Məhəmmədhəsən Hacınski

Məhəmmədhəsən Hacınski

Türk Dünyasının Məşhurları-26

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak etmiş, ictimai-siyasi xadim Məhəmmədhəsən Hacınski...

Göndərmə 11.07.2013 10:35:01 UTC

Güncəlləmə 11.07.2013 10:35:01 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=8460bff0-9dc8-46d0-a06f-1db73b168d67

 

Məhəmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakı şəhərində varlı bir ailədə anadan olub. 1897-1902-ci illərdə Sankt-Peterburq şəhərindəki Texnologiya İnstitutunda təhsil aldıqdan sonra mühəndis kimi Azərbaycan sənayeçilərindən Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda işləyib.

Az sonra Bakıya qayıdan Məhəmmədhəsən 1902-1917-ci illərdə Bakı Şəhər İdarəsinin tikinti şöbəsinə rəhbərlik edib. Bakının baş planının hazırlanmasında, bağ və bağçaların, bulvarın, yolların və meydanların genişləndirilməsində böyük xidməti olan Məhəmmədhəsən Hacınski Şirvanşahlar tarixi abidəsinin qorunması və bərpası, bulvarın genişləndirilməsi üçün sahilə torpaq tökulməsi və s. haqqında Bakı Duması qarşısında məsələ qaldırıb. 1917-ci ildə isə onu Bakı Dumasının üzv seçiblər.

1904-cü ilin oktyabrında Azərbaycan dilində qeyri-leqal «Hümmət» qəzetinin buraxılmasından, «Hümmət» təşkilatının yaranmasından son illər yazan müəlliflər Məhəmmədəmin Rəsulzadə, Soltan Məcid Əfəndiyev, Mirhəsən Mövsümov və b. ilə yanaşı, M. Hacınskinin də iştirak etdiyini, sosial demokratların türkdilli bəzi qəzetlərin nəşrinə icazənin onun adına alındığını yazırlar.

İctimai-siyasi fəaliyyəti ilə diqqəti cəlb edən Məhəmmədhəsən Hacınski 1911-ci ildə Bakıda yaradılan Müsavat Partiyasının üzvlərindən biri olub.

1917-ci il martın 5-də Bakıda İctimai Təşkilatlar Şurası və onun İcraiyyə Komitəsi yaradılanda M. Hacınski komitənin heyətinə seçilib. Martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildikdə isə onu komitəyə sədr, M. Rəsul¬za¬dəni isə müavin seçiblər. Komitə 1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz Müsəlmanla¬rı¬nın Qurultayını keçirib. M. Hacınski qurultayı təbrik nitqi ilə açaraq deyib ki, Rusiyada çar mütləqiyyətinin devrilməsi Qafqaz müsəlmanları üçün imkanlar açmışdır, bu müsəlmanların milli-siyasi məsələsidir.

Hacınski mayın 11-17-də Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanları Qurultayında da fəal iştirak edib.

Nəsib bəy Yusifbəylinin və Məmmədəmin Rəsulzadənin rəhbərlik etdikləri milli partiyaların 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən birləşdirici qurultayında partiyanın Türk Ədəmi Mərkəzi Partiyası adlandırılması qərara alınıb. Bu qurultayda M. Hacınski partiyanın Mərkəzi Komitəsinə üzv seçilib.

1918-ci il fevralın 23-də Tİflis şəhərində gürcü, erməni və Azərbaycan nümayəndələrindən ibarət Zaqafqaziya Seymi işə başlayıb. Onun işində Azərbaycandan Müsavat Partiyasından və bitərəf demokratik qruplardan 30 nəfər, o cümlədən M.Hacınski də iştirak edib. Seymdə Türkiyə ilə Cənubi Qafqaz arasında sülh danışıqları aparmaq üçün gürcü, erməni və azərbaycanlıları təmsil edən nümayəndə heyəti seçilib. Nümayəndə heyətinin tərkibində seymdəki Azərbaycan fraksiyasından M. Hacınski də olub. Danışıqlar 1918-ci il martın 14-də Trabzonda başlansa da, aprelin 14-də öz işini dayandırıb. M. Hacınski danışıqların dayandırılması haqqında seymin qəbul etdiyi qərarı sülhü pozmaq kimi qiymətləndirərək, “beynəlxalq münasibətlər tarixində tayı-bərabəri olmayan bir təxribat” adlandırıb.

1918-ci il aprelin 22-də Seym Zaqafqaziya Demokratik Federativ Cümhuriyyəti yaradıldığını elan edib. Aprelin 26-da isə Zaqafqaziyanın yeni hökuməti təşkil olunub. M. Hacınski bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutub.

Seymdəki Azərbaycan nümayəndələrinin gərgin səyləri nəticəsində Batumda sülh danışıqlarına başlamaq haqqında razılıq əldə edilib. Danışıqlara göndərilən nümayəndə heyəti arasında M. Hacınski də olub. Mayın 11-də açılan konfransda M. Rəsulzadə və M. Hacınski Azərbaycanın mövqeyini fəal müdafiə ediblər.

Zaqafqaziya Demokratik Federativ Cümhuriyyətinin üç dövlətə parçalanması sülh danışıqlarını yarımçıq qoyub. Lakin M. Rəsulzadə və M. Hacınski Osmanlı hökumətinin nümayəndələri və ordu komandirləri ilə danışıqları davam etdiriblər. 1918-ci il mayın 27-də yaradılan Azərbaycan Milli Şurasına üzv seçilən M. Hacınski Azərbaycanın İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri olub.

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində Batumda olan M. Hacınskiyə Xarici İşlər Naziri təyin edilib. 1918-ci il iyunun 4-də Batum şəhərində “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi” bağlanıb. Azərbaycanın xarici ölkə ilə bağladığı bu ilk müqaviləni Osmanlı hökuməti tərəfindən Ədliyyə naziri, Senatın sədri Xəlil bəy və Qafqaz cəbhəsinin Baş komandanı Vehbi Paşa, Azərbaycan tərəfindən isə Milli Şuranın sədri M. Rəsulzadə, xarici işlər naziri M. Hacınski imzalayıb.

M. Hacınski 1918-ci il may-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri olduğu dövrdə qonşu ölkələrlə sərhəd, dəmiryolu, Bakı-Batum neft kəmərindən birlikdə istifadə etmək və b. məsələlər haqqında səmərəli danışıqlar aparıb.

1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan parlamentinin üzvü olan M. Hacınskini dekabrın 28-də keçirilmiş iclasda Paris sülh danışıqlarına göndəriləcək nümayəndə heyətinə sədr müavini seçiblər. Nümayəndə heyətinin səmərəli fəaliyyəti, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə apardıqları səmərəli danışıqlar nəticəsində 1920-ci il yanvarın 11-də Ali Şura tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin de-fakto tanınması haqqında qərar qəbul edilib.

İkinci hökumət kabinəsində xarici işlər naziri vəzifəsinə təsdiq edilən M. Hacınski 1918 il oktyabrın 6-dək həm də, müvəqqəti olaraq, Nəzarət Nazirliyinə rəhbərlik edib, Maliyyə naziri olub və 1918 il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalayıb. Müqaviləyə görə, Dağlılar Respublikasına 10 milyon rubl faizsiz borc verib.

1919-cu il dekabrın 2-11-də Bakıda keçirilən Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayında partiyanın siyasi komissiyası və yeni Mərkəzi Komitəsi seçilən, dekabrın 14-21-də Bakıda keçirilən Azərbaycan-erməni konfransında praktik təklifləri ilə yadda qalan M. Hacınski 1919-cu il dekabrın sonlarında Nəsib bəy Yusifbəyovun təşkil etdiyi 5. kabinədə Daxili İşlər Naziri, 1920-ci ilin fevralın 18-dən isə Ticarət, Sənaye və Ərzaq Naziri vəzifəsini tutur.

Lakin hökumət dəyişikliyi Azərbaycanda vəziyyəti stabilləşdirəbilmir. 1920-ci il martın 30-da hökumət yenidən istefa verməli olur. Azərbaycan parlamenti yeni hökumətin təşkilini M. Hacınskiyə tapşırıb. M. Hacınski bir müddət danışıqlar apardı, hətta kommunistlərlə də görüşür və onlara öz hökumətində nazir vəzifələri təklif etsə də, müsbət cavab ala bilmir.

M. Hacınski 1920-ci il aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edən M. Cəfərova yeni hökumət təşkil etməkdən əl çəkdiyini bildirdi. Beş gün sonra isə Rusiya Azərbaycanı yenidən işğal edib.

Azərbaycan Xalq Cümhu¬riyyəti devrildikdən sonra M. Hacınski Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitə¬sin¬də müxtəlif vəzifələrdə işləyir.

1930 il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələr verilən Hacınski "Azərbaycan Milli Mərkəzinin" işi üzrə ittiham olunur. 1931-ci il fevralın 9-da isə 26 saylı həbsxana kamerasında onun cəsədini görürlər. Keçməkeşli ömür yolu beləcə sona çatır. Onun intihar etməsi kimi, altıncı hökumətin də kabinetini qura bilməməsi uzun illər mübahisə və şübhə ilə qarşılanmışdır.

Zaman isə uzun illər haqqında danışmaq belə yasaq olan M. Hacinskilərin xeyirinə işləmişdir. Son illərdə onun ictimai-siyasi fəaliyyəti öyrənilir və təbliğ edilir.

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol