Mişşi Sespel

Mişşi Sespel

TÜRK DÜNYASININ MƏŞHURLARI 99/2011

Əziz və istəkli dinləyicilər! Bu günkü “Türk dünyasının məşhurları” proqramında sizlərə çox gənc yaşlarında dünyasını dəyişmiş çuvaş şairi Mişşi Sespelin ömür yolundan və yaradıcılığından söz açacağıq.

Mişşi Sespel kimi tanınan şairin əsil adı, atasının adı və familiyası Mixail Kuzmiç Kuzmindir. XVIII yüzildə çuvaşlar zorla xristianlaşdırıldıqdan sonra onlara ad kilsədə verilməyə başlamışdır. Beləcə çuvaşlarda türk adları xristian dinindən gələn adlarla əvəzlənmişdir. Haqqında söhbət açacağımız şairin adı, atasının adı və soyadı dediklərimizə nümünə ola bilər.

Çuvaşlarda [s] səsinin [ş] səsilə əvəzlənməsi yayğın olduğundan bəzən, xüsusən də Türkiyədə onun soyadını Şeşpel kimi yazırlar.

Mişşi Sespel 1899-cu il noyabrın 16-da Rusiyanın işğal edərək qəzaya çevirdiyi keçmiş Kazan xanlığında doğulubdur. Ona görə də şairin özkeçmişini yazanda onun Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulduğunu göstərirlər.

Çavaşlar bir xalq kimi 15-ci yüzildən formalaşmağa başlasalar da 18-ci yüzilədək bu gün tatar, başqırd adlandırılan xalqlardan elə bir ciddi ayrılıqları olmamışdı. Buna görə də onlar özlərini Volqa bulqarlarının və suvarların varisi sayırlar. Araşdırıcılar da çuvaş dilini türk dillərinin bulqar qrupuna daxil edirlər.

Avropanın Qüzey Doğusunda yaşayan çuvaşları zorla xristianlaşdırıldıqdan sonra yüzillər boyu birgə yaşadıqları və eyni mədəniyyətin daşıyıcısı olan tatar və başqırdlardan, eləcə də türk xalqlarından uzaqlaşması sürətləndi.

Fiziki cəhətdən zəif və bədəncə cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məhəlli məktəbdə oxumağa göndərir. O, burada xiristian dininin ehkamları ilə yanaşı, rus dilini də öyrənir.

1911-ci ilin yayında ailələrində baş vermiş dava ölümlə nəticələnir. Mixailin atasını həbs edərək Sibirə göndərirlər. Kasıb yaşayan ailənin vəziyyəti daha da ağırlaşır. Atasını böyük məhəbbətlə sevən balaca Mixailə də bu  hadisə sarsıdıcı zərbə olur. 

 Mixail sarsıdıcı zərbə alsa da, təhsilini yarıda buraxmır. 1914-cü ildə kilsə məktəbini əla qiymətlərlə bitirdikdən sonra qonşu Şixazanax kəndindəki iki sinifli məktəbdə təhsilini davam etdirir. Sonralar şagird yoldaşları Mişşi Sespel haqqında xatirələrində yazırdılar ki,  məktəb kitabxanasında elə bir kitab yox idi o, oxumasın.

Balaca Mixail rus dili və ədəbiyyatı dərslərinə daha çox maraq göstərir. Müəllimləri P.A.Lomonosovun təşəbbüsü ilə ikinci sinif şagirdləri “Zvezdoçka”(Ulduzçuğaz) adlı əlyazma jurnal hazırlayırlar. Bu jurnalın redaktoru və ən çox yazı hazırlayanı Mixail olur. “Yenə də məktəbdə” adlı ilk şeiri də 1917-ci ildə bu jurnalda çap olunur.

Mixail ilk təhsilini kilsə yanındakı məktəbdə alsa da, yeniyetməliyindən ateist kimi böyüyür. Redaktoru olduğu əlyazma jurnalda din xadimlərini tənqid edən məqalə yazır.

Birinci Dünya Savaşı Rusiyadakı daxili qarışıqlığı daha da dərinləşdirir. Ac-yalavac xalq idarəolunmaz hala gəlir. Ölkəni vəziyyətdən çıxarmaq, narazı toplumu sakitləşdirmək üçün Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulur. Çar II Nikolay taxtdan əl çəkməyə məcbur edilir. Lakin bu tədbirlər də ölkədə sabitlik, stabillik yaratmır. Bundan məharətlə yararlanan bolşeviklər 1917-ci il oktyabrın 25-də, yeni təqvimlə noyabrın 7-də silah gücünə hakimiyyəti ələ alırlar. Bu hakimiyyət dəyişimi Rusiyadakı qarışıqlığı daha da dərinləşdirir. Bir tərəfdən Rusiya işğalı altında olan xalqlar azadlıqlarına qovuşmaq üçün mübarizəyə atılırlarsa, o biri tərəfdən də hakimiyyəti zorla ələ almış bolşeviklərin yeritdiyi siyasətdən narazı qalanlar silahlı biləşmələr yaradırlar.

Bolşeviklər hakimiyyəti qəsb etdikdən bir-neçə gün sonra Novoçerkasskda könüllü zabitlər, yunkerlər, kazak atamanları Könüllü Ordu yaratdıqlarını elan edirlər. Tarixdə bolşeviklərə qarşı savaşan bu əsgəri birliklər ağqvardiyaçılar kimi tanınır. Ağqvardiyaçıların Doğudakı əsgəri birliklərinə admiral Aleksandr Vasileviç Kolçak rəhbərlik edir. Sonradan o özünü “Rusiya dövlətinin ali hakimi” elan edir.

Belə gərgin bir zamanda Mixail Kuzmiç Kuzmin Simbirsk şəhəri yaxınlığındakı Tetyuş qəsəbəsindəki müəllimlər hazırlayan seminariyaya daxil olur.

 İnqilabi əhval ruhiyyə, bolşeviklərin verdiyi şirin vədlər gənclərin əksəriyyəti kimi Mixail Kuzmiç Kuzmini də özünə çəkir. O, tələbə dostu Pavel Bekşanski ilə birlikdə bolşeviklərin qəza mərkəzindəki qərargahına gedərək onlarla əməkdaşlıq etmək istədiklərini bildirirlər. 1918-ci ilin yazında məktəbdə bolşevik düşüncəli gənclərin ilk təşkilatı yaranır. Bu təşkilata çılğınlığı ilə seçilən, pafoslu, çağırış ruhlu şeirlər yazan Mixail Kuzmiç Kuzmin rəhbər təyin edilir.  Yovaş yavaş o Mixail Kuzmiç Kuzmindən çox Mişşi Sespel kimi tanınır. Şeir mə məqalələrini də Mişşi Sespel imzasıyla çap etdirir.

 Mişşi Sespel və Bekşansi məktəbdə bolşevik ideyalarını yaymaq üçün, gənclər təşkilatı yaradır, ilk dəfə məktəbdə divar qəzeti, sonra isə əlyazma jurnal hazırlayırlar.

Bolşeviklər ideyalarını yaymaq üçün 1918-ci ildə çuvaş dilində “Kommunizm yalovyo” (Kommunizm bayrağı) və 1917-ci ildə “Sovetskaya Çuvaşiya” qəzetlərini nəşr etməyə başlayırlar. Mişşi Sespel şeir və məqalələrini “Tetyuşinskiye izvestiya”, “Znamya revolyutsii”, “Kanaş” qəzet və jurnallarında çap etdirməklə kifayətlənmir, gənclərin bolşevik əsgəri birliklərinin sıralarında ağqıvardiyaçılara, vətənə getmək istəyən çex əsirlərinə qarşı döyüşlərə səfərbərliyə alınmasında fəal iştirak edir. Qaynaqların verdiyi bilgiyə görə 75 min çuvaş gənci bu səfərbərlikdə iştirak edir.

Fəallığına görə Tetyüşski Qəza Partiya Komitəsi 1919-cu ilin əvvəlində onu Moskvaya, rəhbər partiya işçisi hazırlayan kursa oxumağa göndərirlər. Moskvada Lenini görməsi gənc şairə olduqca güclü təsir göstərir. Daha cılğınlıqla inqilabı ruhlu şeirlər yazmağa başlayır. 1919-cu ilin payızında qəza komsomolçularının qurultayında iştirak edən Mişşi Sespeli Rusiya Kommunist Gənclər İttifaqı qəza komitəsi katibinə müavin seçirlər. İctimai, təşkilatı işlərdə fəal iştirakı ilə yanaşı, ardıcıl bədii yaradıcılıqla da məşğul olur. “Həyat və ölüm”, “Uzaq tarlada”, “Ötən əsr” şeirlərini qəza qəzeti, “Krasnıy luç” və komsomol qəzeti “Yunıy kliç” qəzetlərində çap etdirir.

1920-ci ilin iyununda Çuvaşiya Muxtar Vilayəti yaradılması Mişşi Sespelin və onun kimi gənclərin böyük sevincinə səbəb olur. Onlar bolşeviklərin varlı, kasıb arasındakı bərabərsizliyi aradan qaldıracağına, xalqlara azadlıq verəcəyinə, hamını firavan yaşadacaqlarına ürəkdən inanır.

Onun bu inamından bolşeviklər bacarıqla yararlanırlar. 21 yaşlı şairi hərbi tribunala sədr təyin edirlər. 1920-ci il noyabrın 11-də Sespeli Kazan Vilayət Xalq Deputatları  Sovetinə seçirlər.

Milli ruhlu “Çuvaş! Çuvaş!”, “Çuvaş dili”, “Uzaqdan axşam gəlincə” və başqa şeirlərini yazan şair deyir ki,

Sən inan, bunu yazan yer altında yatacaq

Yetim kimi, üzərindəki torpaq onu basdıracaq,

Sənin şöhrətini  görmək üçün qalxa bilməyəcək,

Yer üstündə Çuvaş dili şöhrətli olacaq,

Torpağında səslənəcək azadlıq nəğməsi,

Sonra ölülər rahat uyuyacaq,

Rahat, xəfif olacaq üstündəki torpaq!

Mişşi Sespel yazdıqlarına ürəkdən inanırdı. Lakin, qısa müddət hərbi tribunala rəhbərlik etməsi onun inamını taman qırır. Bolşeviklərin sözü ilə əməlinin uyğun gəlmədiyini görür. Görür ki, xalqının vətənpərvər övladlarını necə məhv edirlər. Özü də onun və onun kimi aldadlmış millətsevərlərin əliylə. “Bu haqsızlığı durdurun!” demək istəyir, amma, ona imkan vermirlər. Özünü həbsə atırlar. Üç aylıq həbsdən sonra dostlarının yardımıyla oradan qurtula bilir.

Müalicə olunmaq üçün Kırıma yollanır, təhsilini davam etdirmək üçün Kiyevdəki incəsənət məktəbinə qəbul olunur. Təhsil almağa imkan vermirlər, Sovet Ordusunda əsgəri xidmətə aparırlar. Xəstə olduğuna görə orduya yaramadığını görüb onu azad edirlər. O, isə vətənə dönmür, ukraynalı şair F.H.Pokrışnyanın köməyi ilə 1922-ci ilin martından Oster qəzasında torpaq şöbəsində işləməyə başlayır. Taras Şevçenkonun “Kobzar” poemasını ana dilinə çevirir, “Dəniz”, “Dan sökülür”, “Coşmuş dəniz” və b. şeirlərini yazır. 

Bir tərəfdən ağır xəstəlik gənc şairi sıxır, o biri tərəfdən də yolunda canından keçməyə hazır olduğu hökumətin haqsızlıqlarına dözə bilmir. 1922-ci il iyunun 15-də Osterdə cavan canına qıymaqla qurmaq istədiyi cəmiyyətə üsyan etmiş olur. Mişşi Sespelin intihar etdiyi və dəfn olunduğu yer indiki Ukrayna Respublikasının Çerniqov vilayətindəki Staraqorodka kəndidir. Kənddəki parkda şairin qəbirüstü abidəsi ucaldılıb.

Fitri istedadıyla sağlığında belə yalnız Çuvaş ədəbiyyatçılarının deyil Rusiya, Ukrayna şair və ədəbiyyatşünaslarının diqqətini çəkən Mişşi Sespeldən söz açan araşdırıcılar onu Çuvaş sovet ədəbiyyatının banilərindən biri, sillabo tonik şeirin, çuvaş poeziyasında vurğulu heca vəznində yazılmış şeirin banisi adlandırırlar. Əslində çuvaş dilində yazılı ədəbiyyatın tarixi o qədər də uzaqlara getmədiyindən Mişşi Sespel qədim türk şerinin Çuvaş şifahi xalq ədəbiyyatında yaşayan formasından bacarıqla yararlanaraq dərin köklərlə keçmişinə bağlı olduğunu bir daha isbatlayır. Bununla da yeni formalaşan Çuvaş Sovet  poeziyasını da qədim türk şeir ənənəsinə bağlamış olur. Onun şeirləri 60-a yaxın dilə çevrilərək yayılır.


Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 



 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol