Mixayıl Çakır

MİXAYIL ÇAKIR

 

Türk Dünyasının Məşhurları 43

Qaqauz xalqının sevimli oğlu, keşiş, tarixçi, etnoqraf Mixayıl Çakırın həyatı və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 29.11.2010 12:48:12 UTC

Güncəlləmə 29.11.2010 12:48:12 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=8afe40b2-49a0-49e1-a175-ff486311deee



Rusiya qaqauzları yeni işğal etdiyi bölgəyə, noqayların yaşadıqları ərazilərə köçürdü. Məqsədi Osmanlı dövlətinin sərhədləri yaxınlığındakı müsəlmanların sayını azaltmaq, xristian olduqları üçün qaqauzlardan özünə sadiq təbəələr hazırlamaq idi. Bunun üçün qaqauzlar arasında dinin yayılmasına hər cür yardım edirdi. Xristian dininə dair mətnlərin qaqauzcaya çevrilməsinə, bu işi görə biləcək kadrlar hazırlanmasına xüsusi diqqət yetirirdi. Bu da bir tərəfdən qaqauzlarda xristian həmrəyliyi hissini gücləndirirdisə, o biri tərəfdən də dillərinin zən¬ginləşməsinə, qaqauz ədəbi və elmi dilinin formalaşmasına şərait yaradırdı.

Qaqauz ədəbi dilinin formalaşmasında böyük zəhməti olanlardan biri də keşiş Mixayıl Çakırdır.

Mixayıl Çakır 1861-ci il aprelin 27-də anadan olub. Onun valideyinləri Rusyanın 1812-ci ildə Çadıra qəsəbəsinə köçürdüyü qaqauzlardandır. Mixayıl ilk təhsilini Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda müəllim işləməyə göndərirlər. Qısa bir zamanda din xadimi və müəllim kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı, keşiş vəzifəsini də yerinə yetirir. 1884-cü ildə onu məhəllə müvəkkili rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər. O, qazandığı nüfuzdan istifadə edərək kilsədə duaların milli dillərdə oxunmasına razılıq ala bilir.

Xalqının dini anlayaraq sitayiş etməsi üçün “İncil”dən və başqa din kitablarından çox istifadə olunan duaları ana dilinə və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, “Keçmiş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə edib nəşr etdirir.

Mixayıl Çakır Rusiyada yaranmış qarışıqlıqdan, yəni 1905-ci ildə II Nikolayın imzalamış olduğu oktyabr manfestindən də bacarıqla yararlanır. 1907-ci ildə qaqauz türkcəsində bir səhifəlik dini qəzet çıxarmağa başlayır. Dini materiallar çap edən qəzetin qaqauz türkcəsinin inkişafinda rolu böyük olur. Belə ki, yazılı ədəbi dili formalaşmadığı, hər bölgə öz danışdığını əsas saydığı bir vaxtda Mixayıl Çakırın çap etdiyi dini qəzet ortaq nöqtəni taparaq yazılı ədəbi dilin forma¬laşmasına təkan verir.

Mixayıl Çakır yalnız dini mətinləri ana dilinə çevirməklə, xalqı qarşısında ana dilində çıxışlar etməklə qalmır, geniş araşdırmalara başlayır. Çox illik araşdır¬malarının bəhrəsi olan “Гагаузы Бендерского уезда” (“Bender vilayətinin qaqauzları”) adında irihəcmli əsərini tamamlayır. Əsərini öncə qaqauzların da daxil olduğu dövlətin – Rumıniya dövlətinin rəsmi dili olan rumın dilində "Viaţa Basarabiei" jurnalının 1933-cü il 9-cu və 1934-cü il 5-ci sayında nəşr etdirir. Sonra da ana dilinə çevirərək elə həmin il, yəni 1934-cü ildə Kişinyov şəhərində kitabça kimi çap etdirərək xalqına təqdim edir. M.Çakır kitabının "Yazı-üzü"sündə, yəni ön sözündə yazır ki, Bessarabiyalı qaqauzlar çox kərə mənə təklif etdilər ki, mən qaqauzların tatixini yazım: "Kimdir qaqauzlar, kimlərin soyundandırlar, kimlərlə qohumdurlar, harada yaşamışlar, nə türlü ömür keçirmişlər, necə yaşayırlar, nə türlü adətləri var və s.

Mixayıl Çakır hakimiyyətdə olanlara, hakim dövlətin siyasətçilərinə xoş gəlsin deyə xalqının tarixini saxtalaşdırmır. Rusyanın, Rumıniyanın hakimiyyəti altında yaşayadığı dövrdə də qaqauzların türk kökənli olduğunu yazır və kilsədə də bu fikri təbliğ edir. Ona qarşı duranların təzyiqlərinə baxmayaraq qətiyyət nümaiş etdirir. Kilsədə söylədiyi fikirlərini “Bender vilayətinin qaqauzları” kitabında belə əsaslandırır ki, Qaqauzlar laf edərlər pak türkcə. Necə laf edərmişlər əski zamannardan. Qaqauzların dili, lafı taa əsli türkcədir, taa paktır Osmannı türkçelerin dillərindən. Zerä Osmannılar çox laf, çox söz almışlar far¬siz¬ler¬dən hem arablardan.

Bu gün çoxlarına qəribə görünə biləcək bir cəsarətlə keşiş M.Çakır yazır: “...Bulgarlar hem urumnar arasında çok duşmannık gagauzlar için, zerä bulgarlar savaşêr gagauzları kendisinä çekmää, hem da onnarı bulgarlamaa, ama urumnar da çalışêrlar gagauzları kendi tarafına çekmää, hem da onnarı urumnamaa".

Özündən əvvəl qaqauzlar haqqında yazanların əsərlərini saf-çürük edən Mixayıl Çakır V.A.Moşkova yüksək önəm verir. Həqiqətən də Rusiya ordusunda kicik bir vəzifədən general rütbəsinə kimi yüksəlmiş V.A.Moşkov 20 ilə yaxın Bessarabiya, Dobruca, Bolqarıstan qaqauzları arasında olmuş, kənd-kənd gəzərək folkor və etnorqafiya materialları toplamışdır. Onun topladığı materiallar bu gün də elmi əhəmiyyətini itirməmişdir.

Mixayıl Çakırın zamanında V.A.Moşkovu yüksək qiymətləndirməsi bir daha onu göstərir ki, o, əldə etdiyi, oxuduğu materialları dəyərləndirməyi bilən və gələcəyi görən bir alim olmuşdur.

Mixayıl Çakırın çoxsahəli fəaliyyətinə lüğətçilik də daxildir. O, “Qaqauzça-Romence laflık” kimi sözlüyü yazıb çap etdirməklə qaqauzlar arasında lüğətçilik elminin əsasını qoymuşdur. Latın hərfləri ilə və rumın (romen) əlifbasında qaqauz türkcəsi ilə yazılan bu əsərlər günümüzdə bəsit görünsə də, qaqauz türkcəsinin söz ehtiyatından yararlanmaq baxımından, dil tarixi baxımından olduqca dəyərlidir.

Araşdırıcıların verdiyi bilgiyə görə, M.Çakırın 34 kitabı nəşr olunmuşdur. Əksəriyyəti xristian dininin yayılmasına yönəlmiş bu əsərlər qaqauzlarda milli şüurun oyanmasına güclü təkan vermişdir.

Mixayıl Çakırın xalqının tarixini, soykökünü öyrəndikcə özünün də milli duyğuları güclənmiş, xalqının böyük dövlətlərin yeritdiyi siyasət nəticəsində assimlə olmaması üçün var gücüylə çalışmışdır.

Diqqətiçəkən bir cəhət də odur ki, Bessarabiyanın Rumıniya hökumətinin tərkibində qaldığı dövrdə Mixayıl Çakır olduqca məhsuldar yazıb-yaratmışdır.

M.Çakır yaradıcılığının cicəkləndiyi bir dövrdə Türkiyənin Rumın¬iya¬dakı səfiri, böyük millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olur. Rumuni¬ya çarının ailəsinə yaxınlığı ilə seçilən, bundan bacarıqla istifadə edərək Rumı¬niyadakı türkləri, tatarları, qaqauzları himayə edən, onlar üçün milli kadrlar hazırlığı qayğısına qalan, məktəblərinə yazı və oxu ləvazımatı göndərən, uşaq¬larının Türkiyədə oxumasına yardımçı olan Həmdullah Süphi M.Çakırla da dostluq edir. Onun fəaliyyətinin yüksək qiymətləndirir.

Həmdullah Süphi nəinki M.Çakırı Ruminya faşistpərəst qüvvələrindən qoruya bilir, həm də onun elmi araşdırmalar aparmasına münbit şərait yaradır, hətta Atatürkün M.Çakırı mükafatlandırmasına, hədiyyələr göndərməsinə də nail olur.

Sovetlər zamanında qaqauzlar SSRİ-nin tərkibində qalsaydılar, bolşeviklər din adamı kimi M.Çakıra bu cür fəaliyyət göstərməsinə imkan verməyəcəkdilər. Ya güllələyəcək, ya da ən yaxşı halda Sibirə sürgün edəcəkdilər.

Mixayıl Çakır 1938-ci il oktyabrın 8-də 77 yaşında Kişinyovda sakit bir şəraitdə dünyasını dəyişir. Ölümündən heç bir il keçməmiş başlayan II Dünya Savaşı onun başladığı işi yarımşıq qoyur. SSRİ-nin Bessarabiyanı işğalından sonra çox kilsələr qapandığından, ibadətlər yasaqlandığından, dini məktəblər bura-xıldığından qaqauz türkcəsinin inkişafında bir durğunluq yaranır. Din xadimləri də unutdurulmağa çalışılır. Bunun nəticəsində Mixayıl Çakırın özü də, əsərləri də diqqətdən kənarda qalır. Hətta bu böyük insanın, geniş ürəkli vətəndaşın qəbrini ziyarət belə etmirlər. 1980-ci illərin ikinci yarısından, milli oyanışdan sonra qaqauz ziyalıları uzun müddət Mixayıl Çakırın qəbirini axtarsalar da, tapa bilmirlər.

2000-ci illərdə qəbirüstü abidələrdəki qiymətli metalları oğurlayıb satanlar Mixayil Çakırın qəbiri üzərində üzü üstə torpağa düşmüş yazılı xaçı da qaldırırlar. Bu kimsəsiz qəbirin üzərindəki yazılı xaçın sadə dəmirdən hazırlandığını gördükdə atıb gedirlər. Beləcə, Mixayıl Çakırın və xanımının adı yazılan lövhə tərsinə çevrilməklə qəbristanlığa gələn qaqauzların diqqətini çəkmiş olur. Qəbirüstü başdaşı öncəki şəkilinə salınır. İndi qaqauz aydınları buranı tez-tez ziyarət etməklə yanaşı, gələn qonaqları da oraya aprırlar.

 

Mətni yazdı və oxudu Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=