Maqsud Şeyxzadənin

MAQSUD ŞEYXZADƏ

 

Türk Dünyasının Məşhurları 40

Özbəkistanın filosof şairi, dramaturq, tərcüməçi, görkəmli pedaqoq, dilçi, tənqidçi, folklorşünas və ədəbiyyatşünas kimi şöhrətlənmiş Maqsud Şeyxzadənin ömür yolu və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 22.10.2010 11:29:34 UTC

Güncəlləmə 22.10.2010 11:29:34 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=8ecece65-a4e7-449a-9d4e-2d28eed30fcf

 

Tbilisidə tibbi məktəbini bitirən, Qazaxın Salahlı kəndinin sakini Məsim Şeyxzadə qadın gimnaziyasında oxumuş xanımı Fatma ilə Ağdaşda işləməyə göndərilir. Gənc ailənin 1908-ci ilin noyabr 7-də dünyaya gələn oğluna Maqsud adı qoyurlar. Maqsud ilk təhsilini məşhur ziyalı Muxtar Əfəndinin açdığı "Rüşdiyyə" məktəbində alır. Məktəbə gələn Azərbaycan hökümətinin başçısı Nəriman Nərimanovun qarşısında 13 yaşlı Maqsuda yazmış olduğu şeirlərini oxudurlar. Şeirlər ədəbiyyatçı Nərimanovun çox xoşuna gəldiyindən Bakıya gətirib dövrün ən nüfuzlu mətbuatı sayılan, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Kommunist" qəzetinə təqdim edir. 1921-ci ilin dekabrın 21-də Maqsudun üç şeiri qəzetdə dərc edilir.

1920-25-ci illərdə Mehdi Hüseyn, Sabit Rəhman, Mikayıl Müşfiq, Məhəmmədhüseyn Təhmasib, Səid Rüstəmov və b. birlikdə Bakı seminariyasında oxuyarkən onlara Abdulla Şaiq, Hüseyn Cavid, Cabbar Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, Cəmo bəy Cəbrayılbəyli Əmin Abid kimi tanınmış pedaqoqlar dərs deyir.

Seminariyanı bitirdikdən sonra onu təyinatla Dağıstana göndərirlər. İki il müəllim işləməklə yanaşı Azərbaycan Pedaqoji İnstitunda qiyabi oxuyur, Bakıya gələrkən Mayakovski, Nazim Hikmət və b. şairlərlə tanış olur, qəzetlərdə "Azad dağlar qızına", "Şeyx Şamil", "Bu axşam" və "Sahildə" adlı şeirlərini dərc etdirir.

Həmin illərdə ziyalılar, hətta bəzi rəhbər partiya-sovet işçiləri arasında mərkəzi hökümətə qarşı bir etiraz dalğası yayılırdı. 30-dan çox millət, xalq və etnik qrupun yaşadığı bölgədə tarix boyu türk dili ünsiyyət dili olmuşdu. Hətta çar Rusiyası çox çətinlikə Qafqazı işğal edəndən sonra da Dağıstanda sərt qaydalar tətbiq etməmiş, Azərbaycanla Dağıstan arasındakı bağları qırmamışdı.

Sovet Rusiyası isə Dağıstan MSSR-i sıx bağlı olduğu Azərbaycanın deyil Rusiya Federasiyasının tərkibinə daxil etmiş və ünsiyyət dilini Rus dili ilə əvəzləməyə başlamışdı. Buna da yalnız xalq kütlələri deyil bir çox hökümət məmurları də etiraz edirdilər. Mərkəzi hökümətə müraciət edərək Dağıstan MSSR-in Azərbaycan Respublikasının tərkibinə daxil edilməsini istəyirdilər. Mərkəzi hökümət də bü çür adamları həbs edir, sürgünə göndərir. 1928-ci ildə Maqsud Şeyxzadəyə də üç il Krım və Qafqaza yaşamaq və oraya getmək qadağan olunur. Atası onu sürgün yeri kimi Özbəkistanın paytaxtı Daşkəndə göndərmək məcburuyyətində qalır.

Şeyxzadə Daşkənddəki Pedaqoji İnstitututda qiyabi oxuyr və azərbaycanlı uşaqlar üçün açılmış Nərimanov adına məktəbdə və "Qızıl Özbəkistan", "Şərq həqiqəti" və "Leninçi" qəzetlərində çalışır. Özbəkcə yazdığı ilk şeiri mətbuatda 1929-cu ildə işıq üzü görən Maqsud Şeyxzadə az sonra bir-birinin ardınca, yəni 1932-ci ildə "Layiq sakçı", 1933-ci ildə "On şeir", 1933-ci ildə "Üçüncü kitab", "Ündaşlarım", 1935-ci ildə "Respublika", 1937-ci ildə "Yeni dövran","On iki", 1938-ci ildə “Bayram nəğmələri”, “1942-ci ildə “Mübarizə nə üçündür?”, 1948-ci ildə “Vətən şeirləri” kitablarını dərc etdirir.

1933-35-ci illərdə Özbəkistan SSR Xalq Komissarlar Soveti yanında Elm Komitəsinin aspiranturasını bitirərək A.S.Puşkin adına Dil və Ədəbiyyat elmi işçi işləyir. O, klassik və müasir özbək ədəbiyyatını, eləcə də Azərbaycan, rus və dünya ədəbiyyatını tədqiq edir, dünya poeziyasının fəlsəfi nöqtələrinə toxunur, Nəvainin yaradıcılığından dissertasiya yazaraq filologiya elmləri namizədi adı alır.

1938-ci ildən ömrünün sonunədək Nizami adına Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən dərs deyir, dekan və özbək ədəbiyyatı kafedrasının müdiri işləyir.

1941-ci ildə M.Şeyxzadə "Cəlaləddin Mənquberdi" pyesini yazmaqla özbək dramaturgiyasına yeni bir ruh gətirir. Coşğun pafoslu, romantik ruhlu əsər tamaşaçıların ürəyini elə fəth edir ki, çoxları bu pyesi az qala bütünlüklə əzbər bilir.

1952-ci ildə azərbaycanlı Maqsud Şeyxzadə özbək millətçiliyində suçlandırılaraq tutulur. Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsir və Sibirə həbsxanaya göndərilir. Stalininin olümündən sonra ölkədə bir yumşalma hiss olunmağa başlayır. Anası Fatma xanım bundan yararlanaraq SSRİ Ali Sovetinin Rəyasət Heyətinə oğlunun əhv olunması üçün məktub göndərir. 1954-cü ildə onun ərizəsinə müsbət cavab verilir. Məqsud Daşkəndə dönsə də nə ona iş verilir, nə də əsərləri çap olunur. Dost bildiyi insanlar da ondan uzaq gəzməyə başlayır.

1956-ci ildə keçirilən Sov. İKP-nin XX qurultayı tarixə səxsiyyətə pərəstişin tənqidi qurultayı kimi daxil olur. Bir il sonra M.Şeyxzadə böyük sevinc içində "Daşkəndnamə" poemasını dərc etdirir. 1958-ci ildə isə Daşkənddə keçirilən Asiya Afrika Yazıçılar Konqresində Nazim Hikmət, Əziz Nesin, Melih Cevdet Anday və dünyanın başqa ölkələrindən gəlmiş yazıçı və şairlərlə tanış olur.

Ondan bir il sonra nəşr etdirdiyi "Çərək əsr divanı" kitabına isə lirik əsərləi daxil edilir.

Maqsud Şeyxzadə poeziyasının xalq ürəyinə yaxın olması onun folklora bağlılığından irəli gəlir. O, şeirlərində folklor elementlərindən, folklor qaynaqlarından bacarıqla bəhrələnməklə yanaşı, "Alpamış", "Qərib və Şahsənəm", "Şirin-şəkər" kimi xalq dastanları haqqında da dəyərli araştırmalarını ortaya qoyur.

1959-cu ildə Şeyxzadə məşhur astronom, hökmdar, elm-mərifət dünyasının cahangiri Mirzə Uluğbəyin həyatı, taleyi, fəaliyyətini özündə əks etdirən "Mirzə Uluğbəy" faciəsini yazır. O, "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluğbəy" pyesləri ilə özbək dramaturgiyasında mənzum tarixi faciə janrının əsasını qoyur.

Həbsdən döndükdən sonra Maqsud Şeyxzadə elmi, pedaqoji fəaliyyətə, tərcüməyə daha çox vaxt ayırdığından 1961-ci ildə “İllər və yollar”, 1964-cü ildə “Şeirlər” şeir kitablarını çap etdirə bilir.

1964-cü ildə Özbəkistan SSR-in əməkdar incəsənət xadimi adı verilən Maqsud Şeyxzadənin özbək ədəbiyyatı tarixində tərcüməçi kimi də xüsusi yer var. Dünya klassiklərini "Pələng dərisi geymiş pəhləvan", "Romeo və Cülyetta", "Hamlet", "Sonetlər", "Çaylı Harold", "Faust", "Motsart və Salyeri", "Tunc atlı", "Taun çağı ziyafət", "Qafqaz əsiri", "Bastunçu aulu" və s. əsərlərini çevirməklə ədəbiyyata yeni fikir, yeni düşüncə gətirmək, gənc ədibləri istiqamətləndirməklə qalmır, həm də özbək ədəbi dilinin zənginliklərini, bədi ifadə vasitələrini açıb ortaya qoyur.

Onun Roma ədibi Ezopdan, yunan klassikləri Esxil və Hesioddan, Azərbaycan klassiki Nizami və Füzulidən etdiyi tərcümələr bu gün də özbək ədəbiyyatında ən örnək nümünələr sayılır.

1967-ci ilin fevralın 19-da Məqsud Şeyxzadə Daşkənddə dünyasını dəyişir və orada da dəfn edilir.

1971-1974-cü illərdə isə əsərləri altı cilddə nəşr olunur. Azərbaycanda da, Özbəkistanda da onu yaradıcılığı haqqında monoqrafiyalar, dissetasiyalar, məqalələr yazılır. Bu yazılanlar içərisində Xəlil Rza Ulutürkün yazdığı "Maqsud Şeyxzadə yaradıcılığı" monoqrafiyası seçilir. Ədibin əsərlərinin bir çoxunu M.Şeyxzadənin ana dilinə çevirən də Xəlil Rza Ulutürk olmuşdur.

Maqsud Şeyxzadə ömrü və yaradıcılığıyla türk xalqlarının birliyinə bir örnəkdir.


 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol