Ensiklopedik alim O.N.Akçokraklı
ali-shamil.tr.gg/Ensiklopedik-alim-O-.-N-.-Ak%E7okrakl%26%23305%3B.htm

ENSKLOPEDİK BİLİKLİ ARAŞDIRICI –OSMAN NURİ AKÇOKRAKLI

Əli Şamil Hüseyn oğlu

                                                                                 Bakı

 

  Özət: Keşməkeşli bir ömür sürmüş, yazıçı, pedaqoq, alim, tərcüməçi və gizli milli təşkilatın fəal üzvlərindən  Osman Nuri Akçokraklı yalnız Kırım türkləri-tatarları üçün deyil əsarət altında olan xalqların azadlığı uğrunda mübarizə aparmış, insan haqlarını qorumağa çalışmışdır.  
    1879-cu ilin yanvarın 3-də keçmiş Yalta qəzasının Akçokrak kəndində anadan olan Osman Akçokraklı Avrasiya məkanında bir çox şəhərlərdə olmuş, elmi-ədəbi mühitlə sıx ünsiyyət saxlamış, müəyyən müddət oralarda işləmişrir.
Bir müddət Peterburq Universitetinin Şərq Dilləri Fakültəsində tələbələrə xəttatlığın sirrlərini öyrədən, Orenburqda nəşr olunan “Şura” jurnalının redaktor müavini, Krımdakı “Tərcüman”, “Vətən xadimi”  qəzetlərinin redaktorluğunu edən, Kırım tatar ədəbiyyat tarixinin Avropa metodları ilə yazılmasına təşəbbüs göstərən, istedadlı şair və tərcüməçi, ilk Kırım tatar operasının liberettosunun müəllifi Osman Nuri Akçokraklı  Azərbaycanla da sıx bağlı olmuşdur.
Çox təəssüf ki, onun Azərbaycanla bağlılığı indiyədək lazımınca öyrənilməmiş, yalnız 1934-cü ildə miilətçilikdə suçlanaraq Kırım Pedaqoji İnstitutundan işdən çıxarıldıqda Azərbaycana bacısının yanına getmişdir yazmaqla kifayətlənilmişdir. Sözsüz ki, dərin bilikli araşdırıcı 1934-cü ildən həbs olunanadək, yəni 1937-ci ilin aprelinədək Azərbaycanda fəaliyyətsiz dayana bilməzdi.
Krım tatarları arasında “İkayet-i Nenkecan dürbesi” tarixi povestin, “Bağçasaray çeşməsi” operettanın,  “Kırım türk-tatar edebiyatının kıskaca tarixcesi” elmi araşdırmanın müəllifi, XVII yüzildə yaşamış tarixçi-şair Canmühammədin “Toqay bey” poemasını üzə çıxarmış,  “Çora batır”, “Koplandı batır”, “Yedigey” kimi xalq dastanlarını toplaymış  Osman Akçokraklının ömür yolu, əsərləri hələ də lazımı səviyyədə öyrənilib xalqına və onu sevənlərə çatdırılmayıbdır.
Açar sözlər: Osman Nuri Akçokraklı, Kırım, Azərbaycan, Canmühamməd, Toqay bey, Yedigey, Çora batır.
 Giriş
 Təsir həmişə əks təsirə bərabər olur. Rusiya da Kırım xanlığını işğal etdikdən sonra orada möhkəmlənmək üçün yerli müsəlman türkləri qəddarlıqla qırması, sürgünlərə göndərməsi, ölkdən köçürməsi əks təsirini göstərirdi. Kırımlılar da silahlı müqavimətin uğursuzluğa düçar olduğunu gördükdə Rusiyaya qarşı yeni mübarizə metodu seçdilər. Rusiya əsarəti altında olan türkləri marifləndimək və bir bayrağ altında birləşdirmək istiqamətində fəaliyyətə başladılar. Onların əkdikləri toxumun cücərdiyini görən hakim dairələr əks tədbirlər hazırladılar.
“Çarizm islama, müsəlmanlara münasibətdə yalnız  kobud, bayağı ruslaşdırma siyasəti ilə, “polis kilisəsinin” köməyi ilə “müsəlmanları xaç suyuna çəkməklə” kifayətlənmədi. Bu siyasət ölkənin cənub sərhəd rayonlarında, başdan-başa müsəlmanların yaşadığı əyalətlərdə, islamın dərin kök saldığı yerlərdə “bəhrə” vermirdi. Buna görə çarizm “müsəlmanları öz mədəniyyətinə yaxınlaşdırmaq”, “yadelli əhalinin özündən dövlət dilini bilən”  xirda məmurlar hazırlamaq məqsədilə “qeyri-rus əhalisi”, eyni zamanda islama iman gətirən əhali içərisində rus dilində məktəblər açmağı, islam ruhanilərini öz tərəfinə çəkmək məqsədilə “müsəlmanların ruhani işlərini nizama salmaq” üçün “müftiat” və “şeyxülislamlıq” yaratmağı,  islamı mövcud qurluşun xidmətinə vermək məqsədilə bir sıra “mədəni-maarif” tədbirlərinə də əl atmağı unutmurdu. Bu tədbirlər “arzu olunan nəticələr” vermədiyi halda, çarizm daha ciddi tədbirlərə əl atır, “fanatiklərə” divan tuturdu”.  (Mustafayev Qədim, 1973:57).
Rusiyanın nəinki kiçik məmur hazırlayan məktəblərini, hətta ali məktəblərini bitirənlərin bir çoxu xalqının maariflənməsi, əsarətdən qurtarması üçün mübarizənin müxtəlif formalarından istifadə edirdilər. Kırımda da Rusların açdıkları misyoner məktəblərində (Tatarskaya şkola) oxumuş Reşit Mediyev, şairlədən İlyas Mirza Boraqanski, Hüseyin Şamil Toktarqazi, Hasan Çergeyev; etnograf Hüseyin Bodaniski, ictimai-siyasi xadim və ədiblərdən İsmail Lemanov, Osman Zaatov, Mithat Rifatov, Ali Bodaniski, Menseyit Cemilev, Mahmut Nedim, Halil Çapçakçı, tarixçi, edebiyyatçı, etnograf Osman Akçokraklı və b. ömürlərini işğalçılara qarşı mübarizəyə həsr etmişlər.
 
1. Osman Nuri Akçokraklının uşqalığı və gəncliyi
 
Keçmiş Tavriya quberniyası Yalta qəzasının Bağçasaray şəhəri yanındakı Akçokrak kəndində Asan Memetin ailəsində 1879-cu ilin yanvarın 3-də doğulan uşağa Osman adı verirlər. Ailədə altı uşaqdan biri olan Osman iti yaddaşı, işgüzarlığı ilə seçilir. İbdidai məktəbi bitirib Baxçasaraydakı Rüşdiyyə məktəbində təhsilini davam etdirən Osman yeniyetmə yaşlarından şeir yazmağa başlayır. İlyas Boraqanskidən də xəttatlıq sənətinin sirlərini öyrənən Osman Asan oğlu Akməscitdəki gimnaziyanı da bitirir.
Osman Akçokralının 1895-ci ildə İstanbula getdiyi və orada da təhsil aldığı vurğulansa da qaynaqlarda harada oxuduğuna dair bilgiyə rastlamadıq.
1899-1905-ci illərdə Rusiya ordusunda xidmət edən və oradan ştab kâtibi kimi istefaya çıxan Osman Nuri Akçokraklı 1899-1901-ci illərdə  ustadı İlyas Boraqanskinin dəvət ilə Peterburq Universitetinin Şərq Dilləri Fakültəsində tələbələrə xəttatlığın sirrlərini öyrədir. Onun tələbələr arasında gələcəyin böyük alimi, “Qurani-Kərim”i rus dilinə çevirən Y.Krakçovski də olur. Osman Nuri Akçokraklı yalnız universitetdə tələbələrə xəttatlıq öyrətməklə kifayətlənmir, praktik işlə də məşğul olur. Peterburqdakı, Baxçasaraydakı  bəzi məscidləri və binaları Quran ayələri ilə süsləyir. (Fazıl Rza, Naqayev Safter, 2001:227). Xəttatlıq sənətinin incəliklərinə yiyələnməsi ona hansı ölkəyə getsə orada iş tapmasına  səbəb olur.
1899-cu ildə Rusiyada  A.S.Puşkinin anadan olmasının 100 illiyi təntənə ilə qeyd ediləndə Osman Nuri Akçokraklı şairin Kırımla bağlı olan “Baxcasaray çeşməsi” , “Talisman” əsərlərini, tərcümə edərək çap etdirir. Sonra da “Yevgeni Onegin” mənzum romanından parçalar çevirir.
 Osman Akçokraqlı orduda xidmət edərkən yazdığı ilk əsərlərini –  “İkayet-i Nenkecan  xanım dürbesi”  (1899) povestini, “Krılovdan on qısse” (1900), “Qırım gönceleri” (1906) kibi rus klassiklərindən çevirdiyi nəzm parçalarını Sankt-Peterburqda İlyas Boraqanskinin litoqrafiyasında ayrı kimi nəşr etdirir. Onun tərcümələri arasında N.B.Qoqolun “Evlilik” pyesi də var. (Fazıl Rza, Naqayev Safter, 2001:233).
“İkayet-i Nenkecan  xanım dürbesi” sadəcə bir bədi əsər deyil Qızıl Orda xanı Toxtamışın qızının qəbri üzərində ucaldılmış abidə haqqında rəvayətlərdən təsirlənmiş gənc ədibin Toxtamış xanın dövrünün ictimai-siyasi, iqdisadi, hərbi vəziyyəti haqqında bilgilərnin toplusudur.
 
2.Osman Nuri Akçokraklının jurnalistik fəaliyyəti
 
Hərbi xidmətdən istefaya çıxıb Kırıma dönən Osman Nuri Akçokraklı Reşit Mediyev dəstəsinə qoşulur. 1905-ci il inqilabının təsiri altında olan kırımlı gənclər İsmayıl bəy Qaspıralının islahatşı, maarifçi baxışlarını olduqca yümşaq, zamanə ilə ayaqlaşmayan sayırdılar. “Tercüman" qəzetinin hökümətə qarşı sərt mövqe tutmamasından narazı qalan inqilabi əhval- ruhiyyəli gənclər – Hasan Sabri Ayvazov, Ablamit Şeyxzade, Osman Nuri Akçokraklı və b. Rusiya Dövlət Dümasının deputatı Reşit Mediyev rəhbərliyi ilə, onun çapına icazə aldığı "Vatan xadimi"  qəzetini nəşrə başlayırlar. Qəzetin ilk sayı  1906-cı il mayın 1-də Qarasubazarda işıq üzü görür. A.S.Ayvazovun redaktorluğu ilə həftədə dörtd sayı  çıxan qəzet ilk gündən çar hökümetinin zülmünü tənqid edir, Kırımda toprağın ədalətsiz bölündüyünü, kəndlilərə torpaq paylanmasının vacibliyini yazır. Qəzetdəki  "Baylar ve fukareler", "Toprak ve uriyet" kimi  məqalələrə, eləcə də Reşid Mediyevin sərt inqilabçı çıxışlarına görə  "Vatan xadimi"  yedi ay sonra bağlanır. Bir aylıq mübarizədən sonra qəzetin çıxmasına içazə verilsə də 1908-ci ilin  yazında yenidən bağlanır və bir daha nəşrinə icazə verilmir. (Yüksel Zühal, 2000)
İsmayıl bəy Qaspıralı Osman Nuri Akçokraklını 1906-ci ildə “Tərcuman” qəzetinə redaktor vəzifəsinə dəvət edir. İ.B.Qaspralı ilə sıx əməkdaşlıq gənc qələm sahibinə çox şey öyrədir. O, az zamanda  Türk dünyasında tanınır.
Osman Nuri Akçokraklının “Tərcüman” qəzetinin redaktorluğundan uzaqlaşmasının səbəbləri haqqında ciddi bir qaynağa rast gəlmədik.
Xalqın təzyiqi ilə çar II Nikolay 1905-ci ilin oktyabrın 17-də manifest imzalamalı oldu. Bu sənəd sərbəst toplaşma, qəzet, jurnal, kitab üzərində sərt nəzarəti və s. yumşaltdı. Bundan istifadə edən əsərat altında qalan xalqlar toparlanaraq öz mədəniyyətlərinə sahib çıxmağa başladılar. Yeni məscid və kilsələr tikildi, qəzet və jurnallar açıldı. Müsəlman ziyalıları islam dininin birləşdirici gücündən istifadə etməyə başladılar. Məscidlərdə oxunan xütbəlrə, qəzet və jurnallardakı məqalələr xalqı birliyə çağırdı.
   1908-ci ildə Qızıl sənayeçisi Rameyevin vəsaiti ilə Orenburqda “Şura” jurnalı nəşrə başlayır. Jurnala redaktor milliyətcə başqırd, tanınmış din adamı, Ufadakı Sibir və Uralətrafı bölgə Müsalmanlarının Dini İşləri İdarəsində  işləmiş, 1906-cı ildə Orenburqda nəşr edilən “Vakt” qəzetinə redaktor təyin edilmiş Rızadtin Fəxretdinov (Fəxretdinin) təyin edilir. O da Qahirədən vətənə yeni dönmüş Osman Nuri Akçokraklını özünə müavin vəzifəsinə dəvət edir.  Osman Nuri Akçokraklı nəinki Rusiya yaşayan müsəlmanlar arasında, dünya müsalmanları arasında yayılan və sevilən “Şura” jurnalında iki ilə yaxın işləyir. (Fazıl Rza, Naqayev Safter, 2001:277). Çox təəssüf ki, Osman Nuri Akçokraklının jurnalistik fəaliyyəti dərindən öyrənilmədiyi kimi, qəzet və jurnallardakı məqalələr də toplanaraq yenidən çap edilməyib.
Orenburqda işlədiyi vaxt da Kırımla əlaqəsini kəsməyən Osman Nuri Akçokraklı orada “Kırım gəncləri” adlı kitab çap etdirir. Kitaba gənc şairlrin şeirlərini daxil edir. Bu da bir-birindən uzaqda yaşayan şairlərin yaxınlaşmasına, əsərləri ilə tanış olmasına kömək edir.
İslamın yalnız dini qanunlar toplusu deyil, yaşam tərzi olması, müsəlman xalqlarının toparlanma çəhdiı yalnız Rusiya hökümətini deyil, din xadimlərini, mühafizəkar ziyalıları da bərk rahatsız edir. “Çarizmin islama, müsəlmanlara qarşı münasibəti prsvoslav kilsəsinin nökteyi-nəzərindən, dini düşmənçilik baxımından olan münasibət idi. Bu, mütləqiyyətin xarici siyasətinə uyğun olduğu kimi, daxili siyasətinə də uyğun idi.
Müsəlmanlar arasında provaslav-xristian dinini yaymaq işində geniş miqyasda  fəaliyyət göstərən Rus provasla kilisəsi “bütpərəstlik kimi, islamın da yalançı din olduğunu” elan edərək, həmişə rus çarları, onların ailə üzvləri tərəfindən himayə edilmiş və xəzinədən külli miqdarda maddi yardım almışdır”. (Mustafayev Qədim, 1973:56).
“Tərçüman”, “Həyat”, “İrşad” və b. qəzet jurnallar, eləcə də “Şura” jurnalı səhifələrində islam dinin təbliğinə, xürafatın tənqidinə geniş yer ayırırdı. Rusiyada XIX yüzin sonlarından başlamış Ümumrusiya missionerlrə qurultayları 1905-ci ildən sonra fəaliyyətini daha da aktivləşdirmiş, ölkədə müsəlmanlara qarşı mübarizə tədbirləri müzakirə edilmiş, pravoslav missioner hərəkatının fəaliyyəti üçün yeni vasitələr və üsullar işlənib hazırlanmışdır. Onların proqramında göstərilirdi ki, missioner cəmiyyətinin məqsədi bütpərəslərin və müsəlmanların pravoslav-xristian dininə döndərilməsi yolunda pravislav dininin yayılması kömək köstərməkdən ibarətdir. Proqrama Rusiya daxilindəki aztorpaqlı rus kəndlilərinin ucqarlara, müsəlmanlar yaşayan əyalətlərə köcürülməsi və yerli əhalinin zorla ata-baba torpaqlarından məhrum edilməsi də vardı. (Mustafayev Qədim, 1973:57).
Bir neçə xarici dil bilən və Rusiyada, dünyada baş verənləri diqqətlə izləyən O.Akçkraklı missiyonerlərin yeritdiyi siyasətin arxasında duranları soydaşlarına çatdırmaqla onları ayıq salırdı. O.Akçokraklı və onun məsləkdaşlarının yazıları çarizmin rus olmayan xalqların milli mətbuatının inkişafına milli şüurun oyanması və milli hərəkatın geniçlənmə vasitəsi kimi baxmasına və ona qarşı qəti mübarizə tədbirlərinə əl atmasına səbəb olurdu.  Bu iş də əsasən Daxili İşlər Nazirliyinin xəttilə həyata keçirilirdi. (Mustafayev Qədim, 1973:30). Stolipinin hakimiyyəti illərində isə mübarizə tədbirləri daha da sərtləşdirilmişdir.
   1910-cu ilin aprelində Rusiya daxili iılər naziri Nazirlər Şurasına yazırdı: “Bir çox daxili və xarici siyasətlərin təsiri altında axır zamanlarda Kırım, Volqaboyu, Qafqaz və Uralarxası tatar-müsəlman əhalisi arasında milli dini təbliğatın gücləndiyi özünü göstərir. Təkcə Rusiyadakı müsəlman aləminin dini və mədəni müstəqilliyinə deyil, həm də dövlətin şərq ucqarlarındakı bütün müxtəlif tayfalı və müxtəlif etiqadlı “yadların” tatarlaşmasına və müsəlmanlaşmasına cəhd edilməsi yolunda müəyyən istiqamət şəkilini alan bu təbliğat dövləti narahat etməyə bilməz”. (Mustafayev Qədim, 1973:72).
Görünür çar hökümətinin bu rahatsızlığı və təziqlər Osman Nuru Akçokraklının Orenburqdan Kırıma dönməsinə səbəb olub. Geri döndükdən sonra, 1910-cu ildən 1916-cı illədək (qəzetin nəşri dayananadək) yenidən“Tərcüman”ın redaktoru işləyir. 1915-ci ildə “Tərcüman”ın 202-ci “sayındakı Bizim milli xəzinəmiz” məqaləsində yazır: “Milli maarifimiz yaşıyar ikən, xalqımız da yaşayır. Xalqımız yaşıyır ikən İsmail bey Qaspirinskinin adı da yaşıyır”. (Fazıl Rza, Naqayev Safter, 2001:190). Baxçasarayda “Tərcüman” qəzetini redaktə edərkən həm də Zincirli mədrəsədə müxtəlif fənnlərdən dərs deməklə xalqın savadlı ziyalılarının yetişməsinə çalışır.
 
3. O.Akçuralının səfərləir və siyasi fəaliyyəti
 
Türk, fars, ərəb, rus, fransız, alman və b.diləri bilən Osman Akçokraklı ən çox səyyahət edən ədiblərdəndir. Onun ömür yolunu öyrənən Basır Qafarov “Osman Asan oğlu Akçokraklı” məqaləsində yazır ki, o, gəncliyindən başlayaraq Rusiyanın Odessa, Kiyev, Peterburq, Moskva, Kazan, Ufa, Orenburq, Daşkənd, Səmərqənd, Aşqabad, Buxara, Bakı  şəhərlərini, eləcə də xarici ölkələrdən Osmanlı dövlətini, Yunanıstanı, İtalyanı, Bolqarıstanı, Almaniyanı, Misiri, Suriyanı və b. yerləri gəzmiş, Peterburq, İstanbul, Beyrut və Qahirə Universitetlərində oxusa da onların heç birini bitirməmişdir. (Fazıl Rza, Naqayev Safter, 2001:228).
Jurnalistik fəaliyyəti ilə yanaşı 1910 -1914-cü illərdə Kredit Bankının idarə həyətində və da "Kitapxana Cəmiyyəti”nin  sədirliyini də edən O.Akçokraklı daha çox elmi-ədəbi yaradıcılığa meyl göstərir. Siyasi təşkilatlara can atmayan O.Akçokraklı vətənin dar günündə kənarda  qala bilmir. 1917-ci ildə çağrılan I Qurultaya üzv seçilir. Onun qurultay üzvü, parlamentdəki fəaliyyəti haqqında da geniş bilgiyə rast gəlmədik.
 4.Sovetləşmənin ilk illərində
 Bolşeviklər 1920-ci ildə Krımı işğal etdikdən sonra sinfi mübarizə adı altında imkanlı adamlara, idarəedicilərə, ziyalılara divan tutur. Xalq təsərrüfatı dağılmış, aclıq və səfalət bürümüş Kırımda zəlzələ baş verir. Belə çətin və ağır bir dövrdə Osan Nuri Akçokraklı “Kırım türk-tatar edebiyatının kıskaca tarixcesi” məqaləsini “Millət” qəzetinin 1920-ci ildəki 7,9, 10, 12,, 13, 14 saylarında çap etdirməklə(Fazıl Rza, Naqayev Safter, 2001:27). yanaşı Sovet məmurları ilə danışıb onlardan Baxçasarayda İsmayıl bəy Qaspıralının ev muzeyinin qurulmasına içazə ala bilir.
Osmam Akçokraklı həm də gözəl təşkilatçı olmuşdur. Asan Rıfatovu ilk Kırım tatar operası “Çora batır”ı yazmağa da ruhlandıran o olmuşdur. Libirettosunu yazdığı opera Asan Rıfatovun xəstəliyinə görə yubansa da 1923-cü ildə Akmescitdəki Qızıl Əsgər Klubunda göstərilmişdir. (Hüseyin oğlu Əli Şamil, 2008:11, sayı 9). Professor Bəkir Çobanzadə tamaşa haqqında yazır: “Bu Kırımtatar sanatı tarixində ilki görülən ən güclü, ən sevimli mədəni, siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Asan Refatov bununla xalqının mədəni həyatında silinməz iz qoydular”.
1922-ci ildə yeni yaradılan Kırım Pedaqoji İnstitutunda  kadr çatışmadığından 4-5 fənndən dərs deyən O.Akçokraklı həm də  İsmail Lemanov, Abdulla Odabaşı kimi adlı-sanlı müəllimlərlə birlikdə  Akmescitdeki 13 saylı internat məktəbdə də işləyir. İnternat məktəbin məzunları arasında  Amdi Alim, Amet Ozanbaşlı, Osman Amit, Maksut Süleyman kimi ədiblər yetişir. (Fazıl Rza, Naqayev Safter, 2001:351).
Totaykoy Texnikumunda İsmail Lemanov, Umer Aziz, Asan Çerqeyev kimi müəllimlərlə birgə işləyən O.Akçokraklı (Fazıl Rza, Naqayev Safter, 2001:336). Elmi axtarışlarını da davam etdirir.
Azərbaycandakı Tədqiq Tətöbbə Cəmiyyətinə bənzər bir təşkilat da 1925-ci ildə Kırımda qurulur. Bu təşkilatın fəal üzvü kimi Osman Akçokraklı yarımadanın    qüzey bölgəsinə ekspedissiyaya gedir. Səfər olduqca uğurlu keçir. Osman Akçokraklı xalq mahnılarının mətnini, Asan Refatov müsiqisini toplayaraq nota köçürür. Bölgədən onlarla folklor nümunəsi və 50-ə yaxın əlyazma əldə edilərək elmi mərkəzə gətirilir və burada öyrənilməyə başlanılır. Həmin əlyazmalar Kırım ədəbiyyatının qızıl fondunu təşkil edir.
Sudak rayonunun Kapısxor kəndindən XVII yüzildə yaşamış şair Canmuhammədin 1892 sətirlik “Toqan bəy” poemasının tapılması yalnız elm adamlarının deyil, siyasi xadimlərin, dövlət adamlarının da diqqətini çəkir. Çünki poemada Kırımlı sərkərdə Toqan beyin ukrain Boqdan Xmelinski ilə birlikdə 1648-49-cu illərdə Polşa hakimlərinə qarşı yürüşündən söz açılırdı. Poema tezliklə ukrain dilinə də tərcümə edilir. (Fazıl Rza, Naqayev Safter, 2001:229)
Bir-birnin ardınca “Qırımnı küçük bir dolaşuv” (1924), “Qart muallim ve yazıcılarımızdan İ. Qasprinskiy” (1925), “Qırımda tatar tamğaları” (1926), “Canmuhammedniñ “Toğay bey” poeması” (1930) ve b.kitabları çap etdirən O. Akçokraklı kadr olmadığına görə folklorçuluq, arxeoloqluq, etnorqaflıq, müəllimlik etməklə yanaşı dərs vəsaitini əvəz edəcək məqalələr yazır. Onun “Yeni gün” qəzetinin  1924-cü il saylarında çap olunan elmi-pedaqoji məqalələrinin sayı 28-i keçir.
 
5. İctimai fəaliyyəti və bədii yaradıçılığı
Gəncliyində şeirlər yazan, tərçümələr edən O.Akçokraklının “Bağçasaray közyaş çeşmesi” pyesini  Kırım Dövlət Teatrı 1927-ci ildə səhnələşdirir. Əsər böyük uğur qazanır. Latın əlifbasına keçmək məsələsində fikir ayrılıqlarına baxmayaraq Azərbaycandan Kırıma gedən nümayəndə heyyəti – Səmədağa Ağamalı oğlu, Cəlil Məmmədquluzadə, Vəli Xuluflu və Xalid Səid Xocayevlə də görüşən O.Akçokraklı (Xocayev Xalid Səid, 1929:17) həmyerliləri Hüseyin Akçokrakli, Asan Səbri Ayvazov, Şevk Bekture, İsmail Lemanov, Mamut Nedim, Xabibulla Odabaş, Yakum Yakubkamalla birlikdə 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən I Türkoloji Qurultaya gəlir. (1926-cı il Bakı Türkoloji…, 2006: 206). Kırımdan gələnlər qurultay iştirakçıları arasında azərbaycanlılardan sonra ikinci yeri tuturdular. Onların Bəkir Çobanzadə və Azərbaycanda yaşayan çoxsaylı kırımlı ziyalıları ilə görüşləri də hələ araşdırılmamışdır. Həmin vaxt Kırımdan gəlib bakının müxtəlif ali məktəblərində oxuyan çoxlu gənc də vardı.
1926-ci ildə Mamut Nedimin rəhbərlik etdiyi “Yazıçıla Cəmiyyəti”inidə İsmail Lemanov, Osman Zekki, Umer İpçi, Abdulla Lyatizade ilə birlikdə Osman Akçokraklı ədəbiyyatla bağlı çıxışlar edir, gənc nəslin savadlı böyüməsi üçün əlindən gələni əsirgəmir. (Fazıl Rza, Naqayev Safter, 2001:329). Geniş araşdırmalar aparmasına vaxt tapmadığından bəzi ədəbi nümunələri mətbuatda dərc etdirməklə kifayətlənmişdir. Həmin ədəbi parçalar üzərində sonralar çiddi araşdırmalar aparılmış, yazıldığı dövr, müəllifi müəyyənləşdirilmişdir.
“Çora batır”, “Koplandı batır”, “Edigey” kimi xalq dastanlarını toplayan, "Kırımda tatar tamgaları”, “XIII-XV yüzillərə ait eski Kırım ve Oğuz yazıtları", “Çufut-Kalenin tarihine dair yeni bilgiler", “Kırım Muxtar Sovet Sosyalist Cümhuriyyeti Merkez Arşivinde mühafaza edilen XV-XIX yüzillere ait tatar belgeleri", “Kırım Merkez Arşivine yeni giren Kırım tatar ve türk tarihine dair belgeler” kimi dəyərli elmi əsərlər, “Şahinqerey” kimi tarixi pyes yazan, etnoqraf, muzeyşünas, xəttat, ədəbiyyat tarixçisi, folklorçu, pedoqoq, yazıçını 1934-cü ildə millətçilikdə suclayıb Kırım Dövlət Universitetindən uzaqlaşdırırlar.
 
Sonuc
 
Osman Nuri Akçikraklı yaxşı bilirdi ki, işdən çıxarmaqla ondan əl çəkməyəçəklər. KQB onu təqib edəcək. 1934-cü ildə təziq və təqiblərdən yayaınmaq üçün Azərbaycanda yaşayan baçısının yanına gəlir. Lakin Kırımdan uzaq olmaq da onu 1937-ci ilin repressiyasından xilas edə bilmir.
Ukrayna Elmlər Akademiyasına akademik, bir neçə nüfuzlu jurnalın redkollegiyasına üzvü seçimiş Osman Akçokraklını 1937-ci il aprelin 7-də Bakıda həbs edərək Kırıma aparılır. Bir il on gün sürən işgəncəli dindirmədən sonra 1938-ci ilin aprelin 17-də güllələyirlər. Osman Nuri Akçokraklını cismən məhv etsələr də yazdıqları, şərəfli ömür yolu onun adını yaşadır.

 Qaynaqlar 

 1.Osman Aqçoqraqlı http://crh.wikipedia.org/wiki

2. Fazıl Riza, Naqayev Safter. (2001) Kırımtatar ədəbiy-ya­tının tarixi.(Kıska bir nazar), Akmescit.

3. Hüseyin oğlu Əli Şamil.(2008) Asan Refatov Besteçiler İttifagımızın ilk sedri. Avrasya Krumu sempozyum bildiriler. (Hazırlayan Hayrrettin İvgin). Ankara.

4.Mustafayev Qədim. (1973). XX əsrin əvvəllərində Azərbaycanda islam ideologiyası və onun tənqidi, “Maarif” nəşriyyatı, Bakı.

5. Xocayev Xalid Səid.(1929). Yeni əlifba yollarında əski xatirə və duyğularım

6.Yüksel Zühal().1905-1917 Dönemi Kırım Türk Edebiyatı,

7. Şamil Əli. (2008). Bəstəkarlar İttifaqımızın ilk sədri-Asan Rifatov. “Yom” Türk dünyası mədəniyyət dergisi-rüblük. Yaz), sayı 9.

8.1926-cı il Bakı Türkoloji qurultayı. (2006).  (Stenoqram materialları, biblioqrafiya və foto sənədlər), Ruscadan tərcümə, ön söz və şərhlərin müəllifləri Professor Nəri­ma­noğlu Kamil Vəli, elmi işçi Ağakişiyev Əliheydər. «Çinar Çap» nəşriyyatı, Bakı.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol