Məşriq Yunus oğlu Elbək

Еlbək (Məşriq Yunusоv)

Türk Dünyasının Məşhurları-31

Özbək xalqının böyük oğlu, Azərbaycana qəlbən bağlı olan, şair, publisist və tərcüməçi Еlbəkdir...Əli Şamil

 

Göndərmə 23.09.2011 10:41:37 UTC

Güncəlləmə 23.09.2011 10:41:37 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=17dc2f9c-02d9-4db7-ab78-b8a006c124c3

 

Elbək kimi tanınan, bəzən də İlbək kimi yazılan özbək şairi və tərçüməcisi Məşriq Yunus oğlu 1898-ci ildə indiki Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin yaxınlığındakı Bostanlıq rayonunun Xumsan kəndində anadan olub. 1956-cı ilədək Bostanlıq rayonu Qazaxıstan SSR-nin tərkibində idi. Ona görə də bəzən Məşriq Yunus oğlunu Qazaxıstanda, hətta Nanay kəndində doğulduğunu da yazırlar. Rusiyanın təsiri altında Elbəyin də ata adı sonradan soyadına çevrilərək Yunusov yazılmağa başlanmışdır.

Еlbəyin uşaqlıq və gəncliyi bölgənin ən ağır, gərgin və qarışıq günlərinə düşüb. Belə ki, XIX yüzildə zəifləmiş, pərakəndə və kiçik dövlətlərə parçalanmış Türküstanı öz təsiri altına salmaq uğrunda Böyük Birtaniya ilə Rusiya arasında bir rəqabət gedirdi. 1860-cı illərdə Rusiya bölgəyə ordu yeridərək müqavimət göstərənlərə qəddarlıqla divan tutdu. Əhalinin bir qismi döyüşlərdə, mühasirəyə alınmış qalalarda məhv oldu, bir qismi də kəndlərini, evlərinin tərk edərək çöllərə, dağlara qaçdıqlarından aclıqdan və xəstəlikdən qırıldı. Bölgənin əhalisinin sayı azaldı, təsərrüfat da bütünlüklə dağılmış, necə deyərlər, iqtisadi bağlar qırılmışdı.

Daşkəndi işğal etdikdən sonra, yəni 1867-ci ildə Rusiya Türküstan general qubernatorluğunu qurdu. Bölgə əhalisi bu idarəçilikdən narazı olsa da, təsərrüfatlarını yenidən qurmağa başladılar. Elbəyin ata-babası Çirçik çayının sağ sahilindəki dağ yamacında yerləşən Xumsan kəndini yenidən abadlaşdırdılar. Yunus qardaşı Əşrəflə kəndin qüzeyindəki əkinəyararsız sayılan, daşlı-qayalı sahəsini minbir əziyyətlə təmizləyərək oraya arx çəkib, bağ saldı. Nə yazıq ki, şairin də uşaqlıq və gəncliyində çalışdığı meyvə bağı kolxoza verildikdən sonra oraya gələn arx təmizlənib, təmir edilmədiyindən ağaclar da quruyub məhv olur.

Kasıb bir kəndli ailəsində doğulan Elbək 1905-ci ildə kəndlərindəki dörd illik məktəbə daxil oldu və məktəbin əlaçı şagirdlərindən birinə çevrildi.

Elbək kəndlərindəki məktəbi bitirdikdən sonra 1911-ci ildə Daşkənd şəhərinə gələrək Quyu Divanbəyi məhəlləsində Eşon xoca Xoninin yeni üsulla açdığı, üsuli cədid adlandırılan məktəbin son sinfinə qəbul olundu. Maddi sıxıntı içərisində yaşasa da, günəmuzd fəhləlik etsə də, bəzən gecələməyə yeri olmadığından arabalarda yatsa da, Elbək təhsilini davam etdirməkdən əl götürmədi.

Şayxontoxur yaxınlığında dövrünün görkəmli maarifçisi Münəvvər qarının açdığı Rüşdiyyə məktəninə daxil oldu. Bu məktəbi həm də “Nümunəvi” məktəb adlandırırdılar.

Elbək iki sinifli Rüşdiyə məktəbini bitirdikdən sonra müəllimliyə başladı. O, müəllim işləməklə yanaşı, mətbəədə də çalışdı. Beləcə mətbuatla əlaqəsi yarandı. Mətbuatla sıx əlaqə onu yaradıcılığa həvəsləndirdi. 1917-ci ildə ilk mətbu əsəri işıq üzü gördü.

Daşkənddə yaşadığı illərdə ictimai-siyasi həyatda baş verən böyük dəyişikliklərin şahidi oldu. Bir tərəfdən bölgənin iqtisadi inkişafına təkan verəcək Daşkənd- Fərqanə- Buxara dəmiryolları çəkilirdisə, o biri tərəfdən Rus ordusunun Daşkənd şəhəri yaxınlığında yerləşən istehkamçılar bölüyü üsyan qaldırırdı. Birinci Dünya Savaşında çətin vəziyyətdə qalan Rusiya Türküstandan gəncləri hərbi səfərbərliyə alaraq ön cəbhədə işlətmək istəyirdisə, o biri tərəfdən də xalq kütlələri hökumətin bu qərarına kəskin etiraz edirdi. Nəticədə Sovet dönəmi tarix kitablarında Orta Asya üsyanı kimi daxil olmuş ümumxalq hərəkatları başlayırdı.

1916-cı ildə baş vermiş bu üsyanı yatırmaq üçün hökumət cəbhə xəttindən də ordu hissələri gətirməli oldu. Qəddarlıqla yatırılan üsyanın şahidi olan Elbəyin daxilində Rus müstəmləkəçilərinə qarşı bir qəzəb baş qaldırdı. 1917-ci ilin fevralında II Nikolayın taxtdan uzaqlaşdırlımasını sevinclə qarşıladı. Lakin onun sevinci uzun sürmədi. Elə həmin ilin noyabrında hakimiyyəti silahlı üsyan yolu ilə ələ alan bolşeviklər sözdə bərabərlikdən, sosial ədalətdən, əsarət altından olan xalqlara azadlıqdan bol-bol danışsalar da, əməldə çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirdilər.

1917-ci il noyabrın 4-də çağrılan müsəlman qurultayı Türküstanın muxtariyyatını elan etdi və Kokand Muxtariyyatını qurdular. Bolşeviklərin Kolçaka qarşı döyüşlərə başının qarışmasına baxmayaraq, vaxt və güc tapıb 1918-ci ilin fevralında Kokand Müxtariyyatını qan içində boğdular. Bu gənc şairə sarsıdıcı təsir göstərdi. Kokandın od-alova bürünməsini, dinc əhalinin rəhm edilmədən ölürülməsini şeir dililə təsvir etdi. Onun bolşeviklərin qəddarlığını təsvir edən “Kurolqa” şeri az bir zamanda qazax, qırğız və özbək vətənpərvərlərinin dillər əzbərinə çevrildi.

Bolşeviklərin Türküstanda müqavimət hərəkatını yatırmaq, çar Rusiyasının keçmiş sərhədlərin bərpa etmək üçün əsas üstünlüyü gücə, silahlı qüvvələrə verdikləindən ideoloji məsələləri arxa plana atmışdılar. Milli məsələni təbliğ edənlərə, vətənin azadlığının tərənnümçülərinə o qədər də sərt münasibət bəsləmirdilər. Əksinə onların fəaliyyətinə bir az da şərait yaradırdılar.

Elbəy də bundan yararlanaraq «Turan», «Türk sözü», «Ulu Türküstan» və b. şеirlərini çap etdirməklə millətinin və хalqının dərdinə yanan bir şair kimi tanındı. Bununla yanaşı onun dünyagörüşündə bir ziddiyət də özünü göstərdi. Sovetlər işğal etdikləri bölgələrdə öz ideyalarını təbliğ etmək və xalqları bir-birindən ayırmaq üçün milli dillərdə məktəblər, qəzet və jurnallar açılmasına xüsusi diqqət yetirirdilər. Hətta iqtisadi vəziyyətlərinin olduqca çətin olmasına baxmayaraq 1920-ci ildə Daşkənddə Türküstan Unversitetinin açılmasını qərarlaşdırdılar. Onların bu cür maarifçilik fəaliyyəti Elbəy kimi gənclərə də xoş təsir göstərdi, və onlar bolşeviklərin yardımçısına çevrildilər.

1920-ci ildən tехnikumda, mədəni quruculuq institutunda müəllimlik еdən Elbək məqalələr yazdı, araşdırmalar apardı, dərsliklər yaratdı.

Bolşeviklər Twrkistanda mövqelərini möhkəmləndirənədək Xivə xanlığı və Buxara Əmirliyi ilə ittifaqa da girdilər. Fərqanə vadisindəki müqavimət hərəkatını qırdıqdan sonra Xivə xanlığı və Buxara Əmirliyində hakimiyyəti devirib onların yerində Xarəzm Xalq Sovet Respublikası, Buxara Xalq Sovet Respublikası yaratdıqlarını elan etsələr də, bölgəni tam müstəmləkə halına salmaqdan çəkinmirlər.

Bu işdə onlara yerli Rusyapərəstlər də yardımçı oldu. Yeni hökümətdə vəzifə verdikləri yerli kadrların bir çoxu yenilik, modernləşmə adı altında Rus dilini hakim dilə çevirməyə, kommunuzm ideolagiyası adı altında Ruslaşdırma siyasəti yeridilməsinə yardımçı olurdular. Belə bir zamanda Elbək yazırdı:

Qəmli quşum, cəh-cəh vurub gəl söylə,

Dе kimlərdir türk dilini satanlar?

Bülbül kimi cəh-cəh vuran bu dili

Utanmadan bu ölkədən atanlar?

Baldan şirin, candan əziz türkcəni

Düşünmədən qəflət içrə yatanlar?

Охu, quşum, yak оnların canını!

Göylərə yay türk dilinin şanını!

Buraх, оnlar yоldan azıb batsınlar,

Еl içində bоşbоğazlıq satsınlar!

Şeirdən aydın görünür ki, Elbək bu gün özbək dili dediyimiz dili baldan şirin, candan əziz türkcə adlandırır, bu dili satanlara qəzəbini bildirir, türk dilinin şanını göylərə yaymaq istəyirdi.

1926-cı ildə İsmayıl Sədri, Aşurəli Zahiri, Rəhim İnaqamov, Şakircan Rəhimov və Nazir Terakulovla birlikdə Bakıda keçirilən Türk Xalqlarının I Qurultayına gələn Elbək buradan böyük təəssuratla geri döndü. O, haqsızlığa nahaq qan axıdılmasına etirazını “Lena gülləboranı”, “Azadlıq qurbanlarına”, “Özbək igidinə” və b. şeirlərində bildirdi.

Sovetlər Türkistanda mövqelərini möhkəmltdikcə millətçi ziyalıların təqibini də, mətbuat üzərində senzoru da gücləndirdi. Elbəy kimi şairlər “Sevgilimə”, “Bülbülə”, “Dəniz”, “Ey qadın”, “Qış”, “Solgun çiçək”, “Könül çiçəyi”, “Bahar” və b. lirik, təbiət təsvirinin tərənnümünü əks etdirən şeirlər yazdı. Daim axtarışda olan, özbək şeirin yeniləşdirməyə çalışan Elbək gah sərbəst vəzndə yazır, gah heca vəzninin yeni qəliblərini özbək ədəbiyyatına gətirirdi.

Şair “Müjdələr” şeirində yazır:

Yеl gəzər, yеllər gəzər, yеllər gəzər,

Еl sеzər, еllər sеzər, еllər sеzər.

…Qəmli еldə, əsir еldə dustaqlar,

Qap-qaranlıq zindan içrə hücrələr.

Bir yеl əsib оnları da yalayar,

Vеrmək istər azad еldən müjdələr.

Sanki eyhamla vətəninin və vətən övladlarının durumunu oxucusuna anladır.

Elbək oçerk və hekayələr yazmaqla yanaşı, folklorşünaslıq və dilçilik sahasində də olduqça dəyərli əsərlər yazdı. O, özbək ədəbi dilinin formalaşmasından bəhs edən “Yazı yolları” monoqrafiyasını tamamladı, omonimlər sözlüyünü, nəğmələr məcmuəsini, nağıllar toplusunu, uşaqlar üçün “Balalar nəğməsi” kitabını, eləcə də “Örnək”, “Bilim”, “Ədəbi parçalar”, “Gözəl yazıçılar” və b. dərs vəsaitlərini çap etdirdi.

“Mühit içində” şeiri şairin ömür yolunu işiqlandran faktlarla zəngindir.

1937-ci ildə özbək ədəbiyyatının öncüllərindən olan Fitrət, Çolpan, Abdulla Qədiri, Osman Nosir, Ziya Səid və b. ilə birlikdə Elbəyi də həbs etdilər. “Yaş Leninçi” qəzetinin 20 avqust 1937-ci il sayında Jumaniyz Şaripovun Elbəyi sərt ittiham edən məqaləsi çap olundu. Özbəkistan Yazıçılar İttifaqının iclaslarında Şəms, Anqabay və b. Elbəyi antisovet təbliğatda, millətçilikdə suçladılar. Həbs düşərgələrinə göndərilən 39 yaşlı şair çətinliklərə 5 il dözə bilmədi, 1942-ci ilin qışında həbs düşərgəsində dünyasını dəyişdi.

Uzun illər Elbəyin adını cəkmək və əsərlərini çap etmək yasaqlandı. Şairin oğlu Uluğbəy Elbəyov minbir çətinliklər içərisində yaşasa da, iradəsini toplayaraq məşhur şahmatçı və müəllim kimi tanındı.

Özbəkistan Sovet əsarətindən qurtulduqdan sonra Fitrət, Çolpan, Abdulla Qədiri, Osman Nosir, Ziya Səid və b. ilə birlikdə Elbəyin də əsərləri çap olundu, adlarının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi.

 


 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol