Münevverkari Abdureşidov

Münevverkari Abdureşidov

Türk Dünyasının Məşhurları-05

Özbək xalqının oğlu, əqidəsi yolunda şəhid olmuş Münevverkari Abdureşidovun ömür yolu və yaradıcılığı...

Göndərmə 2/1/2013 12:34:01 PM UTC

Güncəlləmə 2/1/2013 12:34:01 PM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=c34f9a93-39a5-43e7-86f5-4a7def316dec

 Münevverkarinin adı Azərbaycan oxucularına 1920-ci illərdən tanışdır. Onun hakkında ilk xoş söz söyləyənlərdən biri Mahmud Kaşğarinin “Divan-i lüğet-i it Türk” əsərini turk dilinə ilk çevirən, 1926-cı ildə Bakıda “Özbək, qazax, türk dillərinin müqayisəli sərfi” kitabını yazan Xalid Səid Xocayev olmuşdur.

Bolşeviklər 1917-ci ilin oktyabrın 25-də Rusiyada hakimiyyəti silahlı üsyan vasitəsilə ələ aldıqdan sonra çar idarə üsulunu kəskin tənqid etsələr də bir çox məsələlərdə, xüsusən əsarət altında saxladıqları xalqlarına münasibətdə keçmiş siyasəti davam etdirirdilər.

Dünya xalqlarına azad və firavan həyat vəd edən bolşeviklər hakimiyyəti ələ aldıqdan 5-6 il sonra türk-müsəlman xalqlarının əlifbasının dəyişdirilməsi məsələsini ortaya atıldı. Soydaşlarının mədəni, iqtisadi cəhətdən Avropalılardan geri qalmasından cana doymuş türk-müsəlman ziyalılarının bir qismi əlifba dəyişməyin arxasında duran siyasətini əsil mahiyyətini görməyərək böyük həvəslə bu işə girişdilər. Ərəb əlifbasında sait səslərin olmaması yazılan mətinlərin düzgün oxunuşunda bir sıra problemlər yaradırdı.

Ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsinə azərbaycanın rəhbər işçiləri və ziyalıları öndərlik edirdi. Onlar bu işi Azərbaycanda görməklə kifayətlənmir, keçmiş SSRİ-nin tərkibində olan türk-müsəlman xalqları arasında da yayırdılar.

1924-cü ildə latın əlifbasını SSRİ-də yaşayan türk-müsəlman xalqları arasında yaymaq üçün Bakidan vaqonla bir heyət yola düçür. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalı oğlunun rəhbərlik etdiyi bu heyətə “Molla Nəsrəddin” satirik jurnalı ilə Şərqdə şöhrət qazanmış Cəlil Məmmədquluzadə, tanınmış alim Vəli Xuluflu, Azərbaycanın ali və ümümtəsil məktəblərində dərs deyən Xaild Səid Xocayev və başqaları daxi idi. Onlar Dağıstanda, Qaraçay-Çərkəzdə, Kırımda, Tatarıstanda görüşlər keçirib, təbliğat apardıqdan sonra Daşkəndə gedirlər. Səmədağa Ağamalıoğlu əlifba dəyişikliyinə bir inqilab, türk-müsəlman xalqlarının həyatını yaxşılığa doğru dəyişəcək bir vasitə kimi baxdığından hətta xalqların ağlının çoxluğunu və azlığını da latın əlifbasına münasibətlə müəyyənləşdirməyə çalışırdı.

Xalid Səid Xocayev 1929-cu ildə Bakıda çap etdirdiyi “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabında bu səfəri geniş təsvir etmişdır. Daşkəndə səfərləri haqqında yazır ki, hökümət rəhbərlərini əksəriyyəti Moskvaya çağırdıqlarından biz rəsmi şəxslərlə görüşə bilmədik. Münevverkari ilə görüşdük. O, Daşkənd ziyalılarını toplayıb latın əlifbası əsasında türk xalqları üçün yeni əlifba hazırlanmasını müzakirəyə çıxardı.

Dinləyicidə maraq doğura bilər ki, Münevverkari kim idi ki, hökümət nümayəndələri olmadığı bir zamanda belə məsul və ciddi bir işin altına girirdi?

Münevverkari tanınmış özbək ziyalısı Satibaldihan Alim oğlu Abdureşidovun övladıdır. Onun Daşkənddə 1878, 1879, 1880-ci illərdə doğulduğunu yazırlar. Dəqiq qaynaq olmasa da araşdırıcıların çoxu Münevverkarinin 1878-ci ildə doğulduğu fikrindədirlər. Kiçik yaşlarında atasını itirən Münevverkarinin təlim-tərbiyəsi ilə qız məktəbinin müəllimi olan anası Hasiyet məşğul olmuşdur. Anası oğluna ibtidai təhsil proqramını, “Qurani Kərimi” oxumağı, şəriəti və s. öyrətdikdən sonra onu Daşkənddəki Yunusxan mədrəsəsində oxumağa göndərir.

Mədrəsəni uğurla bitirən və bir müddət orada dərs deyən, Şeyxantahur ləqəbiylə şeirlər və məqalələr yazan Münevverkari Daşkənddəki Rus-tuzem məktəbinin proqramı ilə də yaxından tanış olur. Rus dili vasitəsilə Avropa təhsil sistemiylə tanış olan Münevverkari yeni tipli təhsil oçağı yaratmağa təşəbbüs göstərir və 1903-cü ildə istədiyənə nail olur.

Tarixə cədidçilik hərəkatı kimi daxil olmuş yenilikçi hərəkatın öncüllərindən olan Münevverkari dərs deməklə kifayətlənmir, yeni tipli məktəblər üçün dərsliklər, qəzetlərə məqalələr yazır, özü də qəzet açır.

1905-ci il qarşıdurmasında çar höküməti bəzi gözəştlərə getməli olur. Qəzet və jurnalların nəşrinə, söz və fikir azadlığına qoyulmuş sərt əngəllər yumşaldılır. Bundan yararlanan İsmail Abidi 1906—cı ilin yanvarında "Tərəqqi" qəzetini nəşrə başlayır. Bu qəzetin fəal müxbirlərindən biri də Münevverkari olur. Təəssüf ki, qəzet millətçi görüşlərinə, xalqın dərdlərini açıq yazdığına görə bağlanır.

Münevverkari yeni qəzetin, “Xurşud” qəzetini nəşrinə icazə ala bilir. Qəzetin ilk sayı 1906-cı ilin sentyabrında işıq üzü görür. Qəzetdə ictimai-siyasi görüşlərini və maarifçi şeirlərini yayan Münevverkari həm də ardıcıl cədid məktəbləri üçün dərsliklər üzərində çalışır. 1908-ci ildə “Yer üzü”, yəni coğrafiya, “Quran”ı oxumağı öyrədən “Tecvid”, hesabı öyrədən “Sebzezar”(Toplama) kitablarını nəşr etdirir.

Bu qəzet də milliyetcilikdə suclanaraq bağlanır. O, 1907-ci ildə nəşrə başlayan "Şuhrat", "Tuccar", 1908-ci ildə nəşrə başlayan "Asiya" qəzetlərinin nəşrinə yardımçı olur. Həmin qəzetlərə müntəzəm məqalələr yazan Münevverkari “Başıma bir az dar idi”, “Tənbəllik düşmənimizdir”, “Arzu”, “Hər kəs əkdiyini biçər” və başqa şeirlərində avamlığı, sadəlövhlüyü, ətaləti, tənbəlliyi, xurafatı tənqid etmiş, xalqının maariflənməsi qayğısına qalmışdır.

1907-ci ildə onun “Ədəbi əvvəl” və “Ədəbi sani” kitabları çap olunur. Bu kitablar 1917-ci il devriminədək cədid məktəblərinin əsas dərsliyi olur.

1908-ci ilin əvvəllərində Buxarada “Şirkət-i Buxara-i Şərif" adında bir təşkilat qurulur. Təşkilatın qurucuları arasında Münevverkari, Taşhacı Tuyakboyev, Nizamkari Molla Hüseyin və Başirulla Əsədiulla Xoca da olur. Şirkətin proqramında ticarət əlaqələrini genişləndirmək yazılsa da onu üzvləri əsində Türküstandakı tədrisi yeni üsulla aparan məktəblərin şəbəkəsini genişləndirməyə və mühafizakar, cədid məktəblərinə qarşı çıxan din alimlərinin münasibətini yumşaltmağa çalışırdılar.

Təşkilatın üzvləri yeni tipli məktəblər haqqında bilgi toplamaq məqsədilə Osmanlı dövlətinə, Tataristana və Kırıma nümayəndələr göndərirlər. Onların gətirdikləri bilgiləri ümumiləşdirib yaymağa çalışırlar.

Münevverkarinin əsas qayəsi İ. Qaspıralının “Dildə, fikirdə və işdə birlik!” şüarını Turküstanda həyata keçirmək olmuşdur.

1913-cü ildə Ubeydulla Xocayev, Taşpolatbek Narbotabekov, Münevverkari Abduraşidhanov, Kamil bek Narbekov, Molla Abdulla Avlani, Kettehoca Babahocayev, Muhammedcan Padşahocaev, Başirullahan Asatullahocayev, Nizamiddin Asamiddinhoco, Kerim bek Narbekov və b. qurduqları “Turan” Cəmiyyəti Türküstan ziyalılarının həyatında mühüm rol oynamışdır. Cəmiyyətin 73 maddəlik proqramı olmuşdur. Bu proqramda maarifçilik və islahatlar yolu ilə vətənin inkişafı nəzərdə tutulsa da əsas məqsəd Türküstanı Rusiya işğalından azad etmək dururdu

Cəmiyyətin proqramına uyğun olaraq 1914-15-ci illərdə Ubeydullah Xocayev ilə Münevverkari "Sadayı Turküstan" qəzetini nəşr etmiş, Münevverkari 1917-ci ildə nəşr edilən "Necat" qəzetinin redaktoru olmuşdur.

Münevverkarinin cədidci fəaliyyəti iki yönü daha qabarıq görünür. Bunlardan ilki məktəblər açmaq, yeni dərs kitabları yazmaq və nəşr etdirmək, ikincisi isə, şeirləri və qəzetlərə yazdığı məqalələrlə milləti maarifləndirmək.

Bolşeviklər 1917-ci ildə Peterburqda hakimiyyəti ələ aldıqda Münevverkari Daşkənddə Şurai İslam Cəmiyyəyini qurur və bu cəmiyyətin eyniadlı qəzetini nəşrə başlayır. Şirəli Lapinin rəhbərliy altında Şurai İslam Cəmiyyəyinə alternativ dini təmayyüllü Ülamə Cəmiyyətini qururlar. Bu iki cəmiyyət bir birinə alternativ qurulmasına baxmayaraq bolşeviklərin müsəlmanlara tutduqları divanı gördükdə birlikdə fəaliyyət göstərirlər.

Münevverkarinin Daşkənddə qurduğu Şurai İslam Cəmiyyətinə Mustafa Cokay, Abdulvahidkari və b daxil olur. Turküstanın əksər şəhərlərində İslam Şuraları yaradılır. Bu şuraların öndərləri Kokandda Turküstan Milli Muhtar Cümhuriyyətinin qurduqlarını elan edirlər. Bu da acıq bir şəkildə onu göstərir ki, Münevverkari, sadəcə müəllim, jurnalist və yazıçı deyil, eyni zamanda böyük bir dövlət adamı, siyasətçi olmuşdur.

1917-ci ildə nəşr edilən "Keneş" qəzetinin redaktoru olan Münevverkari evində təşkil etdiyi qonaqlığa Daşkənd varlılarını toplayaraq Almanyaya oxumağa göndərilən tələbələrə pul yöğmışdır.

Bolşeviklər Türküstanı işğal etdikdən sonra Münevverkari bir ara onlarla əməkdaşlıq etmiş, hətta 1921-22-ci illərdə yeni qurlan hökümətdə Maarif Komissarı vəzifəsini tutmuşdur. Bu vəzifədə işlərkən yeni məktəblərin açılmasına səy göstərmiş, Türküstan Ölkə Teatro Truppası yaratmışdır. Bu truppa müxtəlif şəhərlərdə teatr səhnəsi qurdurmuşdur.

Rusiyanın Sovetləşmə adı altında xalqın var-dövlətini mənimsəməsinə, kəndilərin əlindən ərzaqın zorla alınıb Rusiyanın mərkəzi şəhərlərinə göndərilməsinə, ruslaşdırma siyasətinə qarşı çıxdığına görə onu vəzifədən uzaqlaşdırmışlar.

1922-29-cu illərdə Daşkənddə xalq təhsilinin müxtəlif sahələrində çalışan, özbək gənclərinin Azərbaycana oxumağa göndərilməsin təşkil edən, gizli təkilatda antisovet təbliğat aparan, 1925-ci ildə Səmərqənddə qurulan gizli qrupun üzvü olan Münevverkarini 1929-cu ilin yanvarında həbs edirlər. KQB-nin tərtib etdiyi 554335 saylı istintaq işində 78 nəfərin ifadəsi yer alır. Onları Münevverkari ilə birlikdə təşkilat yaradıb Sovet hökumətini yıxmaqda suçlayırlar. 1931-ci ilin martın 23 də güllələnən Münevverkarinin adının çəkilməsi və əsərlərindən istifadə edilməsi üzərində yasaq qoyulur. Sovetlər Birliyi dağıldıqdan sonra Münevvrekarinin ideyaları yenidən aktuallaşır, onun haqqında məqalələr yazılır, əsərləri çap olunur.

 Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol