Hayıf ki, əməyi zay Abbasqulu

HAYIF  KI,  ƏMƏYİ  ZAY

ABBASQULU

 

Ana nənəm Ababil (1) Zod (2) kəndində doğulmuş, 15-16 yaş-larında İnəkdağına (3) ərə gəlmişdi. Altmış ilə yaxındı burada yaşayır, ayda-ildə bir xeyrə-şərə Zoda gedərdi. Amma bu kənddə 200 il öncə baş verənləri də 20-30 il öncəkini də elə təfsilatıyla danışırdı, deyərdin bütün bunların canlı şahidi olub. Tez-tez danışdığı mövzulardan biri də Səməd ağa, (4) onun səxavəti, başına gələnlər və öldürülməsi olardı.

Nənəmin Səməd ağa ilə uzaq qohumluğu vardı. Amma danışıqları, söhbətləri qohumluq əlaqəsinə görə deyildi. Ümumiyyətlə, o, söhbətcil, keçmişdən danışmağı sevən bir insandı. Bizim kəndə gəlməzdən öncə burada baş verənləri də təfsilatı ilə danışardı. Kəndimizin ondan yaşlı sakinləri də nənəmin söhbətlərini dinləyəndə onun yaddaşına həsəd aparardılar.

Səməd ağadan yalnız nənəm maraqla söhbət açmazdı. Hətta Göyçədən çox-çox uzaqlarda yaşayan yaşlı göyçəlilərin bir yerə toplaşanda həvəslə Səməd ağadan danışdıqlarının şahidi olmuşdum. Göyçəlilər Səməd ağadan belə geniş və həvəslə danışsalar da onun bacısı oğlu Abbasqulu bəy Şadlinskini (5) az-az xatırlayırdılar. Abbasqulu bəy Şadlinski haqqında bilgini mən də əksər göyçəlilər kimi qəzet-jurnal məqalələrindən, kitablardan almışdım.

Göyçə inzibati bölgüyə görə Ermənistan Respublikasına daxil idi. Mərkəzi də Yerevan şəhəriydi. Tarixən də İrəvan xanlığının ərazisi olmuşdu. Amma adamlar bazar-dükana, alış-verişə Gəncə şəhərinə getdiklərinə görə Gəncə bölgəsini daha yaxşı tanıyırdılar. Abbasqulu bəyin doğulub boya-başa çatdığı, mübarizə apardığı Vedi (6) isə İrəvan və Naxçıvanla sıx bağlıydı. Abbasqulu bəyə göyçəlilərin diqqətini yönəldən Fərman Kərimzadənin (7) «Qarlı aşırım», «Qırmızı zirvə» romanları və Azərfilmin 1971-ci ildə çəkdiyi «Axırıncı aşırım» filmi oldu.

Naxçıvanda «Şərq qapısı» qəzetində işləməyə başlayandan son-ra Abbasqulu bəy Şadlinski, onun başçılıq etdiyi «Qırmızı tabor» haqqında daha çox oxumağa, eşitməyə başladım. Qəzet səhifələ-rində bu mövzuda özünə yer tapan yazıların əksəriyyəti mənim ça-lışdığım şöbədə hazırlanırdı. Naxçıvanda Abbasqulu bəy Şadlinskini görənlər, onun dəstəsində döyüşənlər, bir sözlə, onu xa-tırlayanlar hələ də yaşayırdı.

Abbasqulu bəy haqqında şeri ilk dəfə onu şəxsən tanıyanlardan deyil, ömrünü dağlar qoynunda keçirmiş, bir dəfə də olsun onu görməmiş Abbasəli əmidən eşitdim. Tələbəlik dostum Məmməd Abdullayevin (8) atası Abbasəli əmi 1904-cü ildə Şahbuz rayo-nunun Yuxarı Qışlaq kəndində doğulmuşdu. Ömrü boyu da bu kənddə yaşamışdı. Naxçıvanın nəfəs kəsən istisindən qurtulmaq üçün şənbə-bazar günləri biz də Məmmədə qoşulub Abbasəli əminin evinə sığınırdıq.

Mollaxanada cəmi üç il oxumasına baxmayaraq həvəslə dini ki-tablar oxuyar, məclislərdə dini mövzuda söhbətlərə coşqunluqla qoşulardı. O, islamı ehkamlara ciddi əməl etsə də, dünyəvilik hissi olduqca güclü idi. Kefi kök olanda, dağda ot biçəndə, gəzəndə şövqlə Əsli-Kərəmdən, Abbas--Gülgəzdən, Koroğludan oxumağı vardı. Evdə də həvəslə dastanlardan parçalar, nağıllar, rəvayətlər, keçmişdə baş vermiş hadisələr söyləyərdi.

Bir dəfə də Abbasqulu bəy Şadlinskidən söz düşəndə Abbasəli əmi dedi:

–Daşnakların qoşunu Vediyə hücuma keçəcəkmiş. Qoşun baş-çısının arvadı yuxuda Həzrət Abbası görür. Görür Həzrət Abbas erməni qoşununu tamam qılıncdan keçirdi. Onun ərinə çatanda qı-lıncını saxlayıb dedi: «Səni təmiz qəlbli, pak imanlı arvadına bağış-ladım.» Arvadın əvvəlcədən də islamdan xəbəri varmış. Ürəyində müsəlmançılığı qəbul etsə də, ətrafındakıların qorxusundan dilinə gətirmirmiş.

Yuxu arvadı dilə gətirir. Ərinə deyir müharibədən əl çəksin. Müsəlmanların qanını axıtmasın. Görür yox, əri fikrindən dönən deyil. Deyir:

– Ay kişi, bu gün sənin başında bir qəza var. Yuxuda görmü-şəm. Neylədim səni yolundan döndərəmmədim. Qoy bir məktub yazım cibinə qoy. Dara düşsən bəlkə dadına çatdı. Qoşun böyüyü arvadının könlünü qırmır. Yazdığı məktubu alıb cibinə qoyur.

Döyüş başdıyır, Allah göstərməsin, nə başdıyır. Ermənilərin to-pu, topxanası, dünya savaşında iştirak edib təcrübə qazanmış əsgər və zabitləri. Müsəlmanların isə köhnə-küşkül tüfəngləri. Müsəlman kəndlərinin çoxu dağıdılıb. Ölən ölüb, qız-gəlin əsir-yesir düşüb. Sağ qalanın bir qismi yığılıb Vediyə. Bu kəndi bir alınmaz qalaya çeviriblər.

Döyüşdə ermənilər güc gəlir. Vedililərin səngəri seyrəlir. Birdən göyün üzünə balaca qara bulud gəlir. Bu qara bulud böyüyür. Ora-dan çəpinə – ermənilərin üzünə tərəf bir yağış çırpır, gəl görəsən. Yağışın göz açmağa imkan vermədiyini görən müsəlmanlar sən-gərlərdən çıxıb hücuma keçirlər. Yağış onnarı arxadan vurduğundan güllə atmalarına əngəl olmur.

Ermənilər görürlər ki, budu ha, müsəlmanlar gəlib çatdılar. Üz qoyullar qaçmağa. Ölən ölür, sağ qalan qaçıb canını qurtarır. Amma qoşun böyüyü qaçıb canını qurtara bilmir. Onu tuturlar. Üstünü yoxlayanda bir kağız çıxır. Baxırlar, kağızda bir şer yazılıb:

Vedinin dağları batıbdı yasa,

Daşnaqlar istəyir Vedini basa,

Bir kağız yazaram ağam Abbasa, (9)

Millət sənə qurban, bəy Abbasqulu,

Var olsun, gül olsun, bəy Abbasqulu.

 

Vedinin dağları dönübdü qana,

Qağtağan (10) cəmdəyin verib yan-yana,

Bir kağız yazaram Şahi-Mərdana

Millət sənə qurban, bəy Abbasqulu,

Var olsun, gül olsun, bəy Abbasqulu.

 

Vedinin üstündə toplar quruldu,

Topların qurğusu tərsə buruldu,

Soltanım (11) gəlmədi borğu pozuldu.

Millət sənə qurban, bəy Abbasqulu

Var olsun, gül olsun bəy Abbasqulu.

 

Qoşun başçısını gətirirlər Abbasqulu bəyin yanına. Abbasqulu bəy xəbər alır:

– Bu nə kağızdı?

Qoşun başçısı başına gələnləri danışır. Abbasqulu bəy ona aman verir. Arvadının ürəyində islamı qəbul etdiyinə görə onu buraxır.

Abbasqulu bəy Şadlinski haqqında neçə-neçə məqalə oxumuşdum. Fərman Kərimzadənin «Axırıncı aşırım» romanı da Abbasqulu bəyin ömrünün son illərini geniş əhatə edir. Amma heç bir yerdə Abbasqulu bəyə şer qoşulduğunu eşitməmişdim. Abbasəli əminin söylədiyi şer və rəvayət məndə belə bir qənaət yaratdı: «Ya Abbasqulu bəy  Şadlinski haqqında dastan qoşulmuş, ya da buna təşəbbüs göstərilmişdir.»

Odur ki, axtarışa başladım. Abbasqulu bəyin əminəvəsi Abbasqulu bəy haqqında böyük həcmli xatirələr yazsa da, onu çap etdirə bilməyən Bilas (12) müəllimlə görüşdüm. Şamxor rayonunun Leninkənd kəndində yaşayan Bilas müəllimdən Abbasqulu bəy haqqında dastan olub-olmadığını xəbər alanda o dedi:

– Elə bir dastan yadıma gəlmir. Bəlkə də olub, mən eşitməmişəm. Amma aşıqların oxuduqlarını eşitmişəm. Şahablı (13) Cəlil Abbasqulu bəydən yaman şövqlə oxuyurdu. Deyillər onun da güdazına getdi. Andranik Qaraxaç (14) tərəf kəndləri dağıdanda qələbəsini qeyd etmək üçün kef məclisi qurubmuş. Aşıq Cəlili də o məclisə gətirirlər. Deyillər, çal, oxu, kefimizi aç. Yanındakılar da deyir Andranikin qəhrəmanlığına şer qoş.

Aşıq Cəlil başdıyır çalıb-oxumağa. Görürlər ki, bu Abbasqulu bəydən oxuyur, onu tərifləyir. Kimi deyirdi dartıb dilini   malazasından – boğazından qoparmışdılar. Kimi də deyirdi Aşıq Cəlilin üryan bədəninə qaynar samavar bağlayıb deyiblər: «İndi oxu!» Hər nə isə, Aşıq Cəlil orada öldürülmüşdü.

Abbasqulu bəydən yaşda kiçik olsam da (O məndən 16-17 yaş böyük idi) çox şey eşidib, çox şey görmüşdüm. Deyirdilər Abbasqulu bəyin özünün də şer qoşmaq qabiliyyəti varmış. Əmim Xanbaba rəhmətə gedəndə Abbasqulu İrəvanda müəllimlər seminariyasında oxuyurmuş. Məktəbi yarımçıq qoyub ailəyə başçılıq etməyə gəlir.

O vaxtlar da bizim Böyük Vedidə Balasultan adlı bir şəxs varmış. Cuvarıymış. Vediçayı, kəhrizlərin suyunu əkin sahibləri arasında bölürmüş. Vedidə də o vaxtlar çoxlu pambıq əkirlərmiş. Pambıq da elə bitkidir ki, üçcə gün suyunu gecikdirdin, daha ondan məhsul ala bilməzsən.

Pambıq su tələb edən vaxt Balasultan müxtəlif bəhanələr gətirir. Kimisinə deyir, ötən ilin su pulundan qalıb, kimisinə deyir, suyu çox işlədib az pul verirsən. Camaatın narazılığının artdığını görən Abbasqulu bəy belə bir şer yazır:

 

Ay Balasultan,

Qaşları qaytan.

Allahdan utan!

Pambığımız yandı.

Bu məzlum xalqın,

Naləsi yerdən

Ərşə dayandı.

 

Vedidə hər yerdə bu şer mahnı kimi oxunurmuş. Xüsusən, uşaqlar Balasultanı görəndə xorla oxuyub onu cırnadarmışlar.

Bu hadisədən sonra camaat Abbasqulu bəyi cuvar-mirab seçir. O dövrdə bu ən mötəbər iş olub. Hamının düzlüyünə, doğruluğuna inandığı, həm də heç kəsə güzəştə getməyəcəyini bildikləri adamı cuvar seçirlərmiş. O dövrdə təkcə Abbasqulu bəy haqqında deyil, Osmanlı ordusunun sərkərdələri haqqında da mahnılar vardı. Biz onları marş şəklində oxuyardıq. Yadımda bir neçəsi qalıb. Orda Şükrü Paşanın, Muxtar paşanın adı çəkilir.

 

Qara dəniz axmam deyir.

Ətrafımı yıxmam deyir.

Adı gözəl Şükrü paşam

Ədirnədən çıxmam deyir.

 

Araz çayı axdı getdi,

Ətrafını yıxdı getdi.

Kor olasan Muxtar paşa.

İrəvandan çıxdı getdi.

 

Abbasqulu bəy Şadlinskini yaxından tanıyan Qasım Tağıyev (15) də maraqlı söhbətlər etdi. Dedi:

– 1918-ci illərdə yalnız Vedidə deyil, Naxçıvanda, İrəvanda, Makuda, Mərənddə də Abbasqulu bəyin böyük nüfuzu vardı. Haqqında qoşulan mahnıları mən də çox eşitmişəm. Amma yaş öz işini görüb. Heyif, yadımda bütöv qalmayıb. Bir bəndi vəzni, qafiyəsi pozulmuş şəkildə yadımda qalıb. Təxminən belədir:

 

Aman, aman, a Sərkisim, amandı.

Vedinin davası axır zamandı.

Vedi atlıları sanki tufandı.

Tufan qoparacaq, Abbasqulu bəy,

Əsir aparacaq, Abbasqulu bəy.

 

Abbasəli əminin söylədiyi rəvayətdə və şerdə erməni sərkərdəsinin adı çəkilmir. Amma Qasım Tağıyevin söylədiyi şer parçasından erməni sərkərdəsinin adını öyrənmək olur. Qasım Tağıyev onu da xatırladı ki, Naxçıvanlı könüllülərdən təşkil olunmuş döyüş dəstələri də Osmanlı ordusunun əsgərləri kimi marşlar oxuyarmışlar. Bu marşların çoxu Osmanlı imperiyasında oxunan marşların yerli şəraitə uyğunlaşdırılmış variantları imiş. Məsələn:

 

Arpa çayı axmam deyir

Ətrafımı yıkmam deyir

Naxçıvanın igidləri

Şu Dəhnədən çıkmam deyir.

 

Abbasqulu bəyi tanıyanlar onun haqqında mahnı eşitdiklərini söyləyirdilər. Bunların əksəriyyəti Abbasəli əmidən eşitdiyim mahnının müxtəlif variantları idi.

Şiddili Mədət Bağırovun (16) söylədiyi mahnının sonu aşağıdakı nəqarətlə bitir:

 

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

 

Bu misralar onu göstərir ki, Sovet hakimiyyəti illərində Abbas-qulu bəy Şadlinskinin əməyinin, xidmətinin düzgün qiymət-ləndirilməməsi adamlarda bir narazılıq hissi oyatmışdı.

Millətinin dar günündə qabağa çıxan, elinə ağsaqqallıq edən, heç bir hərbi təhsil görməsə də, xalq sərkərdəsi kimi şöhrətlənən, Rus ordusunda general rütbəsinə yüksəlmiş, Birinci Dünya Savaş-ında iştirak etmiş erməni sərkərdələrinin üzərində qələbələr çalmış Abbasqulu bəyi Sovet hakimiyyəti illərində müxtəlif vasitələrlə sı-xışdırmağa başlamışdılar. Onun torpaqlarını, malını, mülkünü ya-vaş-yavaş əlindən almağa çalışmışdılar. 1930-cu ilin martında da elə bir iş dalınca göndərmişdilər ki, oradan cənazəsi gəlmişdi.

Görünür «Hayıf kı, əməyi zay, Abbasqulu» misraları da Sovet hakimiyyətinin ilk illərində və ya Abbasqulu bəyin ölümündən sonra şerə əlavə edilmişdi.

Mədət Bağırovun söylədiyi şer ruhən Abbasqulu bəy Şadlinski haqqında öncədən topladığım şerlərlə vəzn, rədif, üslubca eyni olsa da, məzmunca bir az fərqlidir. Elə bil eyni şerin müxtəlif bəndləri və ya bənzətmələridir:

Bizim əsgər maşın yolunu aldı.

Davanın gücünü Vediyə saldı.

Bir hücumla on iki pulemyot aldı.

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

 

Müsəlmanlar bürc başına toplaşdı.

Toplar açılanda gözdər qamaşdı.

Ana-bacılar saç yolub ağlaşdı

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

 

Gavur meydan açıb, atın oynadır,

Vedinin dağların qana boyadır,

Qəlbimdə düşmənə nifrət oyadır,

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

Naxçıvan Elm Mərkəzi folklor bölməsinin müdiri, filologiya el-mlər namizədi Cabbar Cəlilovun İliç rayonunun Cütcülü kəndində Məhəmməd kişidən topladığı şerdə isə bəndlər «Millət sənə qurban, bəy Abbasqulu!» misraları ilə başa çatır.

Bundan başqa müxtəlif vaxtlarda cib dəftərimə yazdığım, lakin kimdən topladığımı unutduğum şer parçaları arasında:

Əlində mauzeri, Abbasqulu bəy!

Belində dəhdürü, Abbasqulu bəy!

 

Dedim Sərkis, gəl getməynən, amandı,

 

Bəs deyirdin, bizim soldat yamandı,

 

Axırki apardı sağ, Abbasqulu bəy

 

Amandır, qoymayın Vedini ala.

 

Yaşasın, yaşasın bəy Abbasqulu!

 

Və başqa misralar da var.

Şərur tarix-diyarşünaslıq muzeyinin müdiri Abdulla Qurbanov (17) Abbasqulu bəylə maraqlandığımdan xəbərdar olduğundan bir şer verdi. Şer 1921-ci ildə «Qırmızı tabora» qoşulmuş, orada əsgərlərin xörəyini bişirən, paltarlarını yuyan Əfruzun (18) dilindən deyilib:

 

Mən Əfruzam ayrılıram elimdən,

Zara gəldim bəyin, xanın əlindən.

Məni də qoş, Abbasqulu, dəstənə,

Adım düşsün nəğmələrə, dastana.

 

Qırıldı qanadım, qolum yox.

Dörd yanımda düşmənim çox, zalım çox.

Səndən başqa kimsənəm yox, kimim yox.

Məni də qoş, Abbasqulu, dəstənə,

Adım düşsün nəğmələrə, dastana.

 

At minərəm, ər oğlu ər kimi,

Döyüşlərə girişərəm nər kimi,

Qoruyaram Sədərəyi, Kərkimi,

Məni də qoş, Abbasqulu, dəstənə,

Adım düşsün nəğmələrə, dastana.

Dəfələrlə xəbər alsam da, Abdulla bu vəzni, qafiyəsi pozuq şeri kimdən topladığını söyləmədi. Onun özünün şairlik qabiliyyəti var-dı. Kütləvi tamaşalar, bayram şənlikləri hazırlayanda hətta məşhur şairlərin şerlərinə «əl gəzdirib» məclisin əhval-ruhiyyəsinə uyğunlaşdırardı.

Abbasqulu bəy Şadlinski haqqında, onun sərkərdəliyi, el ağ-saqqallığı barədə də çoxlu rəvayətlər var. Bunların kökündə olmuş hadisə dursa da, bir az bədiiləşdirilmiş təsir bağışlayır. Həmin rəvayətlərdən bir neçəsini aşağıda veririk.

Birinci rəvayət: Vedi yarım mühasirə vəziyyətindənmiş. Vəziyyət getdikcə pisləşirmiş. Amma Abbasqulu bəy ruhdan düş-mür, səngərləri gəzir, deyirmiş: «Bir az da dözün, səbir edin. Os-manlıdan kömək gələcək.» Axşamüstü Vedi döyüşçülərinin sıraları seyrəlib patronları azalanda bir də görüllər Araz tərəfdən yolda toz-duman qalxdı. Budu, atlar Vediyə tərəf çapıllar. Bunnan ruhlanan Vedililər özdərinnən qat-qat çox olan erməni qoşununun üzərinə hücuma keçirlər. Ermənilər qaçmağa üz qoyur. Vedililər ermənilərin xeyli tüfəngini, patron və başqa hərbi sursatını ələ keçirirlər.

Sən demə, köməyə gələn yoxmuş. Abbasqulu bəy hiylə işlədib adamlarından beş-altı atlını ayırıb göndəribmiş. Tapşırıbmış ki, naxırı Vediyə tərəf qovsunlar. İki-üç silahlı da naxırın qabağında atını çapsın. Onlar da komandirlərinin tapşırığını yerinə yetiriblər.

Ermənilər də uzaqdan baxanda silahlı atlıları seçiblər. Toz-dumandan arxadan gələnin naxır olduğunu seçə bilməyiblər. Osmanlı əsgərlərinin köməyə gəldiyini güman edib qaçıblar.

İkinci rəvayət: Abbasqulu bəy yenə şayiə yayır ki, Osmanlılar Vediyə top göndərəcəklər. Bundan bir neçə gün sonra nehrələrin bir başını qırdırıb içərisinə daş doldurur. Sonra da onları dəvələrə yüklədib Vediyə gətirdir. Vedini mühasirəyə almış ermənilər görürlər dəvələr ağır-ağır Vediyə tərəf gəlir. Durbinlə baxıb dəvə-nin üstündəki nehrələrin qırıq tərəfini top lüləsinin ağzına bən-zədərək qorxub geri çəkilirlər.

Üçüncü rəvayət: Döyüşdə alınan qənimətlər komandirə – Abbasqulu bəyə peşkəş edilirmiş. Abbasqulu bəy də bunun müqabilində silah, patron, geyim, qida verərmiş. Bir dəfə döyüşdən sonra iki nəfər hərbçilərin çöl şəraitində xörək bişirilən təkərli qazanı Abbasqulu bəyə peşkəş edirlər. Abbasqulu bəy qoşqu üzərindəki qazanı gətirənlərin qürurunu, sevincini görüb xəbər alır:

– Bu nədir?

– Abbasqulu bəy, samalyot* vuran topdu!

– Bunun harası topdu?

Həmin iki nəfər dil-boğaza qoymadan qazanın altındakı ocaq yerini göstərib: «Bəy burdan mərmi qoyurlar» – tüstü çıxan bacanı da göstərib «burdan da göydə uçan samalyot vurulur» – deyirlər.

Abbasqulu bəy hərbi xidmətdə olmamış, topu səyyar mətbəx qazanından seçə bilməyən, amma şərəf və namuslarını qorumaq üçün əllərinə silah alıb erməniyə qarşı döyüşən bu insanlara bərkdən gülsə də, hərəsinə bir eşşək bağışlayaraq deyir: «Aparın, qoy ailəniz dəyirmana dən aparsın, çöldən otunuzu, samanınızı daşısın».

Dördüncü rəvayət: 1920-ci ilin iyun ayında ermənilər bütün qüvvələrini səfərbərliyə alaraq hər yerdən köməyi kəsilmiş Vediyə hücuma keçirlər. İki il döyüşə cəsarətlə rəhbərlik etmiş Abbasqulu bəy vəziyyətin getdikcə pisləşdiyini, düşmən qabağında uzun müddət duruş gətirə bilməyəcəklərini görüb adamlara tapşırır ki, arvad-uşağı, mal-heyvanı Arazın o tayına – İrana keçirsinlər.

Bir ada kimi mühasirədə qalmış Vedi boşalır. Abbasqulu bəy də silahlı dəstəsilə ermənilərlə döyüşə-döyüşə Arazı o taya keçir. Görür Ərəblər (19) kəndi yaxınlığında bir qarışıqlıq var. Adam göndərir ki, səbəbini öyrənsin. Gedən gəlir ki, Abbasqulu bəy, Xəlilin (20) əmioğlusu və bacısının əri İbrahim Sədərəkli Baxşəli ağanın qoyun sürüsünü bölüb aparıb. Yerdə qalanını da camaat dağıdıb.

 ----------------------

* Samalyot (rusca) – təyyarə, uçaq

 

Abbasqulu bəy deyir: «Gedin, ona deyin, erməni-müsəlman da-vasından başımız ayılmamış bu da Sədərəkli-Vedili toqquşması yaratmasın!»

Gedən geri dönüb deyir: « Abbasqulu bəy, İbrahim az qala məni də öldürmüşdü. Gülləsindən birtəhər yayındım. Sizə də sifariş gön-dərdi. Dedi: – «Abbasqulu bəyin ağalığı Arazın o tayında qaldı. Burada mən özüm özümün ağasıyam. Neylədiyimi də özüm yaxşı bilirəm.»

Abbasqulu bəy atını sürüb gəlir. Camaatın içindəcə İbrahimi güllələyir. Sonra da əmr edir. «Kim sürüdən nə aparıb, gətirib qoy-sun yerinə! Bir azdan kim nə aparıbmış qaytarır. Bundan sonra nəinki Sədərəkli-Vedili münaqişəsi baş vermir, qaçqınlar arasında oğurluğa da son qoyulur.

İbrahimin tayfası qisas almaq istəyi ilə Abbasqulu bəyi öldürmək istəyəndə, Xəlil öz qohumlarının, atasının, əmisinin üstü-nə qalxır. Deyir: « Abbasqulu bəy düz elədi!»

Abbasqulu bəy araya ağsaqqal-qarasaqqal salıb ortaya barışıq qoydurur. İbrahimin ailəsinə də qan pulu olaraq bir camış, yük-lərini aparmağa bir eşşək, qoyun, pul, və s. verir. O, nəinki qaç-qınlıq illərində – İranda, hətta Vediyə dönəndən sonra da, ömrünün sonunadək bu ailəyə yardım edir.

Bütün bunlardan belə qənaətə gəlmək olur ki, Abbasqulu bəy Şadlinski haqqında dastan yaradılmasına təşəbbüs olub. Bunun üçün zəngin material olduğu kimi münbit şərait də varmış. Sovet hakimiyyətinin gəlişi və yeritdiyi siyasət bu dastanın yaranmasını və formalaşmasını əngəlləyib.

                                                                  5.V.1984.

 

Sözardı:1988-ci ildən erməni-müsəlman qarşıdurması Rusi-yanın təsiri ilə yenidən dərinləşdi. Müstəqillik əldə etmiş Azər-baycanla Ermənistan arasında müharibəyə çevrildi. Bu müharibədə on minlərlə insan öldü, yüz minlərlə insan yurd-yuvasından qaçqın düşdü, onlarla kənd və qəsəbə xarabalığa çevrildi. Tarix yenidən təkrarlandı. Keçmişdə baş verənlər yenidən xatırlandı. Yüzlərlə məqalə, onlarla kitab çap olundu. 1996-cı ildə Bakıda «Sabah» nəşriyyatı filologiya elmləri namizədi Əziz Ələkbərlinin «Abbasqulu bəy Şadlinski», 2000-ci ildə «Ağrıdağ» nəşriyyatı «Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı» kitablarını çap etdi. 1960-cı ildə Vedinin Qaralar kəndində doğulan Əziz Ələkbərli bu dəyərli kitablarda yalnız Abbasqulu bəydən, onun ömür yolun-dan deyil, şəcərəsindən, döyüş dostlarından da geniş söhbət açmış, qəzet və jurnallarda çap olunmuş məqalələrdəki  faktları tutuş-durmuş, həqiqəti ortaya qoymuşdur.

Ə.Ələkbərli filologiya elmlər namizədi olmasına baxmayaraq, hadisələrə tarixçi kimi yanaşmış, yeri gəldikcə eşitdiyi şerlərdən də istifadə etmişdir.

«Dastanlaşmış ömürlər» kitabı çapa hazırlanarkən Ə.Ələkbərli vaxtilə öz kitabına daxil etdiyi Abbasqulu bəylə bağlı şerləri də mənə təqdim etdi. Onları aşağıda veririk:

 

Aşıq Xudayar

                   ABBASQULU BƏY

Haqq evinə ziyarətə

Varıbdı Abbasqulu bəy!

Öz gücünü yaradandan

Alıbdı Abbasqulu bəy!

Döyüş vaxtı neçə köhlən

yorubdu Abbasqulu bəy!

Zəhmət çəkib nizam ordu

Qurubdu Abbasqulu bəy!

 

Vedibasar yeriyibdi,

Bir qanlı davadan deyim.

Dəstəsində şir oğullar,

Bu eldən, obadan deyim.

Məhərrəmlə İbrahimdən,

Xəlillə Nəbodan deyim.

Andranikin bağrını

Yarıbdı Abbasqulu bəy!

Nəcəf Koroğlu dəlisi,

Vedidə Qəmlo bir igid.

Hamını bir-birmi sayım,

Sayıqda burda hər igid.

Bu torpaq şahin yuvası,

Kəblə İsmayıl nər igid.

Daşnakları bəndə salıb,

Qırıbdı Abbasqulu bəy!

 

Tanrı ona nüsrət versin,

Müsəlmanın dayağıdır!

yoxsulların, fağırların

Evlərinin çırağdır!

Ay Xudayar, bu mərd oğul

Qoçaqların qoçağıdır!

Bu millətin xilasına

Durubdu Abbasqulu bəy!

 

 

       CAN ABBASQULU

Abbasqulu bəy tez havara çatdı,

Njdenin qoşunu al-qana batdı.

yüzlərlə daşnaqı qırıb da çatdı,

yağının cəsədi yan-yana yatdı,

                   Qılıncı əlində Xan Abbasqulu,

                   Xalqının ümidi can Abbasqulu.

 

Abbasqulu bəy dönüb aslana, şirə,

Qoymur ki, yağılar Vediyə girə.

Tağı bəy göndərmir qoşuna cirə,

Zeyvə-Düdəngini eyləyib Şürə.

                   Qılıncı əlində Xan Abbasqulu,

                   Xalqının ümidi can Abbasqulu.

 

Tağı bəyin  tüfəngi də uyuxdu,

Namusu da yoxdu, qanı soyuxdu.

Övnədə  yediyi bircə toyuxdu,

Abbas bəyi görcək qorxdu, huyuxdu.

                   Qılıncı əlində Xan Abbasqulu,

                   Xalqının ümidi can Abbasqulu.

 

Şahabli Aşiq Cəlil

QEYRƏT GÜNÜDÜR!

 

Vedinin dağları düşüb araya,

Düşmən cəhd eləyir kəndi talaya.

Naməni yazmışam Abbas ağaya,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya, gəlsin!

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları batıbdı yasa,

Daşnaklar istəyir Vedini basa.

Bir məktub yazmışam o xan Abbasa,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya gəlsin!

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları batıb dumana,

Qana dönsün görüm, belə zamana.

Abbasqulu qan uddurar düşmana,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya, gəlsin.

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları batıbdı qana,

Daşnakı qırmaqla biz gəldik cana.

Yazmışam Vətənin o mərd oğluna

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya gəlsin!

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları qar-boranlıdır,

Düşmən silahlıdı, əli qanlıdır.

Mənim bəyim igid, adlı-sanlıdır,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya, gəlsin.

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Qaynaqlar və notlar

 

1. Ababil Əhməd qızı Qarayeva. Təqribən 1895-ci ildə Göyçə mahalının Zod kəndində doğulmuş 1985-ci ildə İnəkdağ kəndində vəfat etmişdir. Savadsız olsa da çoxlu nağıl, rəvayət, bayatı və s. bilirdi.

2,3. Göyçə mahalında kənd.

4. Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov-Kəsəmənli 1868-ci ildə doğulmuş ağlı və fərasəti ilə var-dövlət, mal-mülk sahibi olmuşdur. Səxavəti, xeyirxahlığı, bacarığı haqqında maraqlı rəvayətlər danışılır. Aşıq Ələsgərin

 

Naxçıvan xanları, Şərur bəyləri

Səxada Səmədə qul ola bilməz! –

 

beytin də Səməd ağa Kəsəmənli nəzərdə tutulur. Erməni-müsəlman davalarında onlarla erməni ailəsini labüd ölümdən xilas edib. Ermənilər arasında da böyük nüfuz və hörmət sahibi olduğuna görə 1918-ci ildə toqquşmalara son qoymaq üçün bir qrup ağsaqqal və nüfuzlu şəxslə Basarkeçərə-ermənilər yaşayan kəndə, bölgənin inzibati mərkəzinə gedərək Ermənistan hökumətinin hərbi nümayəndəliyi ilə danışıq aparmaq istəyib. Danışıq vaxtı Ermənistan hərbi dəstəsinin komandiri Səmədağanı təhqir edir. Bu gözlənilməz təhqir Səməd ağanın ürəyinin partlamasına səbəb olur.

5. Abbasqulu bəy  Xanbaba bəy oğlu Şadlinski 1886-cı ilin 24 fevralında Böyük Vedi kəndində doğulub. Atası öldüyündən İrəvan seminariyasında təhsilini yarımçıq qoyub təsərrüfatlarını idarə etməyə gəlir. 1912-ci ildə gizli səsvermə ilə mirab seçilir.

Birinci Dünya Savaşında Rusiyanın məğlub olması ölkədə qarışıqlığı daha da artırdı. Yerli özünüidarə təşəbbüsləri artır. Əhalini quldurlardan, soyğunçulardan qorumaq üçün özünümüdafiə dəstələri yaradılır. 1917-ci ildə Abbasqulu bəy Şadlinski İrəvan quberniyasında dördüncü sahənin komissarı təyin edilir.

Rusiya strateqləri Qafqazın nüfuz dairələrindən çıxa biləcəyindən ehtiyatlanaraq bir neçə yerdə milli zəmində toqquşmalar törədilir. Qafqaz cəbhəsindən geri dönən Rus ordularının silahları ermənilərə verilir. Onlara hər cür köməklik göstərilir. Bundan ruhlanan erməni irqçiləri müsəlmanlar yaşayan kənd və məhəllələrə basqınlar təşkil edirlər.

Böyük Vedi kəndinin əhalisi də Abbasqulu bəyin rəhbərliyi ilə özünümüdafiə dəstəsi yaradır. Çox təəssüf ki, müsəlmanların yaratdıqları özünümüdafiə dəstələrində silah, hərbi sursat azlıq etməsi, dəstə üzvlərinin hərbi təlim görməməsi azmış kimi rəhbərlər arasında da fikir, fəaliyyət birliyi olmur. İndiki Ermənistan Respublikası ərazisindəki onlarla müsəlman yaşayan kəndi erməni silahlı dəstələri 1917-18-ci illərdə dağıdaraq mərkəzi İrəvan şəhəri olan Ermənistan Respublikası qura bilirlər. Yeni yaranmış Ermənistan hökumətinə tabe olan silahlı birləşmələr də irqçilərdən, quldur dəstələrindən  fərqlənmir.

İrəvan quberniyasının əksər kənd və şəhərləri irqçi erməni quldurları tərəfindən dağıdılıb soyqırımına  məruz qaldığı bir vaxtda Abbasqulu bəyin başçılıq etdiyi özünümüdafiə dəstəsi Böyük Vedini iki ilə yaxın qoruyur. Əsasən döyüşlərdən əldə etdiyi silah və hərbi sursatla keçinən vedililər 1920-ci ilin «taxıl biçimində», yəni iyun-iyul aylarında məğlubiyyətin qaçılmazlığını görüb mühasirəni yararaq Şərura, oradan da Şahtaxtı körpüsü vasitəsilə İrana keçirlər.

1920-ci ilin oktyabrın 12-də Naxçıvan Hərbi İnqilab Komitəsinin sədri, Fövqəladə Komissar Bahadur Vəlibəyov A.Şadlinskini öz tərəfdarları ilə birlikdə Naxçıvana  çağırır.

A.Şadlinski Naxçıvana gələrək «Qırmızı Tabor» adı ilə məşhurlaşan silahlı dəstəni yaradır. Bu dəstə Şərurun, Vedibasarın, Dərələyəzin, Zəngəzurun erməni silahlı dəstələrindən təmizlənməsində fəal iştirak edir. Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi 1921-ci ilin mayın 30-da 56 saylı fərmanla 21 nəfəri həmin dövrün ən yüksək mükafatı — «Qırmızı Bayraq» ordeni ilə təltif edir. 1921-22-ci illərdə Naxçıvan Sovet Sosialist Respublikasının 3-cü qornizonunun rəisi işləyən A.Şadlinski sonradan Böyük Vediyə qayıdır. Dəvəli yaxınlığında kirəc mədənini (sonralar bu mədən genişləndirilərək Ararat sement zavoduna çevrildi — Ə.Ş.) işə salır.

Sovetlərin yeritdiyi siyasət əhalini narazı salır. Bir zaman A.Şadlinski ilə birlikdə döyüşən Sovet hökumətinin ordenini alanlardan bir çoxu hökumətə qarşı çıxır. «Qırmızı Tabor»da xidmətinin görə «Qırmızı Bayraq» ordeni almış Fətulla Hüseynovun qaçaq dəstəsi uzun illər Qafqazın hökumət adamlarının narahat etmişdir. Ona görə də xalq arasında böyük nüfuz sahibləri müxtəlif vasitələrlə aradan götürülürdü.

Kollektivləşmə adı altında kəndlilərin var-dövlətlərini əllərindən alırdılar. Ölkəni qiyamlar, itaətsizliklər bürümüşdü. Abbasqulu bəy kimi bir şəxsin belə haqsızlığa dözməyəcəyi məlum idi. Üsyana Abbasqulu bəy Şadlinski başçılıq etsə onu yatırtmaq da çətin olacaqdı. Odur ki, Kərbəlayı İsmayılı 1930-cu ilin əvvəllərində üsyana təhrik edirlər. Sonra da «əhalini qırğında qorumaq üçün» Abbasqulu bəyi Kərbəlayı İsmayılla danışmağa göndərirlər. Üsyançılara isə Abbasqulu bəyin kəşfiyyat və təxribat məqsədilə gəldiyi xəbərini sızdırırlar. Beləliklə, Abbasqulu bəy Şadlinski 1930-cu ilin martın 3-də Cığın dərəsində, Kolanı kəndi yaxınlığında keçmiş silahdaşlarının gülləsinə tuş olur. Döyüş dostu və silahdaşı Xəlil Mehdi oğlu ilə birlikdə öldürülür.

Bir neçə gün sonra üsyan qan içində boğulur. Abbasqulu bəyin və Xəlilin meyitləri qəbirdən çıxarılaraq gətirilib Böyük Vedidə məktəbin həyətində təntənə ilə dəfn edilir.

6. 1988-ci ilədək tüklər yaşayan qəsəbə. 1990-cı ildə adı dəyişdirilib.

7. Fərman İsmayıl oğlu Kərimzadə tarixi romanları ilə məşhurlaşan yazıçı. 1937-ci ilin 3 martında Böyük Vedidə doğulub. Atası İsmayıl Şıxəli oğlu Abbasqulu bəyin silahdaşı olub. Fərman Bakıda rəssamlıq texnikumunu bitirsə də gənc yaşlarından istedadlı, milli şüurlu yazıçı kimi tanınıb. 1988-ci ildə müsəlmanları Ermənistandan zorla qovanda Azərbaycan hökumət məmurlarının cəsarətsizliyini etiraz edərək bir qrup millət vəkili və ziyalı ilə Moskvaya şikayətə gedib. Moskvada hökumət dairələrində, qəzet və jurnallarda ictimai təşkilatlarda olub, müsəlmanların başına açılan oyunlara dair topladığı materiallarla onları tanış edib. Heç bir tədbir görülməyəndə hər şeyin mərkəzdən idarə olunduğunu görərək kor-peşman geri qayıdıb.

Azərbaycanda Ermənistandan gələn qaçqınların yerləşdirilməsi, onların problemlərinin həlli ilə məşğul olmağa çalışıb. Bu işə hökumət məmurlarını laqeyd yanaşdığına dözə bilməyən həssas ziyalının ürəyi 1989-cu ilin 17 martında qaçqınlar arasında dayandı.

8. Məmməd Abbasəli oğlu Abdullayev. 1948-ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində doğulub. 1974-cü ildə BDU-nin hüquq fakültəsinin axşam şöbəsini bitirib. Uzun illər Culfada, Naxçıvanda, Bakıda xalq hakimi işləyib. 1 oktyabr 1999-cu ildə Bakıda Azərbaycan Ali Məhkəməsinin hakim kimi işə baxarkən ürəyi dayanıb.

9. Dördüncü Xəlifə Əlinin oğlu 680-ci ildə Kərbəla döyüşündə öldürülən Abbas nəzərdə tutulur. Onun döyüşdə göstərdiyi hünəri tərənnüm edən çoxlu mərsiyə, hekayət və rəvayət var. Şiələr hər il məhərrəm ayında keçirdikləri mərasimlərdə Abbası da yad edir, onu qəhrəmanlığını öyür, faciəli ölümünə ağlayırlar.

10. 1914-cü ildən sonra Osmanlıdan Rusiya İmperiyasına qaçmış ermənilərə verilən ad. Ermənicə qaçqın, köçkün anlamındadır.

11. Osmanlı Sultanlarınla işarədir.

12. Bilas Heydər oğlu Şadlinski 1903-cü ildə Böyük Vedidə doğulmuş, özünümüdafiə dəstəsinin üzvü olmuşdur. 1948-ci ildə Ermənistandan müsəlmanlar Azərbaycana köçürüləndə B.Şadlinski ailəsi ilə Şəmkir rayonuna gəlmiş, 1992-ci ildə orada vəfat etmişdir. Pedoqoji fəaliyyətinə görə bir neçə dəfə orden, medal və fəxri ad almışdır. A.Şadlinskinin Böyük Vedidə abidəsinin ucaldılması üçün uzun illər partiya - sovet orqanlarına müraciət etmişsə də, buna nail ola bilməmişdi.

13. Dərələyəzlə Vedi arasında Türklər yaşayan kənd. Türkiyədən qaçıb yerli ermənilərlə birləşərək Naxçıvanda, Zəngəzurda və Dərələyəzdə müsəlman kəndlərini dağıdan əhalini min bir əziyyətlə öldürən erməni silahlı dəstələri. İrəvanla birləşməyə, oradan yardım almağa can atırdılar. Qış olduğundan Selim gədiyi Göyçə yolu bağlanmışdır. Vedibasar isə Abbasqulu bəyin özünümüdafiə dəstələrinin nəzarəti altında idi. Buradan erməni silahlı dəstələrinin gedib-gəlməsi və ya yardım alması qeyri-mümkün idi. Türklər yaşayan Qaraxaçda 1918-ci ilin dekabrında özlərinə qərargah quran erməni silahlı dəstələri ilk günlər özlərini sakit aparır. Yalnız özlərinə yemək və atlarına arpa-saman almaqla kifayətlənir. Silahlı dəstələrini ətraf kəndlərdə də yerləşdirirlər. Hətta qərargah rəisi, alay komandiri Qazarosun imzası ilə Abbasqulu bəyə məktub göndərərək Şahablı, Qədirli, Çimən, Böyük Vedi və b. kəndlərdə də silahlı dəstələrini və qaçqınları yerləşdirməyi tələb edirlər. Abbasqulu bəy qan tökülməsin deyə dözümlülük göstərir. Erməni silahlı dəstələri Vedidə, Çimənkəndə uğur qazana bilməyəcəklərini görüb Çanaxçı dərəsindəki Şahbalı və Qədirli kəndinə çəkilərək hərbi vəziyyət elan edir, əhalinin gediş-gəlişini əngəlləyir və müsəlmanlarda olan silahları yarı xoş, yarı zor yığırlar. 1919-cu ilin 19 fevralında isə həmin kəndlərdə yerli sakinləri evlərə toplayıb yandırırlar.

Vedidən, Çimənkəndən silahlı dəstələr gəlib, erməniləri oradan  qovsa da, qəddarlıqda ad çıxarmış Vahanı öldürsə də artıq gec idi. Onlarla insan bir güllə atmadan nizə ilə, balta ilə, tonqalda yandırmaqla öldürülmüş, kəndlər tamam dağıdılmışdır. Aşıq Cəlil də orada öldürülmüşdür. Ölümü ilə bağlı rəvayətlər söylənilir. Rəvayətlərin birində də deyilir ki, aşıq Abbasqulu bəyi təriflədiyinə görə sazı ilə birlik 6 iyulda kərmə qalağında yandırılıb.

14. Türklər yaşayan kənd. İndiki Ermənistan Respublikasındadır.

15. Qasım Tağıyev. 1903-cü ilin 14 martında Naxçıvan yaxınlığındakı Nehrəm kəndində doğulub. Kənddəki ikisinifli hökumət məktəbini bitirib. 1920-ci ilin avqustunda Rus-Sovet ordularının Naxçıvana gələn hissəsinə qoşulub komsomol, partiya təşkilatlarında çalışıb. 1970-ci illərdən partiya komsomol veteranı kimi toplantılarda tez-tez çıxış edir. Andranikin törətdiyi qəddarlıqlardan söhbət açırdı. 1987-ci ildə Naxçıvanda vəfat etdi.

16. Mədət Bağırov. 1936-cı ildə Vedi bölgəsindəki Şidli kəndində doğulmuşdur. Savadsız olsa da çoxlu mahnı, şer,  rəvayət bilirdi.

17. Abdulla Novruz oğlu Qurbanov (Qurbani) -1956-cı ildə Şərur rayonun Mahmudkənd kəndində doğulub, Azərbaycan İncəsənət İnstitutunu bitirib. 1980-ci illərdə Naxçıvanda bir çox kütləvi tədbirlərin rejissorluğunu etmiş, «Qırmızı Tabor» muzeyi yaratmışdır. Bir neçə kitabın müəllifidir.

18. Əfruz İsmayıl qızı Kərimova. 1899-cu ildə Şərur - Dərələyəz qəzasının Kərimbəyli kəndində doğulmuş. 1921-ci ildə «Qırmızı Tabor»a qoşulmuş və orada da ailə qurmuşdur. 1946-cı il Şərurun Keşdaz kəndində vəfat etmişdir.

19. İran İslam Respublikası Qərbi Azərbaycan Ostanında qəsəbə. İndi Poldəş adlanır. Şahtaxtı kəndinin qarşı tərəfində Araz çayının sağ sahilindədir.

20. Xəlil Mehdi oğlu Mehdiyev. 1892-ci ildə Böyük Vedi kəndində doğulub.  Vedi özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən olub. «Qırmızı Tabor»un Qırmızı bayraq ordenini alan döyüşçülərindən biri də Xəlil Mehdi oğludur. 1921-ci ildən sonra kənd sovetinin sədri, kolxoz sədri və b. vəzifələrdə işləyib. Kərbəlayi İsmayılın başçılıq etdiyi üsyançılarla danışıqlara gedərkən 1930-cu ilin 3 martında Abbasqulu bəylə birlikdə öldürülüb.

Çap olundu: Əli  Şamil. Dastanlaşmiş ömürlər, Bakı, “Səda” nəşriyyatı,  2001, səh.75-93

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol