Həsən bəy Zərdabi

 

HƏSƏN BƏY ZƏRDABİ

 

Türk Dünyasının Məşhurları 27

Azərbaycanda ilk teatr tamaşasının təşkilatçısı, ilk müstəqil qəzetin yaradıcısı, müəllim, böyük ürəkli vətәndaş, millətsevər ziyalı Həsən bəy Zərdabi.../Әli Şamil

 Göndərmə 8/23/2010 10:49:49 AM UTC

Güncəlləmə 8/23/2010 10:49:49 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=11738225-4369-4946-9ed3-f41c09056e88

Azərbaycan müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-i, yəni Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başladığı gün təntənə ilə Milli mətbuat günü kimi qeyd edilir. Bu ilin iyunun 10-da isə Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycanda milli mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərәncam milli mətbuatımızın təbliği və öyrənilməsinə də öz təsirini göstərdi.

Həsən bəy Səlimbəy oğlu Məlikov (Zərdabi) 1842-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. 1935-ci ildən Zərdab kəndi rayon mərkəzinə çevrilib. İlk təhsilini kənddəki mollaxanada alan Həsən burada Quran oxumağı, islan dininin qaydalarını, fars ədəbiyyatını öyrənib. Sonra çar hökümətinin əsarət altına aldığı xalqları idarə etmək üçün yerlərdə Rus dilində açdığı məktəblərdən olan Şamaxı qəza məktəbində oxuyub. Qəza məktəbini bitirən Həsəni fitri istedadına, bacarığına və zəhmətsevərliyinə görə canişinlik mərkəzi olan Tiflisdəki gimnaziyada hökumət vəsaiti hesabına oxumağa göndəriblər.

Tiflis gimnaziyasını əla qiymətlərlə bitirən Həsən bir problemlə üzləşib. Rusiya qanunlarına görə ali məktəblərə yalnız zədagan nəslindən olanların övladları qəbul edilirdi. Həsən isə sadə bir ailənin övladı olduğuna görə ali məktəbdə oxuya bilməzdi. Lakin gimnaziyanı əla qiymətlərlə bitirdiyini, bacarığını nəzərə alaraq müstəsnə hal kimi onun ali məktəbə qəbul olunmasına icazə veriblər.

1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən dörd il sonra universitetin fizika-riyaziyyat fakültəsini təbiyyət şöbəsini əla qiymətlərlə bitirib. Unversitetdə oxuduğu illərdə tələbələr arasında seçildiyinə görə ona ali məktəbdəcə qalıb işləməyi təklif ediblər. O, bu təkilfi qəbul etməyərək vətənə dönüb.

Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu Həsən bəyi Qafqaza gətirib. Bir müddət canişinlik mərkəzi olan Tiflisdə “Mərz palatasın”da, Bakı quberniya idarəsində, Qubada məhkəmədə işləyib. Neftin sənaye üsuliylə istehsalı Bakının sürətlə inkişafına və quberniya mərkəzinə çevrilməsinə səbəb olub. Həsən bəy Zərdabi Bakıya gələrək 1869-cu ildən gimnaziyada təbiətdən dərs deməyə başlayıb. Beləliklə, Bakı Gimnaziyasında dərs deyən ilk müsəlman müəllimi Həsən bəy Məlikov Zərdabi olub. Gimnaziyada oxuyan şagirdlərin əksəriyyətinin başqa millətlərdən olmasına üzülən Həsənbəy həmyerliləri arasında təbliğat aparır, bu Avropa tipli məktəbdə təsilin yalnız övladları üçün deyil, millətin gələcəyi üçün vacib olduğunu onlara anlatmağa çalışıb. Onun apardığı təbliğat sayəsində Bakı gimnaziyasında oxuyan müsəlman tələbələrin sayı az bir zamanda xeyli artıb.

Həsənbəy Zərdabi gimnazyada sadəcə dərs deməklə kifayətlənməyib. O, həm də millətini maarifləndirmək üçün yollar axtarıb. 1872-ci ildə Şərqdə ilk müsəlman xeyriyyə təşkilatı olan "Cəmiyyəti-Xeyriyyə"nin əsasını qoyub.

Oxumağa meyilli olmayan, eşitməklə öyrənməyə üstünlük verən topluma təsir etmək ücün teatr tamaşaları hazırlamağı qərara alıb. Peşəkar aktyorlar və rejissorlar, hətta normal tamaşa salonu olmadığı bir yerdə tamaşa hazırlamaq xəyalpərvərlik kimi görünür. Amma o bu çətinliklərin öhdəsindən şərəflə gəlib. Gimnaziyanın tələbələrini səfərbərliyə alaraq Mirzə Fətəli Axundovu 20 il əvvəl yazmış olduğu komediyaları səhnələşdirib. İlk tamaşa 1873-cü ilin martın 10-da, yəni yeni təqvimlə martın 22-də xalqımız üçün əziz bir gün olan Novruz bayramında göstərilib. Bununla o, Azərbaycanda milli teatrın əsasını qoymuş olub.

Həsən bəy Zərdabi görürdü ki, hazırladığı teatr tamaşalarına yalnız Bakıda yaşayan əhalinin az bir qismi gəlir. Ona fikrini yaymaq, xalqını marifləndirmək üçün daha geniş toplum lazım idi. Belə topluma isə başqa xitab forması gərəkdi. Uzaqlarda olan soydaşlarına fikrini çatdırmaq, onları maarifləndirmək üçün qəzet nəşr etməyi qərara alıb. Nəşr etmək istədiyi qəzetin nə mətbəəsi vardı, nə mətbəədə çalışan işçiləri, nə də məqalə yazacaq, redaksiyada işləyəcək əməkdaşları.

Qəzetin nəşrinə hökümətdən icazə almaq da o qədər asan deyildi. Həmin dövrdə Bakıda qubernator işləyən, Həsənbəyin savadına, insani keyfiyyətlərinə heyran qalan Staroseliski ona yardımçı olub. Həsənbəy Şirvandan – Rusiya əsarətindən qurtulub İstanbula getmiş və orada yüksək məqam sahibi olmuş həmyerlilərinin yardımı ilə ərəb qrafikalı yığı şiriftləri və lazımi mətbəə avadanlıqları gətirib. Beləcə, 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzeti nəşrə başlayıb. Beləliklə, Həsən bəy Məlikov Rusiyada ilk turkdilli müstəqil qəzetin əsasını qoyub.

İlk vaxtlar 300-400 tirajla çap olunan qəzetə maraq getdikcə artıb. “Əkinçi” Azərbaycandan uzaqlarda da maraqla oxunmağa başlayıb. Məhəmmədtağı Əlizadə Şirvani Şamaxıdan, Heydəri Dərbənddən, Vəlibəyov İravandan, Həsənbəyin gimnaziyada şagirdləri olan və teatr tamaşası hazırlamaqda ona yaxından kömək edən, qəzet nəşr edildiyi illərdə Moskvada ali məktəbdə oxuyan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani Moskvadan “Əkinçi” qəzetinə məqalələr göndəriblər. Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə yazdığı məqalələr, Seyid Əzim Şirvaninin şeirləri də “Əkinçi” qəzetində dərc olunub.

Lakin hamı onun vətən və millət üçün gördüyü işləri dəyərləndirə bilmirdi. Qarabağdan şair Hadiyi Müzillin təhqir və söyüş dolu məktubunu Həsənbəyə göndərib. Zərdabi üzülsə də ruhdan düşməyib. Gələcək nəsillər onun hansı çətinliklərlə üzləşdiyindən xəbərdar olsunlar deyə Hadiyi Müzillin Qarabağinin həcvini də nəşr edib.

Həsənbəy qəzetin nəşrinə icazə almaq ücün müraciət edəndə o, əkinçilik və heyvandarlıqdan yazacağını, bir sözlə kənd təsərrüfatinin inkişafına təsir göstərəcəyinin, bununla da çar hökümətinin xəzinəsinə gedəcək verginin çoxalacağını qeyd etmişdi. Lakin bir vətandaş və millətinin sabahını düşünən ziyalı kimi Həsən bəy qəzetin proqramına sadiq qala bilmir. Qəzetdə içtimai məsələlərdən də, xalqa hansı təhsil sisteminin daha mühümm olmasından da, ədəbiyyatran da məqalələr verilir.

Rusiya-Osmanıl müharibəsi yalnız Bakıda deyil imperiyanın əsarət altına aldığı ərazilərdə Zərdabi kimi milli düşüncəli ziyalıların vəziyyətini çətinləşdirib. Onlara qarşı təqib və təziqlər artib. Dostluq etdiyi Staroselskinin Bakıdan getməsi də onun müdafiəsiz qalmasına səbəb olub. 1877-ci ilin sentyabrın 29-da “Əkinçi” qəzetinin 57 sayının nəşri dayandırılıb və Həsənbəy sorğu-suala çəkilib.

Təqib və təzyiqlərdən cana doyan Həsən bəy 1880-cı ildə Zərdabda yaşamağa gedib. Çar məmurları orada da Həsən bəyi nəzarətdən kənarda qoymayıblar. O, doğulub boya-başa çatdığı kənddə yaşadığı illərdə əkinçilərə məsləhətlər vermək, onları maarifləndirməklə yanaşı Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərə ana dilində və rusca çoxlu elmi-kütləvi məqalələri yazıb.

Həyatının son illərində Zərdabi yenidən Bakıya köçüb, şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə nəzarət edib. O, 1901-ci ildə Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı və təşkilatçısı olub. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri seçilib. 1907-ci il noyabr ayının 28-də vəfat edən Həsən bəy Zərdabini o dövr üçün ağlasığmaz və gözlənilməz olan bir təntənə ilə dəfn edirlər.

Həsənbəy Zərdabinin başladığı işi İsmayil bəy Kaspıralılar, Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Yusif Akçuralılar və b. ziyalılar davam etdirərək türk xalğları üçün bu gün də vacib olan “Dildə, fikirdə, əməldə birlik!” formulunu hazırlayırlar.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol