Fahri Kaya

FAHRİ KAYA

Türk Dünyasının Məşhurları 25

Yazıçı, jurnalist, içtimai-siyasi xadim, dövlət adamı, hazırda Üsküpdə yaşayıb-yaradan Fahri Kaya.../Әli Şamil

Göndərmə 7/16/2010 6:34:44 AM UTC

Güncəlləmə 7/16/2010 11:43:21 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=0ef4a6f0-b9fc-4c42-803a-25920497d3fa

Yuqoslaviya Fedarasiyası dağıldıqdan sonra Makedoniya Respublikası da müstəqillik əldə etdi. Onun paytaxtına Türklər Üsküp, Avropalılar Skopiya deyir. Bu günlərdə Üsküpdə Fahri Kayanın 80 illik yubileyi təntənə ilə qeyd edilib və ona Türk dilinə, mədəniyyətinə etdiyi xidmətlərə görə “Türkçəm” dərgisinin mükafatı verilib.

Fahri Kaya 1930-ci ilin iyun 15-də Balkan Türklərindən Mustafa Əfəndinin ailəsində dünyaya gəlib. Mustafa Əfəndi Kumanova kəndində Türkcə “İşıq” adlı ibtidai məktəbi açmış və iki il həmin məktəbə müdirlik etmişdi. Fahri kiçik yaşlarında Muqəddəs Xocanın açdığı məktəbə Quran oxumağı və islamın ilk təməllərini öyrənib. Sonra atasın müdir olduğu “İşıq” məktəbində təhsilini davam etdirib. Doğulduğu Kumanov kəndi bolqarlar tərəfindən işğal edildikdən sonra məktəbdə təhsil bolqar dilində aparıldığından Fahri də bolqarca oxumaq məcburiyyətində qalıb. 1944-cü ilin sonunda bolqarlar ölkəni tərk etməli olduqda məktəbdə dərslər makedonca keçilməyə başlayıb. Fahri bu dəfə də makedonca təhsilini davam etdirib. 16 yaşına çatanacan Fahri 4 dildə təhsil almalı və bu dilləri öyrənməli olub. 1946-ci ildə ailələri Üsküpə köçüb. Burada atasının açdığı Türk məktəbləri üçün müəllim hazırlayan pedaqoji kurslarda təhsilini davam etdirib və Türk dili və ədəbiyyatı müəllimi ixtisası qazanıb.

Fahri Kaya Təhsil Nazirliyinin təyinatı ilə 1946-cı ilin oktyabrın 1-də Kocana rayonunun yetmiş evlik Yakimova kəndinə müəllim işləməyə göndərilib. Kənddə məktəb olmadığından 16 yaşlı Fahrı hər şeyi sıfırdan başlamalı olub. Məscidin yanında, kənd camaatının toplandığı yeri məktəbə çevirib. İşə canı-dildən girişdiyini görən kəndlilər də ona yaxından kömək ediblər. Sonra məktəb üçün bina ayrılıb. Beləcə gənc Fahri 4 il burada müəllim işləyib. Yaşlı çağlarında yazdığı xatirələrində və mətbuata verdiyi müsahibələrində bu 4 ili Belqrad Universitetində oxuduğu 4 ildən daha önəmli sayıb.

Çünki Fahri Kaya burada kəndlilərlə qaynayıb-qarışıb, yaşlılar üçün oxuma-yazma kursları açıb, fəaliyyət dərnəyi, futbol komandası yaradıb. 1950-ci ildə Türklərin İştipdə təşkil edilən ilk folklor festivalında onun şagirdləri də iştirak edib və mükafata layiq yer tutub. Qaynar bir həyat yaşayan Fahri Kaya qiyabi İştipdəki Makedon müəllimlər məktəbini bitirib.

Fahri 1950-ci ildə Üsküp Unversitetinin filologiya fakültəsinə qəbul olunsa da təhsilini Belqrad Unversitetinin Filologiya Fakültəsinin Şərqşünaslıq şöbəsində davam etdirib. Buradakı Ədəbiyatçılar Kulübüna üzv olub. İçtimai fəallığını nəzərə alaraq onu Filologiya Fakültəsinin Tələbələr Birliyinə sədr seçiblər.

Unversiteti bitirdikdən sonra Üsküpə dönüb. Yeniyetməliyindən məqalələrini çap etdirdiyi “Birlik’’ qəzetində işləmək istəyib. Lakin bu mümkün olmadıqda 1954-cü ilin sentyabrından Üsküp Radyosunda uşaq verlişləri hazırlamağa başlayıb. Onun bir uşaq ədibi kimi formalaşmasında Üsküp Radiosunun rolu böyük olub.

Radioda verilişlərini davam etdirməklə yanaşı 1956-ci ildə Necati Zekeriyanın redaktorluq etdiyi “Sevinç’’ jurnalında işləməyə başlayıb. Həmin illərdə “Sevinç’’in əlavəsi kimi “Tomurcuk” adlı yeni bir uşaq jurnalı da nəşrə başlayıb. Fahri Kaya bu jurnalın yaranmasında və oxucu toplamasında əlindən gələni əsirgəmib. Onu da qeyd edək ki, bu jurnallar Azərbaycandakı uşqa jurnalı “Göyərcin”lə səmərəli iş birliyi yaratmışdılar. Həmin jurnallarda Azərbaycan ədiblərinin uşaqlar üçün yazdıqları əsərlər çap olunduğu kimi, “Göyərçin”də də Balkan Türklərinin uşaqlar üçün yazdıqları şeir və hekayələr çap olunmuşdur.

“Sevinç” və “Tomurcuk” jurnallarının ən fəal əməkdaşlarından olan Fahri Kayanın vəzifəsini 1958-ildə ixtisara salınıb.

Fahri Kaya “Birlik’’ qəzetində işləməyə gəlsə də uşaqlar üçün şeir və hekayələr yazmasını, tərcümələr etməsini davam etdirib.

Qəzetdə mədəniyyət şöbəsinin müdiri kimi işə başlayan Fahri Kaya bir neçə il sonra redaktor müavin və redaktor vəzifəsinə irəli çəkilib. Beləcə 11 il “Birlik’’ qəzetində işləyib.

Hökümətin sosializm quruculuğu adı altında milli ayrıseçkilik siyasəti yeritməsinə, milli və dini ayrıseçkiliynə dözə bilməyən Türklər ata-baba yurdlarını tərk edərək Türküyəyə köçməyə başlayıblar. Ölkədə yaşayan Türklər arasında bir kadır çatışmamazlığı yaranıb. Orta məktəblər, texnikumlar müəllimsiz, kəndlər həkimsiz qalıb. Fahri Kaya qəzetdə müxtəlif vəzifələrdə işləsə də 1955 -1965-ci illər arasında “Tefeyyüz’’, “Nikola Karev’’ texnikumlarında və Üsküpdəki Ali Pedaqoji Məktəbdə saat hesabı Türk dili və ədəbiyyatı dərsləri müəllimi işləyib. Dərslik çatışmamazlığı problem yaratdığını gördüyü üçün əvvəlcə Necati Zekeriya ilə birlikdə, sonra isə təkbaşına Makedonya və Kosovadakı Türk məktəbləri üçün kitaplar və metodik vasitələr hazırlayıb.

1969-cu ildə onu rəhbər vəzifəyə irəli çəkiblər. 20 ildən çox Makedonyada rəhbər vəzifələrdə çalışsa da bədii və elmi yaradıcılığını da davam etdirib.

Fahri Kaya birinci şeirlər kitabını “İlk adımlar’’ adlandırıb. Bu kitab, İkinci Dünya Savaşından sonra Yuqoslaviyada Türk dilində uşaqlar üçün yazılmış və çap olunmuş ilk kitab olub. Müəllifin “Köyden sesler’’ (1958), “Hoşça kalın” (1965) ve “Çocuk rüyaları” (1991) şeir kitabları uşaqların dünygörüşünün formalaşmasına, onların estetik tərbiyəsinə nə dərəcədə təsir göstəribsə, “Güle güle” (1978) və “Küçük hanım” (1997) və b. heykayələr kitabları da dillərini zənginləşməsinə, vətənsevər və hümanist ruhda böyümələrinə bir o qədər təsir göstərib. Fahri Kayanın uşaq hekayələri 2001-ci ildə Ankarada Milli Eğitim Bakanlığı tərəfindən yenidən çap olunub.

Ədib “İkindi güneşi” adlı kitabına daxil etdiyi hekayələrində doğulduqları torpaqlarda yaşamaqdan və ölməkdən məhrum edilmiş, ata-babalarının qəbirlərini qoyub köçmək məcburiyyətində qalmış insanların ağri-acilarını təsvir edib. Hekayələrin bir çoxu Makedoncaya və İngiliscəyə çevrilərək çap olunub.

Fahri Kaya şeir və hekayələrlə yanaşı davamlı elmi-publisistik məqalələr, teatr tamaşaları haqqında maraqlı resenziyalar da yazib. Onun elmi araşdırmalarının əsas mövzusu Balkanlarda Türk varlığ olub. Mənbələri, arxiv sənədlərini araşdıraraq bölgədəki Türklərin unutdurulmağa çalışdırılan tarixini işiqlandırmış və bu məqalələrini yalnız ana dilində deyil yüzillər böyü birgə və mehriban qonşuluq şəraitində yaşadıqları xalqların dillərində də çap etdirib. Sonra da bu yazılarını “Seçme yazılar” (1994), “Makedonyada iz bırakan Türkler” (2009) və “Gün bugün” (2010) kitalarına daxil edib.

Balkanlarda doğulub da Türkiyədə yaşamış və şöhrətlənmiş Yahya Kamal Bayatlı və Sabri Berkel, eləcə də kommunist Nazim Hikmət haqqında yazdığı məqalələr Fahri Kayanın həm də istedadlı bir ədəbiiyatşünas olduğundan xəbər verir.

Onun fəaliyyəti çoxsahəli olmuşdur. Belə ki, 1957-1995 illərdə Makedonya və Kosovada Türk məktəbləri üçün hazırlanan dərs kitablarının çoxunda onun imzasına rast gəlmək olur. Beşinci və altıncı siniflər üçün hazırladığı “Ədəbiyyata pəncərə”, dördüncü sinif üçün “Ədəbiyyat”, “Türkçe alıştırma defterleri” kitablarını yazmaqla yanaşı birçox dərs kitablarını da Türkcəyə çevirmişdi. Onun çap etdirdiyi kitablar arasında “Makedon yazarlarının çocuklar için yazdıkları”, “Türk masalları”,. Yuqoslavyadaki Türk yazıçılarından seçmələrdən ibarət “Gökkuşağı”, “Yugoslavya Türk hikayesi” adlı antologiyalar da vardı.

Balkan ədəbiyyatını Türkiyədə tanıtmaq üçün İstanbulda “Eski Yuqoslavyada Çağdaş Tük Şiiri” (1992), Ankarada “Çağdaş Makedon Şiirleri” (1993), Yapı Kredi nəşriyyatında “Çağdaş Boşnak Edebiyatı” (1995) antologiyalarını çap etdirmişdir.

İkinci Dünya Savaşından sonra Balkanlarda Türk ədəbiyyatının təbliğində də Fahri Kayanın rolu böyük olmuşdu. Yalnız onu demək kifayətdir ki, 70 yaxın Türk şairinin əsərini makedoncaya çevirərək nəşr etdirə bilmişdi.

1991-ci ildən təqaüdə şıxaraq Üsküpdə yaşayan ədibin yaşı 80 haqlasa da gənclik həvəsi ilə yazıb-yaradır. Fahri Kaya Balkanlarda və bütövlükdə Türk Dünyasında şəxsi çıxarlarını düşünmədən həyatını Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin yaşamasına, yeniləşməsinə sərf etmiş ziyalılarımızdandır.

Mətni yazdı və oxudu Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 

 

 

 

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=