Fətəli xan Xoyski

FƏTƏLİ XAN XOYSKİ

 Türk Dünyasının Məşhurları 21

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri dinc yolla hakimiyyəti bolşeviklərə versələr də: onlar bu humanizmi lazımınca qiymətləndirmədilər. Azərbaycanda qalmış hökumət üzvlərinə, hərbçilərə divan tutdular. Azərbaycanı tərk edib xarici ölkələrə gedənləri də terrorla aradan götürməyə başladılar. Bu işdə erməni terrorçuları xüsusilə fəallıq göstərmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin Hökumətində Baş nazir və nazir kimi fəaliyyət göstərmiş Fətəli xan Xoyski də 1920-ci ildə erməni terrorçularının qurbanı oldu.../Әli Şamil

Göndərmə 6/4/2010 10:47:16 AM UTC

Güncəlləmə 6/4/2010 10:47:16 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=78de8b10-61eb-4463-9b22-b2378416bc31

 
  1875-ci il dekabr ayının 7-də Şəki şəhərində anadan olmuş Fətəli xan Xoyskinin soyadı Cənubi Azərbaycanın Xoy şəhəri ilə bağlıdır. Ailədə ağızdan-ağıza keçərək yaşayan rəvayətə görə bu nəsil “bərməkilər” sülaləsindəndirlər. Abbasi xəlifəsi Harun ər-Rəşidlə vəziri Həsən Bər-Məklidən arasında dillərdə dastana çevrilmiş hadisədən sonra ulu babaları 803-cü ildə qaçıb Azərbaycana gəlmişdir. Onların bir soyadı da Dünbülü Batman Qılıncdır.

Rusyanın Qafqazı işğalından sonra Xoy xanı Cəfərqulu Şəki xanı təyin edilmişdır. O da qohum-əqrabasını və özünə yazın bildiklərini də Şəkiyə gətirmişdir. Fətəli xan da Cəfərqulu xanın qardaşı nəvəsidir.

Fətəli xan ilk təhsilini Gəncə klassik gimnaziyasında almış, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Tələbəlik illərində gənclər hərəkatına qoşulmuş, Unversiteti bitirdikdən sonra 5 il Suxumda barışıq hakiminin köməkçisi, həmin məhkəmədə müstəntiq, daha sonralar isə Yekaterinador dairə məhkəməsində prokuror nəzarəti prokurorunun müavini olmuşdur.

1905-ci ilin avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I qurultayında yaradılmış “İttifaqi müslimin” təşkilatının işində fəal iştirak etmişdir. Xoyski eyni zamanda Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına nümayəndə seçilmiş "Müsəlman deputatları" fraksiyasına daxil olmuşdur. Dumadakı çıxış və təkliflərində çarizmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyasəti yeritməsini pisləmiş və göstərmişdir ki, yerli xalqların hüquqları tapdalanır, buna isə bir vəchlə yol vermək olmaz.

Deputat səlahiyyətlərindən istifadə edərək həmkarları X.Xasməmmədov və M.Mahmudovla birlikdə Rusiyanın Müdafiə Nazirinə sorğu göndərən, hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş edən. Xoyski eyni zamanda mayın 18-də 173 deputatın imzası ilə milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına layihə təqdim etmişdir.

F.Xoyski xalqının mənafeyi ilə bağlı bütün məsələlər ətrafında öz fikrini bildirmək üçün Duma tribunasından məharətlə istifadə etmişdir.

Fətəli xan 1908-ci ildən 1917-ci ilə kimi Gəncə, sonra isə Bakı dairə məhkəmələrində andlı müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmamış və xalq arasında böyük nüfuz qazanmışdır.

O, 1917-ci ilin martında Bakıda yaradılmış Milli Müsəlman Şurası müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. Həmin ilin aprelində isə Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanları Qurultayında iştirak edir.

1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya qanunvericilik orqanı olan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlardan ibarət Zaqafqaziya seymi fəaliyyətə başlayır. Seymin müsəlman fraksiyasına F.Xoyski də daxil idi.

1918-ci il aprelin 22-də Zaqafqaziya Seymi müstəqil Zaqafqaziya Federativ Respublikasını yaratdı. Aprelin 26-da yaradılmış yeni Zaqafqaziya hökumətində F.Xoyski ədliyyə naziri vəzifəsini tutdu. Lakin Zaqafqaziya Federasiyası da nə xarici, nə də daxili siyasətdə elə bir mühüm dəyişikliyə nail ola bildi. 1918-ci il mayın 26-da son iclasına toplaşmış Seymi gürcü nümayəndələri tərk edərək Gürcüstanın istiqlaliyyətini elan edirlər.

Mayın 27-də F.Xoyskinin də daxil olduğu Seymin azərbaycanlı deputatları Azərbaycan Milli Şurasını yaradırlar. Mayın 28-də Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni elan edir və hökuməti təşkil etməyi F.Xoyskiyə tapşırır. Həmin gün F.Xoyskinin təqdimatı ilə Nazirlər Şurasının tərkibi təsdiq edilir.

Azərbaycan hökumətinin ilk addımlarından biri 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə “Sülh və dostluq” müqaviləsi imzalaması oldu. Bu müqavilə ilə Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk xarici dövlət kimi ona hərbi yardım göstərdi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət Gəncəyə köçdü. İyunun 17-də isə Milli hökümət o zaman türklərlə münasibətdə yaranmış gərginliyi aradan qaldırmağa müvəffəq oldu. Həmin gün Milli Şuranın Gəncədə keçirilən iclasında Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icra hakimiyyətinin Azərbaycan müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqda iki mühüm qərar qəbul edildi. Milli Şura F.Xoyskinin müxtəlif partiyaların nümayəndələrindən təşkil etdiyi yeni hökuməti təsdiq etdi. Hökumət proqramı ilə çıxış edən F.Xoyski bildirdi ki, onun başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə aparmaqdır. F.Xoyskinin rəhbərliyi ilə Azərbaycan hökuməti ilk növbədə dövlət aparatının təşkili işini davam etdirir. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin aparatı yaradılır. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olunur. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edilir. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qənun qəbul olunur. Bir sözlə, paytaxt Bakıya köçürülənə qədər F.Xoyski hökuməti ölkənin iqtisadi və siyasi həyatı ilə bağlı bir sıra mühüm tədbirlər də həyata keçirmişdi (poçt-teleqraf, pul məsələsi və s.). Hökumətin bu dövrdəki fəaliyyətini F.Xoyski obrazlı şəkildə “təlatüm içərisində qayalar arasında nazik taxta qayıqda gedən gəmiçinin vəziyyətinə” bənzətmiş və göstərmişdi ki, həmin gəmiçi vəziyyətində bulunan hökumət qayığını elə aparmalı idi ki, daşa dəyib dağılmasın.

1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri azad edildikdən dərhal sonra, yəni sentyabrın 17-də ADR hökuməti Bakıya köçür. Bakı Azərbaycan dövlətinin paytaxtı elan olunur.

1918-ci il noyabrın 9-da F.Xoyskinin məruzəsi üzrə Azərbaycan hökuməti Azərbaycanın üçrəngli milli bayrağını təsdiq edir.

Azərbaycan Milli Şurası belə çətin bir anda 1918-ci il noyabrın 19-dakı iclasında 120 nəfərdən ibarət Azərbaycan parlamenti yaratmaq haqqında hökumətin təqdim etdiyi qanun layihəsini bəyəndi.

Yeni yaradılmış Azərbaycan Respublikası parlamentinin 1918-ci il ilk iclasında F.Xoyski hökumətin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında hesabat verir. Parlament hökumətin təşkilini və ona rəhbərliyi yenidən F.Xoyskiyə tapşırır. Dekabrın 26-da Fətəli xan hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə çıxış edir. Bu hökumətdə F.Xoyski həm də xarici işlər naziri vəzifəsini tutur.

Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da o, vəzifədən istefa verməyə üstünlük verdi.

F.Xoyski Azərbaycan Xalq Cümhuriyyəti dövründə üç dəfə hökumət kabinəsini formalaşdırmaq etimadını qazanmışdı. 1919-cu ilin dekabrında isə Nəsib Yusifbəylinin təşkil etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini tutmuş və 1920-ci ilin aprel hadisələrinə qədər həmin vəzifədə çalışmışdı.

AXC-in süqutundan sonra Tiflis şəhərinə mühacirət etmiş F.Xoyski həmin il iyunun 19-da orada muzdlu erməni quldurları tərəfindən qətlə yetirilmişdir.

 


 

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol