Deniz Tanasoğlu

DƏNİZ TANASOĞLU

Türk Dünyasının Məşhurları 24

Bütün qaqauzlar kimi kilsədə Dionis adı qoysalar da, Türk dünyasında böyük də, kiçik də onu Dəniz ağa kimi tanıyırdı. Deniz Tanasoğlu…/Әli Şamil

 

Göndərmə 7/12/2010 11:33:37 AM UTC

Güncəlləmə 7/12/2010 11:33:37 AM UTC

www.trtazerbaycan.com

 

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=c5765659-2a45-4a82-984a-846929eb9ac9



Günümüzdə azsaylı xalqa çevrilən Qaqauzlar toplu halda Moldovada, Ukraynada, Ruminyada, Bolqarıstanda yaşayırlar. Yunanistanda, Qazağıstanda və Rusyanın Stavropol vilayətində də bir necə kənddə qrup halındadılar. Bu topluluklardan yalnız Moldovada yaşayan Qaqauzların Qaqauz Yeri adlı Muxtar respublikaları var. Ruminya, Ukrayina və Bolqarıstanda yaşayan qaqauzlar da Qaqauz Yeri adlı Muxtar respublikanın yaxınlığındadırlar.

Qaqauzların belə bölünməsinin səbəbi Rusyanın son yüzilliklərdə apardığı işğalçı müharibələr olmuşdur. 19. yüzilliyin əvvəllərində Osmanlı dövlətilə savaşda uğur qazanan Rusiya xristian dininə inanan Qaqauzları bugünkü Bolqarıstan ərazisindən köçürərək o zamanlar Noqaylar yaşayan bölgəyə gətirir. Bununla da müsəlman olduqlarına görə Noqayları Osmanlı dövlətinin sərhədlərindən uzaqlaşdırdı. Qaqauzlar xristian olduqlarına görə Rusya strateqləri elə düşünürdülər ki, onlar xristian inanclı çar Rusiyasının tərəfini saxlayacaq və az zamanda assimilə olaraq ruslaşacaqlar.

Zamansa onların yanıldığını göstərdi. Hətta xiristian dininin yüksək məqamlarına yüksəlmiş Mixail Çakır kimi qaqauzlar belə assimilasya siyasətinə qarşı çıxdı, ana dilinin inkişafı, xalqda tarixinə sahib çıxma ruhu aşıladı.

İkinci Dünya Savaşında Qaqauzların toplum yaşadıqları Bessarbiya yenidən Sovet Rusyasının işğalı altına keçdi. Dini ayinlər yasaqlandığından, din xadimləri və ziyalılar, millətini taleyini düşünən insanlar təqib olunduğundan Qaqauzlar arasında milli məsələ bir ara gündəmdən çıxmış kimi göründü.

Stalinin ölümündən sonra Sovetlər Rusyasında bir çox sahədə olduğu kimi, milli məsələdə də bir çaşqınlıq yarandı. Bu çaşqınlıqdan qaqauz ziyalıları da baçarıqla istifadə etdilər. Xalqın önündə gedən, yaranmış şəraiti vaxtında dəyərləndirib ondan millətinin xeyrinə istifadə edən ziyalılardan biri də gənc şair Dionis Tanasoğlu idi.

Sov.İKP-nin 20 qurultayında Stalin səxsiyyətə pərəstiştə suçlanıb qurluşun bütün nöqsanları onun adına yazılanda Dionis Tanasoğlu və əqidə yoldaşları bu hərəkatın başında duran Nikita Sergeyeviç Xuruşşova qaqauzca bir təbrik məktubu yazaraq Moldava mətbuatında yayınlatdılar. Bununla da Qaqauz dili üçün yeni əlifbanın yaranmasina, dərslik kitablarının hazırlanmasına, qəzetlərdə səhifələrin ayrılmasına şərait yaratdılar.

Bütün qaqauzlar kimi kilsədə Dionis adı qoysalar da, Türk dünyasında böyük də, kiçik də onu Dəniz ağa kimi tanıyırdı. Çünki özünü bu adla təqdim edir, şeirlərini bu imzayla yazırdı. Son illər Bakıya gələ bilmirdi, amma əvvəllər tez-tez gələrdi. Televiziya və radiodakı çıxışları, qəzetlərdəki müsahibələri böyük maraqla qarşılanardı.

Milli oyanış başlayanda əsl ziyalılar güclərini, enerjilərini yalnız bir sahəyə yönəldə bilmirlər. Harada boşluq görürlərsə, orada bir iş görməyə, xalqına o sahədə xeyir verməyə çalışırlar. Dəniz ağanın da yaradıcılığı bu baxımdan çoxsahəli olmuşdur.

İlk yaradıcılığa şeirlə başlamışdı. Sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, alim, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir. 1957-ci ildə ilk qaqauz əlifbasını yaradan da, ilk qaqauz romanını yazan da, qaqauzların ilk peşəkar rejissoru və dramaturqu da Dionis Tanasoğlu olmuşdur.

1922-ci ilin iyulun 7-də Kiriyet kəndində Nikolay Tanasoğlunun ailəsində dünyaya göz açan Dəniz ilk təhsilini doğma kəndində almışdır.

Sonra Kişinyov Pedaqoji İnstitutunun Tarix-Ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmiş, 1965-ci ildə Bakıda Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda Məmmədağa Şirəliyevin rəhbərliyi altında «Çağdaş qaqauz dilində tabeli mürəkkəb cümlə» mövzusunda dissertasiya yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1964-cü ildə “Çal, türküm”, 1969-cu ildə “Adamın işləri”, 1970-ci ildə «Xoşluq», 1975-ci ildə “Gənclik türküləri” şeirlər kitablarını çap etdirən D.Tanasoğlu bununla yeni qaqauz ədəbiyyatının inkişafına güclü təisir göstərmiş oldu. “Uzun Karvan” romanı(1985), “Oğlan həm Lanka”(1981), “Bucakta yalın”(1974)pyesləri, tarixi mövzuda yazılmış “Keykavus” pyesi yalnız ona deyil, qaqauz ədəbiyyatına şöhrət qazandırdı.

Onun pyesləri yalnız Komratda qaqauz teatrında oynanmadı, başqa dillərə də tərcümə edildi. İstər radio və televizya verilişlərində, istər pyeslərində xalq ədəbiyyatından gen-bol istifadə edən Dəniz Tanasoğlu «Uzun karvan» romanında xalq yaradıcılığından bəhrələnərək qaqauzların tarixini bədii əsər kimi yazmışdır. Bu roman qaqauz folkloruyla zəngindir.

D.Tanasoğlu qaqauz xalq mahnılarını toplayıb çap etdirməklə kifayətlənməmiş, həm də onların Ən coşğun təbliğatçısı olmuşdur. Məhz buna görə onun şeir və mahnıları da xalq mahnılarına qaynayıb qarışmışdı.

“Ana dilim” adlı şe'rində ana dilini şirin bala, salxım çiçəyinin qoxusuna, gözəl səsə bənzədərkən dilin qorunmasının vacibliyini belə təbliğ edir:

Dili lazım biləlim

Biz ona, inan, övladız;

Dili hiç kaybetməyəlim

Salt onunnan biz insanız!

D.Tanasoğlu A.S.Puşkinin, M.Y.Lermantovun, A.A. Nekrasovun, A.Krılovun, V.V. Mayakovskinin, A.T.Tvardovskinin, M.Emineskonun, E.Bukovun, Aşıq Ələsgərin, M.P.Vaqifin və b.eserlerini qaqauzcaya çevirdiyi kimi öz şeirləri də Azərbaycan, Rus, Moldavan, Türkmən, Tatar və b dillərə çevrilmişdir.

Müəllimlik, rejissorluq edən, musiqi və teatr kollektivləri yaradan, yeni qaqauz əlifbasıyla “Bucaktan səslər”, “Almanax” toplularını çapa hazırlayan, dünya ədəbiyyatının seçmələrini ana dilinə çevirən, vətəni və milləti üçün çalışan insanın düşmənləri də az deyildi. Onun işgüzarlığına da, istedadına da paxıllıq edənlər həmişə ayağının altını qazırdılar. Bu da Sovet orqanlarının onu tez-tez cəzalandırmasıyla, sıxışdırmasıyla nəticələnirdi. Lakin Sovetler Birliyi dağılandan sonra ona münasibət dəyişməyə başladı. Öncə yeni açılan Kornrat Qaqauz Universitetinə rektor tə’yin etdilər. 1988-ci ildə Balkanlarda Türk Kültürü Böyük Hizmət Ödülünü aldı. Ömrünün son illərində isə Kişinyovda Pedoqoji Universitetdə professor işləyirdi.

Azərbaycan ziyalıları ilə də sıx dostluq edən, ədəbiyyatımızın yorulmaz təbliğatçısı Dəniz ağa 23 Avqust 2006-cı ildə 84 yaşında dünyaya gözünü qapadı.

Lakin onun arzu və əməlləri yaşayır. Qaqauz ziyalıları ana dilində yazıb-yaradır, Komratdakı Unversitetdə qaqauz dilində dərslər keçilir, bu dildə radio və televizya verlişləri efirə çıxır.

Oğuz qrupuna daxil olan qaqauz ləhcəsi işləndikcə cilalanır və zənginləşir. Bütün bunlarda isə Dəniz Tanasoğlunun xidmətləri olduqça böyükdür.

 


Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol