Hara köçür bu köçəri?”, Tulumçalan Cəbi

HARA KÖÇÜR BU “KÖCƏRİ?”

Musiqi səsi dağlarda əks-səda  verərək Naxçıvan çayının şırıltısına qarışıb dərə boyu yayılır. Ağaclar da aram-aram yırğalanır. Ərik ağacının saralmış yarpaqları havada dövrə vuraraq yerə düşür. Ağacları titrədən sanki Naxçıvan çayın mehi deyil, tulumda çalınan “Köçəri” havasıdır.

“Köçəri” elə bil adamları, təbiətin bütün canlılarını hərəkətə gəlməyə, qol-qanad açmağa səsləyir. Bəlkə bu hava yayın qızmarında Kolananı üzük qaşı kimi araya almış dağlara köçən el-obanı arana-qışlağa haylayır?! Yoxsa bu hava Təbrizi də, Bakını da, Urmiyanı da, Şəkini də, Xoyu da, Naxçıvanı da özünə vətən bilən tayfanın, elin keçdiyi yoldan, köçdüyü yerlərdən söhbət açır?! Bəlkə bu hava Şahbuz rayonunun dağlar qoynuna sığınmış Kolanı kəndində yurd-yuva salmış kolanı, qazax tayfalarının Qarabağda, Vedidə, Qazaxda, Zəngibasarda, Göyçayda, Ərdəbildə, Ərzumanda məskunlaşmış qollarının tarixindən, bir-birindən ayri düşməsindən danışır?!

Bu sualların heç birinə “Köçəri”ni çalan Cəbinin özü də cavab verə bilmir. Bir bunu bilir: ata-babaları “Köçəri”ni necə çalıbsa, o da elə çalsın.

Cəbi zurnada da bu havanı çalır, tulumda da. Zurna hay-haray qoparır, şahə qalxmış dəliqanlı at kimi üsyan edir.

Tulum isə tamam başqadı... Həzin-həzin, bir az da kövrək və gileyli səslənir. Zurna sanki döyüş meydanından, tulum isə döyüşdən sonra meydanda qalmış yaralı igidlərin taleyindən hekayət açır.

Bax, beləcə otuz ildən artıqdır ki, Cəbi gah zurnada, gah balabanda, gah da tulumda havaları çalır. Hər kəs də onun melodiyalarını öz qəlbinə uygun söz-söhbətə çevirir.

Cəbi sənət aləminə balabana olan marağı ilə gəlib, el-oba şənliklərində mahir zurnaçı kimi tanınıb. Ancaq onu doğulub boya-başa çatdığı Şahbuzdan uzaqlarda məşhurlaşdıran tulum olub... Cəbinin yeniyetməlik illəri dava vaxtına düşüb, vaxt olmayıb dərs almağa sənətkar yanında. El şənliklərində eşitdiyi melodiyaları bir-birinin ardınca düzməklə çalmağı öyrənib. Sonra o, əsgərliyə gedib, doğma kəndlərinə qayıtdıqdan sonra kolxozda müxtəlif peşələrdə çalışıb.

Çox keçmədi musiqiyə olan sönməz həvəs Cəbini ustad yanına apardı. Ustadı isə ona təkcə çalmağı deyil, həm də məclisin yol ərkanını öyrətdi. Peşəkar çalğıçı kimi tanınıb neçə-neçə məclis yola saldıqdan sonra Cəbi Əhmədov qədim musiqi alətlərimizdəntuluma meyl göstərmişdi. Bu meyl ötəri olmadı, getdikcə gücləndi. Tulum heç bir mağazada satılmadığından, emalatxanada düzəldilmədiyindən Cəbi məcbur olub özü tulum düzəltməyi öyrəndi. Bu işdə kəndin qocalarının xatirələri və muxtar respublikanın müxtəlif kəndlərində yaşayan tulumçuların məsləhətləri köməyinə çatdı.

Tulum düzəltməyi öyrənənədək bir neçə peşəyə yiyələnməli oldu. Əvvəl dəri aşılamağı öyrəndi. Tulum zurnasının hava doldurulan dağarcığı yaxşı aşılanıb yumşaldılmış davar (qoyun, keçi) dərisindən olur. Sonra da xarratlığı öyrəndi. Qoz ağacından novdan düzəltdi. Novdanın içərisinə yonulub balaban kimi düzəldilmiş bir cüt qarğı qoydu. Qarğıların tulum dağarcığına birləşdirilən tərəfinə qamış sümsü, aşağı tərəfinə isə cilalanmış kəl buynuzu taxdı.

Tulum dağarcığı sıxıldıqca hava qamış sümsülərdən qarğı balabanlara keçdi. Cəbinin barmaqları qarğı balaban üzərində gəzdikcə incə musiqi süzülməyə başladı. Barmaqlar hərəkətini dəyişdikcə musiqinin ritmi də dəyişdi.

Cəbi Əhmədov bir çalançı kimi nəinki Kolanı kəndində, Şahbuz rayonunda tanınır, məşhurlaşır. Onu 1970- ci ildə SSRİ XTNS- nə göndərirlər. Nailiyyətlər sərgisində çaldığı musiqi nömrələri nəinki ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndəlirinin, hətta xarici ölkələrdən gəlmiş qonaqların da maragına səbəb olur. Moskvadan sərginin döş nişanı ilə qayıdan Cəbi Əhmədov AHİŞ- in də 3- cü dərəcəli diplomuna layiq görülür. Moskva səfəri Cəbini daha da həvəsləndirir. O, öz üzərində çalışmaqla yanaşı, kənd mədəniyyət evində tulum çalanlar dərnəyi yaradır.

Bu dərnəyin şöhrəti tezliklə Şahbuz rayonundan uzaqlara yayılır. Babək rayonunun Cəhri, Kültəpə, İliç rayonunun Daşarx, Dəmirçi və digər kəndlərindən də tulum həvəskarları Cəbidən məsləhət almağa, öyrənməyə gəlirlər.

Tulumda çalmağı bacaranların sayı artan kimi Cəbi Əhmədov tulum çalanlar ansamblı yaradır. Ansamblın müvəffəqiyyətli çıxışları bu qədim musiqi alətinə marağı daha da artırır. 1976 – 1977- ci illərdə zəhmətkeşlərin Ümumittifaq bədii özfəaliyyət yaradıcılığı festivalının qalibləri sırasında bu ansambl da var idi.

Cəbinin tulum çalanlar ansamblını tez-tez Bakı və Sumqayıt şəhərlərinin fabrik-zavodlarında, muxtar respublikamızın kolxoz və sovxozlarında, televiziyada, mötəbər konsert salonlarında görmək olar.

Oğlanları Zakir və Rasim atalarının yaxın köməkçiləridir. Zakir nağarada çalır, Rasim dəm tutur.

İndi hər axşam tulumdan yayılan melodiyaları eşidən kolanlılar bilirlər ki, Cəbi gənclərə tulumda çalmağı öyrədir.

 

Əli Şamilov,

“Qobustan” incəsənət toplusu

1989, sayı 1(81), səh. 93

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol