Koroğlu dastanının Əli Kamali arxivindəki variantları
«KOROĞLU» DASTANININ
ƏLİ KAMALİ ARXİVİNDƏKİ VARİANTLARI 

Əli Şamil Hüseyn oğlu
                                                                                 Bakı
 
Tehranda vəkil işləyən Əli Kamalinin (1944-1996) 1991-ci ildə qo­nağı oldum. Ofisin bir tərəfindən yüzə yaxın qovluq vardı. Bunlar ofisdəki məhkəmə üçün hazırlanan yaşıl rəngli qovluqlardan fərq­lənir­di. Müştərilərinin məh­kəmə işləri ilə bağlı qovluqlar rəfə dikinə yığılmış və ar­xa­la­rın­­dakı ağ kağızda nömrələr yazılmışdı. Ağ rəngli kağızdan hazırlanmış qovluqlar isə ay­rı­ca bir rəfdə üst-­üstə qalanmışdı.
Biz ədəbiyyatdan, folklordan, tarixdən söhbət gedəndə Əli Ka­mali əl atıb üst-üstə qalan­mış qovluqlardan birini götürər açaraq ora­dakı vərəqlərə baxar və ya fikrinin doğ­ru­luğu­nu isbatlamaq üçün oradan parçalar oxuyardı. Qovluqların bir neçəsində XVIII-XIX yüzillərdə yaşamış Tilimxanın şeirləri, şeirlərin makina yazıları və xət­tatların səliqə ilə köçürdükləri mətinlər idi. O, bu qovluqlara daha çox önəm verir və onlara tez-tez müra­ciət edirdi. Ciddi-cəhdlə Tilim­xan divanını çapa hazırlayırdı. Divana geniş izahlar və söz­lük də yaz­­dığını söyləyirdi.
Qovluqların bir necəsində də «Koroğlu» dastanının əlyazmalar, çap üçün hazır­ladığı mətinlər, maqnitofon lentinə yazılmış kasetlər vardı.
Əli Kamali ilə söhbət edərkən qovluqlardakı materialların bəzi­lərinin surətini çıxa­rıb mənə verirdi ki, Azərbaycan mətbuatında çap etdirim və ya məqalələrimdə istifadə edim. Mən də onun ar­zu­larını yerinə yetirməyə çalışırdım. Həmin illərdə mətbuatda Tilim­xanın bir neçə şerini çap etdirməklə haqqında bilgi də vermişdim.
Onun verdiyi materiallar mənim üçün çox önəmli olsa da çap etdirməyə o qədər də səy göstərmirdim. Düşünürdüm ki, Əli Ka­ma­li­nin zəhmətinin bəhrəsi olan bu material­ları özü çap etdirər. Buna maddi imkanı da vardı, böyük həvəsi də. Topladığı ma­te­rial­la­rı çap etdirmək üçün Azərbaycan türkcəsinin yazı qaydalarını özün­dən yaxşı bilənlərdən, Tehranda yaşayan gənclərin gücündən istifadə edirdi.
1996-cı ilin avqustun 31-də qəfil ölüm Əli Kamalini yaxaladı. Dəfnində iştirak edə bilməsək də bir qrup ziyalı ilə birlikdə qırxında iştirak etmək üçün Tehrana və do­ğul­du­ğu Bəndəmir kəndinə də getdik[1].
Əli Kamalinin yasından geri döndükdən sonra mənə ver­miş olduğu folklor nümunə­lərini Azərbaycan MEA Folklor İnsti­tu­tu­nun arxivinə vermək istədim. Arzu edir­dim ki, folklorşünas­la­rımız həmin materiallardan araşdırmalarında istifadə etsin­lər.
AMEA Folklor İnstitutun direktoru, f.e.d. Hüseyn İsmayılov Əli Ka­malini Azər­baycan Respublikasında daha yaxşı tanıtmaq üçün bir kitabça hazırlamağı tapşırdı və “Kor­oğ­lu” dastanının Əli Ka­ma­li arxivindəki nüsxələri mövzusunu iş planıma daxil etdi. Belə­lik­lə, beş ilə yaxın bu materiallar üzərində işlədim.
 Əli Kamali peşəkar folklorçu deyildi. Ətrafındakı dar dü­şün­cə­li­lərin «Türklərin ədəbiy­yat və folkloru yoxdur. Bu dildə gözəl bədii nümunələr yaratmaq olmaz!» dedi-qoduları onu doğulub boya-başa çatdığı bölgənin ədəbi nümunələrini toplamağa təhrik et­mişdir. Sanki zəngin bir xəzinə ilə rastlaşdığını görən gənc hü­quq­şünas sonra­lar dairəni genişləndirmiş İranın güneyində və do­ğu­şunda yaşayan türklərdən də folk­lor nümunələri toplamağa baş­la­mışdı. İranda islam inqilabından sonra türkcə qəzet və jurnalların nəş­ri, xüsusən də “Varlıq” jurnalı onu bu sahədə ardıcıl işləməyə hə­vəslən­dirmiş­dir. Həmişə səmimi etiraf edirdi ki xarici ölkədə hü­quq təhsili almış və doktor­luq dissertasiyasını müdafiə edərək İra­na qayıtmış Həmid Nütkünün ədəbiy­yatımız, dilimiz, tariximiz haqqında məqalələri ona ana dilini dərindən öyrənməyə güc­lü tə­kan göstərmişdi. “Varlıq” jurnalı Əli Kamalinin ömür yolunu də­yiş­mişdi.
Beləlik­lə, Savə, Həmadan, Qəzvin, Xorasan, Şiraz və b. böl­gə­lər­dən XVII-XX yüzil­lərdə yaşamış şairlərin, aşıqların heç yerdə çap olunmamış şeirlərini, dastanlar, nağıl­lar, bayatılar, atalar söz­lə­ri və s. toplamağa başlamışdır. Özü gedə bilmədiyi yer­lərə baş­qa­la­rını göndərmiş, onların məsrəflərini ödəmiş, söyləyicilərə də hə­vəs­­ləndirmək üçün müəyyən məbləğdə pul vermişdir[2]. Bunu Aşıq Əliəkbərin “Koroğlu” dastanı­nı lentə söyləyərkən işlətdiyi yarı za­rafat, yarı giley dolu ifadədən də aydın gör­mək olur.
Topladığını araşdırmağa səy göstərən, «Varlıq» jurnalına 20-dək məqalə yaz­an, bir kitab çap etdirən Əli Kamali nə yazıq ki, uzun il­lər üzərində işlədiyi və nəşrə hazır­la­dığı «Tilimxan divanı»nın, «Dastanlar»ın işıq üzü görməsinə nail ola bilməmişdir[3].
Sağlığında Əli Kamalinin topladığı materiallar və elmi fəaliy­yəti Azərbaycanda, Türkiyə­də, İranda, İsveçdə yaşayan ziyalıların və elm adamlarının da diqqətini özünə çəkmiş, haqqında məqalələr ya­zmışdır. Lakin onun topladığı materialların nəşri çox ləng gedirdi. Səbəbi də Ə. Kamalinin bu işlə davamlı məşğul ola bilməməyi idi. Ki­tab­lar çap etdirmək və ailəsini dolandırmaq üçün vaxtının çoxunu vəkillyə həsr edir, insanların haq­qını qoruyurdu.
 Ölümün­dən sonra isə onun arxivi araş­dı­rı­cı­la­rın üzünə bağlandı.
Ə. Kamalinin doğulub boya-başa çatdığı bölgə Mərkəzi İranda yer­ləşsə də daha çox Savə şəhərinin adı ilə tanınır. XX yüzilin baş­lan­ğıcınadək burada soykökü Xələc, Əfşar və Şahsevən tay­fa­la­rına bağlı türklərin 800-ə yaxın kəndi olmuşdu. Yüzil­lyiyin son­la­rı­na yaxın isə hökumətin yeritdiyi siyasət və şəhərləşmə nə­ti­cə­sin­də kənd­lərin sayı 450-yə enmişdi[4]. Ə.Kamali folklor material­la­rı­nın çoxunu da məhz bu kəndlərdən toplamışdı.
Şahsevənlər deyəndə öncə nəzərimizə Azərbaycan Respublika­sın­da və İran İslam respublikasının Savalan dağı ətrafında toplu yaşayan Şahsevənlər gəlir. La­kin İran İslam Respublikasının ayr-ayrı bölgələrində də Şahse­vən­lərin yaşadığını unutmamalıyıq. Şahsevənlərin hamısı­nın soy­kö­­kü eyni tayfalara dayanmır. Səfəvi hökmdarı I Şah Abbasın (1587-1629) siyasi məqsədlərlə formalaşdırdığı Şahsevən elləri ay­rı-ayrı tayfalardan ibarətdir. Belə ki, Azərbaycanda Şahsevən eli dur­sunxocalılar, məstalibəylilər, zərcərdlilər, quzatlı­lar, inanlılar, rza­bəylilər, poladbəylilər, talışmikayıllılar, novruzbəylilər, qoca­bəy­­lilər və b. tayfa, tirə və qoldan ibarətdirsə,[5] Savə bölgəsində ya­şa­yan Şahsevən eli əfşar, xələc, bayat, qaraqoyunlu, dögər, mosul, boz­çalu, əlqutlu, lək, aruxlu, inanlı, satlı, çələ­bi, sulduz, qarluq və b. tayfa və tirələrdən formalaşıb[6].
400 ilə yaxın bölgənin əsas gücü olan, elat həyatı yaşayaraq-yay­da yaylağa, qışda qışla­ğa köçən Şahsevənlərin tayfa qanunları XX yüzillikdən zəifləməyə başlayır və İkinci Dünya Savaşından sonra tədricən oturaq həyata keçirlər.
 Qafqaz Rusiya tərəfindən işğal ediləndən sonra Azərbaycanın quzeyi ilə güneyi arasın­da əlaqələr zəifləsə də, tam kəsilməmişdi. Am­ma Xorasan, Şiraz, Savə ətrafın­da yaşayan türklərlə əlaqələr, demək olar ki, tamamilə kəsilmişdi. Həmin bölgələrdə yaşa­yan qa­car­ların, qaşqayların, şahsevənlərin, əfşarların, xələclərin və b. tayfaların dialekt­ləri, folkloru, adət-ənənələri layiqincə öyrənilib, təhlil edilməmişdi.
Azər­bay­can müstəqillik əldə etdikdən sonra da əlaqələrimiz la­zı­mi səviyyədə qura bilmə­dik. Hələ də araşdırıcılarımız hə­min böl­gələrə ekspedisiyaya gedib material­lar toplaya bilmirlər. Buna görə də Əli Kamalinin topladığı materiallardan yarar­lan­maq ol­duq­ca önəmlidir.
Əli Kamalinin də arxivini gördüyüm «Koroğlu» dastanının ma­terial­larını aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Qara mürəkkəblə, səliqəli xətlə A-4 formatlı kağıza yazılmış, üzə­rində işlənmiş bir mətn. Mətnin ilk iki səhifəsi əlyazmanın pas­por­tu rolunu oynayır. Birinci səhifənin başında «tarix 12.4.1353» (miladi 3 iyul 1974-Ə.Ş.) yazılıb. Ardınca nəzmlə yazılmış 14 mis­ra­da dastanın yazıya alınma səbəbi və şəraiti təsvir edilir.
Yazacağam mən bu hekayəti bu gün qardaşuma,
İki ildür ki, salub dörd dəfə minnət başuma.
Əhd edüb üç gecədə vəxtimi dutdum özüm,
Yazmuşam, var bu kitab içrə nə həngamə sözüm –
misraları ilə başlayan nəzm bitdikdən sonra nəsrlə yazır: «Ay dastanum oxuyan və talib olan din qardaşlarum! «Koroğlı» dastanı 12 məclisdür. Hər məclisi bir dastan, eşidməli hekayətlər var. 11 das­tanunı ……yazmuşam. …. on ikiminci cildi ta kunun ya­zıl­ma­muş­dı. Bu tarixdən onı yazaram».
Buradan aydın olur ki, «dustu-əzizəm, ağeyi Qulamhəsən fər­zənde Məhəm­məd­həsən, sakene Musaxanı Bulağı» deyə ta­nı­dı­lan şəxsin sifarişi ilə yazılmış “Koroğlu” dastanı­nın bu qolunu  üç gecəyə yazdığı və «bu hekayət ta kunun heç aşıq bilməyüb» qeydi var.
Bu qeydlərlə yanaşı katib özünü nəzm parçasında «taniyullar məni, aləmdə cəhan əncüməni», nəsrlə isə İslam Əfşar Xələci kimi təq­dim edib. Sonda «tarix 29.8.1354» (miladi 20 noyabr 1975-cı il-Ə.Ş) qeydini qoyub. Sonda isə “İslam Əfşar. Fitarixe 9.8.1354” yazilib.
Əlyazma­dakı şeirlərdən ikisində Əfşarın adı aşağıdakı kimi hal­lanır:
Sözlərümi Əfşar çəkər əşarə,
Oxuyanlar şerü-qəzəl diyəllər.
          * * *
Əşarı yazulur Əfşar zəmanı,
Oxu sən xəttüinşanı, Koroğlı.
Əfşar bu dastanı heç bir aşıq bilmədiyini yazsa da, ona inamsız ya­naşmamaq olmur. Belə ki, özünün yazdığı qoldakı aşağıdakı bənd­lər var.
Koroğlı yetişüb bu saət cana,
Vurun çapun dəlilərim, hər yana,
Desün Abbas bu sözləri yazana,
Ondan bircə xəbər alun gətürün.
          * * *
Mənəm həqiqət aşığı,
Məclislərün yaraşığı,
Abbasun qəlbi, işığı,
Dua oxur səhər sənə.
 “Desün Abbas bu sözləri yazana” və “Abbasun qəlbi, işığı” mis­raları açıq-aydın dastanı Aşıq Abbasın söylədiyi və hətta mis­ra­lar arasında özünü də tanıdığıgörünür.
«Koroğlınun Türkmən səfəri» qolunun katibi yazır: «Qərar bu­dur, dastan əvvəldən ta axıracək yazulsun. Çün Aşıq Cunun Çam­lı­bel­dən qəhr edüb getmişdi və Türkmən vilayəti­nə və onun das­ta­nun yazmuşam. Aşıq Abbas nəvarə salub». Bunlar da əsas verir ki, Əf­şarın Aşıq Abbasın ya özündən, ya da lentə yazdırdıqlarından ya­rarlanaraq bu qolu qələmə aldığını söyləyək. Çox təəssüf ki, «aləmdə cəhan əncüməni» olan İ.Ə.Xələcini nə biz tapa bildik, nə də Əli Kamali ilə birgə işləyənlər.
«Koroğlınun Türkmən səfəri» qolunun başlanğıcındakı katib qey­­dində mətninə nə vaxt, harada, kimdən topladığını və kim tərə­fin­dən yazıya aldığı haqqında bir bilgi yoxdur. «Koroğlınun Türk­mən səfəri ki, on birminci dastandur, dübarə yazaram» qeydin­dən be­lə anlaşılır ki, 10 qol yazılıbmış. İndi isə 11-ci qol yazılır. “Dübarə ya­zaram» ifadəsində isə anlaya bilmədik dastanı yazıya alan 11 qo­lun hamısını dübarə-ikinci dəfə yazıb, yoxsa yalnız 11-ci qolu ikin­­ci dəfə yazıb. Bu mətn Əfşarın yazıya aldığıyla dil-üslub ba­xı­mın­dan yaxın olsa da, mövzuca bir-birindən fərqlənir.
«Dastani Koroğlu və Nigar xanım» əlyazması «Eşidənləri və ağa­yı Kəmalinin saluğuna» qeydilə bitir. Buradan aydın olur ki, Əli Kamalinin sifarişilə yazılıb. Amma nə vaxt, harada, kimdən top­ladığını və kim tərəfindən yazıldığına dair hiç bir bilgi yoxdur.
2. «Koroğlu» dastanının bir neçə qolu da düz xətli məktəbli dəftərinə qara mürək­kəblə, səliqəli şəkildə yazılıb. Savə ətrafında ya­şayan türklərin ləhcəsində yazıl­dığından və üzərində düzəlişlər edildiyindən çətin oxunur. Əlyazmadakı «Dastan-i Koroğ­lu və Nigar xanım», «Eyvazın durna gətirməyə getməsi», «Koroğlunun Şilat səfəri» məclisləri - qolları tam, «Koroğlunun Sərdar paşa das­ta­nı» isə yarımçıqdır. Nə vaxt, harada, kimdən toplandığına və ki­min yazıya aldığına dair heç bir qeyd yoxdur.
3. 20-30 il əvvəllər qələmə alınmış 18 səhifəlik bir qarışıq əl­yaz­manın sonunda Əleyi xan Qasimi qeydi var.
Bun­dan başqa 20 səhifəlik «Koroğlunun……….qurtarmaq das­ta­nı», 24 səhifəlik «Dastanı Eyvaz ki, istir gedə ………kuhuna», 43 səhifəlik «Eyvazın durna gətirməgə getməsi», 35 səhifəlik «Ko­roğ­lunun Eyvazı götürmək dastanı», 30 səhifəlik «Koroğlu Aşıq Cü­nundan Eyvaz xanın……», 17 səhifəlik «Koroğlunun Şilad şə­hə­rindəki….», 17 səhifəlik «Koroğludan şerlər», 2 səhifə «Koroğlunun İstambul səfəri», 12 səhifə başlıqsız əlyazmalarda ta­ri­xə və yazıya alanın adına, soyadına rast gəlmədik.
4. A-4 formatlı kağıza, qara mürəkkəblə, səliqəli xətlə kö­çü­rül­müş, hər biri 25 səhifə «Koroğlunun Türkmən səfəri» və «Aşıq Cü­­nunun Çəmlibeldən qaçması» qolları yazılmış və sonda «Söy­lə­yən: Əfşar» qeydi verilmişdi. Bu qeyddən belə anlaşılır­dı ki, Əfşar söy­ləyib, kimsə yazıya alıb. Mətnin dili bugünkü yazılı ədəbi dili­mi­zə çox yaxındır. Bu da mətnin Əfşardan yazıya alındığına şübhə do­ğurur.
Hüseyn Məmmədxani Güneylinin Ə.Kamali ilə birgə iş­lə­di­yin­dən xəbərdardım. Ona görə də 2003-cü il yanvarın 9-11-də Bakıda keçi­rilən «Ortaq türk keçmişindən or­taq türk gələcəyinə» folklor konf­ransına gəlmiş H.M.Güneyliyə məndə olan əlyaz­maları gös­tər­dim. Səliqəli xətlə köçürülmüş əlyazmaların onun olduğunu, 1990-1995-ci illərdə Ə.Kamalinin tapşırığıyla çap üçün ha­zır­la­dı­ğı­nı söylədi. Redaktə zamanı ədəbi dil normalarını əsas gö­tür­dü­yü­nü, mətnlərin dil-üslubunu qorumadığını bildirdi.
Əli Kamalinin arxivində gördüyümüz əlyazmaların bizdə surəti ol­mayanları da var. Onların da söyləyicidən qələmə alındığını, yox­sa hər hansı bir əlyazmadan köçürüldüyünü müəyyənləşdirə bil­mədik.
5.Hər biri bir saatlıq 7 kasetə «Koroğlu» dastanının qolları söy­lə­nilib. 4 qolun hər biri bir kasetə yerləşdirilib. Kasetlər kö­çü­rü­lər­kən başlanğıcında və sonunda səs qırıq­lığı yaranıb. Bu hala kasetin bəzi yerlərində də rast gəlinir. Söyləyənin kimliyi kaset­lərdən bi­lin­mir.
Dolaşıqlıqlara aydınlıq gətirmək üçün söyləyici ilə görüşmək la­zım idi. Onu tap­maq isə o qədər də asan olmadı. Uzun illər so­raq­ladıqdan sonra H. M. Güneyli söylə­yici­nin Aşıq Əliəkbər ol­du­ğu­nu yazdı. Tehranda 2004-ci il dekabrında keçirilən simpoz­yu­ma ge­dərkən Aşıq Əliəkbərlə də görüşməyi planlaşdırdım. Dekabrın 31-də ədəbiy­yatı­mızın və dilimizin vurğunlarından H.M.Güneyli, Dər­viş Bəhrəvan İnallı, Əskər Yaşıllı və Aşıq Əhədlə birlikdə ha­zır­da Kərəc yaxınlığındakı Səidabad kəndin­də yaşayan aşıqla gö­rüş­dük. Aşıq Əliəkbər Qurbaninin çalıb-oxumasını, danışığını len­tə almaq üçün özümüzlə kamera və diktofon da götürmüşdük. Yax­şı ki, «Koroğlu» dastanı­nın lentdən kağıza köçürdüyümüz mətn və aşığın Əli Kamali üçün söylədiyi lentlər də yanımızda idi.
Lentdən kağıza köçürdüyümüz mətndəki pərakəndəliyi və an­la­şılmazlığı aradan qaldır­maq üçün Aşıq Əliəkbərə müraciət etdik. Bi­zi mehriban və qonaqpərvər qarşıla­yan aşıq yazıya aldığımız mətn­ləri eşidəndə yad-yad üzümüzə baxırdı. Sanki bu mətn­lər­dən onun heç xəbəri yoxmuş. Aşıq Əliəkbər dastanı yazıya aldığımız kimi söyləmə­diyini bildirdi. Lentləri səsləndirmək zorunda qaldıq. Aşıq heyrətləndi. Səmimi etiraf etdi ki, 1986-1988-ci illərdə söy­lə­dik­lərini unudub.
Biz ondan lentə qulaq asarkən anlaya bilmədiyimiz və fikir do­la­şıqlığı olan parça­ları yenidən söyləməsini xahiş etdik. Aşıq lent­də­kindən nisbətən fərqli bir variant danış­mağa başladı. Onun söy­lədiklərini yenidən lentə köçürsəydik yazıya köçürüb, çapa ha­zır­la­dı­ğımızdan fərqli bir variant yaranacaqdı. Buna isə aşığın həvəsi və vaxtı yox idi.
Aşığın yardımı ilə kağıza köçürdüyümüz mətndəki pərakən­də­li­yi və anlaşılmazlığı ara­dan qaldıra bilməyəcəyimizi gördük. Odur ki, dastanı kimdən öyrəndiyini, məhəlli söz­lərin mənasını xəbər al­dıq və bəzi parçaları təkrar söyləməyi xahiş etdik. Aşıq Əli­əkbər Qur­bani ustadının Savənin Səngək Mərəğeyi kəndindən (Tilimxan da bu kənd­də doğulub) Aşıq Əbülqasım olduğunu və ondan 20-ci yüzilin 50-ci illərində 18 das­tan öyrəndiyini söylədi.
Aşıq Əliəkbərdən «Koroğlu qarı ilə harada görüşüb?»- deyə so­ruş­duq. Əlyaz­malar­dakı mətnlərdə- “Dastani Koroğlu və Nigar xanım”da və «Koroğlunun Türkmən səfəri»ndə Koroğlunun qarı ilə görüşdüyü yazılıb. Siz isə «Bu Koroğlunun Dəmirçi­oğlu sə­fə­riy­di ki ərz elədim» qolunu danışarkən Koroğlunun qarı ilə gö­rüş­düyünü söyləyir­siniz» - deyə xəbər aldıqda gülümsəyərək dedi ki, ora­da elə bir yanlışlıq yox­dur. Koroğlunun qarı ilə, çərçi ilə gö­rüş­lə­ri və ona bənzər ikinci dərəcəli süjetlərin hansı qolda söylənməsi məc­lisdəkilərdən, vaxtdan və aşığın ovqatından asılıdır. Məc­lis iki gün davam edəcəksə aşıq da «Koroğlunun durna səfərinin dastanı pa­yama çatır»ı başlayıbsa ona Koroğlunun qarı ilə, çərçiylə gö­rüş­mə­sini və ya əlavə bəzəklər ver­mə­yə imkanı olmur. Dastanın kiçik qol­larını danışdıqda isə vaxtı doldurmaq üçün belə əlavə edirik.
Məclisdə əyləşənlər yaşlı, oturuşmuş adamlar olanda da, kənddə tək yaşayan el ağbir­çəyi olanda da onun xətrinə dəyər deyə qarı ilə gö­rüşməsini danışmırıq. Aşığın özünün ovqatı ciddi olanda da Al­lah­dan, peyğəmbərdən, igidlikdən, düzlükdən, doğruluq­dan oxu­maq­la vaxtı doldurur, şən əhvalda olduqda isə o cür gülüş doğuran par­ça­lara üstünlük verir.
Məclisdə kimlərin əyləşdiyinə də aşıqlar çox önəm verirlər. Ko­roğ­lu və onun dəliləri­nin adını dəyişməsək də, düşmənlərinin adı məc­lisdəki nüfuzlu bir şəxsin adıy­la eyni olduqda ona hörmət əla­mə­ti olaraq dəyişir, əsasən də həmqafiyə başqa bir adı çəki­rik. Bə­zən çalıb-oxuduğum vaxt məclisə Cəfər adlı bir nüfuzlu şəxs daxil ol­duğu­nu pıçıltıyla mənə çatdırıblarsa, ondan sonra Cəfəri Səfərlə əvəz­ləmişəm.
Ayrı-ayrı məclislərdə dastan danışarkən adlarda bu cür də­yi­şik­liyə rast gəlsən, bil ki, məclisdə əyləşən nüfuz sahiblərini adıyla bağ­lıdır.
Aşıq Əliəkbərin dediklərini bütün variantlara tətbiq etmək ol­mur. Belə ki, istər onun danışdığı «Bu da Eyvazın durna səfərinin das­tanıdı ki, payama çatır» qolunda, istər­sə əlyazmadakı «Eyvazın dur­na gətirməyə getməsi» qolunda söhbət Hasan paşa­dan getdiyi hal­da, birdən mövzu dəyişir. Dəliləri meydanda asmağa gətirəndə Kor­oğlu:
Sənə deyim Cəfər paşa,
Mustafaxan yoldadı.
Və ya
Sənə deyim Cəfər paşa,
Bu meydan yaxçı meydandı. –
deyə oxuyur.
Əlyazmadakı «Bu dastan Aşıq Cünun qaçmağı dastanıdı»ında da Yumuğ Əhməd de­yir: «Qaz və ördək bu mahalda tapulmaz. Ərz­urumda Cəfər paşanun göllü bağunda ola. Ora da gidmaq müş­kül­dür. Çox çətin dağlar qabaqda var. Xətərli yolları vardur və bir də Cəfər paşa bir qudrətli paşadur.
Koroğlı gəlüb dəliləri çağurub dedi:
Kim gidə bilür Ərzurumdan Cəfər paşanun bağundan qaz və ördək gətürə?»
Bura­da da şeirlər Cəfər paşaya müraciətlə söylənilir. Sonda yenə də Hasan paşadan söh­bət gedir.
«Dastanı Koroğlu və Nigar» da Nigar xanım Çənlibelə çatanda onu qarşılayan dəli­lər arasında Eyvazı nişan verməsini Koroğludan xa­hiş edir. Buradan belə aydın olur ki, Nigar xanım Eyvazın şan-şöh­rətindən xəbərdardır. Əksər variantlarda isə övladı olmadı­ğı­na görə Koroğlu gedib Eyvazı gətirir və Nigar da onu oğulluğa gö­tü­rür. Belə fərqli­lik­lərə ayrı-ayrı aşıqların söylədiklərində deyil, bir aşı­ğın söylədiyi ayrı-ayrı qol­larda da rast gəlinir.
Aşıq Əliəkbər Həmzənin Qıratı aparmasından sonra Ko­roğ­lu­nun narahatlığını təs­vir edəndə Nigar xanımın dilindən deyir: «Bolu Sərdar, Koroğlu çox narahatdı. Bu söz­dərin­nən əslən giriftarlığ tüğyan elir, beləsi. Yığılın bunun ürəgin alın. Qırat əlin­nən gedif, divana olacaxdı». Aşıq «dəlilirin başı», sərdar kimi ta­nıt­dığı Bolu Sərdar haq­qında «Bu da Eyvazın durna səfərinin das­ta­nıydı ki, payama çatır» qolunu danışar­kan ikibaşlı danışır. Durna ovuna Eyvazla birlikdə Dəmirçioğlunun, İsabal­lının, Bolu Sərdarın getdiyini söyləyən aşıq Bolu Sərdarın iki tərəfə işlədiyini söz­arası qeyd etməklə qalmır, sonda Eyvazın dilindən deyir:
Bolu Sərdar burdan qaçup,
Başımıza bəla açup.
«Bu dastan da Koroğlunun Bolu Sərdarı axtarmağıdı» qolunda isə Koroğlunun dəlilə­rə Bolu Sərdarı axtarıb tapmalarını əmr edən­də Dəmirçioğlu və dəlilərin bir çoxu onu tanımadıqlarını deyirlər. Ko­roğlu Bolu Sərdarı axtarmağa gedəndə İstan­bul­da qar­şı­la­şır­lar. Koroğlu onu tanısa da Bolu Sərdar Koroğlunu oxşadır. Am­ma tam yəqinliklə Koroğlu olduğunu deyə bilmir. Bolu Sərdar Çən­libelə hücum etməyə qoşun toplayanda Eyvazla Dəmirçioğlu onun dəstəsinə qoşulur. Bolu Sərdar isə on­lar­ın Koroğlu də­li­lə­rin­dən olduğunu tanımır.
Uzun illərlə apardığımız müşahidələrdən və Aşıq Əliəkbərin söh­bətlərindən bu qəna­ətə gəlmişik ki, aşıqlar dastanın əsas sü­je­ti­ni yadda saxlayır, ikinci dərəcəli detal­lardan isə məclisin və özü­nün əhval-ruhiyyəsinə uyğun olaraq istifadə edirlər. İkinci dərəcə­li su­rətlərin adlarını hansı qola münasib bilirlərsə, orada da işlədirlər.
Çapa hazırladığımız variantda:
Səfər oldu Dağıstana,
Mənimnən gedən gəlsin,
Namərd meydana girməsin,
Mərd badəsin içən gəlsin.
- kimi şeir parçalarına, eləcə də Türkmənistan ifadəsinə dəfələrlə rast gəlinir. «Kor­oğlu» dastanının Paris və Təbriz nüsxələrilə mü­qa­yisəli təhlil onu göstərir ki, istər Dağıs­tan, istərsə Türkmənistan bu­günkü inzibati ərazi vahidləri anlamında deyil, dağ­lıq yer, türk­mən­lər yaşayan yer anlamında işlədilir. Bunu bilməyən Aşıq Əliəkbər dasta­nı danışarkən Türkmənlərdən söhbət açanda onu Türk­mənistanla uyğun­laşdır­mağa çalışaraq, «Türkmənsəhra» ifa­də­lərini işlədir. Nəşrə hazırladığımız variantlarda Eyva­zın Qaşqay türk­mənlərindən olduğu özünü qabarıq büruzə verir.
1.Aşıq Əliəkbərin lentə söylədiyi qollar bunlardır: «Bu Ko­roğ­lunun Çəmlibelə gəlməg­idi və Ərəp Reyhanı görməgidir», «Bu da Ko­roğlunun dəgirmanda Qıratı Həmzə­yə verməgi və onu geri al­magıdır», «Bu Koroğlunun Nigar səfəriydi ki, dastanı Nigarı getdi gətirə», «Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi», «Bu Kor­oğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim», «Bu da Eyvazın durna səfəri­nin dastanııydı ki, payama çatı», «Bu da Eyvazın Türkmənə getməgidi və ata, anası­nı toyuna dəvət et­mə­gidi», «Bu dastan da Koroğlunun Bolu Sərdarı axtarmağıdı»
Qolların adlandırılması «Kitabi-Dədə Qorqud»un boylarının adı­nı, M.Füzulinin «Leyli və Məcnun» poemasının fəsillərinin baş­lıq­larını və b. orta əsr qaynaqlarını yada salır. Məzmunca da bir ox­şarlıq var. Belə ki, «Dədə Qorqud» boylarında olduğu kimi, Aşıq Əliəkbər də bir neçə qolun sonunda dastanın adını çəkir. Aşı­ğın söylədiyi qol­ların heç birində Aşıq Cünun adı çəkilmir. Bu­nu diqqətsizlik kimi qiymətləndir­mək olmaz. Çünki söyləyici bir ne­çə də­fə kitabda Aşıq Cünunun adı olduğunu, lakin yaşa­dığı bölgədə ya­yılmış «Koroğlu» dastanlarında belə bir adın olmadığını söy­lə­yir.
İranda «Koroğlu» dastanının bir neçə nəşri olsa da, Aşıq Əliəkbərin Qulamhüseyn Sədri Əfşarın 1347-ci ildə (miladi 1968) Teh­­randakı İbn Sina nəşriyyatında çap etdir­diyi kitabla tanış ol­duq­larını öyrəndik. Bu da Hümmət Əlizadənin Bakıda 1941-ci ildə Azər­­nəşr­də çap olunmuş kitabı əsasında çapa hazırlanıb.
Lakin İslam Əfşar Xələcin yazıya aldığı qollarda Aşıq Cünun hadi­sələrdə fəal iştirak edir, şeirlər söyləyir, çalıb oxuyur. İ.Ə.Xələci öz şeirlərini də yazıya aldığı qol­da verir və başqa bir qey­dində bunu aşıqların da oxuduğunu söyləyir. Bu da onu göstə­rir ki, bölgədə hələ də «Koroğlu» dastanının qolları forma­laş­maq­da­dır. Aşıqlar və el şairləri mövzu ilə bağlı şeirlərini dastana əlavə edə bilirlər.
Aşıq Əliəkbər Koroğlunun İrana gəlmədiyini bir neçə dəfə vur­ğu­layır. Onun Ərzu­rum ətrafında yaşadığını və Osmanlıya səfər et­di­yini söyləyir. «Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Ey­va­zı gətirdi» qolunu danışanda Türkmənsəhradan söz açır. Ər­zu­rum ətrafında yaşayan Koroğlu İrandan keçmədən Türk­mən­səh­ra­ya gedə bilməz­di. Bu da onu bir daha göstərir ki, aşığın söylədiyi və əlyazmalardakı variant­lar­da Türkmənistan, Türkmənsəhra, Tə­kə Türkmən məlum bir coğrafi məkan deyil, ümumiy­yətlə türk­mən­lərin yaşadığı yer anlamındadır.
2.İstər Aşıq Əliəkbərin söylədiyi, istərsə də əlyazmalardakı va­riant­larda Yumuğ Əhməd, Qulu bəy kimi maraqlı obrazlar var. Koroğlu Nigar xanımı gətirərkən yolda Qulu bəyin ox atmağına hey­ran olur. Onu zorla atasından ala bilməyəcəyini gördükdə Ni­gar xanım işə qarışır. Atasını, anasını dilə tutaraq Qulu bəyi özünə qar­daş kimi Çən­li­belə gətirir. Yumuğ Əhməd və Qulu bəyin adıyla bağ­lı ayrıca qollar olmasa da, onlar ək­sər qollarda ən fəal iş­ti­rak­çı­la­rı­dırlar.
Kor­oğlu dəlilərindən bəzilərinin adının sonuna balı sözü əlavə edilir. İsabalı, Eyvazbalı, Əhmədbalı və b. Görünür, balı sözünün də xüsusi bir anlamı, mənası var.
3.Bir qolda Çənlibeldə olduğu, hadisələrdə fəal iştirak etdiyi gös­tərilən dəli başqa bir qolda hələ Çənlibelə gəlməmiş təsvir edi­lir. Məs: İsabalı Nigar xanımın xidmətçisi kimi onun məktubunu Çən­libeldə Koroğluya gətirir. Başqa variantda Nigar xanımı gətir­mə­yə gedəndə Koroğlu Çənlibeldə nizam-intizamı qorumağı İsa­ba­lıya həvalə edir.
4.Bölgədə aşıqlar əsasən çögür çalırlar. Onlar saz sözünü əsasən mu­siqi aləti anla­mında işlədilər. Onlar çöür, çöqür, çögür kimi tə­ləf­füz etdikləri musiqi alətinə tək-tək hal­larda saz da deyirlər. Ehtimal ki, Əfrasiyab Bədəlbəylinin «Musiqi lüğəti» kitabın­da yazdığı: «çoğor-beş simli qədim Azərbaycan musiqi aləti»[7] izahı da çögürə aiddir.
Azər­baycanda geniş yayılmış qoltuq sazdan azacıq böyük olan çögürün qolu nis­bə­tən uzun, sinə taxtası isə bizdə olduğu kimi nisbətən qabarıq yox, düzdür. Əsasən sək­kiz simlidir.
5.Bölgənin aşıqları bizlərdə olduğu kimi, sazın kökünü tez-tez də­yiş­mirlər. Havaların əksəriyyətini şur kökü üstündə oxuduq­la­rın­dan ritmi dəyişməklə effekt yaradır­lar. Buna görə də dastanda şeirlərin əksətiyyəti gəraylıdır, qoşmaya az-az rast gəli­nir. Divani, mü­xəmməs, təcnis və b. şeir növlərinə isə demək olar ki, rast gəlin­­mir.
6.Aşıq misralardakı heca fərqini musiqinin ahəngilə tən­zim­lə­yir. Buna görə də bəzi misra­lar özündən əvvəl və ya sonra gə­ləndən nəinki bir-iki heca, bəzən dörd-beş heca fərqli olur.
Çapa hazırladığımız mətnlərdə Koroğlunun nəsli və qohumları ilə bağlı maraqlı fakt­lar var. Belə ki, «Dastan-ı Koroğlu və Nigar xa­nım» qolunda evində qonaq qaldığı qarı Koroğlunu hədələyəndə deyir:
Yedigün boynuna almaz,
Heş kim belə qılıc çalmaz,
Əmisi Şabannan qalmaz,
Bir utanmaz vardur üzi.
 
 Zörə deyər baxsın süzə,
Əbəs qonax oldu bizə,
Dədəsi miləxor Mirzə,
Qırat üssə çıxdı gözi.
«Koroğlunun Türkmən səfəri» qolunda da deyilir:
Yalan sözündən utanmaz,
Yedigün boynuna almaz,
Əmisi Şəbannan qalmaz,
Heş yoxdur utanan üzü.
 
Mən qurbanam ala gözə,
Xəşm eyləyüb baxdı bizə,
Atasıdur Xacə Mirzə,
Qırat üstə çıxdı gözü.
 
Koroğlıdur, Roşən xanay,
Mənim bu cismimə canay,
Qeys qızı Səlbidür anay,
Qırat vurub sınıb dizi.
Dedi: –Koroğlı, mən səni kamilən tanudum. Sən Roşən Əli xan Xacə Mirzənün oğ­lu və nəsəbi[8] Səlbi xanum Qeysəri Rumin qızı və əmisi adı Şəban xan. Qırat vurub nənə­sün dizi çatılub».
 Belə faktların sayını artırmaq olar. Variantlarda Ərəb Reyha­nın, Mustafa bəyin də tərcümeyi-hallarına, Koroğlu və Eyvazla qohum­luqlarına diqqət yetirilir. Bu fakt­ları nəzərdən keçirdikdə Ko­roğlu adıyla məşhurlaşan Rövşənin sadə bir ilxıçı oğlu deyil, əsil­zadə bir nəslin-Əli xan Xacə Mirzənin və Qeysər-i Rumun qızı Sə­libi xanı­mın övladı olduğu aşkara çıxır.
Dastançılıq ənənələrimizdə qəhrəmanlar sadə xalqdan deyil, əsil­zadələrdən seçilir. Qəhrə­man hətta kasıb bir ailənin övladı kimi təs­vir edilsə də, sonda onun hansısa bir əsilzadə­dən olduğu, müx­tə­lif səbəblərdən kasıb ailəyə düşdüyü təsvir edilir. Bu baxımdan Əli Ka­mali arxivindəki «Koroğlu» dastanının variantlarında qəh­rə­ma­nın əsilzadə kimi göstərilməsi təbii görünür.
Nəşrəhazırladığımız variantda sinfi mübarizə özünü göstərmir. Koroğlunun dostları arasında xanlar, paşalar, tacirlər də var, kasıb-kusub da. Yəni Koroğlu bir orta əsr cəngavəridir. İnsanlara sifi munasibətə görə deyil, şəxsi münasibətə görə qiymət verir. Hətta Koroğlunun qorxusundan Çənlibeldən qaçmış Aşıq Cününü geri qaytaranda Türkmənbaşı ərklə ona deyir: “Əgər sənə çəb baxa(yəni Koroğlu-Ə.Ş.) gözdərin çıxardaram. Və bəd Koroğlu heç vədə mənsiz Çamlibeldə dura bilməz”.
 Onun  Əli Kamali arxivində ciddi araşdırma aparmağa imkanımız ol­ma­yıb. Ola bilsin ki, orada başqa mətnlər də vardır. Aşığın söy­lə­diyi «Koroğlunun durna səfərinin payama çatır» qoldakı bir gə­ray­lı­da «Topu tüfənglər atuldu» misrası var. Bu da Koroğlunun tüfəng çıxdıqdan sonra meydandan çəkilməsi fikrilə uyğun gəlmir.
Əli Kamali arxivindən alınmış materialları çapa hazırlayarkən üç fəslə ayırdıq.
Birin­ci fəsildə Aşıq Əliəkbər Qurbaninin lentə söylədiklərini ol­du­ğu kimi kağıza köçürmə­yə çalışdıq.
İkinci fəslə müxtəlif xətlə yazılmış əlyazmaları əski əlifbadan latın əlifbasına çevril­mişləri daxil etdik. Bunlar ləhcələrdə yazıl­dı­ğın­dan bir-birindən xeyli fərqlənir­di. Biz dialektoloji mətn ha­zır­la­mağı qarşımıza məqsəd qoymadığımızdan “Koroğlu” dasta­nı­­nın Təb­riz nəşrini çapa hazırlamış E.Tofiq qızı onları ortaq bir məx­rəcə gətir­di. Mətinşünaslıqla və dialektolagiya ilə məşğul olanlar araş­dırıcılar lazım gəlsə folk­lor institutunun arxivindən istifadə edə bi­lərlər.
Üçüncü fəslə Ə.Kamalinin rəhbərliyi ilə H.M. Güneylinin çap üçün hazırladığı iki qol əski əlifbadan latın əlifbasına çevrilmiş mət­ni daxil etdik. Bu da müasir ədəbi dilimi­zə uyğun olduğundan elə bir izahlara ehtiyac olmadı.
Çalışmışıq ki, aşığın dastanı necə söylədiyi, mətnin necə yazıya alındığı və çapa necə hazırlandığı haqqında təsəvvür yaradaq.
«Koroğlu» dastanının yeddi kasetə söylənmiş qollarını yazıya kö­çürərkən tanış olma­yan ləhcəni anlamaqda çətinlik çəkdik. Lentə bir neçə dəfə qulaq asdıqdan sonra söyləyicinin səs ahənginə alış­dıq. Amma bəzi səsləri yazarkən problemlə rastlaşdıq. Çün­ki əlif­bamızda bu səslərin işarələri yoxdu. Odur ki, səs əlifbamızda han­sı hərfə daha yaxın səslənirdisə, o cür yazdıq.
Söyləyicinin özü də səsləri iki, bəzən üç şəkildə deyir. Məs: məgər-məyər, ayax-ayaq, ağıl-əqil, cavannığ-cavannık-cavannıx, heç-heş, vilayət-vəlayət, Eyvaz-Eyvəz-Ayvəz, duşmən-düşman, üç-üş, heç-heş və s. Söz sonunda səs düşür. Məs: gəl əvəzinə gə, dükandan əvəzinə dükanda və s. deyir. Söz or­tasında səs düşür. Məs: şəhər əvəzinə şəər, kövşən əvəzinə kööşən, gətirəm əvəzinə gərəm və s. Söz ortasında səs artır. Məs: nərə əvəzinə nəhrə.
Ümumiyyətlə, “Koroğlu” dastanının çapa hazırladığımız nüsxə­lə­rində Azər­baycan türkcəsinin doğu və güney dialektlərinə məx­sus olan bu çox xüsusiyyətlər özünü göstərməkdədir. Bu xüsu­siy­yət­lər daha çox fonetik səviyyədə səs əvəzlənmə­ləri ilə sə­ciy­yə­lə­nir. Məsələn:
u-i: Koroğli, unutmuşdilar
ü-i: gülirəm, düşdi
ı-u: sazuni, basub, qalasun, danuş, salub
i-ü: məclisün, sifarişün, versünnər
y-g: gənə, dimdigünnən, əgməz
L səsinin d-ya (doymazlar-doymazdar), d səsinin t-ya (ad-at), z səsinin s-ya (olmaz-olmas), ç səsinin ş-ya (açdı-aşdı) çev­ril­məsi də xarakterikdir.
Dilimizdə xarakterik olan səs əvəzlənməsindən başqa diftonqlar da var. «Kor­oğlu»nu söyləyən də diftonqlardan- qovuşuq səsdən ge­niş istifadə edir. Mətni dialek­toloji baxımdan deyil, folklorçular üçün hazırladığımızdan onları xüsusi işarələrlə vermə­dik. Söz so­nun­da n səsilə y səsinin qarışığı kimi tələffüz edilən səsi y hərfilə ver­dik.
Bəzi sözlər isə bugünkü ədəbi dilimizdən fərqli olaraq orta yüz­il­lik­lərin ədəbi dilin­­dəki kimi işlədilir. Məs: qaranlıq əvəzinə qa­ran­quluq, otlayır əvəzinə otuşur, öp­mək əvəzinə öpməlik, ikisi əvə­zinə ikiləri, çalğıçı əvəzinə çalçı və s. Onları da ol­du­­ğu kimi sax­ladıq.
Aşıq Əliəkbər dastanı danışarkən ərəb sözlərini heç də fars sözlərindən az işlətmir.
Aşığın danışığı aydın başa düşülür. Lakin onun dediklərini olduğu kimi yazıya köçürüb oxuduqda anlaşılmazlıq yaranır. Mət­nə xələl gətirməmək üçün aydınlıq gətirən əlavə söz və ifadələri [ ] işa­rəsi arasında verdik.
 Mətni çapa hazırlayanda çatışmayan, aydın olmayan parçaları də­qiqləşdirmək üçün Aşıq Əliəkbərlə görüşdükdə onun bizə da­nışıqlarını və izahlarını { } işarəsi arasında verdik. Aşıq oxuyarkən mət­­ni aydınlatmaq və ya musiqinin ritminə uyğun olaraq söylədiyi söz və ifadələr ( ) işarəsi arasında yazdıq. Aşığın mövzudan kənara çı­xıb izahlar verdiyi yerlərdə * işarəsi qoyaraq söylədiklərini sə­hi­fənin ətək yazısına keçirdik. Lentdəki mətnlərin başlanğıcında, içə­risində və sonunda səs qırılıb fikir tamamlanmayan yerlərə üç nöq­tə qoyduq.
Lentlər üzərində işimizi bitmiş hesab etdiyimizdən onları AMEA Folklor İnstitutunun arxivinə bağışladıq ki, lazım gə­lən­də dil tarixçiləri, dialektoloqlar, etnoqraflar həmin ma­terial­lar­dan istifadə edə bilsinlər.
Mətn anlaşıqlı olsun deyə ərəb, fars sözlərinin və bəzi məhəlli söz­lərin lüğətini hazırladıq. Eyni sözlər təkrarlanmasın və hər sə­hi­fə­nin ətəyində çox yer tutmasın deyə sonunda sözlük verdik.
Bütün bunlar yəqin ki, araşdırıcılarımız üçün dastanı yenidən in­cələməyə şərait yaradacaqdır.
Dastanı nəşrə hazırlayarkən H.M. Güneylinin çapa hazırladığını Sə­kinə Qaybalıyeva, qalan əlyazmaları isə Lalə Cavanşir və Neda Nə­cəfi əski əlifbadan latın əlifbasına çevirdilər. Yanlışlıqlara yol ve­rilməsin deyə mətnlərin oxunuşunu H.M.Güneyli və Aqşin Ağ­kə­mərli ilə yenidən yoxladıq. Lakin bu oxunuşlar və yoxlamalar da qa­ne edici deyildi. AMEA Folklor İnstitutunun 2005-ci ildə çap et­di­yi «Koroğlu» dastanını oxuyanda tərəddüd etməkdə haqlı ol­du­ğu­muz təsdiqləndi. Mərhum araşdırıcı Dilarə Əliyevanın başladığı işi gənc mətnşünas Elnarə Tofiq qızı tamamlamışdır. Bu nəşri mü­kəm­məl sayaraq nəşrə hazırladığımız mətni yoxlamaq üçün ona ver­dik. Elnarə xanım gərgin əməyi sayəsində çoxlu yanlışlıqları ara­dan qaldırdı. Biz də onun oxuyub düzəltdiyi variantı əsas kimi qə­bul edərək nəşrə verdik.
Dastanın çapa hazırlanmasında f.e.n. Əfzələddin Əsgərov yaxından iştirak etdi və oxuyaraq dəyərli məsləhətlər verdi. Şərq­şü­naslıq İnstitutunun əməkdaşı Elmira Fikrətqızına da bizə gös­tər­diyi köməyə görə minnətdarlığımızı bildiririk.
 
Əli Şamil
15.09.2005
Cap olundu:Koroğlu» dastaninin Əli Kamali arxivindəki variantlari, “Koroğlu» dastanı (Əli Kamali arxivindəki variantlari), Bakı, 2009-cu il, səh.7-24.
 
 

[1] Şamil Əli. Əli Kamali Tehranda və Bakıda. “Tanıdığım insanlar” kitabı, Birinci kitab, “Sumqayıt” nəşriyyatı, Bakı, 2000, səh. 110.
[2] Məmmədxani Hüseyin. Rəhmətlik Əli Kamali.(Əlyazma hüququnda) , 1993, səh.12, .Güneyli Məmmədxani Hüseyin. Ustad Əli Kamali əbədiyyətə qovuşdu. «Ümidi Zəncan» qəzeti, 1375-ci il, 21 şəhrivərd(11 sentyabr 1996), 1375-ci il, 28 şəhrivərd(18 sentyabr 1996)
[3]Şamilov Əli. Bakıya bir də dönməyinə əcəl aman vermədi. Müxalifət qəzeti, 1996, 21 avqust, 63 (463), s.8.
[4] Kamali Əli. Qara bulutdan çıxan ay-Tilimxan. «Varlıq» jurnalı (), 1981, sayı 25, səh.51, Kemali Ali. Save türklərinin böyük şairi: Tilimhan-1, 2(Kara bulutdan çıkan ay). Aktaran nəşrə hazırlayan: Yavuz Akpınar. Kardaş adabiyyatlar (), 1997, sayı 38, 39, səh.9-17, 26-29.
[5] ASE. X cild, «ASE» nəşriyyatı,Bakı,1987, s.478
[6] Kamali Əli. Qara bulutdan çıxan ay-Tilimxan. «Varlıq» jurnalı (), 1981, sayı 25, s.53
[7] Bədəlbəyli Əfrasiyab. Musiqi lüğəti. «Elm» nəşriyyatı, Bakı,1969, səh.79.
[8] Nəsəb(f)-kökü
Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=