitablar haqqında isə mötərizə içəri-sində göstərilən rəqəmə uyğun olaraq hər məqalənin sonundakı “qaynaqlar və notlar”da bilgi verdim. Səhifələrin ətək yazısında, eləcə də məqalələrin sonunda qaynaq və notlarda bir dəfə veri-lən izahatları sonrakı səhifələrdə təkrarlamağa ehtiyac görmədik.

Çap olundu: Əli  Şamil. Dastanlaşmış ömürlər, Bakı, “Səda” nəşriyyatı,  2001, səh.5-6

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol