Muhamməd Əfəndi Osmanov

 

MUHAMMƏD ƏFƏNDİ OSMANOV

 

Türk Dünyasının Məşhurları 23

Qumuq alimi, ictimai xadim, şair Muhamməd Əfəndi Osmanov, onun ömür yolu və yaradıcılığı.../Әli Şamil

 

Göndərmə 6/21/2010 8:47:58 AM UTC

Güncəlləmə 6/21/2010 11:02:19 AM UTC

www.trtazerbaycan.com


http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=3bf499ad-3a07-422c-9206-e994d6e312f3

Azərbaycanda Məhəmməd kimi işlədilən ad qumuqlarda və b. Türk xalqlarında Muhamməd kimi deyildiyindən və yazıldığından biz də bu azsaylı Türk xalqına hörmət əlaməti olaraq şairlərinin adını onların dediyi kimi söyləyəcək və yazdığı kimi yazacağıq.

Qumuqlar toplu halda Azərbaycanın qüzeyində, yəni Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayırlar. Əhalinin rəsmi siyahıyalmasında sayları 400 min nəfərə yaxın olduğu göstərilir. Qumuqların yaşadığı Dağıstan sanki bir xalqlar, dillər muzeyidi. Burada yerli radiolar hər səhər 33 dildə xalqı salamlamaqla verlişlərinə başlayır. Bu isə orada yaşayan xalqların və etnik qrupların hamısı demək deyil. Rəsmi qəzet-jurnallar, kitablar isə əsasən 7 dildə nəşr olunur. 7 dildə ümumtəhsil məktəbi var. Bu 7 dildən biri də qumuq dilidir. Qumuqlar bölgənin ən qədim xalqlarından olsalar da, qumuq ədəbiyyatı XIX yüzildən formalaşdırılmağa başlamışdı.

Çünki qədim dövrlərdən ta XX. yüzilədək nəinki Türksoylu qumuqlar, hətta bölgədəki Türk olmayan, fərqli dil ailələrinə daxil olan xalqlar belə Türk dilindən ümumi ünsiyyət vasitəsi kimi istifadə etmişlər. Qumuq şairlərinin yazdıqları şeirlər Azərbaycanda da, Krımda da, Kazanda da, Türkmənistanda da, Özbəkistanda da tərcüməsiz başa düşülmüşdü.

Rusiya işğal etdiyi ərazilərdə hakimiyyətini uzunömürlü etmək üçün “Parçala, höküm sür!” siyasəti yeritmiş, Türk xalqlarını bir-birindən ayırmaq üçün az qala hər tayfadan bir xalq yaratmağa çalışmışdı. Yüzillər boyu yazılı ədəbiyyatı bir olan Türklərin də hər bölgəsi, hər tayfası üçün yeni ədəbi dil, ədəbiyyat tarixi, tarix yaradılmışdı. Əslində bu Türk xalqlarını bir-birindən ayırmaq siyasəti olsa da onlarda milli şüurun inkişafına da təkan verirdi.

Rusiya işğal etdiyi bölgələrin nüfuzlu ailələrindən seçdiyi yeniyetmə və gənclərə təhsil vermək, onların təlim-tərbiyəsilə məşğul olmaqla özünə sadiq məmurlar hazırlamağa çalışırdı. Osmanovlar ailəsi də belə secilmiş nəsillərdən biri olub. Muhamməd Əfəndinin atası uzun illər çar mühafizə alayında xidmət edib. Təqaüdə çıxdıqda isə oğlu Muhamməd Əfəndi onun yerinə təyin edilib.

Muhamməd Əfəndi 1838-ci ildə Yaxsay kəndində anadan olub. Tersk vilayətinə daxil olan bu kəndi qumuqların mədəni mərkəzi sayılıb. Kənddəki mədrəsə yalnız Dağıstanda deyıl, Qüzey Qafqazda və Azərbaycanda da savadlı din alimlərilə seçilib. Mədrəsəni bitirənlərin əksəriyyəti elm və ədəbiyyatda iz qoymuş insanlar kimi tanınıb. Yaxsayda doğulmuş M.E.Osmanov, M.Alibekov, N.və Z.Batmirzəyevlər, A.Maqamedov, A.P.Salavatov, A.V.Süleymanov, S.Tokblatov, Ş.Aliberiyev, Atabayev, Latip, M.A.Adilxanov Y.Alimxanov və başqaları şair, yazıçı, publisist kimi tanınmışlar.

Azərbaycanlı şair Seyid Əzim Şirvani, Balkar şairi Kazım Meçe və b. da bu mədrəsədə oxuyub.

1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim Şirvani 7 yaşında atasını itirib. Anası Gülsüm xanım övladlarını da götürüb Yaxsay gəlib. Seyid Əzim burada qazi işləyən babası Molla Hüseynin himayəsində 10 ilə yaxın yaşayıb və mədrəsədə oxuyub, 1853-cü ildə isə anası Gülsüm xanımla geriyə – Şamaxıya qayıdıb.

Seyid Əzim Muhamməd Əfəndi ilə Yaxsay mədrəsəsində oxuyarkən tanış olub və dostlaşıb. Bu dostluq ömrünün sonunadək davam edib.

Muhamməd Əfəndi Osmanov Yaxsay mədrəsəsini bitirdikdən sonra çarın mühafizə alayında xidmət edən atasını əvəz etmək üçün Peterburqa gedib. Seyid Əzim isə Şərqin dini və mədəni mərkəzlərinə səyahətə çıxıb. Faktlar göstərir ki, onlar bir birindən uzaqda yaşasalar da, əlaqələrini kəsməyiblər.

Seyid Əzim yaşlı çağlarında Tiflisə Çar canişin idarəsinə kitabının çap olunması və başqa xahişlərlə müraciət edəndə Peterburqda yaşayan, hökumət dairələrinə yaxın olan və Universitetdə dərs deyən Muhamməd Əfəndi Osmanov ona yardımçı olub.

M.E.Osmanov xidmətdən tərxis olunduqdan sonra, 1867-ci ildən Peterburq Universitetinin şərqşünaslıq fakültəsində Türk-tatar dilindən dərs deməyə başlayıb.

Muhamməd Əfəndi Unversitetdə işləyərkən xalq ədəbiyyatı nümünələrini və qumuq, noqay şairlərinin əsərlərini toplayıb.

Qumuqlardan toplanmış “Minkullnun yiri” Şumer dastanı “Bilqamıs”ı, “Eniligim, Seniligim, eşkini ac!” nağılı yenə də şumerlərin keçinin qurdla ( və ya keçinin şirlə) savaşını, “Bozoğlan” nağılı “Kitabi-Dədə Qorqud”dakı “Bamsı Beyrək” boyunu, “Cavat biy” yırındakı qəhrəmanın ölüm mələyi əzraillə savaşması “Kitabi-Dədə Qorqud”dakı Dəli Domrulu yada salır. “Koroğlu” nağılı “Koroğlu” dastanını xatırladır. Bu cür oxşarlıqlar yalnız folklorda deyil, yazılı ədəbiyyatda da çoxdur. Son illərdə qumuq yazılı ədəbiyyatının tarixini XV yüzildə yaşamış Kamal Ümmu Nuri ilə başlayırlar. Onun yayımlanmış şeirləri isə günümüzün qumuq Türkcəsindəkindən çox Azərbaycan və Türkiyə Türkcələrinə yaxındır. Ümmi Kamala aid edilən:

Dengizde bir saz olur,

Gül açılır, yaz olur.

Men yarıma gül demen –

Gülün ömrü az olur.

– şeiri bu gün də Azərbaycanda xalq mahnısı kimi oxunur və bayatı kitablarına yazarı bəlli olmayan mətn kimi salınır.

Muhamməd Əfəndinin məşhur qumuq şairi Yırçı Kazakla çağdaş olduqlarından onların yaradıcılıqlarında bir yaxınlıq var. İkisi də cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların çatışmazlıqlarını poetik dillə tənqid edib onu islaha çalışıb. Aralarındakı fərq ömür yollarının ayrılığı və birinin bu mövzudan çox, o birinin az yazmasından o yana keçməyib. Yırçı Kazakın şeirlərini ilk dəfə toplayıb nəşr etdirən də M.E.Osmanov olub.

M.E.Osmanov 1883-cü ildə Peterburqda çap etdirdiyi «Ногайские и кумыкские тексты (Сборник ногайских и кумыкских песен, переданый, поговорок, пословиц) kitabına Yırçı Kazakın ona nəzmlə yazdığı məktubu da daxil edib. Bu qumuq ləhcəsində ilk kitab sayılır. Kitaba daxil edilmiş məktubda Yırçı Kazak Muhamməd Əfəndi Osmanovu Peterburqdan vətənə dönməyə səsləyib. Hökumət qulluğunda olan, hakim dairələrə yaxın sayılan bir şəxsin Sibirə sürgünə göndərilmiş, necə deyərlər hökümətin gözündən düşmüş Yırçı Kazakın belə vətənpərvər şeiri universitetin dərs kitabına salması onun cəsarətindən və mövzuya ürəkdən bağlılığından xəbər verir. Bunu sonrakı fəaliyyəti də təsdiqləyir.

Şair Kazan şəhərində olarkən cədidçilərin, yəni yenilikçilərin təsiri ilə sadə və aydın dillə xalqı təhsilə çağıran, sosial məsələləri gündəmə gətirən, spirtli içkilərdən uzaq durmağı nəsihət edən, igidliyi, qəhrəmanlığı öyən şeirlər yazıb. «Nəsihət» adlı kitabını da 1889-cu ildə Kazan şəhərində çap etdirib. Onun lirik-romantik səpgili “Gülqız” əsəri klassik Doğu şairlərinin işlətdiyi təşbih və istiarələrlə zəngindir.

Muhamməd Əfəndi Osmanov 1904-cü ildə dünyasını dəyişib. Yaşlı çağlarında və ölümündən sonra onun əsərlərinə, elmi-pedaqoji fəaliyyətinin öyrənilməsinə diqqət yetirən olmayb. Rusiyada hakimiyyəti ələ alan bolşeviklər özlərinə tərəfdar toplamaq üçün azsaylı xalqlara bir sıra mədəni imtiyazlar verdi. Əslində bu imtiyazların arxasında bütün müstəmləkəçilər kimi bolşeviklərin də “parcala, höküm sür!” siyasəti dururdu. Bolşeviklərin azsaylı xalqlara verdiyi mədəni imtiyazlardan yararlanan qumuq ziyalıları şairin ölümündən 22 il sonra – yəni 1926-cı ildə Buynyakda “Muhamməd Əfəndi Osmanovun şeirlər məcmuəsi” adlı bir kitab çap etdirə biliblər. Buraya şairin dini, fəlsəfi şeirləri daxil edilib. Çap edilən şeirlər Sovet ideologiyasına uyğun gəlmədiyinə görə onun əsərlərininin hamısını toplayıb çap etdirmək, həyat və yaradıcılığını təbliğ etmək unutdurulub.

Böyük Türkoloq, professor Bəkir Çobanzadə də 1926-cı ildə Qumuqlar haqqında yazdığı məqalələri və “Qumuq dili və ədəbiyyatı tədqiqləri” adlı kitabını Bakıda işləyərkən çap etdirib.

Sovetlər Birliyi çökdükdən sonra yenidən Muhamməd Əfəndi Osmanov həyat və yaradıcılığına, elmi və ictimai fəaliyyətinə diqqət artıb. Qumuqların toplum halında yaşadığı Dağıstan Respublikasının başkəndi Mahaçqalada əsərləri çap olunmağa başayıb, haqqında araştırmalar aparılıb.

 


 

 

                                                                                                                                                                                                                                                                                                                                                                                   

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol