Həsən bəy Ağayev

Türk Dünyasının Məşhurları-14

Qumuqların görkəmli siyasi xadimi, dövlət adamı və xaricdə Azərbaycan mühacirləri ilə birlikdə işğalçı Sovet rejiminə qarşı...

 Göndərmə 8/13/2012 8:37:05 AM UTC 

 Güncəlləmə 8/13/2012 8:37:05 AM UTC 

www.trtazerbaycan.com http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=02b28f30-a168-4dbb-a354-299073e10c57
   Qumuqların görkəmli siyasi xadimi, dövlət adamı və xaricdə Azərbaycan mühacirləri ilə birlikdə işğalçı Sovet rejiminə qarşı mübarizə apararaq vətənini azad görməyə çalışan Haydar Bammatın ömür yolu və yaradıcılığı... 
   1890-ci il noyabrın 3-də Rusiyanın işğalı altında olan Teymurxanşura dairəsi Kapirqumuq kəndində rus ordusunda kiçik rütbəli zabit Nəcməddin Bammatın bir oğlu olur. Onun adını Haydar qoyurlar. O, ilk təhsilini kəndlərindəki məktəbdə və ailədə dərs deyən özəl müəllimlərdən alır. Yetkinlik yaşına catdıqda isə Stavropoldakı klassik oğlan gimnaziyasında oxuyur. 
   Gimnaziyanı bitirib Peterburqa gedən Haydar orada ali hüquq təhsili aldıqdan sonra 1912-ci ilin payızında Tiflisə gələrək Qafqaz Canişinliyində xüsusi tapşırıqlar üzrə məmur vəzifəsində çalışır. Məmur vəzifəsini yerinə yetirməklə yanaşı, ictimai işlərdə fallıq göstərən Haydarı 1916-cı ilin sonlarında Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyətinə üzv seçirlər. 
  Tiflisdə yaşadığı dövrdə Qafqaz türklərilə, indiki terminlə desək Azərbaycan ziyalıları ilə sıx ünsiyyətdə olan, onların nəşr etdiyi qəzet-jurnallarla əməkdaşlıq edən Haydar 1917-ci ilin fevralında Zaqafqaziya müftüsü və şeyxülislamı ilə birlikdə bütün xeyriyə cəmiyyətlərinin və mədəniyyət təşkilatlarının üzvlərini monarxiyanı deyil, demokratik respublika quruluşunu müdafiə etməyə çağıran müraciət hazırlayır. Çar II Nikolay hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə o, Qafqaz xalqlarının milli azadlıq mübarizəsini təşkilatlandırmağa çalışır. 
   1917-ci ildə Dağıstana qayıdan Haydar Bammat yalnız Dağıstanda deyil Quzey Qafqazda fərqli dillərdə danışan xalqlarıın birliyinə nail olmağa və Rusiyanı müstəmləkə zülmündən qurtararaq demokratik respublika qurmalarına çalışır. O, yaxşı başa düşürdü ki, təkcə demokratik idarəçiliklə xalqların birliyinə nail olmaq mümkün deyil, yüzillər boyu Quzey Qafqaz xalqlarını birləşdirən islam dinindən və mədəniyyətindən də yararlanmaq lazımdır. Ona görə də bu məsələyə toplantılarda və görüşlərdə xüsusi önəm verir Quzey Qazfqazda və Dağıstanda yaşayan çoxdilli xalqların dağlı adı altında birləşdirilməsi fikrini müdafiə edir. 
  Beləliklə, 1917-ci ildə Peterburqda baş verən ferval devrimindən az sonra, yəni martın 5-6-da Vladiqafqazda Quzey Qafqazın 340 ziyalı və imkanlı adamı bir araya gəlir. Qurultayın maliyyələşdirilməsinə Azərbaycan milyonçularından H.Z.Tağıyev, M.Muxtarov və Ş.Əsədullayev yaxından kömək edirlər. Bu qurultaya Azərbaycanın tanınmış ictimai-siyasi xadim, doktor Həsən bəy Ağayev də dəvət edilmişdi. O, qurultaydakı təbrik nitqində dağlıları müstəqil dövlətçilik forması kimi respublika quruluşunu seçməyə çağıraraq deyir: “Yalnız milli-ərazi prinsipinə əsaslanan demokratik cümhuriyyət islam dininə sitayiş kimi şərəf və xoşbəxtliyə nail olmuş xalqların milli-siyasi inkişafını ən uğurlu bir şəkildə təmin edə bilər. Yalnız belə bir cümhuriyyət quruluşu şəraitində tam milli, mədəni və siyasi tərəqqi əldə oluna bilər. Yalnız belə olduqda islam bir zamanlar nuru ilə bütün Avropanı işıqlandırdığı, son dövrlərdə isə məhrum edildiyi dəyərləri yenidən bəşəriyyət xəzinəsinə bəxş edə bilər”. 
  Qurultayda Dağlıların Birləşmiş Müvəqqəti Mərkəzi Komitəsini yaratdıqlarını və quruma qaraçay-malkar maarifçisi və ictimai xadim Basiyat Şaxanov rəhbər seçildiyini elan edirlər. Müvəqqəti Mərkəzi Komitə Rusiyadakı devrimdən yararlanaraq Qafqaz dağlılarının maraq və mənafelərini qoruyan bir qurum kimi geniş siyasi, idarəçilik və maarifçilik fəaliyyəti aparmağı planlaşdırır. 
  Bütün cəhd və təşəbbüslərə baxmayaraq Quzey Qafqazda Terek-Dağıstan hökuməti, Çeçenistan və Dağıstanın Dağlı hökuməti, Çeçenistanda Şimali Qafqaz Əmirliyi və Dağıstan və Çeçenistanın bir hissəsində isə Şimali Qafqaz imamlığı yaradılır. Uzun sürən danışıqlardan, aparılan təşkilatı işdən sonara bu qurumlar bir yerə toplaşaraq 1918-ci il mayın 11-də Şimali Qafqaz Dağlıları Cümhuriyyətinin yarandığını elan edir. Belə bir respublikanın qurulması üçün Haydar Bammat çox zəhmət çəkməli olur. Yeni qurulan hökumət qarşısına regiondakı qüvvələri birləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədini qoyur. 
  Gəncədə, Bakıda və Moskvada keçirilən Umumrusiya Müsəlmanlarının qurultaylarında fəal iştirak edən Haydar Bammat sosialistlərin demokratik görüşmələrinə də qatıldığı üçün Zaqafqaziya Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinin də üzvü olmuşdur. 
  Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra narazı qüvvələr, zabitlər, yunkerlər, kazaklar 1917-ci ilin noyabrında Novoçerkasskda toplaşaraq Rusiyanı xilas edəcək bir güc kimi Könüllü Ordu deyə bir təşkilat yaratdıqlarını elan edir və Haydar Bammatı da qiyabi olaraq bu təşkilata üzv seçirlər. Lakin Haydar Bammat onların qarşıya qoyduqları məqsədlə razılaşmadığına, Zaqafqazıyanın, Şimali Qafqazın ayrıca bir qurum kimi formalaşmasını istədiyinə görə Novoçerkasska getmir. 

Haydar Bammat Abdulməcid Tapoy Çermoyev və Maqomed Kadı Dibirovla birlikdə Quzey Qafqaz və Dağıstan xalqlarının nümayəndə heyəti kimi 1918-ci ilin əvvəllərində Zaqafqaziyanın o zamankı mərkəzi Tiflis şəhərinə gəlir. Burada 1917-ci ilin noyabrında yaradılmış Zaqafqaziya Komissarlığının, 1918-ci ilin fevralından onu əvəz edən Zaqafqazıya Seyminin rəhbərləri ilə danışıqlar aparır, bolşeviklərə və ağqıvardiyaçılara qarşı birgə mübarizə aparmağı və bəzi iqtisadi, hərbi məsələləri təklif edirlər. Lakin onların təklifləri seymin erməni üzvləri tərəfindən heç də xoş qarşılanmır. Bəzi gürcü nümayənələri ilə də aralarında kəskin fikir ayrılığı yaranır. 
  Belə olduqda onlar Almaniya və Osmanlı dövlətindən dəstək almaq ümidilə Batumda və Trabzonda düzənlənən sülh konfranslarına qatılırlar. Almaniyadan heç bir yardım ala bilməsələr də, Birinci Cahan Savaşında məğlub olan Osmanlı dövləti Quzey Qafqaz və Dağıstan dağlılarına yardım əlini uzadır. Az zamanda Osmanlı zabitlərinin və kiçik rütbəli hərbiçilərinin köməyi ilə milli ordu yaradılır. Ən çox maddi və mənəvi yardımı isə 1918-ci il mayın 28-də öz dövlət müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyəti göstərir. 
   1918-ci il mayın 11-də Quzey Qafqaz və Dağıstan Cümhuriyyəti elan edildikdə Haydar Bammat yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin edilir. Nazirliyin təşkilatı işlərini qurmağa imkan tapmadan 1919-cu ildə Parisə Versay Sülh Konfransında iştirak etməyə yola düşür. 
  Denikinin rəhbərlik etdiyi ağqvardiyaçılar Quzey Qafqazı və Dağıstanı işğal etdikdən sonra Haydar Bammat Tiflisə dönərək Rusiya işğalçılarına qarşı Quzey və Güney Qafqaz xalqlarının birgə mübarizəsini təşkil etməyə çalışır. 
  Bolşeviklər Denikin ordularını darmadağın etdikdən sonra Azərbaycan, Ermənistan, Gürcüstan Cümhuriyyətlərini də işğal edirlər. Haydar Bammat Trabzona mühacirət etməli olur. Orada yaşadığı müddətdə ailə qurur və mühacir ömrünü yaşamaq və mübarizəsini davam etdirmək üçün Parisə gedir. 
   Paristə olarkən məşhur mühacir jurnalı “Kavkaz”ı nəşr edir. Müxtəlif vaxtlarda Parisdə və Berlində 6 dildə nəşr olunan bu jurnalda bəzən türkcə də yazılar verir. Mühacirlər arasında siyasi publisist kimi geniş və səmərəli fəaliyyət göstərən Haydar Bammat Parisdə mühacir həyatı yaşayan Azərbaycan Xalq Cümhuriyyəti Məclisinin sədri Əlimərdan bəy Topcubaşovla sıx iş birliyində olur. 
   Ə.Topçubaşovun məqalə və xatirələrində adı ən çox və müsbət planda çəkilən müasirlərindən biri Haydar Bammatdır. 
   Parisdə və İsveçrədə mühacir həyatı yaşayan Haydar Bammat var gücü ilə mühacir təşkilatlarının iş birliyinə nail olmağa çalışır. Quzey Qafqaz, Azərbaycan və Gürcüstan mühacir təşkilatlarının birgə fəaliyyət proqramlarının hazırlanmasında, 1924-cü ildə İstanbulda təşkil etdikləri Qafqaz Konfedaralistləri Komitəsində fəal iştirak edir. 
   1925-ci ildə isə Əfqanıstan kralı Nadir şah Haydar Bammatı əfqan vətəndaşlığına qəbul edir. Bundan sonra o, yalnız Qafqaz, Rusiya məsələləri ilə məşğul olmaqla qalmır, həm də xaricdə Əfqanıstan hökumətinin mövqeyini müdafiə edir. 
   1926-cı ildə məşhur “Prometey” hərəkatının yaradılmasında da fəal iştirak edən Haydar Bammat həm də elmi-publisistik kitablar nəşr etdirməklə Avropa demokratlarının diqqətini Qafqaz xalqlarının taleyinə yönəltmək istəyir. 
  1942-ci ildə Berlin şəhərindəki “Adlon” hotelində keçirilən konfransdakı çıxışında Alman hökumətinin Qafqaz xalqlarının müstəqil dövlətlərini tanımasının vacibliyindən söz açır. Siyasi mübarizənin bir nəticə verməyəcəyini görən Haydar Bammat ömrünün sonuna kimi islamiyyət və islam dünyası ilə bağlı əsərlər yazır. 
  1965-ci ildə Parisdə dünyasını dəyişən Haydar Bammatın əsərləri, bir də Nəcməddin və Timur adlı oğlanları qalır. Nəcməddin Bammat islam dünyasının tanınmış şəxsiyyətlərindəndir. 
  Sayları 450 min nəfərə çatan qumuqların mərd oğlu Haydar Bammatın xatirəsi yalnız Dağıstan və Quzey Qafqaz xalqları arasında deyil, dünyanın azadlıqsevər insanları arasında əziz tutulur. Əsərləri təkrar-təkrar çap olunur, müxtəlif dillərə çevrilir, adının əbədiləşdirilməsi üçün bir sıra işlər görülür.

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=