Karim İdelqujin

Karim İdelqujin

 Türk Dünyasının Məşhurları-11

Başqırd xalqının oğlu, siyasi xadim, dövlət adamı, maarifçi Karim İdelqujinin ömür yolu...

Göndərmə 19.03.2013 13:14:08 UTC

Güncəlləmə 19.03.2013 13:14:08 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=808ec8f3-0220-4b31-93ad-67cce4462f2e

Rusiya Tatarıstanı, Başqırdıstanı işğal edib sərhədlərini Sibirin dərinliklərinə doğru genişləndirməklə kifayətlənmir. Qafqazı, Türküstanı da işğal etməyə can atır. İşğal etdiyi torpaqlarda mövqelərini möhkəmlətmək üçün ruslaşdırma siyasəti yeridir, yerli millətlərdən özünə sadiq kadrlar hazırlayır. Bu kadrlardan həm də yeni işğal etdiyi bölgələrdə istifadə edirdi.

Rusiyanın yeritdiyi millətçilik siyasəti əsarət altına aldığı xalqların da ziyalılarında milli hissləri oyadırdı. Karim İdelqujin belə bir mühitdə doğulmuşdu.

Karim Abdulla ulu İdelqujin 1895-ci il oktyabrın 2-də keçmiş Rusiya İmperyiasının Orenburq quberniyasındakı Qıbcaq qəzasının Mryasov kəndində doğulmuşdur. İndi bu kənd Rusiya Federasiyası Ornebur vilayəti Novosergeyevka rayonuna daxildir. Karim ilk təhsilini kəndlərində mollaxana adlandırılan ibtidai məktəbdə almışdır.

Karim İdelqujinin yetginlik yaşlarında bölgədə “Qusmaniyyə”, “Qaliyə”, “Xusaniyyə”, “Sultaniyyə”, “Rasuliyyə” və b. mədrəsələr fəaliyyət göstərirdi. Bu təhsil ocaqları arasında Şərqin bir çox ölkələrini gəzib, İstanbul və Qahirə kimi şəhərlərdə təhsil aldıqdan sonra vətənə dönmüş Pərvazəddin Camaləddin Kamaləddinovun açdığı “Qaliyyə” mədrəsəsi xüsusilə seçilirdi. Ziya Kamali kimi tanınan din alimi və pedagoqun açdığı mədrəsəni dövrün bir çox məşhur adamları bitirmişdir. Karim İdelqujin də 1912-1914-cü illərdə mədrəsədə oxuyarkən müxtəlif siyasi baxışlı müəllimlərlə və gələcəyin məşhur şairləri və yazıcıları ilə, siyasi və ictimai xadimləri ilə, dövlət adamları ilə tanış olub və dostlaşmışdır.

Karim İdelqujin “Qaliye” mədrəsəsini bitirdikdən sonra bütün gücünü millətinin azadlığı uğrunda mübarizəyə sərf edir. Maarifçiliklə yanaşı təşkilatçılıq işləri də aparır. Əsas diqqətini azadlıq mübarizəsinin alovlandırılmasına yönəldir. Başqırdıstanın muxtariyyəti ideyasını yayanlardan birinə çevrilir.

Bolşeviklərin Peterburqda silah gücünə hakimiyyəti ələ almaları ölkədəki qarışıqlığı daha da dərinləşdirir. Peterburqdan bir gün sonra isə Ufada da bolşeviklər Sovet hakimiyyətini qurduqlarını və quberniya inqilab komitəsi yaratdıqlarını elan edirlər. Başqırd millətçiləri də məcbur qalıb 1917-ci ilin dekabrında Orenburqda “Kiçik Başqırdıstan” dövlətini qurdular. Lakin bu dövlətin möhkəmlənməsinə bir tərəfdən Dutovun və Kolçakın silahlı dəstələri, o biri tərəfdən də bolşeviklərin əsgəri birlikləri mane olur. Vəziyyətin çıxılmaz olduğunu görüb Zəki Vəlidi Toğanın rəbərlik etdiyi qrup bolşeviklərlə ittifaqa girməyi qərara alır.

Karim İdelqujin də bu ittifaqın tərəfdarlarından olur. 1919-cu ilin martında milli hökumətin ordu birlikləri bolşevik əsgəri birliklərinə qatıldı və hakimiyyətin də bolşeviklərə verildiyi elan edildi. Başqırdıstana isə Rusiya Federasiyasının tərkibində muxtar respublika statusu verildi.

Boşeviklər milli ordunun əsgər və zabitlərinə, eləcə də hökümətdə müxtəlif vəzifə tutanları güllələməyə, həbs etməyə, onlara təziq göstərməyə başlayır. 1918-1919-cu illərdə Başqırd ordusunun komandirlərindən olan Karim İdelqujin başqırd xalqının mənafei xatirinə bolşeviklərlə işləməyi qərara alır. Hətta 1919-cu ildə kommunist partiyası sıralarına daxil olur. Onu Tamyan-Katay bölgəsinə hərbi komissar vəzifəsinə göndərirlər.

1920-21-ci illərdə Burzyan-Tanqaurov, 1921-1922-ci illərdə Tok-Suran, 1924-1925-ci illərdə Arqaş bölgəsində inqilab komitəsinin sədri işləyən Karim İdelqujin Şaqit Xudayberdinlə birlikdə Burzyan-Tanqaurov bölgəsində savadsızlığın ləğv edilməsində də xüsusi fəallıq göstərir.

1922-1924-cü illərdə Orenburqdakı Başqırdıstan Xalq İnstitunu bitirən Karim İdelqujini Ufa şəhərinə gətirir və vilayət partiya komitəsinin orqanı “Başkortostan” qəzetinə redaktor təyin edirlər. O, redaktor işlədiyi illərdə savadsızlığın aradan qaldırılmasına, başqırdların yüzillər boyu istifadə etdikləri ərəb qrafikalı əlifbanın latın əlifbası ilə əvəzlənməsinə daha çox diqqət yetirir.

1926-ci ilin fevral-martında Bakıda keçirilən I Türkoloji Qurultaya Karim İdelqujin tək gəlmir. Əlifba və tədris məsələləri ilə ardıcıl məşğul olan Məcid Masaqutoviç Bilyalov, Qabdullah Fazliyeviç Vilqadanov, Xabibulla A. Kahirovviç Qabitov, Şərif Axmedoviç Manatov, Saqid Qubaydullin Miryasov, Zakir Şakiroviç Şakirov, Tatarıstandakı Kajur nəşriyyatının baş redaktoru Salah Sadri oğlu Ataqulovla birlikdə Bakıya gəlir. Qurultay çox gərgin keçir. Xüsusən Tatarıstandan gələnlər latın qrafikalı əlifbaya keçməkdənsə yüzillər boyu işlədilən ərəb əlifbasının islah edilərək türk dilləri üçün uyğunlaşdırılmasını tələb edirdilər.

Karim İdelqujin bu diskussiyalarda fəal iştirak edir, gənc Türkiyə Respublikasından gəlmiş professor Fuad Köprülüzadə, Əli bəy Hüseyinzadə, eləcə də Türkiyənin Bakıdakı konsulu Ferid Xurşud və başqaları ilə yaxından tanış olur, Sovetlərin milli məsələdəki mövqeyini müzakirə edirlər.

Bakıda keçirilən I Türkoloji Qurultay Karim İdelqujin Sovet siyasətinə baxışda köklü dəyişikliklər yaradır. 1926-cı ildə çap etirdiyi “1917, 1918, 1919-cu illərdə başqırd hərəkatı” kitabını yazıb çap etdirməkdə yanlışlığa yol verdiyini anlayır. Bu kitab faktlar baxımından nə qədər zəngin olsa da sonradan Sovet xüsusi xidmət orqanlarının başqırd millətçilərinə və vətənpərvərlərinə divan tutmalarında da əvəzsiz informasiya mənbəyi olmuşdur.

1928-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Cumhuriyyətinin Maarif Naziri təyin edilən Karim İdelqujini 1930-cu ildə kommunist partiyası sıralarından çıxardır və həbs edirlər. Uzun və üzüçü istintaqda onu millətçilikdə, antisovet təbliğat aparmaqda suçlayıb həbs edirlər. Dostlarının yardımı ilə onun üzərindən “vətənə xəyanət” ittihamı götürülsə də 5 il həbs cəzasına məhkum edilir.

Karim İdelqujin cəzasını çəkdikdən sonra onu bir daha rəhbər vəzifəyə yaxın qoymurlar. O, elmi-pedaqoji sahədə çalışır. Araşdırmalar aparır. Sovetlərin Rusiyanın yeritdiyi assimliasiya siyasətini davam etdirdiyini yazır. Elmi tədqiqat pedaqogika institunda işləyəndə başqırdların yüzillər boyu davam etmiş ailə təliminin öyrənilməsinə xüsusi diqqət yetirir. Gənc kadrları da bu yönə istiqamətləndirir.

Bütün bunlara görə Karim İdelqujin üzərində təzyiqlər artır və təqib edilməyə başlanır. 1935-ci ildə yenidən həbs edilir. Lakin bu həbs onu 1937-ci ilin kütləvi repressiyasından qurtara bilmir. Həbsxanada olsa da onu yenidən istintaqa cəlb edir və millətçilikdə, əksinqilabi fəaliyyətdə suçlayaraq 1937-ci il dekabrın 8-də güllələyirlər.

Karim İdelqujin vətənsevər və millətinə xidmət edən bir ziyalı olmuşdur. O, bolşeviklərlə birlikdə işləyəndə də həmişə millətini düşünmüş, imkanlardan millətinin xeyiri üçün yararlanmağa çalışmışdır. Müticəsinə yuxardan gələn əmirləri yerinə yetirməmişdir. Elə buna görə idi ki, 1956-ci ildə Stalin şəxsiyyətə pərəstişdə suçlandıqdan sonra 1937-ci ildə həbs edilənlərin böyük əksəriyyətinə həmin illərdə fiziki bəraət verilsə də Karim İdelqujin bəraəti 1989-cu ilədək yubadıldı. Sovetlər Birliyinin çoküşü yaxınlaşdıqda başqırd xalqı vətənsevər Karim İdelqujinin bəraət almasına nail oldu.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol