Həsən Səbri Ayvazov

HƏSƏN SƏBRİ AYVAZOV

Türk Dünyasının Məşhurları 38

Krımda doğulub, boya-başa çatmış, publisist, dramaturq, alim, pedaqoq və ictimai-siyasi xadim Həsən Səbri Ayvazovun ömür yolu vә yaradıcılığı...Әli Şamil

 Göndərmə 18.10.2010 10:38:11 UTC

Güncəlləmə 18.10.2010 10:38:11 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=9e12764d-b14b-476f-bf54-db79d64fa9e7

Azərbaycanla sıx bağlı olan H.S.Ayvazov Sovet dönəmində Əlibəy Hüseyinzadə, Əhmədbəy Ağaoğlu (Ağayev), Haşımbəy Vəzirov və başqaları ilə eyni sırada kəskin tənqid edilirdi. Bu da səbəbsiz deyildi. İstər çar Rusiyasının, istərsə də Sovet hökümətinin məmurları onların millətlərini oyatmaq və azadlıq uğrunda mübarizəyə səfərbər etmək üçün ardıcıl və yorulmadan çalışdıqlarını görürdülər. Məslək dostları olan bu insanlar Türk xalqlarının birliyinə nail olmaq, müstəmləkəçilərə qarşı mübarizəsini təşkil etmək, onları əsarətdən qurtarmaq istəyirdilər.

Həsən Səbri Ayvazov 1878-ci ilin may ayının 6-da Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində doğulmuşdu. Doğulduğu qəsəbədəki mədrəsəni bitirdikdən sonra orada müəllimlik edən Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında inlədiyini görürdü. Azadlığın yollarını arıyırdı. İstanbula, Qahirəyə gedərək təhsilini artırırdı.

Xalqını oyatmaq üçün qəzetdən əvəzsiz bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsilə oxumaq bilməyən, yaxud azsavadlı insanlara təsir etmək istəyir. “Nədən bu hala qaldıq?” pyesini 1906-cı ildə Bakıdakı “Fyüzat” jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ildə(1324 h.) pyes Bakıda kitab şəklində çap olunur, səhnəyə qoyulur.

Bu Həsən Səbri Ayvazovun Bakıda çap olunan ilk kitabı deyildi. 1906-cı ildə “Üsüli-tədris və təlim-tərbiyə” adlı metodik bir əsər də çap olunmuşdu. Müəllif bu əsərdə dərs üsulları və pedaqogika haqqında geniş məlumat vermiş, müəllimlərə 12 qayda ilə dərs verməyi məsləhət görmüşdü. Hətta kitabın sonunda “Məktəbin müəllimlərinə aid nizamnaməsi”, “Məktəbin şagirdlərə aid nizamnaməsi” adı ilə məktəb rejimi barədə təlimat verilmiş və kitaba təhsil müddəti 5 il olan məktəblər üçün proqram nümunəsi də əlavə etmişdi.

II Dövlət dumasına deptat seçilən istedadlı publisist, islahatçı görüşlərilə seçilən Rəşid Mediyev ana dilində bir qəzetin nəşrinə icazə alır. H. S. Ayvzaovun redaktoru olduğu bu qəzetin ilk sayı 1906-cı ilin may ayının 1-də Qarasubazarda işıq üzü görür. Çox təəssüf ki, “Vətən xadimi” qəzetini 1908-ci ildə hökumət tərəfindən bağlanır.

Bir müddət Moskvadakı Lazarev İnstitunun şərqşünaslıq fakültəsində dərs deyən Həsən Səbri ictimai-siyasi xadim kimi şöhrətlənir.

Özünü həmişə İsmayılbəy Kaspıralının tələbəsi sayan Həsən Səbri onun həm də köməkçisi və məsləkdaşı olmuşdu. “Tərcüman” qəzetinin redaktorluğunu da İsmayılbəy Kaspıralı məhz H.S.Ayvazova etibar etmişdi. Ölüm ayağında İsmayılbəy Kaspıralının başı üzərində olan və onun son sözlərini Türk dünyasına çatdıran da Həsən Səbri olmuşdu.

1917-ci ilin fevralında Rusyanı sarsıdan inqilab Krımdan da yan keçmir. Krımda azadlıqsevərlər ayağa qalxırlar. Onlar müstəqil dövlətlərini də qura bilirlər. 1917-ci ilin Martın 26-da Kırım Xalq Cumhuriyyəti elan edilir və Noman Çələbi Cihanın rəhbərliyində Krım Millî höküməti qurulur.

Krımda çağrılan məşhur I Qurultayın əsas təşkilatçılarından biri də Həsən Səbri Ayvazov olur. 1917-ci ilin noyabrın 17-də Kırımda ilk dəfə qadınların da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçirilir. Aralarında qadınlar da olan 76 deputat Baxçasarayda toplaşır. Krım Müsəlmanları İcra Komitəsi adından Noman Çələbi Cihan onları salamlayır. Qurultayda Krım Xalq Cümhuriyyətinin Anayasasını(konstitusiyasını) hazırlamaq üçün komissiya yaradılır. Bu komissiyaya Noman Çelebi Cihan, Cəfər Seyamət, Cəfər Ablay, H.S.Ayvazov üzv seçilir. Onların hazırladığı Anayasa geniş müzakirədən sonra dekabrın 13-də qəbul olunur. Ölkədə parlamentli respublika yaradıldığı elan edilir. Həsən Səbri Ayvazov yeni yaradılmış parlamentə sədr seçilir.

Beynəlxalq vəziyyət olduqca mürəkkəb idi. Bir tərəfdən Ukrayna Radası Qurultay iştirakçılarına təbrik məktubu göndərir, o biri tərəfdən Krımı "tarixi torpaqları" kimi öz tərkibinə qatmağa can atırdı.

Sözdə proletar beynəlmiləlçiliyindən, millətlərin öz müqəddəratını təyindən, bərabərlikdən, qardaşıqdan dəm vuran yeni yaranmış Sovet Rusiyası da düşmənləri olan çar generalları ilə eyni mövqedə dayanır: Krımtatar Qurultayını və hökümətini tanımır. 1918-ci ilin yanvarın 26-da Qara dəniz matrosları gənc Krım hökumətini qan içində boğur.

Vətənini çətin durumdan qurtarmaq üçün H.S.Ayvazov Krım dövlətinin təmsilçisi kimi İstanbula gedir. Türkçülüyün ideoloqlarından biri kimi tanınan Həsən Səbri İstanbulda böyük hörmətlə qarşılanır. O, Krımın müstəqilliyi ideyasına Osmanlı dövlətinin mənəvi-siyasi dəstək verməsinə nail olur. Azərbaycan hökümətinin başçısı Məmmədəmin Rəsulzadə 1918-ci ilin avqustun 4-də Osmanlı paytaxtından Azərbaycan Nümayəndə heyətinin başçısı, xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubunda da qələm və əqidə dostu H.S.Ayvazovun İstanbula gəlməsi və diplomatik fəaliyyətə başlaması haqqında məlumat verilir.

H.S.Ayvazov 1917-ci ilin iyulun 27-də “Millət” qəzetini nəşrə başlayır. Qəzet 1918-ci ilin fevralın 1-dən Bakıda çıxır. Həmın il qəzetin 186 sayı çıxsa da, sonra uzun bir fasilə yaranır. 1919-cu ilin avqustun 15-də “Millət” qəzetinin bir sayı çıxır. Bu qəzetin son sayı olur.

Türk xalqlarının latın əlifbasına keçməsi üçün yorulmadan çalışan, 1927-ci ildə keçirilən I və 1929-cu ildə keçirilən II Ümumkrım dil konfranslarında məruzələr edən Həsən Səbri 1927-ci ildə “Latın əlifbasına dair”, “Oktyabr inqlabı və tatar münəvvərləri”, 1928-ci ildə “Qiraət kitabı”, “Meyus şairlərimiz” və başqa əsərlərini çap etdirir, “Yeni dünya”, “İleri”, “Okub işleri” jurnallarına dilçiliyin müxtəlif sahələrindən bəhs edən məqalələr yazır, latın əlifbasıyla çap olunan “Kozaydın” jurnalına redaktorluq edir.

V.Şeksprin “Otello” faciəsini Haşımbəy Vəzirovla birlikdə tərcümə edən, müasirlərinin “Mədəniyyət mələyi” adlandırdığı H.S.Ayvazov Rus, Avropa yazıçılarının əsərlərini ana dilinə tərcümə edir, Azəraycan teatrlarında tamaşaya qoyulan əsərlər haqqında rusdilli mətbuata məqalələr yazır.

H.S.Ayvazovu keçmişdəki ictimai-siyasi fəaliyyətinə, yazdığı əsərlərinə görə 1932-ci ildə Pedaqoji institututdan işdən çıxarırlar. 1937-ci ilin aprelin 4-də 59 yaşlı vətənpərvər ədibi həbs edib 1938-ci ilin aprelin 4-də güllələyirlər.

Diqqəti çəkən odur ki, 1937-ci ildə Azərbaycanda həbs olunan, güllələnən aydınların istintaq materiallarında da Həsən Səbri Ayvazovun adı tez-tez çəkilir. Demək DTK(KGB) istintaqda da onu Azərbaycanlı məsləkdaşlarından “ayırmağı” lazım bilməmişdir.

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=